Gündəm

Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Pənah Hüseyndən müxalifətə çağırış:“Prezidentliyə vahid namizədin seçilməsi istiqamətində prosesi başlatmaq lazımdır”-VİDEO
  • " width="300" height="266" />
    Pənah Hüseyn elə sirrin üstünü açdı ki… –“İsa Qəmbər prezident Elçibəyin məzuniyyətə getməsini təklif edirdi” - VİDEO
  • " width="300" height="266" />
    Pənah Hüseyn hakimiyyətlə “dialoq oyunu”ndan danışdı:“Müsavat partiyası Prezident Aparatında məxsusi görüş tələb etdi” - VİDEO
  • " width="300" height="266" />
    Əjdər Əsədov 1987-ci ildə itirilən torpaqlardan danışdı:“Şamil Rəsizadəni ona görə döydülər ki...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş raykom katibindən şok açıqlamalar:“Çardaxlını yumruq və armaturla ermənilərdən təmizlədik”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq raykom katibindən sensasion açıqlamalar:“Hücum Çardaxlıdan başlamalı idi, Stepanakertdən yox” - VİDEO
  • " width="300" height="266" />
    Alqış Həsənoğludan sərt sözlər:“Əli İnsanov çoxdan işdən çıxarılmalı və qovulmalı idi”-VİDEO
  • " width="300" height="266" />
    Alqış Həsənoğludan radikal fikirlər:“Heydər Əliyevlə bağlı tədbirlərin formatı dəyişməlidir”-VİDEO
  • " width="300" height="266" />
    Alqış Həsənoğludan skandal yaradacaq sözlər:“Rəsulzadə ictimai-siyasi xadim, Heydər Əliyev ictimai-siyasi və dövlət xadimidir...”-VİDEO
  • " width="300" height="266" />
    AXCP üzvü Sahib Kərimli son nöqtəni qoydu:“Hökumət adamları ilə danışıram...” - VİDEO

Qapalı Mövzu



Vəkil Bürosu

Aprel 2017
BE ÇA Ç CA C Ş B
« Mar    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

XƏBƏR LENTİ

28 Aprel 2017
27 Aprel 2017

27 Noyabr 2016 - 09:35

Şəhla İsmayıl Azərbaycan qadınlarının əsas problemlərindən danışdı:“Üzərlərinə həddən artıq yük qoyulub” - VİDEO

Şəhla İsmayıl: “Azərbaycan qadınının böyük problemlərindən biri onun savadsızlığıdır”

9-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f

 

“Qaynar Qazan”ın 28-ci qonağı Şəhla İsmayıldır. Əslində, onunla müsahibə haqqında uzun zamandır danışmışdıq. Amma Şəhla xanım müsahibəyə o qədər də meylli adam deyil. Təbii ki, etiraz da etməmişdi, amma xüsusi meylli olduğu da hiss olunmurdu. Gördüyü işlər, göstərdiyi fəaliyyət mütləq onun da “Qaynar Qazan”a düşməsinə rəvac verməliydi.

Vətəndaş Cəmiyyətinin ən parlaq nümayəndələrindən biridir Şəhla İsmayıl. Onu Sivil Toplum Platformasından bəri tanıyıram və maraqlıdır ki, ona qədər heç, amma heç tanımamışam. Tanıdıqdan bu tərəfə isə bu qədər enerjili, fədakar, həddindən çox işləyən, hətta bəzən özünü fəda edərcəsinə işləyən bir fəalı indiyə qədər niyə tanımadığıma heyrət etmişəm. Mənə elə gəlir ki, Azərbaycanın bütün çalışqan və fədakar adamlarını bütün çalışqan və fədakar adamları tanımalıdır. Amma mən Şəhla İsmayılı günümüzə qədər tanımamışam.

Oysa Şəhla İsmayıl Azərbaycan üçün gərəkli işlər görür. Bəzilərinin şahidi olmuşam, bəzilərini oxumuşam, bilmişəm, amma bu xanımın heç cür reklama, işlərinin cəmiyyət tərəfindən bilinməsinə təşəbbüs göstərdiyinin də şahidi olmamışam. Maraqlıdır, əlini əlinin üstünə qoymayan Vətəndaş Cəmiyyəti fəallarının – əslində isə daha çox mafiyaya oxşayan bu dəstənin içində bir növ tərki-Vətən olan bir adamın olması təqdirəlayiqdir və o tərki-Vətən dediyim, əslində, Şəhla İsmayıldan bir başqası deyil.

Bu QHT şəbəkəsinin içində fəaliyyət göstərmək bir yana, mövcud olmaq da qoçaqlıqdır. Şəhla İsmayıl bunu həm bacarır, həm də Bismarksayağı elə incə tarazlıqla münasibətlər yaradır ki, balans qorunur. Tam bir dövlət idarəetməsi kimi yəni. Bunun üçün insanda nə qədər səbr və təmkin olmalıdır, Allah da əsirgəməyib. Verib verdiyi qədər…

Açığı, Şəhla xanımı “Qaynar Qazan”a salmağa bir az da tərəddüd edirdim. Ona çətin suallar gələ bilərdi. “Qaynar Qazan” çox ağır formatlı bir verilişdir, ona görə də bir başqa layihədə də çəkmək olardı. Zatən əsas mövzumuz 25 noyabr-10 dekabr tarixləri arasında keçiriləcək “16 günlük fəallıq” çərçivəsində “Qadınlara qarşı zorakılığa son!” kampaniyası olacaqdı. Amma nə olursa-olsun, bu, “Qaynar Qazan” idi. Heç nədən çəkinmədiyini dedi Şəhla İsmayıl. Və… elanı verdim.

Ona digər qonaqlar kimi sual yağışı olmadı. Amma bu, əsla və əsla ictimai marağın zəif olması demək deyildi. Əksinə, onun personasına olmayan qıcıq idi bu. Yəni Cəmiyyət Şəhla İsmayıla qıcıq deyil, ondan nifrət etmir, ona əsəbi deyil, yoxsa adamın canını çıxarar tələbkar “Qaynar Qazan” elektoratı. Bu baxımdan, ona istiqamətlənən bir neçə sual da tərif-komplement oldu. Vəssalam…

“Qaynar Qazan” bu dəfə də çox maraqlıdır. Şəhla İsmayıl işinin özəlliklərini anlayan, mövzuya hakim olan, nə istədiyini bilən, nə danışdığının fərqində olan bir peşəkardır. O, müasirdir, dünyanı çox yaxşı bilir, ölkəni layiqincə təmsil edir və bununla bərabər, Azərbaycan mental dəyərlərinə bağlı, ailəcanlı bir Azərbaycan xanımıdır. Danışdıqları da dərs mahiyyətindədir. Hər bir ailəyə, hər bir valideynə, övlada lazımdır. Kaş ki, imkanlarımız müsaid ola da, ondan tez-tez bu məsələlər haqqında dəyərli fikirlərini götürüb şagird-tələbələrə əyani vəsaitlər hazırlaya bilək. Bu dərəcədə xoşuma gəldi “Qaynar Qazan”ın 28-ci qonağının fikir və düşüncələri…

“Qaynar Qazan”da isə Şəhla İsmayıldır. Vətəndaş Cəmiyyətinin parlaq simalarından biri…

 

Əvəz Zeynallı

 

II – sonuncu hissə

 

İşlərin getməməsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsini də ruhdan salır

10

– 2000-2005-ci illər proqramından danışırdınız.

– 2005-ci ildən sonra belə bir proqram, təəssüf ki, olmayıb. Dəfələrlə cəhd olunsa da o proqrama – hətta QHT-lər tərəfindən…

– …Amma dövlətə tövsiyələr olub, deyəsən?

– Tövsiyələr də olub, əslində özlərinin cəhdi də olub. 2005-2009-cu illər arasında bir proqram olmalı idi. Dəfələrlə o məsələ ilə bağlı keçirilən tədbirlərə də dəvət olunmuşuq. Müzakirələr eləmişik, bizdən tövsiyələr istəyiblər, amma təəssüf ki, o proqramın özü bir ərsiyə gəlib çatmadı. Bu isə, sözsüz ki, yaxşı hal deyil. O mənada ki, proqram, onun fəaliyyət planı olmayanda, ona ayrılan büdcə bəlli olmayanda, onun nə dərəcədə genderə həssas olmasını da anlamaq çətindir.

Eyni zamanda dövlət qurumlarında bu işlərin icrası ilə kimlər məşğuldurlar, bilinmir. Çünki orada fəaliyyət proqramı hazırlanarkən, Azərbaycana dair bir sütun olur ki, bu və ya digər işin hazırlanması ilə bağlı işlər kimlərə həvalə olunur, kimlər bu işlərdən məsuldurlar. Belə olan halda biz hansı dövlət orqanının nə dərəcədə bu işə cəlb olunmasını görmürük. Bu, bizim də işimizi çətinləşdirir. Dövlətdə də bu tipli işlərin getməməsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsini də bir az ruhdan salır. Çünki onlar ailə, qadın, uşaq problemləri ilə məşğul olan aparıcı qurumdur. Lakin eyni dərəcədə yanaşma və tövsiyələr başqa nazirliklərdən gəlməyəndə onların da imkanları çox məhdud olur.

– Təşəbbüskarlıq bu qurumun üzərində deyilmi? Belə çıxır ki, qurum da çalışmır.

– Çalışmır deməzdim, yox. Qurum çalışır. Kifayət qədər də yaxşı işlər görür. Bir yaxşı məqam da var. Gəlin, mən başqa qurumlarla müqayisə eləyim. Digər dövlət qurumları və digər nazirliklərlə müqayisədə onlar əlavə layihələrə, əlavə təşəbbüslərə çox açıqdırlar. Asan, ələçatımlıdırlar. Onlarla çox rahatlıqla görüşmək, kommunikasiyaya girmək olur. Düzdür, çətinliklər var. Dövlət qurumlarının özünün ritorikası, özünün protokolu var. Müəyyən məsələlərdə çərçivəni gözləməlisən. Amma deyək ki, başqa nazirliklərə nisbətdə onlarla çox rahat işləmək olur.

– Başqa bir mövzuya gəlmək istəyirəm. Mən bu yaxınlarda sizin reproduktiv sağlamlıqla bağlı facebook statusunuzu oxumuşdum.

– Bəli.

– Mətbuatı, baş redaktorları, siyasi partiyaları qınamışdınız ki, niyə bu mövzuya müraciət etmirlər. Niyə bu mövzunu gündəmə çıxarmırlar. Sizi narahat edən nədir? Bu mövzu gündəmə necə çıxmalıdır? Ümumiyyətlə, “reproduktiv sağlamlıq” deyiləndə nə nəzərdə tutulur?

 – “Reproduktiv sağlamlıq” – övladı dünyaya gətirməklə bağlı bütün əlaqəli mövzuları əhatə edir. “Reproduktiv” – “reproduksiya” sözündən götürülüb və “məhsul verimi” kimi nəzərdə tutulur. Qadınlarda isə reproduktiv sağlamlıq deyəndə, dünyaya övlad gətirdiyi dövr, müddət nəzərdə tutulur. Reproduktiv yaşda olan qadın dünyaya övlad gətirmək yaşında olan qadındır. Bununla da bağlı sağlamlığa və hüquqlara reproduktiv sağlamlıq bölümündən olan mövzu kimi baxılır. Mənə təəccüblü gəldi ki, yazdığım status sizin də yadınızdadır. Əslində, o statusu emosional bir vəziyyətdə yazmışdım. Çünki həmin anda bir kitab üzərində çalışırdım. Müxtəlif insanların – dünya şöhrətli insanların – yazıçıların, iqtisadçıların, jurnalistlərin, siyasətçilərin fikirlərini, aforizmlərini, sitatlarını internetdən toplayırdım. Demək olar, elə bir ölkə yox idi ki, oradan hər hansı bir sitat tapa bilməyim. Çox qəribə gəldi…

– Maraqlıdır…

– Azərbaycanda bununla bağlı heç nə tapa bilmədim. Bilirsinizmi, məsələ necədir? Süni şəkildə nəyisə haradansa qoparmaq olar, amma nəinki bir toplam şəklində, bir az bizdə gündəmdə olan siyasətçilərin, mütəxəssislərin səhifələrinə girdim ki, bəlkə nə vaxtsa, bu məsələ ilə bağlı bir status yazıblar, nəyisə təqdir ediblər, bu mövzunun önəmliliyini vurğulayıblar. Təəssüf ki, belə bir hala rast gəlmədim. Sonra düşündüm ki, bu səpkidə mən onların hər hansı bir çıxışında belə bir cümlə eşitmişəmmi? Bəlkə, ötürmüşəm. Demirəm ki, olmayıb. Amma ən azından mənim əldə elədiyim materialların heç birində belə bir məqam olmayıb. Bu, yəqin ki, o mövzunun bir az da tabu mövzusu, bir az səmimi, daha açıq, daha intim mövzu kimi qiymətləndirilməsiylə bağlıdır. Ora yaxındır deyə, insanlar bu barədə danışmağa tərəddüd edir. Məncə, ailə planlaşdırılması, reproduktiv sağlamlıq, hüquqlar hər ictimai xadimin gündəliyində, platformasında olmalıdır. 

– Sizcə, Azərbaycanda ailə planlaşdırması olmalıdırmı?

– Əlbəttə, olmalıdır.

– Hər ailənin nə qədər övladı var ki, hələ bir onu planlaşdırsınlar da? Bu, çoxuşaqlı dövlətlərdə bəlkə də ola bilər.

– Əslində, ailə planlaşdırması daha ciddi və dərin bir mövzudur. İlkin reaksiyanızın da nə üçün belə olduğu bəlli olur. Çünki siz bu məsələyə hərfi mənada baxırsınız. Amma əslində elə deyil.

– Bu proqram dünyanın bir çox ölkələrində tətbiq olunur. Türkiyədə də tətbiq olunur.

– Olmalıdır… Bəli. Bilirsinizmi, bunun arxasında nə dayanır?

 

Azərbaycan abortlar üzrə statistik göstəricilərə görə, ən yüksək pillədə durur

 

– Çoxuşaqlılığın qarşısını almaq qarşılığında azuşaqlılıq təşviq olunur. 

– Tək o deyil. Ailə planlaşdırması, ailədə neçə uşağın olmasının əvvəlcədən qərarını vermək və onu sivil yollarla nizamlamaq deməkdir. Məhz sivil yollarla nizamlanmayan ölkələrdə bir çox mənfi tendensiyalar çox yüksəkdə olur. Tamaşaçılardan da, sizdən də çox üzr istəyirəm. Bu mövzu elə bir mövzudur ki, bir az intim məsələlərə toxunmalıyıq, daha açıq sözlərlə ifadə eləməliyik. Azərbaycan abortlar üzrə statistik göstəricilərə görə ən yüksək pillədə durur.

– Balans da pozulub. Deyəsən, qızlar oğlanlardan azdır…

– O, selektiv abortlardır. Bu rəqəm də yüksəkdə durur. Ümumiyyətlə, 40 faiz qadınlar həyatında heç olmasa 1 dəfə abort etdiriblər. Bu, olduqca böyük bir rəqəmdir və o deməkdir ki, qadınlar bunu nizamlaya bilmir, buna nəzarət edə bilmirlər. Arzu olunmayan hamiləliyin qarşısını ala bilmir. Bu, olduqca mənfi haldır. XXI əsrdir. Bunun min dənə üsulu var. Niyə qadın özünü elə bir stresə salmalıdır? Bədənini elə stresə atmalıdır ki… Bu addım ilk və ya ikinci uşaqda atılırsa, ümumiyyətlə, sonsuzluğa gətirib çıxara bilər. İkinci, üçüncü olanda daha fərqli fəsadlar verir. Qadın daima o fəsadlarla yaşayır.

– Bu məsələdə də əsas iş, ciddi iş dövlətin üzərinə düşmürmü?

– Düşür, amma qadınların da üzərinə məsuliyyət düşür. Bilirsinizmi, hər şeyi də dövlətin üzərinə atmaq çıxış yolu deyil. Mən sizin nə demək istədiyinizi anlayıram.

– Sosial təminatı var, televiziya proqramları var, maarifləndirici proqramlar var. Mənasız verilişlərə tonlarla pul xərcləyirlər. Bir yerdə də biz bu mövzu ilə bağlı maarifləndirici verilişlərə rast gəlmirik. Məsələn, siz elə məqamlara toxundunuz ki, mənim üçün də maraqlı oldu. Həqiqətən də qorxunc bir şeydir. Yəni ölkəni bu girdaba salıb, 40 faiz qadını belə zəlil vəziyyətə salmaq olarmı? Bəlkə o qadınlar bütün bunları bilgisizlikdən edirlər? Bu haqda məlumatı olmalıdırmı, bilməlidirmi, eşitməlidirmi, görməlidirmi? Bu, sabahdan axşama qədər televiziya kanalları vasitəsilə bu təbliğ olunmalıdırmı? Axı, yoxdur belə bir şey. Bu mənada, təbii ki, dövlət də dövriyyəyə girməlidir.

– Bu baxımdan, bəli. Amma ümumiyyətlə, bəli, maarifləndirmə proqramları aparılmalıdır – həm dövlət tərəfindən, həm QHT-lər tərəfindən. Bu sarıdan, əlbəttə, mən bayaqkı mövzuya qayıtsam, QHT-lərin bağlanması maarifləndirmə məsələsinə çox ciddi zərbə oldu. Çünki dövlətin əhatə eləyə bilməyəcəyi təbəqələrdə bizlər həmin o proqramları keçirirdik. Ən ucqar yerlərdə belə ailələrə girirdik, valideyinlərlə danışırdıq. Məktəblərə gedirdik. Yuxarı sinif qızları, oğlanları ilə söhbətlər aparırdıq. Təsəvvür edin, bu, 2014-cü ildə birdən-birə yox oldu.

– Hətta bu sahədə də fəaliyyət göstərmisiniz?

– Çünki bizim 4 prioritet mövzularımızdan biri də budur. Bəli.

– Deməli, 2014-cü ildən QHT-lərə yönəlik hücum dalğası bu sektoru da öz ağuşuna aldı…

– Bəli, çox ciddi zərbə altına aldı. Bir məsələni də sizə deyim. Biz Azərbaycanda ilk qadın – analıq məktəbinin yaradıcılarından biriyik. Bizdə, bu məkanda, bu ofisdə 2007-ci ildən 2013-cü ilə qədər analıq məktəbi fəaliyyət göstərib. Qadınlar tamamilə pulsuz-parasız gəlib reproduktiv sağlamlıqla bağlı çox dolğun məlumat ala bilirdilər. Bizim bir kursumuz 10 dərsdən ibarət idi, bir dənə də videodərsimiz var idi. Ümumiyyətlə, qadının tamamən reproduktiv sağlamlıqla bağlı məlumatı gedirdi. Ondan sonra hamiləliyə hazırlıq, hamiləlik və doğum dövrü ilə, doğuşdan sonrakı müddət, uşağa qulluq, valideynin psixoloji aspektləri və valideynin hüququ aspektləri… Yəni orada da qadın hüquqlarını analıq məzuniyyəti və qadının xəstəxanada olan hüquqlarını araşdırmışdıq.

 

Analıq məzuniyyəti – artıq şərtə bağlanan imtiyaz

8

– Artıq analıq məzuniyyəti də tarixə çevrilib…

– Elə bir şey yoxdur. Bu hüquqların hamısı qaydasındadır. Riayət də olunur. Amma orada da çatışmayan məqam odur ki, qadına daha uzun vaxt verilməlidir. Daha normal təminatı olmalıdır. Qadın analıq məzuniyyətindən dönəndən sonra onun işə inteqrasiyası daha asan olsun.

– Amma məsələ orasındadır ki, qadın analıq məzuniyyətindən dönəndən sonra işi tapmır ki… Çünki biz, deyəsən, o problemlə qarşılaşmışıq. Analıq məzuniyyətindən dönəndə, adətən, iş yeri başqası tərəfindən tutulmuş olur. Yəni o mənada deyirəm ki, bu məqamda da ciddi problemlər var.

– Bəli, ciddi problemlər var. Hətta mən sizə deyim ki, bu problem nəinki analıq məzuniyyətilə əlaqəlidir, xeyr. Bir az önləyici məqamını da sizə deyim. Məsələn, gənc qızı işə götürərkən, onunla əvvəlcədən qeyri-formal razılığa gəlirlər. Yəni “mən səni o şərtlə işə götürürəm ki, ailə qursan da bir neçə il övlad sahibi olmayasan”. Ki, ona analıq məzuniyyəti verməsin, işdən bir neçə il ayrılmasın, məzuniyyət haqqını özündən verməsin və s. Təsəvvür edin.

– Yəni belə məqamlar da olur?

– Bəli. Bunların hamısı ilə biz rastlaşmışıq. Dəfələrlə bizə bununla bağlı müraciətlər olub.

– Bu cür yanaşmanın özü qanunsuzdur.

– Bəli, qanunsuzdur.

– Həm də əxlaqi deyil.

– Qanunsuzdur, əxlaqi də deyil, etik də deyil. Əslində, burada daha böyük problemlər üzə çıxır. Bununla bağlı bir çox təşkilatlar, məsələn, nəinki qadın hüquqları, hətta əmək hüquqları ilə məşğul olan təşkilatlar da bunu dəfələrlə qabardıb. Bəli, bu, bizim reallığımızdır.

– Konkret demək olarmı ki, Azərbaycan qadınının problemləri nədən ibarətdir? Bu çətinlik və problemlər çoxdurmu Azərbaycanda?

– Az deyil, çoxdur. Bu suala bir neçə saat cavab vermək istəsək də, bitməz. Çünki əslində bu məsələni açmağa ehtiyac var. Bir də bu suala hər kəs, yəqin ki, fərqli cavab verər. Hər kəsin prizmasından bu problemlərin hansının qabarıq, hansının çətin olması fərqlidir. Mənə görə, Azərbaycan qadınının böyük problemlərindən biri onun savadsızlığıdır. Yəni yetərincə maarifli olmamasıdır. Yetərincə özünə vaxt ayırıb, müəyyən bilgiləri əldə etməməsidir. Bu, mənə görə ən birinci addımdır. Amma bu da nədən irəli gəlir? Qadının özünə aid problemləri var, ailəsinə aid olan problemləri var və cəmiyyətə aid problemləri var. Bunun səbəbləri haradan irəli gəlir? Azərbaycan qadınının özünə aid problemlərini, sözsüz ki, mən ümumiləşdirərək deyirəm, bu münasibətləri hamıya şamil eləmək olmaz…

– Elə edin ki, sonra qadınlar sizi topa tutmasınlar…

– Topa tutmazlar. Qadınlar əslində, çox gözəl bilirlər ki, mən onları necə sevirəm. Sevməyimin əsas göstəricisi də odur ki, mən onların durumuna acıyıram və onlar deyərkən də mən əslində onları özümdən ayırmıram. Mənim də həyatımda çox elə məqamlar olub, elə indi də müəyyən çətinliklərlə üzləşirəm. Çünki bu cəmiyyətin bir parçasıyam və başqa bir yerdə də yaşamıram. Ona görə də istər-istəməz bu məhdudiyyətlər mənə də təsir edir. Amma baxın, bu 3 mərhələdə olan məhdudiyyətlər qadını bir az da avantajsız vəziyyətə salır. Bunun biri özü ilə bağlıdır. Onun bilgisi olmayanda, özünə güvəni olmayanda, nədənsə qorxusu olanda, problemləri yarıb çıxa bilməyəndə bu, tamam başqa bir model olur. Bu qadının ümumiyyətlə ikinci bir mərhələyə çıxması demək olar ki, mümkünsüzdür. İkincisi, ailədən gələn məhdudiyyətlərdir. Bayaq dediyim o üç istiqamətlə bağlı qərar verə bilməyən qadın, ailənin basqısına görə qərar verə bilməyən qadın, oxumaq istəyib oxuya bilməyən qadın, işləmək istəyib işləyə bilməyən qadın və yaxud da ailə qurmaq istəməyən və yaxud da hansısa bəlli bir şəxslə ailə qurmaq istəməyən qadın əgər öz qərarını verə bilmirsə, sözsüz ki, onun cəmiyyətə inteqrasiyası çox çətin olacaq. Bax, bu problemlərlə çarpışan qadınlarımız, qızlarımız var. Təhsillə bağlı – uşağın oxumağa marağı var, amma ailənin ya imkanı yoxdur və ya istəyi yoxdur. Bu, ikitərəfli də olur. Bəzən olur ki, ailə ümumiyyətlə, təhsilin əleyhinə deyil, amma imkanı yoxdur. Daha bir maraqlı məqam var. Dəfələrlə elə ailələrdə olmuşuq və bir ailənin 2 və yaxud da 3 övladı var. Deyək ki, ikisi qız, biri oğlandır. Ailə oğlanın təhsil almasına üstünlük verir. Deyirlər ki, qızlar onsuz da ərə gedəcəklər.

– Elə bu məsələylə bağlı da sualım var. Ümumiyyətlə, Azərbaycanda qızla oğlanın tərbiyəsi eyni dərəcədə, yetərlimi aparılır? Ata-ananın qıza və yaxud da oğlan övladına verə biləcəyi dəstək necə olmalıdır, əslində?

– Əvvəlki məsələylə bağlı fikrimi tammlayım və bu suala keçək. İndi dediyiniz mövzunun bir az fərqli çaları var. Azərbaycan ailələrində əksər hallarda qızlardan daha çox oğlana təhsil vermək haqqında düşünürlər. Elə düşünürlər ki, qız onsuz da ailə quracaq və onun təhsilini davam etdirməsinə ehtiyac yoxdur.

– Kimsə qıza baxacaq…

– Kimsə baxacaq, onsuz da işləməyəcək. Sanki, qızı indidən proqramlaşdırırlar, kökləyirlər ki, onun gələcəkdə iqtisadi asılılığı olsun. Onun düşəcəyi durumu düşünmürlər ki, o qız ər evinə düşəndən sonra elə bir durum yarana bilər ki, qızın da ailədə maddi töhfəsinə ehtiyac ola bilər. Ona görə də bu qızın bilik və bacarığı olmalıdır. Bu qızın hansısa işə sahiblənmək zərurəti ola bilər və yaxud da pis bir hadisə baş verərsə, həyat yoldaşını itirərsə və yaxud da boşanarsa o, öz ailəsini yaşatmalıdır, övladlarına sahib çıxmalıdır, onları maddi baxımdan təmin etməlidir. Belə vəziyyətlərdə o qız nə etməlidir? Baxın, təhsilsiz qız bu duruma düşür və təhsilli oğlan bu duruma düşür. Görün, nə dərəcədə disbalans yaranır.

Sizin dediyiniz mövzu da tamamilə fərqli bir mövzudur. Azərbaycan ailələrində qızlara və oğlanlara yanaşma və tərbiyə tərzi… Çox təəssüf ki, hələ də stereotiplərlə dolu cəmiyyətdə yaşayırıq. Hələ də bu stereotiplər çox primitiv bir forma alır. Məsələn, oğlan uşaqlarına daima deyirik ki, “sən kişisən, sənə ağlamaq olmaz, emosiyalarını göstərmək olmaz”. 2-3 yaşlı oğlan uşqlarına deyirik bunu…

– Deməyəkmi?

– O cür yanaşma olmaz…

 

Oğlumun atası tərəfindən müqavimətə rast gəlirəm…

7

– “Erkəklər ağlamaz. Sil göz yaşlarını…”  

– Məncə, “güclü insan ağlamaz” demək daha düzgün olardı. Yəni qızla oğlan arasında indidən belə səddin qoyulması, oğlanın bu cür qapanması düzgün deyil. Baxın, genderə həssas yanaşmalarda nələr var? Genderə həssas yanaşmalarda ananın və atanın diqqəti uşaqlar arasında bərabər bölünür. Genderə həssas yanaşmalarda daim oğlan qabardılır, oğlan uşağına böyük sərmayələr qoyulur. Qızın istəkləri çox da nəzərə alınmır. İlkin vaxtlarda belə bir status yazmışdım, bəlkə nəzərinizdən qaçıb. Statusum analarla bağlı idi. Çox ağır şeydir ki, analar qızdan daha çox oğlan uşaqlarına diqqət edirlər. Həmin kontekst bir az da zorakılıqla bağlı idi. Amma bugünkü gün mənim də bir oğlum var, Allah sizin də balalarınızı saxlasın.

– Sağ olun…

– Biz kifayət qədər bərabərhüquqlu bir ailəyik. Hətta mənim ailəmdə mən oğluma bir sözü deyərkən, atası tərəfindən müqavimətə rast gəlirəm ki, “uşağın ağlını belə şeylərlə doldurma! Uşaq bunu eləyə bilməz.” Hansı ki, söhbət hər hansı bir buyruqdan gedir: “Bunu götür, apar tulla! Bunu mənə gətir!” Yəni "qız varkən, niyə bunu oğlana öyrədirsən, niyə oğlanı buyurursan? Oğlanı nə üçün ev işlərinə alışdırırsan. Nə ehtiyac var buna? Kişi bunu eləməz”. Baxın, bu yanlış genderə həssas yanaşmadır.

– Ağlıma maraqlı bir sual gəldi. Siz müasir ailə olduğunuz üçün ev işlərini kim görür? Məsələn, Türkiyədə müasir ailələrdə ev işlərini bir gün qadın, bir gün kişi görür. Hətta bu işlər evlilik müqavilələrində bənd olaraq göstərilir. Məsələn, yeməyi bir gün mən hazırlayacam, o biri gün sən hazırlayacaqsan.

– Lap düzünü desəm, son bir neçə ilə qədər ev işlərinin böyük əksəriyyəti ilə sözsüz ki, mən məşğul olurdum. Özü də sevə-sevə məşğul olurdum. Mən də ənənəvi ailədən çıxmışam. Mənim də ailəmdə bu, belə olub. Ona görə deyirəm, bəzi şeyləri nəzəri cəhətdən desəm də, praktikada bu, fərqli bir formadadır. Amma bu, o demək deyil ki, düz yoldur. Əgər qadın yorulursa, kişinin ona kömək eləməməyi düz deyil.

– Son vaxtlara qədər ev işlərilə özünüzün məşğul olduğunu dediniz. Son vaxtlar vəziyyət dəyişib?

– Son vaxtlar ev işi ilə kənar bir adam məşğul olur. Mənim iş yüküm çox yüksək olduğu üçün… Mənim zamanım olanda sevə-sevə ailəmin xidmətində dururam. Yəni bu məsələ ənənəvi formada yenə də elə davam edir. Həftə sonları, bayramlarda və s. ailəmə kömək edirəm.

 

Gender rolları ilə çox ciddi stereotiplər var

 

– Şəhla xanım, Azərbaycanda gender problemi varmı?

– Əlbəttə, var.

– Yəni hələ də ciddi şəkildə özünü saxlayır, yoxsa bizdə qadınların həm məmur olma, həm deputat olma, həm də deyək ki, müəyyən vəzifələrdə işləmə – müəllim, həkim – əksəriyyəti qadınlardır və onlara maneəsi yoxdur. Hətta məncə bu göstərici digər ölkələrlə müqayisədə yüksəkdir.

– Bilirsinizmi, tipik qadın peşələri var. Siz bir az mövzuları qarışdırdınız. Həm peşələrə toxundunuz, həm də gender bərabərliyinin başqa istiqamətinə toxundunuz… Mən yenə də sizə qarışıq misallar deyim. Gender bərabərliyi bəli, qanunumuzda kifayət qədər yaxşı əks olunub, amma reallıqda ümumiyyətlə gender rolları ilə çox ciddi stereotiplər var. Amma bu, dəyişir. Bu, birmənalı deyil. Bu, dəqiq, konkret, çərçivəli deyil. Bir misal da deyim sizə… 10-15 il bundan əvvəl gənc ailədə ata övladı ilə bol zaman keçirirdimi?

– Yox…

– Heç vaxt belə şeylər yox idi.

– Mən də keçirmirdim.

– Bugünkü gün müasir, gənc ailələrdə çox normal surətdə ata ana ilə yanaşı, uşağın qayğısını çəkir. Yəni cüt övladını yedizdirməyə meyllidir, eyni cür qayğısını çəkməyə, təmiz havada gəzdirməyə və s. meyllidir. Bizim evimiz bulvara yaxındır və tez-tez bulvara gedirik. Səhərlər bunu daha yaxşı müşahidə eləmək olur. Atalar uşaqlarını dəniz kənarında gəzdirirlər. Ana yanlarında yoxdur. Görünür, anaya bir neçə saatlıq istirahət veriblər və yaxud da ana əksinə, ev işləri ilə məşğul olur. Amma bu bölgü var. Mənim xatirəmdədir, atam hər zaman deyərdi ki, “Bizim vaxtımızda atanın öz övladını qucağına alması belə ayıb sayılardı”. Yəni uşaq ağlasa belə, ananın ona yaxınlaşmağa vaxtı olmasa belə, həmin ailədə nənə-baba var idisə, atanın yaxınlaşması ayıb sayılardı.

– İndi də o anlayış hakimdir.

– Məncə, o, bölgələrə daha çox aiddir. Bakıda artıq bu qədər sərt deyil.Yəni zəmanə də insanları dəyişdirir. Fikirlər dəyişir, yanaşma dəyişir, davranış dəyişir. Görünür, bəzi şeyləri zamanın ixtiyarına buraxmaq lazımdır. Bu da o demək deyil ki, biz də  heç nə eləməyək və maariflənmə dayansın.

 

Hesabat məsələsində problem var

 

– İki oxşar suallar var. Bizim tanınmış hüquqşünasımız Samirə Ağayeva və Əlövsət Əliyev –  o da tanınmış hüquqşünasdır, indi xaricdə yaşayır – oxşar suallarla müraciət ediblər. Samirə xanım yazır: “Şəhla xanım və Əvəz bəy, sizi salamlayıram. Birinci sualım: Şəhla xanım, qadınlara zorakılıqla bağlı işiniz regionlarda aparılırmı, hansı tədbirlər keçirilir, preventiv tədbirlər daxil olmaqla? İkinci sualım: Fəaliyyətiniz barədə hesabat ictimaiyyətə açıqdırmı? Məsələn, mən zorakılıqla bağlı hər hansı məlumat almaq istəsəm, onu harada tapa bilərəm (ofisə və s. yerlərə gəlmədən)? Üçünçü sualım: Hesabatlarınızı haradan oxuya bilərik? Əvvəlcədən təşəkkür edirəm”. Əslində, bunun üçü də maraqlı sualdır və mən hiss elədim ki, hesabatların ictimaiyyətə açıq olmasında problem var.

– Yox. Hesabatlarda problemlər bəlkə ona görə indi gündəmə gəlib ki, hal-hazırda bizim saytımız işlək vəziyyətdə deyil.

– Əlövsət Əliyevin də sualı hesabatlarla bağlıdır. İstəyirsinizsə, onu da verim, bir yerdə cavablandırın.

– Buyurun.

– Əlövsət Əliyev soruşur: “Azərbaycanda qadın hüquqlarının vəziyyəti haqqında illik hesabatlar hazırlanmır. Bu yaxınlarda qadın hüquqları sahəsində hesabatlar üçün Azərbaycanda bu sahədə ixtisaslaşan bütün təşkilatlara müraciət etdim. Yalnız Şəhla xanımdan bəzi hesabatlar əldə edə bildim. Bu, bir misal idi. Şəhla xanimdan xahişim, qadın hüquqları sahəsində illik (alternativ) hesabat mütləq lazımdır. Bu sahədə vəziyyət acınacaqlıdır və bu vəziyyəti əks etdirən hesabat mütləq lazımdir və Siz bunu bacararsınız, uğurlar. Maraqlı alınacağına əminəm”. Yəni mən elə başa düşdüm ki, hesabatlar məsələsində problemlər var.

– Var. Hesabat məsələsində problem var. Həmişə də olub. Təəssüf ki, yəqin bir müddət də olacaq. Çünki bayaq qeyd etdiyimiz QHT qanunvericiliyi və QHT durumu ilə bağlı danışanda mənfi təsirlərdən, mənfi fəsadlardan  danışdıq. Bunlardan biri də odur ki, ümumiyyətlə, bizim fəaliyyətimiz – biz deyərkən mən QHT sektorunu nəzərdə tuturam – bir xeyli məhdudlaşıb. Biz xeyli məhdudiyyətlər içərisində ciddi hesabatlar ərsəyə gətirmək imkanlarımız da məhdudlaşıb. Konkret bizim təşkilatımıza gəlincə isə, bizim təşkilat hər zaman hesabatlı təşkilat olub. Hər zaman da açıq hesabatlarımız olub. Gördüyünüz kimi bizim rəfimiz də var, orada bizim hesbatlarımız rahat şəkildə əldə edilə bilər.

– O zaman Samirə xanım niyə bu cür sualla müraciət edib?

– Samirə xanım görünür ki, ona görə yazıb ki, veb saytımız hal-hazırda işlək vəziyyətdə deyil. Onun sualında belə bir qeyd var ki, “ofisə gəlmədən”… Ofisə gəlmədən o hesabatları əldə eləmək bir az çətindir. Görünür, saytımız işlək vəziyyətdə olmadığı üçün belə problemlər yaranır. Saytla bağlı texniki çətinliklərimiz var. Biz bunu bir neçə dəfə eləmişik. Bizim saytımızı işlək vəziyyətdən çıxaran insanlar, maraqlı tərəflər var.

 

Saytımızı iki dəfə vurdular

7-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f

– Belə çıxır ki, saytınızı “vurublar”?

– Bəli, iki dəfə vurublar. Olub belə bir hal. Amma ikinci dəfədən sonra özümüzə gələ bilmədik. Çünki bir xeyli materialımız təəssüf ki, itdi. Bu, bizim texniki cəhətdən hazırlıqlı olmamağımızdan irəli gəlir.

– Sizcə, bunu kimlər edib?

– Mən bu məsələni indi açıqlamaq istəməzdim.

– Çox maraqlı olardı.

– Sözsüz ki, maraqlıdır, amma isbat edə bilməyəcəyimiz bir şeyi necə deyə bilərik? Şübhəsiz ki, təxminlərimiz var. Şübhələrimiz var. Ehtimallarımız var.

– Təxminlərinizi də deyə bilməzsiniz?

– Deyə bilmərəm. Mən təxminlərlə danışan insan deyiləm. Mən faktlarla danışıram.

– Bu, daxili məsələdirmi? Rəqiblik, paxıllıq, qısqanclıq məsələsidirmi?

– Mən sizə deyim ki, bir dəfə bu Rusiyadan olub. Heç olmasda belə cavab verim. Bir dəfə də…

– Hakerlər qıraqdan vururlar, o heç, amma bizimkilər vurur?

– Belə… Sifarişçi kimdir artıq, mən onu təxmin edə bilərəm.

– Maraqlıdır. Bu, bizim Azərbaycandakı qadın təşkilatlarıdırmı?

– Vallah mən onu deyə bilmərəm, bilə bilmərəm.

– Təxminən…

– Ola bilər, istisna etmirəm. Mən heç nəyi istisna etmirəm. Amma məsələ başqadır. Bizim hesabatları ofisə gəlmədən, amma bizə müraciət edərkən əldə etmək olar. Bu bir. İkincisi, bizim hesabatlar adətən partnyorların – söhbət konkret indiki durumdan gedir – saytlarından, hətta BMT-nin saytlarında tapa bilərlər. Əlövsət bəyin sualına gəlincə… Alternativ hesabatları illik olaraq biz yazmamışıq. Amma BMT-nin SİDO Komitəsi var. 10 önəmli SİDO qurumundan biridir. SİDO, əslində “Qadınların Beynəlxalq Konstitusiyası” deməkdir. “Qadınlara qarşı bütün növ ayrı-seçkiliyin aradan qaldırılması”. Belə bir adda BMT konvensiyası var. Onun qısaldılmış formasına SİDO deyirlər. Azərbaycan həmin konvensiyaya üzv olduğuna görə, hər 4 ildən bir ora hesabat təqdim edir. Yəni hər 4 ildən bir o SİDO-nun bütün maddələri üzrə hesabat verməlidir. Azərbaycana son baxış keçən il – 2015-ci il fevralın 18-də Cenevrədə keçirilib. 10 günlük baxış olub. Dövlət ora hesabat təqdim edib, hər zaman olduğu kimi. Adətən isə prosedur belədir ki, QHT-lər alternativ hesabatlar – yəni kölgə hesabatları təqdim etməlidirlər.

– Əlövsət bəy onu nəzərdə tutur?

– Güman ki, onu da nəzərdə tutur. Biz keçən il həmin kölgə hesabatı hazırlamışıq, hətta mən deyərdim ki, Azərbaycanın indiyə qədər BMT-nin SİDO Komitəsinə verilən birinci tam hesabatdır. Bizim həmkarlarımız ora çox hesabatlar verirlər. 5-6 QHT ora hesabat verir. Tam və tematik hesabatların fərqini deyim. Tam odur ki, SİDO-nun Konvensiyasının bütün maddələri üzrə biz hesabat vermişik, ancaq hansısa təşkilatlar hansısa tematik üzrə hesabat təqdim ediblər. Və yaxud da 3-5 sahəni əhatə edən, yəni bir neçə maddə üzrə hesabat verirlər. Fərq bundadır.

– O zaman sizin hazırladığınız hesabatlar indiyə qədər tematik olub?

– Yox. Bizim hazırladığımız hesabatlar yox. Ümumiyyətlə, Azərbaycandan gedən hesabatlar tematik olub. Bizimki isə tam, bütöv olub. O da çox gözəl hazırlanmış hesabat olub və əslində bunu fəxrlə deyə bilərəm ki, həmin o hesabat və baxış olandan sonra BMT-nin həmin o SİDO komitəsi Azərbaycana yeni bir tövsiyə paketi verir – yekun tövsiyələr, müşahidə və məsləhətlər… Həmin tövsiyələrin böyük bir hissəsi – hətta biz onu saymışdıq ki, neçəsi bizim hesabatlardan götürülən tövsiyələrdir. Bu, bizi çox sevindirmişdi ki, yəni bizim tövsiyələrimiz Komitə tərəfindən çox ciddiyə alındı. BMT Azərbaycana təqribən 11 səhifəlik tövsiyə paketi verib və Azərbaycan hökuməti 4 il ərzində onların icrası ilə bağlı öhdəlik götürüb. Amma iki il həmin vaxtdan gedib…

 

Hesabatların həm sayı və həm də keyfiyyətləri yetərli deyil

 

– Heç bir iş də görülməyib?

– Yox… Müəyyən işlər gedir, amma zəruri işlərin böyük hissəsi, təəssüf ki, getmir. Bunun da səbəblərindən biri QHT-lərin bu cür iflic vəziyyətinə salınması ilə bağlıdır. Hazırda bizim monitorinq keçirməyə belə imkanımız məhduddur. Əlövsət bəyin dediyi alternativ hesabatı ərsəyə gətirmək üçün kifayət qədər maliyyə və insan resurslarına arxalanmaq lazımdır. Yəni bunu bir yox, bir neçə mütəxəssis keçirir və onlara ciddi məbləğdə qonorarlar ödəmək lazımdır. Çünki bunu hər kəs yaza bilməz. Bu cür spesifik bir bilgiyə malik mütəxəssis olmalıdır ki, onu da özlüyündə tapmaq çətindir. Üstəlik də pulsuz tapmaq mümkünsüzdür. Bun görə də, çox təəssüf, mən hər iki həmkarla razıyam ki, hesabatların həm sayı və həm də keyfiyyətləri yetərli deyil.

– Son iki sual qalır. Qadının ailədə və cəmiyyətdə yeri və rolu. Azərbaycan qadınlarından gözləntilər nədir?

– Azərbaycan qadınlarından çox böyük gözləntilər var, Əvəz bəy. Qadının üzərinə böyük bir yük düşür. Qadının zatən ailə qayğılarından biz danışdıq. Onun onsuz da qayğıları çox böyükdür. Hətta bəzən qadın onu bilməyərəkdən, heç anlamır, heç fərqində deyil ki, əslində vəziyyət fərqli də ola bilər. Yəni bu, təkcə onun deyil, paylaşımlı bir öhdəlik də ola bilər. Bunu bir kənara qoysaq, cəmiyyət də qadının üzərinə çox böyük məsələlər yükləyir. Baxın, elə adi stereotipli düşünsək, Azərbaycan qadını özünü necə aparmalıdır? Davranışla bağlı nə qədər məhdudiyyəti var? Məsələn, qadın səsini ucalda bilməz. Qadın hirsini biruzə verə bilməz. Qadın hər zaman etik davranmalıdır. Hər zaman nəzakətli olmalıdır.

– Bəs, alternativi necə olmalıdır? Təbii ki, elə olmalıdır.

– Elə olmalıdır, bəli. Amma baxın, bunun özü qadının psixoloji durumuna nə qədər əlavə yük deməkdir. Yəni sonucda qadın-kişi məsələsini insanın üzərindən götürsək, əgər bir insanın emosiyalarından söhbət gedirsə…

– Emosional olmaq həm də kişilərə aiddir, axı…

– Kişilər çox rahatlıqla səsini ucalda bilər, deyək ki, hansısa bir emosiyaya qapıla da bilər. Amma qadın bununla yanaşı, üzərinə daha çox əlavə yük götürür. Baxın, qadın hamıdan diqqətli olmalıdır, qayğıkeş, nəzakətli, şəfqətli olmalıdır. Qadın baxımlı olmalıdır. Bu cəmiyyət qadına baxımsız olmağı bağışlamır. Ələlxüsus da qadın müəyyən bir mövqe tutursa və yaxud da hansısa mötəbər bir yeri təmsil edirsə, ona heç baxımsızlığı bağışlamır. Yəni bütün yüklərinə rəğmən – ailə-iş yüklərinə rəğmən gileylənməməlidir, yorğunluğunu biruzə verməməlidir. Çox yorğun olsa da, son ana qədər ailə üzvlərinin onun üzərinə qoyduğu öhdəlikləri axıracan yerinə yetirməlidir. Lazım gələrsə, gecə saat 3-də də bir stəkan çayı hazırlamalıdır. Normaldır, qoymalıdır. Amma bu, ikitərəfli olmalıdır. Bu, birtərəfli olan bir şey deyil. Yəni ehtiyac varsa, bunu iki tərəf də eləməlidir. Qadın diqqətli olmalıdır. Öz ailə üzvlərinə diqqətli olmalıdır. Qadın həm gözəl ana olmalıdır, həm gözəl həyat yoldaşı olmalıdır, gözəl bacı olmalıdır, gözəl övlad olmalıdır. Bu azmış kimi, qadın həm də qohumlarına, qonşularına, qayınanasına, qayınatasına qarşı da diqqətli olmalıdır.

– Sanki bir etiraz manifesti səsləndirirsiniz…

– Etiraz deyil. Amma razılaşın ki, qadının üzərinə qoyulan bu yük çox deyilmi?!

– Olmasınmı? Hamıya laqeyd olsun – yoldaşına da, ailəsinə də… Qonşularına da çəmkirsin? Hamıya qışqırsın, uşaqları da döysün…

– Mən ekstremal vəziyyəti demədim…

– Yemək-filan da hazırlamasın… Ümumiyyətlə, evdə heç qazan asılmasın… Elə qadın obrazı daha yaxşıdır?

– Yox, mən elə bir mənzərə çəkdim?

– Təxminən elə bir mənzərə alındı. Tam etiraz dolu ittihamlar oldu…

– Yox, yox, mən o cür mənzərəni nəzərdə tutmadım…

 

Qadına cəmiyyətin başqa üzvlərinə edilən endirimlər edilmir

dsc06696

– Əgər hüquqlardan söhbət gedirsə, o, kişilərə də olmalıdır, qadınlara da… Əslində, cəmiyyətin bütün üzvlərinin hüquqları qorunmalıdır, elə deyilmi?

– Amma qadına cəmiyyətin başqa üzvlərinə edilən endirimlər edilmir. Heç vaxt edilmir. Qadının bununla bağlı heç bir bonusu yoxdur. Qadın nəyəsə bir az emosional reaksiya verəndə heç vaxt demirlər ki, “yazıqdır, yorğundur, xəstədir, canı ağrıyır.” Amma kişi üçün bunu hər zaman deyirlər. Qadın bu məsuliyyəti hər zaman üzərində çəkməlidir. Qadına ən yaxşı halda qoyula biləcək ad, “qeyri-adekvat özünü apardı”, deməkdir. Bu, ən yumşaq diaqnozdur. Amma kişi üçün deyirlər ki, “yazıq, neyləsin, bütün günü işləyib…” Düzdür, bu, başqa bir mövzudur, amma çox təəssüf ki, qadının evdə gördüyü işlər iş kimi hesablanmır. Qətiyyən hesablanmır. Bu, haqqı ödənilməyən işlərdir. Qadın bütün günü ev işləri ilə məşğuldur, kişi isə çöldə çörək qazanır. Düzdür, qadın o qazancı gətirmir, amma evin bütün işlərini də görür. Əgər qadının evdə gördüyü işlər ödənişli olsaydı, kişinin qazancından qat-qat yüksəkdə qazanc vermiş olardı. Amma bu, hesablanmır. Üstəlik kişi evə gələndən sonra çox rahatlıqla dincəlməyə hüququ var, amma qadının bu hüququ yoxdur: “Bütün günü onsuz da evdə olmusan, niyə dincəlməlisən ki? Nə etmisən ki, işləyən mən olmuşam…” İnanın ki, insanlar heç ümumiyyətlə, bu barədə düşünmür. Bu, cəmiyyət tərəfindən çox normal qarşılanan bir məqamdır. Bəzən bunu səsləndirəndə ayıldırsan, bəzən də heç ayıltmırsan.

– Bu dəfə “Qaynar Qazan” deyəsən, mənim üçün oldu, sizə olmadı.

– (Gülür…)

 

Qız övladları ilə oğlan övladları arasında fərq qoymayın!

 

– Bütün qadınlar eyni şeyləri danışır, eyni şeylərə eyni etirazları var. Amma maşallah, kişilərdən də hüquqları çoxdur. Kişilərdən sözləri daha ötkəmdir. Heç bir Azərbaycan kişisi qadından məsləhət almadan heç bir iş görmür. Bayaq da bu haqda söhbət elədik. Kişi hər şeyi qadının məsləhəti ilə edir. Amma yenə də hər zaman narazılıq var. Nə isə… Bu, bitməyən bir söhbətdir. Ata-analara, valideynlərə övladları ilə bağlı son olaraq nəsə demək istərdinizmi?

– Çox gözəl bir məqama toxundunuz, Əvəz bəy. Bu sualı axıra saxlamağınız da mənim üçün çox gözəl rəmzi məna daşıyır. Buna görə çox sağ olun. Analara da, atalara da əslində tövsiyəm eynidir. Qız övladları ilə oğlan övladları arasında fərq qoymasınlar. Yanaşmada, tərbiyədə mümkün qədər genderə həssas yanaşmadan istifadə eləsinlər. Bölgü apararkən övladları arasında ciddi fərq qoymasınlar. Özlərindən öncəki nəsillərin daşıdığı yükü növbəti nəsillərə daşımasınlar. Biz başladığımız mövzu ilə də bitirmək istərdim. Şiddətin qarşısının alınmasında anaların çox böyük rolu var, onlar övladlarına tərbiyə verərkən onları şiddətə qarşı öyrətməlidirlər. Qadını vurmaq ailədə çox utanclı məqam kimi övladın yadında qalmalıdır. Bu, sözsüz ki, atalara da şamil edilə bilər. Çünki atalar da uşaqlar üçün bir örnəkdirlər. Əgər oğul yaşadığı ailədə qadına qarşı şiddət, müəyyən bir zorakılıq, təzyiq görürsə, sözsüz ki, o da bunun izi ilə gedəcək.

Atalara isə xüsusi bir mesajım qız övladları ilə bağlıdır. Qız övladlarının arxasında ata dayanarsa, qız övladlarını bu ölkədə, bu cəmiyyətdə layiqli bir vətəndaş olması şansı dəfələrlə artıq olur. Bir şəxsiyyət olmasına şansı dəfələrlə artıq olur. Ata qayğısını, ata dəstəyini görən qız, tamam fərqli zirvələrə gəlib çıxa bilir. Çox fərqli cəhətdən özünü müdafiə edə bilir. Demək olar ki, əzilmir. Əzilsə də bilir ki, arxasında atası var. Atalar bu məsələyə çox həssas yanaşsınlar.

– Mən təşəkkür edirəm. Məncə, çox faydalı, çox dəyərli bir söhbət oldu. “Qadına şiddətə yox deyək!”16 günlük kampaniya çərçivəsində mən də öz fikrimi bildirmək istərdim. Olur. Kişilərin hər birinin haradasa belə bir yanlışı olur, amma mən elə hesab edirəm ki, doğrudan da əsl kişi, əsil kişi, ləyaqətli kişi qadına heç bir zaman əl qaldırmaz, qadını vurmaz, qadına hər hansı bir vəziyyətdə şiddət tətbiq eləməz. Çünki qadına hörmət elədiyi müddətcə kişi yaxşı kişidir! Təşəkkürlər!

– Mən də təşəkkür edirəm.

 

SON

 

 

Strateq.az