Gündəm

Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sabiq raykom katibindən sensasion açıqlamalar:“Hücum Çardaxlıdan başlamalı idi, Stepanakertdən yox” - VİDEO
  • " width="300" height="266" />
    Alqış Həsənoğludan sərt sözlər:“Əli İnsanov çoxdan işdən çıxarılmalı və qovulmalı idi”-VİDEO
  • " width="300" height="266" />
    Alqış Həsənoğludan radikal fikirlər:“Heydər Əliyevlə bağlı tədbirlərin formatı dəyişməlidir”-VİDEO
  • " width="300" height="266" />
    Alqış Həsənoğludan skandal yaradacaq sözlər:“Rəsulzadə ictimai-siyasi xadim, Heydər Əliyev ictimai-siyasi və dövlət xadimidir...”-VİDEO
  • " width="300" height="266" />
    AXCP üzvü Sahib Kərimli son nöqtəni qoydu:“Hökumət adamları ilə danışıram...” - VİDEO
  • " width="300" height="266" />
    AXCP üzvü Sahib Kərimli yenə öz sədrini suçladı:“Əli Kərimli İlham Əliyevə qarşı heç bir mübarizə aparmır” - VİDEO
  • " width="300" height="266" />
    Sahib Kərimli AXCP dosyesini açır:“Niyə Əli Kərimliyə qarşı çıxıram?”-VİDEO
  • " width="300" height="266" />
    Yadigar Sadıqlıdan həyəcan siqnalı:“Sosial partlayış baş verəcək”-VİDEO
  • " width="300" height="266" />
    Yadigar Sadıqlı “Müsavat sandığı”nı açır:“Tofiq Yaqublu ilə tamamilə əks mövqe tutmuşam” - VİDEO
  • " width="300" height="266" />
    Yadigar Sadıqlıdan “ana müxalifət” açıqlaması:“AXCP rəhbərliyi Müsavatı zəif düşürməyə çalışır”-VİDEO

Qapalı Mövzu



Vəkil Bürosu

Mart 2017
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

XƏBƏR LENTİ

27 Mart 2017
26 Mart 2017
25 Mart 2017

02 Yanvar 2017 - 09:04

Eynulla Fətullayevdən sensasion iddialar:"Mahmudov-Çovdarov qruplaşması məni öldürəcəkdi"-VİDEO

Eynulla Fətullayev: “Mədət Quliyev Penitensiar Xidmətin rəisi təyin olunmasaydı, bəlkə heç azadlığa da çıxmazdım”


img_0375

Biz erməni xalqı ilə işləməli, özümüzü erməni xalqına sevdirməliyik

 

Eynulla Fətullayevi “Qaynar Qazan”a çağıranda xeyli tərəddüd etdim. İndi Azərbaycanda haqqında ən çox danışılan redaktorlardan biridir Eynulla. Ona münasibət birmənalı deyil. Həbsxanada möhtəşəm mübarizəsi olsa da, həbsdən çıxandan sonra hər şey 180 dərəcə dəyişmiş, bütün onu müdafiə edənləri qatlayıb dizlərinin altına qoymuşdu. O baxımdan, tərəddüdüm ciddi idi. Mənimlə münasibətləri də rəvan deyildi. Ən çox mənə toxunmuşdu Eynulla Fətullayevin davranışları. Onun mövqeyini belə dəyişməsi və hakimiyyətin səngərinə üz tutması, yenicə həbs olunan Əvəz Zeynallı üçün öldürücü olmuşdu. Məni aylarla vicdan məhbusu elan etmədilər, müdafiəm darmadağın oldu. Həm yerli, həm də beynəlxalq təşkilatlar haqlı olaraq “biz bunları müdafiə edirik, bunlar çıxıb hakimiyyətin səfində yer tuturlar” deyə mənim işimə dırnaqarası yanaşdılar. Göz gördüyündən qorxardı təbii ki.

İlk günlər, həbsimin ilk zamanları məni müdafiə etsə də – əslində, mənim ümid bağladığım adamlardan biri də o idi – sonra bu müdafiədən bir çoxları kimi çəkildi. Yavaş-yavaş arxa plana keçdim və zamanla tamam unuduldum. Bundan sonra onun yanıma gəlmə vədi boş çıxdı və mən növbəti addım kimi, Eynullanın yanıma gəlməyəcəyini bildiyim halda, onun gəlişindən imtina etdim. Bunu heç unutmadı və zamanla hər zaman xatırlatdı. Məni müdafiə etmədi, amma hər zaman da “Azərbaycanda həbsdə olan bir jurnalist var, o da Əvəz Zeynallıdır” dedi. Şükür ki, onu da sona qədər dedi.

Bu baxımdan, bizim Eynulla Fətullayevlə özəl münasibətlərimiz yarandı – “mehriban düşmənlər” misali. Sonra bir neçə dəfə mənə xəbər göndərdi ki, dəvət etsin, yanına gəlim. Mən də dedim ki, dəvət etməyəcəm, amma gəlsə görüşərəm. Beləcə, at gedişləri ilə o məni, mən onu yola verdik. Gəlmədi. Mənim də ehtiyacım olmadı. Ümidlərim qırıldı. Daha onu gözləmədim.

Heç həbsdən çıxanda da görüşmədik. Nə telefon etdi, nə aradı, nə sordu, nə də nəyinsə izahını verdi. Elə mən də. Oysa, o həsdən çıxanda arayan da, soruşan da, onu redaksiyamıza çağırıb böyük müsahibələr alan da bizlər olmuşduq…

Aradan zaman keçdi, “Qaynar Qazan” yarandı, inkişaf etdi və onun adı hər zaman dəvət olunacaq qonaqların siyahısında yer aldı. Və… erməni jurmalistini işə götürəndə “dananın quyruğu qopdu”. Qərara gəldik ki, Eynullanı artıq qonaq dəvət edə bilərik.

Tərəddüd içində zəng etdim. Bundan əvvəl bir dəfə təmasımız olmuşdu. Allah rəhmət eləsin, atası Emin dayı dünyasını dəyişəndən sonra eşidib yasına getdim və 40 mərasimində yasa dəvət olundum. Emin dayı ilə özəl münasibətlərimiz olmuşdu və nə qəribədir ki, həbsimdən təxminən bir həftə əvvəl gəlib mənimlə görüşmüş, geri çəkilmək haqqında məsləhətlərini vermişdi. Həbs olunacağımı bilirdi sanki, başına gəlmişdi axı. Onun ölümü məni həqiqətən sarsıtdı və beləcə, Eynulla ilə görüşdük.

Zəng edib “Qaynar Qazan”a dəvət edəndə bir neçə saniyə duruxdu. Sonra razılığını verdi. Qərarlaşdırdıq və razılaşdıq. Amma mən yenə tərəddüd içində idim. Elanı verdim və dəfələrlə xəbərdarlıq etdim ki, təhqir olmadan normal suallar ünvanlansın. Kimə deyirsən?

Eynulla Fətullayevə sual yağışı oldu. 150-dən çox sual gəldi və içində 1 faiz sual olmadı ki, müsbət yönümlü və tonlu olsun. Bir ara müsahibənin alınmayacağı narahatçılığını yaşadım. Kateqoriyalaşdıranda sualların əksəriyyəti “verilməyəcək suallar” kateqoriyasına yazılırdı. Sualların davam etdiyi zaman Eynulla ilə əlaqə saxlamaq da müşkülə çevrildi. Bir gün əlaqə saxlaya bilmədik. Bunu “Qaynar Qazan”dan imtina kimi qəbul edəcəkdim ki, cavab gəldi. Görüşümüz və müsahibəmiz qüvvədə qalırdı.

Belə narahat və tərəddüd içində müsahibəmiz baş tutdu. Sual yağışından ünvanlamadığım suallar da çox oldu. Təhqir elementi daşıyan sualları ünvanlamadım, amma Eynulla müsahibəyə çox yaxşı hazırlaşmış, sualların hamısına cavab hazırlamışdı. Özü bütün suallara cavab verdi. Heç bir “təxribat”a getmədi, təmkinli və sakit duruşunu pozmadı. Hətta bir az təəccübləndirdi də. Aramla ona yönələn bütün sualları cavablandırdı. Heç bir yazısından imtina etmədən və əvvəlki heç bir hərəkətini və düşüncələrini təkrarlamadan. Onunla İlham Əliyevə münasibətinin kəskin dəyişməsindən Akif Çovdarova, Mədət Quliyevlə dostluğundan əvvəl dostları, indi düşmənləri olan müdafiəçilərinə qədər hər mövzudan danışdıq. Tam səmimi ola bilmədi, amma cavablandırmadığı sual da qalmadı. Təbii ki, son qiyməti əlahəzrət tamaşaçı verəcək…

Beləliklə, “Qaynar Qazan”ın 32-ci qonağı Eynulla Fətullayevlə elə onun redaksiyasında görüşdük. İllərdən sonra ilk dəfə idi ki, bir masa arxasında oturub söhbət edirdik. Və hansı suallar və hansı cavablar…

Müsahibə necə alınıb, ona təbii ki, tamaşaçılar və Oxucular qərar verəcək. Ancaq Eynullanın bu müsahibəsi çox maraqla qarşılanacaq. Bunu dəqiq bilirəm.

O zaman haqqın.az və virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayevi dinləyək.

dsc06989

Əvəz Zeynallı

 

6 erməni Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar çıxır

 

– Salamlayıram sizi “Qaynar Qazan”da… Uzun müddətdir bu layihəni həyata keçiririk. Ən çox sual adətən siyasətçilərə ünvanlanır. Amma sizə dünəndən bu günə qədər ünvanlanan sualların yağışındayıq. Təxminən sizə verilən sualların sayı 150-i keçib. Çalışacağıq 1-2 saat ərzində bu suallara cavab alaq. Təbii ki, bu, sizdən də asılıdır. Son günlər yenə də Azərbaycan mətbuatının, belə deyək, siyasətinin gündəmindədir Eynulla Fətullayev. Nə baş verir?

– Yəqin ki, Bakıya erməni jurnalistlərinin və ictimai fəallarının gəlişini nəzərdə tutursunuz. Bu Dünən bir sıra ehtiram bəslədiyim redaktorlar bununla bağlı öz mövqelərini ifadə etdilər və dəstək verdilər…

– Hə, Mehman Əliyev, Rauf Arifoğlu…

– Digərləri də sosial şəbəkələrdə öz mövqelərini ifadə ediblər. Bilirsiniz ki, artıq bizim həmkarımız, rusiyalı jurnalist Dmitriy Ksilyov, Maksim Şevçenko, bir sıra həmkarlarımız dəstəklərini ifadə etdilər. Mən çox şadam ki, həm beynəlxalq dəstəyə və həm də daxildə Azərbaycan auditoriyasının mütləq əksəriyyəti olmasa da, böyük əksəriyyətinin dəstəyini qazandım. Erməni həmkarlarımız Bakıya gəlib. Bu, Azərbaycan və erməni gənc, eyni zamanda vətəndaş cəmiyyəti fəallarının yaratdığı erməni-Azərbaycan sülhpərvər platformasına dəstəkdir. Bu platformanın vətəndaş cəmiyyəti daxilində, xalq diplomatiyası çərçivəsində digər proyektlərdən fərqi odur ki, bizim üçün ən əsas prinsip Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ problemidir. İndiyə qədər bu platformaya qoşulan 6 erməni fəal – Ermənistanda hərəkat rəhbəri V.Martirosyan, məşhur jurnalist, ictimai fəal S.Caginyan, yazıçı, facebook fəalı, hüquq müdafiəçisi V.Avetyan, ictimai fəal A.Karapetyan, məşhur sovet erməni yazıçısı, Kanadada məşhur olan ədəbi almanax dərgisinin rəhbəri V.Karapetyan, Xankəndində olan erməni fəalı L.Nersesyan Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar çıxırlar. Bu 6 nəfər, bu 6 şəxs birgə platformaya imza ataraq, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar çıxırlar. Eyni zamanda Sarkisyan hakimiyyətinin siyasətini ciddi-cəhdlə tənqid edirlər. Onun siyasi fəaliyyətilə bağlı bəyanatlar verirlər. Biz də öz dərgilərimizdə, öz nəşrlərimizdə buna geniş yer veririk, dünya mediasına tirajlayırıq. Yəni Azərbaycan üçün çalışırıq. Ola bilər ki, hansısa qüvvələr bu və ya digər məqsəddən çıxış edərək, bizim bu layihəmizi bəyənmir, mane olmağa çalışır. Bəli, mane olmağa çalışanlar da var idi. Gözdən salanlar da var idi. Amma mən bu insanların məqsədinin nə olduğunu anlayıram.

– Syuzan Caginyanı artıq işə götürmüsünüz?

– Bəli, bəli, buradadır.

– İndi də redaksiyada işləyir?

– Bəli, bəli.

– Yəni Azərbaycandadır?

– Bəli, bəli, Bakıdadır. Göstərə bilərəm.

– Çox maraqlıdır, onu da çəkərik.

– Əlbəttə…

– Tural Turan sizə sual ünvanlayır: “S.Caginyanı işə götürmək dövlət sifarişi idi, yoxsa öz qərarınızdır?”

– Öz qərarımdır.

 

Syuzan Caginyanı Ermənistanda ölmüş şəxs elan ediblər

img_0366

– “Neçə illik əmək müqaviləsi imzalamısınız?”

– Mən sizə deyim. Birinci bizim əməkdaşımız V.Martirosyan idi. Yadınızdadırsa, o, Azərbaycanı təxminən aprel ayında tərk etmişdi. Ukraynada yaşayırdı və Azərbaycanla bütün əlaqələrini üzmüşdü. O zaman mən bu təkliflə çıxış elədim və təklif etdim ki, Ermənistanla bağlı xəbərləri bizim üçün hazırlasın. İndi onsuz da qlobal dünyadır. Sərhədlər yox, internet əsridir və s. Və iyulda Yerevanda baş verən qiyamdan sonra mən gördüm ki, biz bəzən Ermənistanda baş verən hadisələrlə bağlı xəbərləri erməni mətbuatından tez və çevik şəkildə veririk. O da V.Martirosyanın hesabına… Çünki onun orada mənbələri vardı və həmin bu S.Caginyan səhərdən axşamadək Yerevandan reportajlar verirdi. Əslində, Syuzan Caginyan Bakıya gəlməmiş biz artıq onunla işləyirdik. O, bizə məlumatlar hazırlayırdı.

– Bəs, o zaman Syuzanın Bakıya gəlməyi, burada işləməyi Ermənistanda necə qarşılanıb? Onu da orada düşmən elan ediblər?

– Nəinki düşmən, onu ölmüş bir şəxs elan ediblər. Hətta arayış da veriblər ki, o, “rəhmətə gedib”. Təsəvvür edirsinizmi? Syuzan elitar erməni ailəsindəndir, sabiq təhsil nazirinin qızıdır. Vaxtilə «Комсомольская правда» qəzetinin Ermənistanda müxbiri olub.

– Atası nə vaxt təhsil naziri olub?

– Ter-Petrosyanın hökumətində. Bəli, təhsil nazirinin qızıdır. Yəni çox savadlı, görkəmli bir həmkarımızdır. Sarkisyan hakimiyyətinə sidq-ürəkdən nifrət edir və ona qarşı mübarizə aparır. O zaman ona necə təzyiq edirlər? Pasportunu vermirlər, bütün hüquqlarından məhrum edirlər və nəhayət, arayış verirlər ki, bu insan ölüb. Pasportu yoxdur. Ona görə də Syuzan Azərbaycana qeyri-rəsmi yolla gəldi, keçdi. Bizim sərhədçilərə təslim oldu və dedi ki, “mən Azərbaycanda yaşayıb çalışmaq istəyirəm. Azərbaycanın ərazi bütövlüyünü tanıyıram” …

– Əgər Azərbaycana sığınıbsa, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o zaman biz niyə bu erməniyə iş verməyək?

– Mən də elə onu deyirəm. Niyə verməyək?

– Akif  Nağı nə istəyirdi? Sizə 2 gün vaxt qoymuşdu.

– Bir həftə keçib.

 

Akif Nağının bəyanatı məni hiddətləndirmişdi

img_0368

– Amma deyəsən, sizdə də bir cavab var idi ki, “mən onun arxasında duran dövlət məmuruna xəbərdarlıq edirəm…” Kimdir onun arxasında duran dövlət məmuru, Eynulla bəy?

– Bilirsinizmi, mən artıq bu məsələyə dönmək istəmirəm, amma biz hamımız Azərbaycanda yaşayırıq və bilirik ki, bu və ya digər ictimai və yaxud siyasi fəalın kiminləsə yəqin ki, əlaqəsi var. Amma həqiqətən də Akif Nağının bəyanatı məni hiddətləndirmişdi. Çünki biz axı nə pis iş görürük ki? Biz bəyəm Azərbaycanın əleyhinəmi iş görürük? Və yaxud, digər bir sual. Deyək ki, mən Akif Nağını dəstəkləyirəm. Mən yox, Akif Nağı haqlıdır. Mənim təklif etdiyim yol haqlı və düz yol deyil, Akif Nağının dediyi yol haqlıdır. Onda gəlin məsələyə digər rakursdan yanaşaq. Mən təklif edirəm ki, Akif Nağı bir “şəhid kəməri”ni üzərinə bağlasın, lap mən də ona qoşulum. Mən onu Ermənistana Gürcüstan vasitəsilə keçirməyə hazıram. Getsin özünü partlatsın. Millət naminə. Özü ilə də bir 50 nəfər Qarabağ Azadlıq Təşkilatının əsgərlərini aparsın. Partlatsınlar hər yeri. Edirlərmi bunu? Axı Qarabağ Azadlıq Təşkilatı Yasir Ərəfatın Fələstin Azadlıq Təşkilatının analoqudur da. Onlar əslində…

– Siz elə də demişdiniz ki, “Yasir Ərəfat və ya Mahmud Abbas bu qərarı çıxarsaydı….”

– Yəni bundan narahat olardım da. Amma Akif Nağıdan narahat olmuram, ona görə ki, Akif Nağının mübarizəsi, mübahisəsi qəzet səhifələri üzərindədir. Yasir Ərəfatın mübarizəsi isə döyüş meydanlarında İsrail hakimiyyətini əslində küncə sıxmışdı.

 

Azərbaycan hakimiyyəti bu məsələdə öz dəstəyini verdi

img_0370

 

– Niyə erməni jurnalistinin Bakıya gəlməsi, işə düzəlməsi ilə bağlı bu suallar yaranır? Xalq diplomatiyasına hakimiyyətin münasibəti də məlumdur. Çünki xalq diplomatiyası ilə məşğul olan başda Leyla Yunus olmaqla, Rauf Mirqədirov həbs olundular və uzun müddətə ağır maddələrlə – AR CM-nin 274-cü maddəsilə ittiham olundular. O baxımdan belə suallar yaranır ki, əgər bu addımı Eynulla Fətullayev atırsa, o zaman hakimiyyətlə bu məsələ razılaşdırılıb.

– Birincisi, bəli, Azərbaycan dövləti və Azərbaycan hakimiyyəti bu məsələdə öz dəstəyini verdi. Çünki QHT-lərə Dövlət Dəstəyi Şurasının rəsmiləri və rəhbərləri də bu prosesdə iştirak edirlər. Amma niyə indi dəstək verdilər? Çünki burada bizim üçün ən önəmli və fundamental prinsip Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Bizə bir çox erməni həmkarlarımız, hüquq müdafiəçiləri müraciət edirlər. Amma bizim üçün əsas platforma məhz qəbul olunmuş Bakı Deklorasiyasıdır. Orada ilk və son, qeyd-şərtsiz qəbul olunacaq bənd Azərbaycanın Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasıdır. Hansı erməni fəalı bunu qəbul etmirsə, biz onunla bir masa arxasında oturmaqdan imtina edirik. Xalq diplomatiyası bu prinsiplər əsasında aparılmalıdır. Gəlin sual verək. Leyla Yunus və digər “vətəndaş diplomatiyası tərəfdarları” bu prinsiplə çıxış edirdilərmi? Onlar Ermənistanın keçmiş Xüsusi Xidmət orqanlarının rəhbəri David Şahnazarovla oturub, işbirliyi qururdular. Onların tərəf müqabili David Şahnazarov idi. Mənim tərəf müqabilim Syuzan Cağinyandır ki, o da deyir, mən Azərbaycan üçün işləmək istəyirəm.

– Azərbaycan dilində bilirmi?

– Yox.

– Yəqin öyrənməyə çalışar…

– Burada işləyirsə, biz çalışmalıyıq ki, Azərbaycanda yaşayan bütün ermənilər Azərbaycanın dövlət dilini bilsinlər, Azərbaycanın Konstitusiyasını öyrənsinlər və buradakı qanunlara hörmət etsinlər. Bu ermənilər bizim Dağlıq Qarabağda yaşayan 30 min vətəndaşımıza bir örnək olsun ki, bəli, Azərbaycanın ərazisində və Azərbaycanın suverenliyi çərçivəsində yaşamaq istəyirsinizsə, bax bu ermənilər kimi özünüzü aparın, heç bir problem yoxdur, yaşayın Azərbaycanda. Azərbaycan multikultural bir dövlətdir və cəmiyyətdir. Ən azı bunu dövlət başçısı deyir.

– Bu, həm də bir yanlış tentendensiyanın başlanğıcı olmur ki? Yəni sabah ermənilər bu vəziyyətdən istifadə edib, kütləvi şəkildə  Bakıya gəlib, haqlarını iddia edə bilərlərmi? Çünki bir neçə dəfə onlar tərəfindən belə şeylər olub. Amma deyək ki, Qarabağ qazisi də sıradan bir probleminin həll olunmadığı üçün özünü yandırır və ona reaksiya verən tapılmır. Yəni bu zaman haqlı bir sosial narazılıqlardan söhbət gedir. Yəni biz erməniyə belə bir qiyməti veririk. Bu, alqışlanası bir şeydir, amma biz Qarabağ qazilərinə o qiyməti veririkmi?

– Əlbəttə ki, hər bir Qarabağ qazisinin hüquqları tapdalanırsa, biz bunu ürək ağrısı ilə, kədərlə qarşılayırıq, yazırıq, tələb edirik, deyirik. Biz bütün bu proseslərdə də ön sıradayıq. İlk Qarabağ qazisi özünü yandıranda bir çox mətbu orqanlar bu informasiyanı vermədi. Amma biz bu xəbəri manşetdən verdik.

 

Nə xristian Qərb, nə xristian Rusiya, nə müasir dünya 30 minlik erməniləri Qarabağdan deportasiya etməyə imkan verməyəcək

img_0374

– Zaur Həsənov məsələsində?

– Bəli. Mən bu xəbəri manşetdən verdim və onun arxasınca getdim. Sona qədər də üzərlərinə getdim. Özünüz təftiş edib, yoxlaya bilərsiniz. Çox mətbu orqanları bu xəbəri vermədilər. Kim-kiminsə qohumudur, kim kimisə dinləyir, amma mən bu məsələdə həmişə prinsipial olmuşam. Çünki hesab edirəm ki, əlbəttə, Qarabağ qazisi bizim üçün hər zaman müqəddəsdir. Onlar Azərbaycan uğrunda canlarını, qanlarını veriblər. Biz isə gələcək haqqında düşünməliyik… Bilirsiniz ki, bütün müharibələrin sonu sülhdür. Azərbaycana da bir sülh modeli lazımdır. Bu sülh modeli isə ondan ibarətdir ki, nə xristian Qərb, nə xristian Rusiya, nə müasir dünya bizə 30 minlik erməniləri Qarabağdan deportasiya etməyə imkan verməyəcək. Bunu gərək birdəfəlik unudaq.

– Deməli, onlarla bir yerdə yaşamağa məcburuq?

– Məhkumuq. Hətta məhkumuq. Ona görə də uğurlu ortaq bir sülh modeli formalaşmalıdır. Mən istəmirəm ki, bu problem gələcək nəsillərə qalsın. Bu bizim üzərimizdə olan vəzifədir. Əlimdən gələni də edirəm ki, sabah övladımın gözünə dik baxım və deyim ki, “mən əlimdən gələni etdim”.  Bax, bunu da etdim. Ermənilərlə azərbaycanlıların birgə yaşayış modelini də cəmiyyətə təqdim etdim. Yenə deyirəm, ola bilər ki, bu proses uğursuz olsun. Ola bilər. Mən demirəm ki, bu proses uğurlu olacaq. Amma nəsə bir cəhd etməliyik də… Yaşayırıqsa, mübarizə aparmalıyıq. Nəsə bir yenilik etməliyik. Hər gün səhər yuxudan oyanıb, həyat, ətraf, dünya haqqında düşünüb, nəsə etməliyik, nəyisə dəyişməliyik.

– Əşrəf Elatlı soruşur ki, Xocalı faciəsinin azərbaycanlıların törətdiyini iddia edirdi, qızğın liberal-demokrat-müxalifətçi vaxtlarında. İndi Xocalı faciəsi haqqında nə fikirləşir? Ümumiyyətlə, Xocalı faciəsilə bağlı sizə ünvanlanan digər suallar da var. Əgər istəyirsinizsə, onları da səsləndirim, bir yerdə cavablandırın.

– Bəli, bəli, oxuyun.

 

Mən kosmopolit deyiləm, mən milliyyətçiyəm

img_0376

– Abbas Oğlu sual verir: “Bu gün təhlükəli vəziyyətlə üzləşməkdəyik. Erməni siyasəti keçən əsrin əvvəllərindəki prosesi yenidən işə salır. Yenə də torpaqlar işğal olunur və dostlaşma, kirvələşmə siyasəti vüsət alır. İnsan nə qədər dar düşüncəli olar ki, erməninin bu cür məkrliliyini görməsin. Düşünmürsünüzmü ki, sizin erməni jurnalistini işə götürməyiniz səhv addımdır və ermənilərin məkrli siyasətinə xidmət edir. Özünüzü kosmopolit adam kimi aparırsınız. Tarixə nəzər salanda isə xalqın hissiyyatı ilə oynayan insanlar tarixdə lənnətlə yad edilir. Siz tarixə lənətlənən insan kimi qalmaqdan qorxmursunuz ki?”       

– Mən kosmopolit deyiləm, mən milliyyətçiyəm, millətimi sevirəm. Bəli, ola bilər ki, mən özümü pasifist hiss eləmişəm, bəli. Daha doğrusu, istəmişəm ki, pasifist olum. Amma heç bir zaman kosmopolit olmamışam, çünki mənim üçün Azərbaycan millətinin maraqları, mənafeləri, əlbəttə ki, digər millətlərinkindən üstündür. O zaman mən necə pasifist, kosmopolit ola bilərəm?

İkincisi, Xocalı ilə bağlı suallara cavab verməkdən həqiqətən yorulmuşam.

– Bu suallar həmişə təkrar-təkrar səsləndirilir…

– Bəli, çünki bilirsiniz ki, bu məsələ ilə bağlı mən Avropa Məhkəməsində qələbə çaldım. Avropa Məhkəməsi mənim hüquqlarımın pozulmasını tanıyıb. Avropa Məhkəməsinin qərarında da göstərilıir ki,“Eynulla Fətullayev heç bir zaman yazmayıb və deməyib ki, Xocalı soyqırımı olmayıb”. Bəli, “Qarabağ gündəliyi” məqaləsi var. Mən orada yazmışam ki, “Bəli, ermənilər Xocalı soyqırımını törədib, amma biz bilirik ki, həm 20 yanvar faciəsi zamanı, həm 20 noyabr vertolyot qəzasında, həm də Xocalı soyqırımında, necə ki, Ağdamın, Şuşanın verilməsində, Zəngilanın təslimində daxili oyunlar olub və erməni işğalçısına dəstək verən daxili qüvvələr olub. Siyasi manipulyasiyalar olub, siyasi oyunbazlıq olub. Hakimiyyət uğrunda savaş milli maraqları üstələyib və Qarabağ ideyasını kölgədə qoyub”. Mən bunu yazmışam. Amma mən heç bir zaman deməmişəm ki, “erməni işğalçı deyil və Xocalı soyqırımını törətməyib.” Mən rəhmətlik Çingiz Mustafayevin suallarını səsləndirmişəm, yadınızdadırsa…

– Asif Kazımsoy deyir: “Eynulla Fətullayev yazmışdı ki, “В гибели ходжалинцев и 1992 г. были виновны Азербайджанская, а не армянская сторона””

– Mənim yazdığım məqalədə elə bir cümlə yoxdur. Mən sizə deyim bu nədir. Avropa Məhkəməsi də bunu sübut etdi. O vaxt bilirsiniz ki, məni həbsim üçün bir ideoloji zəmin hazırlanırdı. Bu, o zamankı Milli Təhlükəsizlik Nazirliyinin, şəxsən Eldar Mahmudovun təxribatı idi və belə bir məqalə hazırlayıb, internetdə onu yerləşdirdilər.

 

Məni həbs etdirmək üçün adımdan yazılar yazdılar

 

– Sizin adınızdan?

– Bəli, bəli. Tamamilə yalan, böhtan. Mən elə cümlələri heç bir vaxt işlətməmişəm. Bu da mənim həbsim üçün bir ideoloji zəmin oldu. Çünki həmin vaxt suallar səslənirdi ki, Eynullanı niyə həbs etdiniz? Onlar da bunu dəlil kimi göstərirdilər ki, “Xocalının hissiyyatı ilə oynayıb, millətin dəyərlərini təhqir edibdir”. Əlbəttə ki, o, tamamilə saxta bir ittiham idi.

– Vüqar Qurdqanlının da bununla bağlı sualları var: 1. “Qarabağda məni daha çox vətəndaş cəmiyyətinin inkişaf səviyyəsi heyrətləndirdi”, – yazmışdı. Eynulla bəyi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf səviyyəsi necə, heyrətləndirirmi? 2. 9 günlük səfərində “Məni Əsgəran rayon sakini Tofiq Rəsulov öz evinə qonaq çağırdı. O və ailəsi orada çox sakit və normal yaşayırdılar”, – yazmışdı. Bunun səbəbini heç olmasa indi açıqlaya bilərmi?”

– Açıqlayıram. Mən yazmamışam ki, “heyrətləndirmişdi”. Mən yazmışdım, “təəccübləndirmişdi”. Bəli, bax, bu, həqiqətdir. Çünki o vaxtlar mən Qarabağa səfər etmiş jurnalistlərdən biri idim. Mənə şərait yaratdılar. Heç bir məhdudiyyətsiz Xankəndi, Şuşa, Laçın və digər bölgələrdə oldum və öz gözümlə gördüm. İnsanları gördüm, reportajlar, müsahibələr hazırladım. Eyni zamanda məni təəccübləndirən nə oldu? Mən o zaman Dağlıq Qarabağda müxalifət partiyalarının mövcudluğunu seyr etdim. Hətta müxalifət qəzetlərinin də. Məsələn, orada “Demos”qəzeti var idi. Hətta həmkarım Karen Ohanyan həmin qəzetdə işləyib. O zamankı Qarabağ hakimiyyətini sərt tənqid edirdi. Mən də yazdım ki, bu təəccüblü məqamdır. Çünki mən düşünməzdim ki, Qarabağda müxalif qəzet ola bilər. Sonra o qəzeti qapatdılar. Söhbət 2005-ci ildən gedir və az qala bu hadisənin üzərindən 12 il keçir. Ona görə də bu, artıq tarixi bir söhbətdir.

 

Biz erməni xalqı ilə işləməliyik, özümüzü erməni xalqına sevdirməliyik

 

– Bir məqam da var. “Qarabağda antiazərbaycan isterikası yoxdur” fikri hələ də qüvvədədirmi?”

– Yoxdur. Bilirsinizmi, necə? Həqiqətən də insanlar içində yoxdur. Bir var erməni xalqı, bir də var erməni siyasətçiləri, erməni millətçiləri və erməni hakimiyyəti… Məncə biz bu iki məfhumu bir-birindən ayırmalıyıq. Biz erməni xalqı ilə işləməliyik. Biz özümüzü erməni xalqına sevdirməliyik.

– Erməni bizi sevərmi?

– Bəli. Məncə, mümkündür.

– Necə sevə bilər? 500 ildir sevməyib. Bundan sonra necə sevəcək?

– Yenə də ümumiləşdirmək olmaz. Əslində, erməni xalqı “siyasi qurban” kimi seçilib. Levon Ter-Petrosyanın çıxışına baxın. Əslində, bu, böyük tarixi hadisədir. İlk dəfə Kaçaznunidən sonra, ilk dəfə erməni ideoloqu – mən Levon Ter-Petrosyanı Ermənistanın müxalifət lideri kimi qəbul etmirəm, o, Ermənistanın milli ideoloqudur. Ermənistanın milli ideoloqu erməni milli konsepsiyasından imtinanı təklif edir. Biz erməni cəmiyyətində bax, bu tendensiyalara dəstək verməliyik. Biz Ter-Petrosyana dəstək verməliyik. Syuzan Caginyana dəstək verməliyik. Və erməni xalqını inandırmalıyıq ki, Sərkisyan-Koçaryan cütlüyünün apardığı yol sizi uçuruma aparacaq, milli tarixi iflasa aparacaq. Necə ki, Ter-Petrosyan öz xalqını inandırmağa çalışır. Mən "işləmək, özümüzü sevdirmək" deyəndə bunları nəzərdə tuturam. Yaxşı, gəlin silahları ermənilərə tuşlayaq. Nəticəsi nədir? III Dünya müharibəsi Qafqazdanmı başlayacaq? Azərbaycandanmı başlayacaq?

– Əslində, ya müharibə variantı olmalıdır, ya da bu variant olmalıdır.

– Müharibə variantını aprel ayında yoxladıq və 3-cü gündən sonra müharibəni dayandırdılar. Bu yola da əl atdıq. O zaman ermənilərə qarşı ən ciddi informasiya mübarizəsini mən apardım. Çünki rusdilli auditoriya idi və o zaman bizim saytın İP-si 140-150 minə qalxmışdı. Hətta ilk günlər 200-220 minə çatırdı. Niyə? Çünki biz informasiya müharibəsini alovun içindən apardıq və düşməni də məğlub etdik. Amma görürsünüz ki, mümkün oldumu? Dayandırdılar. İmkan vermədilər. Ona görə də söhbət nədən gedir? O baxımdan, deyirəm ki, ermənilərlə işləməliyik, onları inandırmalıyıq. Onları da anlamalıyıq ki, bu münaqişədən onlar da zərər çəkib, biz də… Bəlkə elə hər ikimiz tarixi fürsətimizi itiririk?

 

Akif Çovdarovu ilk dəfə cinayətdə ittiham edən mən olmuşam

dsc07004

– Vüqar Qurdqanlının bir sualı da var: “Akif Çovdarov məhkəməsində Eynulla Fətullayevin əvvəl MTN-ə indi isə DTX-yə işlədiyini deyib. Bu məsələyə səmimi münasibət bildirə bilərmi?”

– Stenoqramda Akif Çovdarov tərəfindən belə bir bəyanat olmayıb.

– Yəni deyirsiniz ki, elə bir söz işlətməyib?

– Yox, yox. Elə bir söz deməyib. Amma olsa belə, mən onu deyə bilərəm ki, Azərbaycan xalqının, Azərbaycan ictimai fikrinin çox gözəl yaddaşı var. Akif Çovdarovu ilk dəfə cinayətdə ittiham edən mən olmuşam.

– Böyük məsələ idi, hə, yadımdadır. 

– O zamanlar Akif Çovdarovun qılıncının sağı da, solu da kəsirdi. Akif Çovdarovun adı səslənəndə müəyyən dairələrdə bu vahimə də yaranırdı. Ona görə də mən necə Akif Çovdarova işləmişəm ki, onu cinayətkar adlandırmışam. Mən o bəyanatı 2006-cı ilin əvvəlində səsləndirmişəm.

– Həbsxanadan səsləndirmişdiniz.

– Bəli. 2006-cı ilin əvvəlləri idi. Amma bu adamlar isə MTN-ə 2005-ci ildə gəlmişdilər. Təxminən bir ildən sonra mən bu adamları ağır cinayətlərdə ittiham etdim. Bizim əməkdaşımız həmin məhkəmədə iştirak edir və onun stenoqramını biz aparırıq. Belə bir ifadə orada yox idi. DTX ilə bağlı da suala gəlincə, bu, yeni yaranan qurumdur. DTX ilə mənim heç bir əlaqəm yoxdur. Yalnız bir əlaqədən başqa ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, əvvəllər Ədliyyə Nazirliyində  Penitensiar Xidmətin rəisi olub. Mən də həbsdə olmuşam, siz də həbsdə olmusunuz. Bilirsiniz ki…

 

Mədət Quliyev olmasaydı, bəlkə, heç həyatda da qalmazdım

 

– Yeri gəlmişkən, deyəsən, Mədət Quliyevlə də dostsunuz?

– Mən deyə bilmərəm ki, dostuq. Amma münasibətlərimiz yaxındır. Dost bir az ağır anlayışdır.

– Yəni yaxın mənasında dedim. Maraqlıdır, Penitensiar Xidmətin rəhbəri ilə Eynulla Fətullayev kimi məhkum necə yaxın ola bilər?

– Mən indi sizə deyim. Çox maraqlıdır. Mədət Quliyev Penitensiar Xidmətin rəisi təyin olunmasaydı, bəlkə mən heç azadlığa da çıxmazdım. Bəlkə də heç həyatda da qalmazdım. Mədət Quliyev Penitensiar Xidmətə 2011-ci ilin fevral ayında təyin olundu.

– Nazim Ələkbərovun yerinə…

– Bəli, bəli. Mən cəmi 3 aydan sonra həbsdən çıxdım. Çünki ilk dəfə mənim haqqımda, mənim işim barəsində siyasi rəhbərliyə, hökumətə dürüst, dəqiq, həqiqəti olduğu kimi söyləyən Mədət Quliyev oldu. Onun məruzəsi əsasında mən azadlığa buraxıldım. Nəinki azadlıq əldə elədim, hətta həyatımı qorudum. Çünki Mahmudov-Çovdarov cinayətkar qruplaşmasının məqsədi məni məhv etmək idi. Bilirsiniz ki, mən onlara qarşı həbsxanadan da bəyanatlar verirdim, onlarla vuruşurdum.

– Ortaya maraqlı bir məsələ çıxır. Əgər Mədət Quliyev təyin olunmasaymış, o zaman Mahmudov-Çovdarov qruplaşması sizi öldürəcəkdi?

– Mən buna əminəm. Öldürəcəkdilər.

– Sizdən nə istəyirdilər ki? Çovdarovun özü o vaxt sizinlə həbsxanada görüşmüşdü, eləmi?..

– Elədir. Bəli, bəli… 2007-ci ilin aprelin 20-də mən həbs olundum. 1 aydan sonra məni Bayıl həbsxanasından MTN-ə apardılar. Açığı, MTN-nin təcridxanasında sağ qalacağıma ümid etmirdim. Allah qorudu, saxladı da… 

 

Çovdarov dedi ki, “sənin buradan çıxmağının iki yolu var…"

dsc06997

 

– Nə istəyirdi Çovdarov?

– Dedim ki, “axı, məni niyə həbs eləmisiniz?” Çovdarov deyirdi ki, “sən buradan iki halda çıxa bilərsən”. Özü də bizim görüşümüz MTN-nin təcridxanasının rəisinin iş kabinetində olub. Ramiz müəllimin özü də xəstə idi. Otağa gəldim, üz-üzə əyləşdik. O vaxta qədər mən onu heç görməmişdim. Adını eşitmişdim və bilirdim ki, cinayətkardır. Yeni “Hacı Məmmədov”dur, qətllər törədir. Eşitmişdim və bu haqda da yazırdım. Gəldim, iş kabinetində oturanda – elə bildim ki, məni Ramiz müəllim dəvət edib. Gördüm, Ramiz müəllim çıxdı, bir nəfər kök adam içəri girdi. İndi siz yəqin ki, onun vücudu ilə də tanışsınız. Amma mən onu o zaman görəndə, Çovdarovu belə təsəvvür etmirdim. Gəldi, üzbəüz əyləşdi. Dedi, “Akif Çovdarovu axtarırdın, Çovdarov mənəm. Sən Bakı şəhərində çox Akif Çovdarovu axtarmısan, sorğu-suallar vermisən, izlərə düşmüsən. Həmin Akif Çovdarov mənəm”. Dedim, “lap yaxşı”. Əyləşdik, söhbət etdik. Dedim, “axı, məni niyə həbs etmisiniz? Məni azad edin də… Burada məni niyə saxlamısınız? Mən heç bir cinayət törətməmişəm. Xocalıdır, tamamilə saxta bir ittihamdır. Hansısa bir məqalədən ötəri məni ağır maddələrlə ittiham edirsiniz. Terrorizmdə ittiham etmisiniz”. Dedi, “sənin buradan çıxmağının iki yolu var: 1. Sən bizimlə işləməlisən – səni “verbovka” eləməliyik, MTN-nin agenti olmalısan”. Mən sonra bunları məhkəmədə də söylədim. 2. Elmar Hüseynovun işi ilə bağlı məhkəmədə ifadə verməlisən. İstintaq şöbəsində müstəntiq Sərdar Carçı var, səni onun yanına aparacaqlar. İfadə verəcəksən ki,  Elmar Hüseynov qətlə yetirilməmişdən öncə sən onun otağında bir idman sumkası görmüsən, həmin idman sumkasında da təxminən 300 min avro pul olub”.

Mən dedim, “Akif müəllim, siz axı nə danışırsınız? Elmar ölümündən iki-üç həftə qabaq öz evini satılığa qoymuşdu. Hətta behini də almışdı. Atasının evini lənkəranlı bir oğlana satmışdı. Planları var idi. Özü də pulu olan adam evini satmazdı, axı”.

 

Mən ilk dəfədir ki, mətbuatda bu adı açıqlayıram…

 

– Elmar Hüseynov evini nə üçün satırdı?  Qəzetə qoyacaqdı, yoxsa xaricə getmək fikri var idi?

– Yox, yox, yox… Onlar böyük bir ailə idilər. Atası, qardaşı, bacısı və özü ailələri ilə idilər. Hamısı da 4 otaqlı mənzildə qalırdılar. O zaman da anası rəhmətə getmişdi. Ona görə evini satmaq istəyirdi ki, özünə ayrı 1-2 otaqlı ev alsın. Ailələrinin ayrılması baxımından ayrılmaq yox, sadəcə mənzilləri ayırmaq istəyirdi. Dedi, “sən bu cür ifadə ver. Sonra da yaz ki, Elmar Hüseynovla ağdamlı samboçu Yaqubun mübahisəsi olub”. Mən ilk dəfədir ki, mətbuatda bu adı açıqlayıram. Dedim, o samboçu kimdir ki? Dedi, “onu öldürüblər”. Mən də gülümsədim, dedim ki, “bəyəm siz düşünürsünüz ki, siz Azərbaycan cəmiyyətini – hətta Azərbaycan cəmiyyətini də kənara qoyuram – ABŞ-ın, beynəlxalq ictimai fikrin diqqəti və nəzarəti altında olan bir məsələni siz gülməli “istintaqla” onları inandıra biləcəksiniz?” Dedi, “sən bunları yaz, bir dənə də bizə iltizam ver ki, sən MTN-ə işləyəcəksən, o zaman biz səni azadlığa buraxa bilərik”. Dedim, “icazə verin, mən düşünüm”. Dedi, “Düşün!” (Gülür…) Sonra da 8 il müddətinə azadlıqdan məhrum etdilər. Bir də gəldi. Dedi, “Bəlkə sən elə MTN-də qalasan. Cəzaçəkmə müəssisəsində soyuqdur, şəraiti yoxdur.  Əziyyət çəkəcəksən. Qal burada, bizim şərtlərimiz haqqında da düşün!” Həmin gün Apellyasiya məhkəməsində dostlar, həmkarlar toplaşmışdılar. Mən onlara üzümü tutaraq dedim ki, “dərhal məni MTN-dən çıxarın, orada məni öldürmək istəyirlər”. Çünki gördüm ki, artıq dairə sıxılmaqdadır. Ona görə də hər şey ola bilər. Artıq mən orada bütün suallarıma cavab tapdım. Ona görə mən MTN təcridxanasından Bayıl həbsxanasına köçən kimi Çovdarovla söhbətimizlə bağlı dərhal ABŞ səfirinə, Azərbaycan prezidentinə, Avropa Məhkəməsinə, bütün beynəlxalq təşkilatlara müraciət ünvanladım. Əlbəttə ki, onun bir surəti də Akif Çovdarova gedib çatmışdı. Heç şübhəsiz.

– Eynulla Fətullayevdə Elmar Hüseynovun öldürülməsilə bağlı hansı qənaət var? Onu kim öldürüb?

– Bilirsinizmi, Əvəz bəy, mən öz şübhələrimi dilə gətirmişəm. Rəhmətlik dostumuzu qətlə yetirən şəxslər də hal-hazırda həyatdadırlar, yaşayırlar və Gürcüstanın ərazisindədirlər.

– Yəni Çovdarovdurmu, onu soruşmaq istəyirəm?

– Şübhələr var. Ən azı, Akif Çovdarov bu qətli saxtalaşdırmağa cəhd edib. Və bu təkliflə birbaşa mənim özümə müraciət edib. Sual: Onun marağı nə idi ki, birbaşa mənə bu təklifi etsin və cinayət işinin, istintaqın saxtalaşdırılmasını xahiş eləsin?  2. Mən artıq bunu bilirəm, buna əminəm və bu, artıq səhih məlumatdır. 2006-cı ildə apardığım jurnalist araşdırmam zamanı mənə məlum oldu ki, Akif Çovdarov Elmar Hüseynovun qətlə yetirilməsi ilə bağlı bir nəfərlə görüşüb və bu qətli ona sifariş etmişdi. Hətta həmin şəxsin özü mənə bu informasiyanı vermişdi. Akif Çovdarovun özü qapalı bir adam idi.

– Bəli, heç kimin onun haqqında məlumatı yox idi.

– Mənə o şəxs bu məlumatı verəndən sonra mən onu tez ictimailəşdirdim və zənnimcə düz etdim. Düzdür, çox əziyyətini çəkdim – mən də, ailəmiz də, hamımız. Amma düşünürəm ki, düz etdim. Çünki ondan sonra rahatlıq tapdım.

– İctimailəşdirəndən sonra?

– İctimailəşdirəndən sonra. Mən mənəvi rahatlıqdan danışıram. Çünki Elmar Hüseynov həqiqətən də mənim yaxın dostum idi, həmkarım idi. Biz həqiqətən də çox yaxın idik. O, mənim həqiqətən də yaxın dostum idi. Ona görə də bundan sonra mən özümdə rahatlıq tapdım.

– Elmar Hüseynovla bağlı bəzi suallar var.

– Buyurun.

 

Elmarın Eldar Mahmudovun əleyhinə yazılmış yazısı var

img_0373

– Şəhriyar Səmədov soruşur: “1. Elmar Hüseynovu yaxından tanıyan adam kimi Eynulla Fətullayev nə düşünür – əgər Elmar Hüseynov sağ olsaydı, bu gün Azərbaycanda qalıb fəaliyyətini davam etdirərdi, yoxsa xarici ölkələrdən birinə sığınmaq məcburiyyətində qalacaqdı? 2. Elmarın ruhu qarşısında özünü nədəsə günahkar bilirmi? O sağ olsaydı, nədən şikayət edərdi?”

– Bilirsiniz, bəzən insanlar arasında elə söhbətlər olur ki, onun özü ilə də qəbrə getməlidir. Mən Elmar Hüseynovu yaxından tanıyırdım və biz çox səmimi idik. Elmar Hüseynov dostluqda çox mərd, çox dürüst, vicdanlı və peşəkar həmkarımız idi. Bu qətl hadisəsi 12 il bundan əvvəl baş verib. 2005-ci ildə biz tamamilə fərqli bir dünyada yaşayırdıq, fərqli Azərbaycanda yaşayırdıq.  Bu gün biz tam fərqli dünyada və Azərbaycanda yaşayırıq. Bilirsiniz, bu hansı suala bənzəyir? Deyək ki, 1990-cı ildə M.Ə.Rəsulzadə yaşasaydı, o hansı addımı atardı? Ona görə də bu, bir az mənim tərəfimdən qeyri-korrekt olar bu suallara cavab vermək.

– Mehman Əlibəyli soruşur: “Elmar Hüseynovu Çovdarovun öldürdüyünü iddia edirsən. Bununla bağlı Çovdarov əleyhinə əlində bircə dənə də olsun Elmar Hüseynovun imzası ilə yazılmış yazı varmı?”

– Var. Çovdarovun əleyhinə yox, amma Eldar Mahmudovun əleyhinə yazılmış yazı var.

– Deməli, Elmar Hüseynov yazıb?

– Əlbəttə, yazıb. Mən yenə deyirəm, kiminsə cinayətini sübuta yetirmək mənim vəzifəm deyil. Mənim vəzifəm hər bir şübhəni səsləndirməkdir. Ona görə də biz indi durub kimisə mühakimə edə bilmərik ki, kim bunu sifariş edib, kim qətli təşkil edib. Biz öz şübhələrimizi ifadə edirik. Amma ola bilər ki, bu şübhələr yanlış olsun. Amma bu şübhələri təsdiq edəcək kifayət qədər dəlillər də var, informasiyalar var və mənim öz müşahidələrim var.

 

Çovdarov dedi ki, “Elmar Hüseynovu öldürmək yox, onu yandırmaq lazımdır”

 

– Çovdarovun özünün gəlişi var…

– Bu insanlarla saatlarla söhbət etmişik. Məsələn, elə bu Çovdarovun ifadəsi idi ki, “Elmar Hüseynovu öldürmək yox, onu yandırmaq lazımdır”. Bəs bu ifadə? Mənim özümə bu adam bunu söyləmişdi.

– Rəsmi ifadə verib Çovdarov?

– Yox.

– Özünüzə deyib?

– Özümə deyib.

– Yəni özünə şəxsən deyib?

– Bəli, özümə şəxsən deyib: “Elmar Hüseynovu öldürmək yox, onu yandırmaq lazımdır”. Bəli, bunu söyləmişdi.

– Elmara yazılarına görə qəzəbli idilər, eləmi?

– Düşünürəm, yazılarına görə, əlbəttə ki…

– Elmar başqa nə edə bilərdi ki?

– Əlbəttə, yazılarına görə…

 

 

I hissənin sonu

 

Strateq.az