Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Putini noyabrda cəzalandıracaqlar” –Ukrayna Rusiyanı tələyə salan yem olacaqmı? - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ramil Quliyev iddialara cavab verdi:"Bu uğuru Azərbaycanda qazanmağım mümkün deyildi"
  • " width="300" height="266" />
    Fransa səfiri xanım Orelia Buşez:“Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına dəstək göstərməyə hazırdır” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Gülər Əhmədova:“İnsan özü ilə xoşbəxt deyilsə, heç kimlə də xoşbəxt olmayacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Qarabağın 18-ci əsrədək olan etnik tərkibi və əhali sayı barədə dəqiq məlumatlar yoxdur” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    50 yaşlı Elçin Mirzəbəyli:“Mənim kimi adamlar, adətən, ayaq üstə ölürlər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qəzada ölən 74 yaşlı kişinin oğlu:"Əli Həsənov və onun ailəsindən heç kəs bizə zəng etməyib"
  • " width="300" height="266" />
    “Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar…” –Qəzada ölən gəncin anasından fəryadlı açıqlamalar
  • " width="300" height="266" />
    Sürət Hüseynov adının qəsdən gündəmə gətirildiyini açıqladı:"Bütün bunları Sinan edib" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni politoloqdan xoflu bəyanat:“Türkiyə S-400-ü Naxçıvanda yerləşdirsə, Azərbaycan İrəvanı və bütün Ararat vadisini təhdid etməyə başlayacaq"

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO
  • " width="300" height="266" />
    Azərbaycanın Rusiyadakı keçmiş səfirindən maraqlı açıqlamalar:“İlham Əliyev Rusiyaya qarşı bizdən yaxşı siyasət aparır”-VİDEO
  • " width="300" height="266" />
    “Qaynar Qazan”da Elşad Musayev:"Vahid namizəd kənardan gətirilə bilər" (VİDEO)
  • " width="300" height="266" />
    İsa Qəmbər bəzi sirlər açdı:"Qurban Məmmədovun baş prokuror olmasını Elçibəy məsləhət bilmədi"-VİDEO
  • " width="300" height="266" />
    İsa Qəmbər 24 il əvvəlki həbsindən danışdı:"...onda bildim ki, məni həbs edəcəklər"-VİDEO
  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO

Qapalı Mövzu

  • " width="300" height="266" />
    MTN Antiterror Mərkəzinin həbsdə olan sabiq rəisi:“Elə çıxır ki, hər şeyi mən etmişəm, məndən yuxarıda heç kim olmayıb”  
  • " width="300" height="266" />
    “Eldar Mahmudov bura gəlsin, dindirilsin” –Generalların məhkəməsində sensasion faktlar açıqlandı
  • " width="300" height="266" />
    “O ev mənə yox, bacıma məxsus olub” –Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verdi
  • " width="300" height="266" />
    “Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar var, niyə cinayət işi açmırsız?” –Çovdarovdan ilginc açıqlamalar
  • " width="300" height="266" />
    Baş mühasib 567 min, aparat rəhbəri 2 milyon ödədi… –Həbsdəki rabitəçilərdən yeni xəbər
  • " width="300" height="266" />
    “Onların Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim və…” –Generalın “Vosmoy bazarı” üzrə ifadəsi
  • " width="300" height="266" />
    General məhkəməyə gəldi, jurnalistlərin sualından yayındı –VİDEO, FOTOLAR
  • " width="300" height="266" />
    General Hilal Əsədovun arvadı Çovdarovun məhkəməsində ifadə verdi:“Atam bazarı mənə bağışladı”
  • " width="300" height="266" />
    “Məni şəhərə gətirib Əli Abbasovla üzləşdirdilər…” –Rabitəçilərdən şok ifadələr
  • " width="300" height="266" />
    Eldar Mahmudovun dəstəsi MTN polkovnikini niyə intihara sövq edib? –Kərəm Həsənovun adı keçən işdə heyrətamiz faktlar üzə çıxır


Vəkil Bürosu

Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017

04 Avqust 2017 - 11:00

Azərbaycanın Rusiyadakı keçmiş səfirindən maraqlı açıqlamalar:“İlham Əliyev Rusiyaya qarşı bizdən yaxşı siyasət aparır”-VİDEO

Hikmət Hacızadə: “Əbülfəz bəy müstəqillikdən də böyük nailiyyət idi”

Təkbaşına vuruşa bilərəm – indi də təkbaşınayam

 

“Qaynar Qazan”ın budəfəki qonağı Azərbaycanin Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadədir. Onunla Amerikanın istiqlaliyyət günündə ABŞ səfirliyinin verdiyi ziyafətdə vədələşdik və açığı, Hikmət Hacızadənin müsahibə verəcəyini və danışacağını bilsəydim, ona xeyli müddət əvvəldən söhbətləşmək üçün müraciət edərdim. Çünki Hikmət Hacızadə bu ölkənin ən təmənnasız və ardıcıl demokratlarından biridir. Buna baxmayaraq, mənim təqdimatda “böyük demokrat” bənzətməmi istəmədi, təvazökarlıq etdi, amma yaşadığı mənalı ömürlə “böyük demokrat” olduğunu təsdiqləmiş adam olduğunu cəmiyyət qəbul edir artıq.

Hikmət Hacızadə bir çox məziyyətləri ilə bu ölkənin “qızıl təbəqəsi”sinə daxil olan şəxsiyyətlərdən biridir. Yaşadığı ömür etibarilə, tərbiyə etdiyi övladların mübarizəsi baxımından, özünün göstərdiyi fəaliyyətə görə… Uf demədən bu millətin demokratik düşüncə tərzinə qovuşması üçün ömrünü xərcləyib desəm, şişirtmərəm. O ayrı məsələdir ki, siyasi düzüm çox təəssüf ki, Hikmət Hacızadəni və onun kimi bir çox dəyərli insanları kənarda saxlamaqdan və onları çürüməyə tərk etməkdən zövq alır sanki. Qəribədir, təkcə Hikmət Hacızadə deyil, mənim haqqında bir yazı borclu olduğum sabiq Baş nazir Pənah Hüseyn də belə siyasi xadimlərdən biridir. Nə həzin taledir ki, hakimiyyət bir çox dəyərli adamları işsiz-gücsüz çürüdür ona görə ki, bu qiymətli adamlar hakimiyyətə müəyyən parametrləri ilə cavab vermirlər. İqtidarı bəlkə də anlamaq olar, ondan zatən başqa şey gözləmək yanlışdır, amma müxalifət də deyəsən, hakimiyyət kimidir. Bu tərəfdəki dostlarımız da müxalifət cinahının dəyərli və qiymətli adamlarını elə müxalifətin hakimiyyətində çürüdürlər. Hikmət də belə dəyərli demokratlardandır.

“Görsəm ki, ciddi bir iş var, kimsə qonaq gəlir, qapı-baca süpürülməlidir, gəlib süpürərəm” deyəcək qədər təvazökar bir adamdır Hikmət Hacızadə. Daha hansı ölçü lazımdır ki, onun müxalifət düşərgəsində qiyməti bilinsin və öz yerini tutub bu millətin sabahı üçün çalışmalar aparsın. Yoxsa bu mübarizə ilə, bu ağılla hara qədər gedəcəyik. Bir-birimizi sıradan çıxarmaqla, ya da qədir-qiymət bilməməklə hara qədər gedə bilərik ki…

Hikmət Hacızadə ilə Bakının mərkəzində yerləşən evində görüşdük. Qədim binalardan idi. Özünün otağında, 4 tərəfdən kitabxana ilə əhatə olunmuş yarıqaranlıq bir otaqda onunla “Qaynar Qazan” söhbəti etdik. Bütün suallarla tanış idi. Cavablandırma stili də rəhmətlik Əbülfəz bəyə bənzədi. Xoşuna gəlmədiyi suala əsəbiləşdiyi hiss olunurdu. “Bu nə paxıl-paxıl suallardır” deyir, sinirlənən kimi olur, amma hamısına da cavab verirdi. Bir şey vardı ki, Əbülfəz bəydən demokrat idi, Əbülfəz bəy birbaşa əlini atıb diktofonun düyməsini söndürürdü. Şükür ki, Hikmət bəy bunu etmədi, amma əlimizdə də diktofon yox idi axı. Görünür, o nəslin özünəməxsus demokratiya anlayışı var. O qədər ki, Hikmət bəy “söyənə söymək demokratiyaya zidd deyil” deyir.

Maraqlı, mənalı bir söhbətimiz oldu. Həddindən çox ehtiyatlı idi. Suallara yüz ölçüb bir cavab verirdi. Deyəsən, bir az da “Qaynar Qazan”ın “istisi” idi. İkimiz də düşmüşdük. Hikmət Hacızadə bu müsahibəsində sensasion məqamlar açıqlayıb. Rusiyada səfir olarkən, Xarici İşlər Nazirliyinin və Rusiya dövlətinin yüksək çinli məmurlarının birbaşa onun özünə AXC hökumətini devirəcəklərini demələrini dilə gətirməsi kifayət qədər ciddi və sensasion faktdır. Hikmət bəy dəfələrlə bu haqda Elçibəy hökumətini prezident səviyyəsində məlumatlandırır, amma tədbirlər görülmür. Bu qədər məsuliyyətsizlik olmaz və bağışlanmaz təbii ki. Ayrıca, Hikmət Hacızadə hələ də 20 yanvar olaylarının məsuliyyətini Etibar Məmmədov, Nemət Pənahlı və digərlərinin boynuna qoyur, “onlar etdilər” deyir. Ki, bu da özlüyündə ciddi dartışmaları bərabərində gətirir. Və bütün bunları deyəndən sonra məlum olur ki, Hikmət Hacızadə Xalq Hərəkatı dönəmindən tutduğu gündəlikləri çapa hazırlayır, həm də çox iddialı şəkildə. “Gördüm ki, hər kəs gündəliklərini yazır, dedim, mən də zamanında yazdıqlarımı çapa hazırlayım” deyəcək qədər iddialı. Güman ki, bu kitabın çıxmasından sonra siyasətin soyuq kuluarları da qızışacaq.

Beləcə, “Qaynar Qazan”ın 40-cı qonağı Milli Azadlıq Hərəkatının önəmli simalarından biri, Əbülfəz Elçibəy hökumətində Rusiya kimi strateji bir ölkədə fövqəladə və səlahiyyətli səfir işləyən, ömrünün önəmli bir hissəsini demokratik prinsiplərin yerləşməsi üçün çalışmalara həsr edən Hikmət Hacızadədir – siyasi məhbus Adnan Hacızadənin atası. Rusiya məsələsi üzrə ölkənin ən ciddi politoloqlarından biri. İndi onu dinləyirik.

40-cı qonağımız Hikmət Hacızadədir.

Əvəz Zeynallı

“Qaynar Qazan”

 

 

I hissə

 

Hamımız kimi işsizəm

 

– Bu gün qonağımız Azərbaycan siyasətinin, Azərbaycan diplomatiyasının ən önəmli simalarından biri, mənim “böyük demokrat” kimi təqdim elədiyim Hikmət Hacızadədir.

– O lazım deyil. Adam “skromnıy” (təvazökar) olar.

– Niyə, “böyük demokrat” sözünə qarşısınız?

– Yox, sadəcə lazım deyil. Elə Hikmət deyin, vəssalam.

– Hətta sizi “demokratiyanın atası” adlandıranlar da var.

– Belə şeylər lazım deyil. Nə isə… Bu da bir zarafatdır, istehzadır – atası, dədəsi və s.

– Natiq Ədilovun sualından başlayaq: “Hikmət bəyə salam və sayğılar. İndi nə işlə məşğuldur? Bədii, siyasi ədəbiyyatdan nələri oxuyur?”

– İndi mən hamımız kimi işsizəm, belə deyək. (Gülür…) İşləməyə imkan vermirlər. Onun da səbəblərini siz bilirsiniz, çox da danışmayacağam. Amma özüm yazı-pozu ilə məşğulam, planlarım da var. Ən böyük planım – Xalq Cəbhəsi dövründə olan hadisələrin o zaman gündəliyini aparmışdım, indi o kağızları bir yerə toplayıb, xatirələr yazmaq istəyirəm. Mənə elə gəlir ki, maraqlı olacaq.

– Hə, çox maraqlı olar.

– İnşallah, hamımız onu oxuyarıq.

 

Xalq Hərəkatından gündəliklərim var, xatirələrimi yazmışam

– Belə çıxır ki, o dövrdə gündəlik tutubsunuz?

– Tutmuşam. Tək mən yox. Bu məsələni çox uzatdım, amma indi görürəm ki, o dövrün fəalları, İdarə Heyəti səviyyəsində olan adamların hamısı elə gündəliklər yazdılar… Birinci, Zərdüşt Əlizadə xatirələrini yazdı. Pənah Hüseyn xatirələrini yazır. Deməli, bir böyük planım odur. Sonra din azadlığı ilə bağlı məşğulam, materiallar toplayıram, çıxış yolları axtarıram. Nə edək və nə cür eləyək ki, biz də Suriya və İraq kimi vəziyyətə düşməyək. Dialoq variantları axtarıram. Hansısa qanuni və praktiki addımlar olmalıdır ki, bizim cəmiyyətin cürbəcür kəsimləri bir-biri ilə dialoqda olsunlar. Hazırda əlimdə 3-4 kitab var. 3 gün bundan əvvəl bizim böyük alimimiz Cəmil Həsənli son kitabını mənə bağışladı, onu oxumağa başlamışam. İctimai elmlərlə bağlı ingilis dilində ədəbiyyat oxuyuram. Belə deyək, mən oxuyuram. Mən oxuyan adamam, mütaliə eləyən adamam.

– Yəni deyirsiniz ki, iş olmasa da, oxumaq var. 

– Bəli, iş olmasa da, oxumaq var.

 

Bizim millətdən nə vaxtsa Eynşteyn çıxmalıdır da

 

– Natiq bəy bir sual da verir: “Sərdar Cəlaloğlunun kvant fizikasına baş vurmasını və Eynşteyndə səhv tapmasını necə dəyərləndirir?”

(Gülür…) Xahiş edirəm, mənə elə suallar verməyin. Siz özünüz elanda qeyd etmişdiniz ki, belə suallar lazım deyil… Mən onun o kitabını oxumamışam, ona görə nə deyə bilərəm mən? Əslində, bizim millətdən nə vaxtsa Eynşteyn çıxmalıdır da. Biz də çoxuq da…

– Deyəsən, Sərdar bəy də Nobel mükafatına iddialıdır, yəqin onu nəzərdə tutur.

– Mən deyə bilmərəm. O işə qarışmıram. Bu, bir az ciddi məsələdir. Başqa sual verin. (Gülür…)

 

Dünyada iki peşə var: biri fizik, digəri…

 

– “Fizik” məsələsinə gəlincə, Bəhruz Əsədbəylinin bir maraqlı sualı var: “Nazir Tofiq Qasımov fizik, Rusiya Federasiyasının səfiri Hikmət Hacızadə fizik, ABŞ səfiri Hafiz Paşayev fizik, Türkiyə Cumhuriyyətində səfir Məmməd Əliyev fizik. Xeyir ola, önəmli, strateji 3 ölkəyə fiziklər səfir göndərilib?” Bunun bir səbəbi varmı?

– Tofiq bəy Qasımovla mən belə deyək AXC İdarə Heyətinin üzvləri idik. Digər iki adam isə savadlı və səviyyəli adamlar idilər. O zaman bizə qoşulan adam az idi. Cəbhəyə ziyalılar, mütəxəssislər gəlmirdi. Onlar evdə, mətbəxdə gözləyirdilər ki, nə olacaq, məsələ nə cür qurtaracaq. Digər iki nəfər isə hərəkata, demokratiyaya qismən də olsa maraq göstərirdilər. Dil bilirdilər, səviyyələri var idi. Ümumən, mən deyim ki – dediklərim şovinizm kimi qəbul olunmasın – dünyada iki peşə var: biri fizika, digəri poçt markası kolleksioneri. (Gülür…) Fizika insanı çox inkişaf elətdirir, həm də fizika ixtisası üzrə ali dərəcə almaq heç də elə-belə məsələ deyil. Hər adam da “fizfak”ı qurtara bilmir. Mən də oranı qurtarmışam, qeyri-təvazökar olsa da… Yəni elə də böyük bir səbəb yoxdur. O adamlar səviyyəli adamlar idilər. Dil bilirdilər və bizə qoşulan ziyalı da az idi. Bunu hamı bilsin. Elə bilməsinlər ki, Cəbhə formalaşdı, sonra gücləndi və bütün Azərbaycan da Cəbhəyə birləşib demokratiyaya qovuşdu. Yox, əksəriyyət kənarda dururdu, kənardan baxırdılar. Ya səviyyələri yox idi, ya ürəkləri yox idi. Bax, belə idi, ağır idi vəziyyət…

– Sizə çoxlu suallar var. Həm Cəbhə ilə, siyasətlə bağlı, həm də Rusiya ilə bağlı. Bilmirəm, hansından başlayaq. Amma gəlin, söz açılmışkən Cəbhə ilə, müxalifətlə bağlı suallardan başlayaq. Çünki siz onu da işarə elədiniz. Yəqin ki, bu günlər xatirələriniz də təzələnib, çünki gündəliklərin üzərində işləyirsiniz…

– İnşallah, yazacam.

 

Əbülfəz Elçibəy Azərbaycan xalqına öz ruhunu qaytaran adam idi

– Kərbəlayi Əli Məhəmmədrza oğlu soruşur: “Demokratiyanın atası hörmətli Hikmət bəy Hacızadəni çox yaxından tanıyıram. Uzun müddət bir partiyada çiyin-çiyinə mübarizə aparmışıq. İndi də mübarizəmizi eyni yolda davam etdiririk. Hörmətli Hikmət bəy də beləmi düşünür? Doğrudanmı rəhmətlik Əbülfəz Elçibəy AXC hakimiyyətini Heydər Əliyevə bilərəkdən və onun istəyi ilə ötürüb, öncədən təşəkkürlər.”

– Hörmətli Əlirza bəy mənim əziz dostumdur, həmkarımdır, böyük hörmətim var, amma o suallar mənim heç xoşuma gəlmir. Kim-kimi satdı, nə dedi, nətəri dalaşdı… Əlbəttə ki, mənim cavabım “yox”… Əlbəttə ki… Bilmək lazımdır, Elçibəyi tanımaq lazımdır. Bu adamın iki ideyası var idi: Birincisi, bu adam qatı millətçi idi, müsbət mənada… Yəni Azərbaycan türkünə, Azərbaycan xalqına, Azərbaycan kimliyinə böyük təhlükə var idi – assimilyasiya təhlükəsi. Cavanlar onu görmür, bilmir, tanımır. Məsələn, o zaman dil itirdi, tarixi məhv etmişdilər. Azərbaycan xalqının tarixi yox idi. Çayxanalarda, yasda-toyda insanlar sual verirdilər, “biz kimik?” Gürcülər aydındır, ermənilər aydındır, bəs biz kimik? Bizim nə qəhrəmanımız var, biz satqınıq, biz alverçiyik. Belə söhbətlər gəzirdi. Bunların hamısı rusun assimilyasiya siyasətinin nəticəsi idi. Bu da Əbülfəz bəyi əlbəttə ki, narahat elədi, hərəkətə gətirdi. Sizə deyim ki, Azərbaycan xalqına öz ruhunu qaytaran bu adam idi. Bu müstəqillikdən də böyük bir nailiyyət idi. Əbülfəz bəyi deyirəm. O müstəqillikdən də, quruculuqdan da böyük bir nailiyyətdir. Xalqa öz kimliyini tanıtdı. Kimsən sən? Tarixin nədir? Dədən kimdir? Qəhrəmanın kimdir? Fikrin nədir? O açdı o yolu. Sonra o yolla bizim ziyalılarımız, millətimiz getdi. Heydər Əliyev də Əbülfəz bəyin baxışında güclü inzibatçı idi. Üzr istəyirəm, dedim ki, birincisi Əbülfəz Elçibəy millətçi idi, ikincisi, istiqlaliyyətçi idi. İstiqlal uğrunda vuruşurdu. Rusiyadan azad olmaq, İrandan azad olmaq, müstəqil yaşamaq, dövləti müstəqil qurmaq. Bütün bunlara təhlükə gələndə, o, hər şeydən imtina edə bilərdi. Hər şeydən də getdi, hər şeydən imtina elədi – vəzifəsini, rifahını, səhhətini verdi ki, bircə Azərbaycan müstəqil qalsın. Rusiya tərəfindən, Sürət Hüseynov tərəfindən təhlükə olanda, gördü ki, bacarmır. Bacarmır da. Onun Rusiya kəşfiyyatına qarşı vuruşmaq təcrübəsi yox idi. O baxımdan, fikirləşdi ki, “qoy, eybi yox, Heydər gəlsin, heç olmasa Heydər Əliyev müstəqilliyimizi saxlaya biləcək.” Bütün başqa minuslara baxmayaraq, o, Heydəri çağırdı, axırını da bilirsiniz. Nəticədə Azərbaycan müstəqil qaldı…

 

Azadlığımız, ləyaqətimiz, düzgünlüyümüz əlimizdən getdi, ancaq…

 

– Qərar doğru idimi?

– Qərar doğru idi. Amma bütün bunları özü bacarmadı. Bacarmadı, boynuna aldı ki, bacarmıram və başqa mütəxəssis çağırdı. Düzdür, azadlığımız, ləyaqətimiz, düzgünlüyümüz, başqa şeylərimiz əlimizdən getdi, ancaq müstəqilliyimiz qaldı. O biri şeyləri də biz qaytaracağıq. Odur ki, mən yenə də qəti şəkildə bildirirəm ki, Əbülfəz bəyin bu məsələdə hansısa satqınlıq və s. və i. çirkin məsələlərdə yox idi. İdeya məsələsi idi. Əbülfəz bəyin  ideyası nə idi, o cür addımlar da atdı…

– Yeri gəlmişkən, Araz Əlizadənin gündəmdə müsahibələri var…

– Oy… oy… oy…

– Əbülfəz bəylə bağlı müəyyən fikirlər səsləndirib. Siz buna necə baxırsınız?

– Mən çox pis baxıram. (Gülür…) Bu adamlar böyük bir problemdir. Buna iki-üç veriliş həsr eləmək olar.

– Rahat danışa bilərsiniz, vaxtımız var.

– Mən sizə danışaram, siz də bilərsiniz. Sonra istəsəniz kəsərsiniz, özünüz  montaj edərsiniz.

– Bunların hamısı gedəcək, rahat danışın.

– Bu adamlar danışır. Belə adamlar çoxdur. Qalxırlar ki, biz türk deyilik, Əbülfəz bəy kimdir və s. Söhbət ondan gedir ki, Stalinin vaxtından milli sferada yeni bir siyasət başlamışdı. O siyasətin adı “vahid sovet milləti yaratmaq” idi. Yəqin bunu bilirsiniz. “Vahid Sovet insanı” yaratmaq. O zaman Azərbaycan türkündən “türk” sözünü götürüb, azərbaycanlı elədilər ki, onu Türk dünyasından qoparsınlar. Digər millətlərə də “azərbaycanlı” yazdılar – zorla.

 

Araz Əlizadə bəlkə heç türk deyil?..

Deməli, plan belə idi. Əvvəlcə xırda millətləri, cürbəcür xırda etnik qrupların hamısını bir yerə toplayıb “azərbaycanlı” eləyirsən, sonra da bu insanları “sovet insanı” məkanında əridirsən. İndi bunların hamısı “azərbaycanlı” olub. Məsələn, bu Araz Əlizadə bəlkə heç türk deyil. Bunun pasportunda gedir, “azərbaycanlı”. Bəlkə o əvvəllər, üzr istəyirəm, tat idi, talış idi, ləzgi idi? Mənim üçün fərqi yoxdur yəni. Mən demək istəyirəm ki, onun üzərində də bu zorakılıq oldu. Onu da assimilyasiya elədilər. O da zorla “azərbaycanlı” oldu.

– Yəni deyirsiniz ki, bu, onun verdiyi qəzəb ola bilər?

– Bəli, məsələ belədir. İndi Əbülfəz bəy gəlib ki, “biz azərbaycanlı deyilik, biz türkük.” O da deyir ki, “a, mən türk deyiləm axı”. Başa düşürsünüzmü, belə dolaşıqlıq yaranıb. Azərbaycanda yaşayanların əksəriyyətinin sənədinə zorla “azərbaycanlı” yazdırılıb. Onlar Azərbaycan türkü deyillər, amma pasportlarında “azərbaycanlı” gedir. Baxırsan, Əbülfəz Elçibəy də azərbaycanlıdır, nə bilim, İsmayıl Şıxlı da azərbaycanlı idi, bu da… Amma əslində məsələ bu deyil. İndi Əbülfəz  gəlib deyəndə ki, “biz türkük”, o deyir ki, “yox, mən türk deyiləm, ümumiyyətlə, mənim türklə heç bir əlaqəm yoxdur”. Ona görə də mənim belə adamlara qəti tövsiyəm belədir. Heç kəs “biz” sözünü işlətməsin – “biz türkük”, “biz türk deyilik.” Deyin ki, “mən türk deyiləm”, “mən türkəm”, vəssalam.

– Hər kəs öz adından danışsın.

– Hər kəs öz adından danışsın, məsələ həll olunacaq. Amma bunların qəzəbinin əsasını mən dedim – o vaxt zorla bunları assimilyasiya edib, “azərbaycanlı” yazdırıblar, indi isə Əbülfəz gəlib bunları güclə oyadır ki, “ə dur, sən türksən!” O da deyir ki, “mən türk-filan deyiləm axı…” Bax, belədir…

– Amma bir məsələ də var. Siz onları yaxşı tanıyırsınız deyə soruşuram. Məsələn iki qardaşdırlar – Araz və Zərdüşt Əlizadələr. Qardaşlardan birinə haradasa ümumi bir qınaq – belə deyək, nifrət var. Amma digərinə ümumi bir hörmət var. İki qardaşdırlar axı…

– Nə olsun qardaşdırlar. (Gülür…) Mənim də pis qardaşlarım var. Mənim də yaxşı qohumlarım var, pis qohumlarım var.

– Yəni deyirsiniz ki, belə bir münasibətin olması qardaşlıqla bağlı deyil?

– Yox, qardaşlıqla bağlı deyil. Sizə onu deyim ki, Zərdüşt bəy nə danışırsa, danışsın, hərəkatın əvvəlində onun böyük xidmətləri olub. Böyük. Çox böyük. Qabağa düşən onlar oldu. O, ilk addımları atanlardan idi. Bu adam kəndbəkənd gəzirdi. Mənim gözümün qabağında. Müəssisə-müəssisə gəzirdi. İndi sonralar alınmasa da, ona qarşı hörmət bu gün də qalır. Məndə də qalır, belə deyək.

 

Mən qəti əleyhinə idim – neçə dəfə yazdım ki, “eləməyin bunu”, qulaq asmadılar mənə…

 

– Bayaq Əbülfəz bəyin Heydər Əliyevi gətirmə məsələsindən danışdınız. Siz o dövrdə Moskvada idiniz, eləmi?

– Bəli, mən Moskvada idim.

– Siz Cəbhənin sözü dinlənən adamlarından biri idiniz. Sizinlə məsləhətləşildimi ki, nə edək, neyləyək… Siz o zaman Rusiyada idiniz, hadisələr də orada baş verirdi.

– Rusiya və Qarabağla bağlı məsələlərdə mənimlə məsləhətləşirdilər, bəli.

– Yəni hakimiyyət dəyişimi məsələsində də?

– Yox, yox, yox. Heç mənim xəbərim olmadı.

– Bir də baxdınız ki, Heydər Əliyev gəldi?

– Bir də mən baxıb gördüm ki, İsa bəyin istefasını tələb eləyirlər. Onu gətirirlər, bunu gətirirlər. Mən onun qəti əleyhinə idim. Bir neçə dəfə ora yazdım ki, “eləməyin bunu”, qulaq asmadılar mənə…

– Hikmət bəy, indi də deyirlər ki, “hakimiyyəti Rusiya çevirdi”.

– Hə.

– “Sürət Hüseynovun Rusiya ilə əlaqəsi var idi…”

– Bəli…

– “Ayaz Mütəllibov zatən orada idi. Rahim Qazıyevin Rusiya ilə əlaqələri var idi”. Və siz də Azərbaycanın Rusiyadakı səfiri idiniz.

– Bəli.

– Yəni bu deyilənlərin bir əsası var idimi? Siz bununla bağlı nəsə hiss edirdinizmi?

– Yox, əlbəttə ki, yox. Bu, heç gizlədilmirdi. Açıq-açığına… Açıq-açığına mənə bildirirdilər. Bakıdakı rəhbərliyimizə bildirirdilər. Bura Pənah Hüseyn də gələndə, görüşəndə – o vaxt Pənah Hüseyn baş nazir idi – açıq-açığına bildirirdilər ki, “siz düzgün siyasət aparmırsınız, niyə Türkiyə ilə bir işləyirsiniz? Niyə bizim ordumuzu çıxarmısınız? Baxın, görün ha, biz deyəni eləməsəniz, içəridən partlayacaq.” Bunu şəxsən mənə deyiblər.

 

Ruslar açıq-aşkar hədələyirdilər ki…

– Ruslar deyib?

– Bəli, Rusiyanın Xarici İşlər Nazirliyinin böyük adamları…

– Bunları ölkə rəhbərliyi ilə danışanda deyirdinizmi?

– Əlbəttə ki… Onlar da bunu bilirdilər. O vaxt istənilən jurnalist də bunu duymalı idi. Çünki o vaxt mən burada yoxam, bilmirəm. Ancaq bu tamamilə aydın idi. Elementar olaraq o vaxt Rusiyanın yayımladığı Azərbaycanla bağlı verilişlərə baxın. Fikir verin, necə qəzəb var, necə ton dəyişir. Biz düşman olduq, bizi müsəlman fanatiklər kimi təqdim edirdilər. Bizi erməniləri qıran adam kimi göstərirdilər. Elçibəy hökumətinin uğursuzluqlarını belə deyək, xüsusi vurğulayırdılar. Açıq-aşkar, yəni burada gizli bir şey yox idi. Açıq mənə də deyirdilər ki, “içəridən partlayacaq, onda görərsiniz…” Belə…

– Siz də bunu deyirdiniz?

– Mən də rəhbərliklə hər görüşdən sonra yazırdım, göndərirdim ki, “gəlin, gəlin Moskvaya. Nəsə eləmək lazımdır. Yoxsa Moskva bura gələcək”.

– Moskva gəldi…

– Moskva gəldi axırda… (Gülür…)

– Deyəsən, siz həm də Rahim Qazıyevlə yaxın qohumsunuz, eləmi?

– Yox, yaxın yox, uzaq qohumuq. Uzaq qohumuq, bəli.

– Onunla heç bu məsələlərlə bağlı söhbətiniz olubmu?

– Qohumluq siyasətdə olmur.

– Təbii ki…

– O Zərdüşt-Araz məsələsi… Ərəblərin gözəl bir deyimi var. Ərəbcəsi yadımdan çıxıb, amma deyirdi ki, “Məliklər, sultanlar arasında qohumluq olmur”. Biri sənin qardaşındırsa, səltənətdə padşahdırsa, artıq o sənə qardaş deyil, sənə rəqibdir və s. Onun əqidəsi elədir, mənimki belə… Əgər qohumluqdan söhbət gedirsə, mənim gücüm ancaq ona çatır ki, mən onu açıq-aşkar qəbul eləməyim, vurmayım. Belə. Yəqin az adam eşidib ki, mən Rahim Qazıyevin üstünə düşüm. Ancaq mən onun fəaliyyətinin, belə deyim, əleyhinəyəm. Onun baxışlarının və s. Mənim qohumlarım çoxdur pis tərəfdən… Yaxşı qohumlarım da çoxdur, pis qohumlarım da çoxdur. (Gülür…) Siyasətdə belədir də. Bir az yuxarı qalxanda, cəmiyyətin yuxarısına, onda qohumluq-zad itir. Elə olur ki, məktəb yoldaşın sənə qohumdan yaxın olur. Zarafatsız deyirəm. Məktəb yoldaşına sən daha çox etibar edirsən, nəinki qohumuna. Qohum da toyda-yasda səni çağırır. Больше ничего… Bu da sənə qohum. Nəsə…

 

Əbülfəz bəy Kələkiyə gedən kimi istefa verdim

– Çingiz Cabbarlı bir sual verir: “Niyə o vaxt AXCP-ni yox, Müsavat Partiyasını seçdiniz? Buna səbəb Heydər Əliyevin Cəbhəyə hücumu deyildi ki?”

– Belə paxıl-paxıl sualları verməyin nə mənası var, ha? Belə adamlara görə mən…

– Danışmırsınız…

– Danışmıram. Çəkilmişəm qırağa. Mən gələndə Müsavatla AXCP-nin hakimiyyətə qarşı münasibəti eyni idi. Heç bir fərqi yox idi.

– Siz Heydər Əliyevin hakimiyyəti dönəmində işlədiniz, yoxsa?

– Yox, yox, mən dərhal çıxdım. Əbülfəz bəy Kələkiyə gedən kimi mən çıxdım. Mən istefa verdim. Sonra qayıtdım Bakıya, getdim Kələkiyə, Əbülfəz bəyi gördüm. Açıq-aşkar deyim ki, mən o vaxt çox qəzəbli idim.

– Kimə?

– Elə Əbülfəz bəyə ki, niyə belə oldu? Gəlin, səmimi danışaq. Hamı o sualı daşıyırdı ürəyində. Вообше, kənara çəkilmək istəyirdim. Kənara çəkilmək deyəndə ki, özbaşına, təkbaşına vuruşmaq istəyirdim. O da mümkündür. Mən onu bacarıram, illərdir. Müsavat partiyası məni dəvət eləmək üçün çox səy göstərdi. Onlar məni, belə deyək, cəlb elədilər və getdim Müsavata. Amma mənim üçün fərqi yox idi. Mən Cəbhədə də olaram, cəbhəçilərin hamısı da mənim əzizlərimdir. Müsavatda da ləyaqətli adamlar var. Özüm də təkbaşına vuruşa bilərəm. Baxın, indi mən təkbaşınayam. Arada səsim çıxır…

 

İndi ancaq mənəviyyat və ideya savaşı gedir

– Aradan 15-16 il keçdi, yenə deyirsiniz ki, təkbaşınayam?

– Bəli, mən yenə susmuram. İndi nə eləmək olar ki? İndi ancaq mənəviyyat və ideya savaşı gedir. Fiziki gücümüz ki, yoxdur.

– Nurlan Mirəli də soruşur ki, “AXC dövründə səfir idiniz, niyə indi AXCP-nin sıralarında deyilsiniz?” Təxminən eyni sualdır və cavabı da verdiniz.

– Mənim üçün fərqi yoxdur. Mən özümü cəbhəçi də hiss edirəm, özü də birincilərdən, müsavatçı da hiss edirəm, demokrat da hiss edirəm, fərqi yoxdur. Hamınızı sevirəm. Vuruşanı dəstəkləyəcəm, qeybət eləyəni dəstəkləməyəcəm. Belə, bu qədər.

– Müsavata yaxın olan iki insanın sizin haqqınızda fikirləri var.

– Buyurun.

– Biri Şəhla İsmayıldır. Deyir ki, “əla seçimdir, maraqlı müsahibə olacağına əminəm”. O biri Sevinc Hüseynovadır. Yazır, “inanıram ki, bu səfər sualım yiyəsinə çatacaq”. Yəqin əvvəlki vaxtlarda sualını verməmişəm, ona görə belə deyir. “Böyük demokrat dediyiniz adam niyə Müsavatın demokratik seçkilərini həzm edə bilmədi? Niyə demokratik mübarizəni hisslərinə, şəxsi münasibətlərinə qurban verdi? İndidən deyirəm ki, elə də uğurlu namizəd deyil. Çünki o artıq o Hikmət deyil”.

– Oh, mən artıq o Hikmət deyiləm… (Gülür…) Çox dramatik yanaşmadır. Bilirsinizmi, sual yanlışdır. Mən Müsavatdakı seçkiləri həzm etdim, qəbul elədim, qurultayda çıxış elədim, İsa bəyi də təbrik elədim. İntervülərimin də hamısında dedim ki, “bu, demokratiya üçün böyük bir örnəkdir” və s. və s. Ancaq seçkidən sonra İsa bəyin opponentlərinə hücumlar başladı. Razı olmayanlar, küsənlər, tutalım, səhv eləyənlər başladılar partiyadan çıxarılmağa… Ona etiraz olaraq mən partiyadan çıxdım və bu barədə bəyanat da vermişəm, “Yeni Müsavat” da onu çap eləyib. Şəxsən bu Sevinc xanıma da mən zəng eləmişəm ki, “Belə şey eləməyin, sözə, fikrə, ifadəyə görə insanları partiyadan çıxarmayın. Əgər bundan sonra artıq bir adamı çıxarsanız, mən partiyadan çıxacam”. Şəxsən ona zəng eləmişəm.

 

Müsavatdan ona görə çıxdım ki…

– Sevinc xanıma?

– Sevinc xanıma. İndi o yaddan çıxıb, heç o barədə yazmayıb. Səhəri gün görürəm, bir nəfəri də partiyadan çıxarıblar. Mən də özümə görə kişiyəm də… Söz demişəm, üstündə də durmuşam. Dedim, belə oldu? O zaman mən partiyadan çıxdım. Və mən Müsavat partiyasına elan verdim, dedim ki, “mən çıxıram, camaatın söz azadlığı burada boğulur, nahaq yerə partiyadan çıxarılır.” Bu partiyadan çıxarmaların da başında duran elə bu Sevinc Hüseynova idi. Partiyanın demək olar ki, əsas dağıdıcı qüvvəsi odur. Onun o postu tutmağa belə deyək, nə savadı var, nə ürəyi var, nə də bacarığı var. O oradan getsəydi, partiya üçün yaxşı olardı. Elə bu qədər. Sağ ol, Sevinc xanım (Əl sallayır…).

– Hikmət bəy, indi bir tərəfdə Müsavat var, digər tərəfdə AXCP var, bu tərəfdə də ADR Hərəkatı var… Siz Qubad bəyin yanında deyilsiniz?

– Yox, mən hamı ilə əməkdaşlıq eləyirəm, amma…

– Heç bir yerdə deyilsiniz?

– Yox, heç bir təşkilatın üzvü deyiləm.

– Elə belə də davam eləyəcəksiniz, yoxsa başqa nəsə eləmək fikriniz var?

– Yox, mən… Əgər hansısa moment yetişsə, orada mənim iştirakım lazım olsa, mən gedərəm orada, o təşkilatlarda süpürgəçi də işləyərəm.     

– Görsəniz ki, sizə həmin təşkilatlarda ehtiyac var?

– Bəli, görsəm ki, mənə ehtiyac var, vəziyyət bunu tələb eləyir, bəli. Məsələn, desələr ki, Hikmət bəy, xaricdən qonaqlar gəlib, ora zir-zibildir, gələrəm təmizləyərəm. İndi hələ ki, mənə ehtiyac yoxdur. Amma mən kömək eləyirəm, nə lazımdırsa, onu da eləyirəm. Hər üç böyük təşkilata mən köməklik eləyəcəm.

– Mənə məsələn, maraqlıdır ki, İsa bəylə nə vaxtdan görüşmürsünüz? Müzakirə və söhbətləriniz olubmu?

– Böyük müzakirə seçkilər zamanı oldu. Ondan sonra da belə görüşürük. Salam verirəm, salam alıram. Belə, düşmən deyilik.

– Yəni bu ölkənin müxalifət partiyalarının rəhbərləri sizi hər hansı məsələ üçün çağırıb, ya müzakirə eləyirlərmi, ya xahiş edirlərmi ki, niyə kənardasınız? Ya da deyirlərmi ki, gəlin, Rusiya və beynəlxalq münasibətləri qaydaya salan komissiyada çalışın?

– Yox, belə komissiyaya-zada məni dəvət eləməyiblər. Qubad bəy təkidlə çağırır məni. Əgər həqiqi iş varsa, mən gedirəm işləyirəm. Yox, əgər gedib orada iclasda kukla kimi oturacamsa – statik vəziyyətdə – yox, mən elə yerlərə getmirəm. Bilirsinizmi, Azərbaycanda öz ağlından heç kəs narazı deyil. Deyən yoxdur ki, “Hikmət, ağlımız çatmır, gəl”. Yox, elə şey yoxdur. Bizdə tarixdə elə şey olmayıb. Ona görə də o qədər də məni çağırmayıblar.

 

Kreml tərəfindən dəfələrlə təzyiqlərə məruz qalmışam…

– Hikmət bəy, Rusiya ilə bağlı çox sual var. Yəqin bu da sizin Rusiyada səfir işləməyinizlə bağlıdır. Məsələn, jurnalistlərdən Elvin Məhərrəmli soruşur ki, “Rusiyada səfir olduğu dövrdə Kremldən Azərbaycanın əleyhinə nəsə göstəriş alıbmı, alıbsa, bunun qarşılığında nə edib?”

– Göstəriş məsələsi bir az…

– Yəqin təzyiq demək istəyib.

– Hə, təzyiq ayrı məsələ. Bəli, təzyiq almışam. Təzyiq almışam. Dəfələrlə, hər cür səviyyədə – tənqidlər, ağır sözlər, təkbətək, televizordan, ordan-burdan təzyiqlər olub ki, “baxın ha, pis olacaq. Özünüzü yuxarıdan aparırsınız. Bir az aşağı enin. Bilin, siz kimsiniz”. Bu, dəfələrlə olub. Mən də çatdırmışam bura. Bilirsinizmi, nə eləmək olar? Neçə ildir soruşurlar ki, nə eləmək olardı? Birincisi, başa düşmək lazım idi ki, biz balaca ölkəyik, onlar nəhəngdir. Biz isə özümüzü elə aparırdıq ki, elə bil Fransayıq, Fransa inqilabını eləmişik.

 

Nursultan Nazarbayev Qazax xalqının kimliyini qaytardı

– Elə aparırdınız özünüzü?

– Elə aparırdıq. Guya biz Fransayıq, hələ bizim Napoleonumuz da var. Və bütün Avropaya meydan oxuyuruq – ağılverici və qanungətirici. Belə aparırdıq. Rusiyaya qarşı siyasətin bir gözəl nümunəsi Nursultan müəllim Nazarbayev oldu. Bu adam hər cür Yeltsinin də, Putinin də мозги-sini xarab eləyirdi ki, “ay belə təşkilatlanırıq, ay belə ittifaq yaradırıq, indi belə islahatlar aparırıq, indi papaqları belə qoyuruq”. Onlar da bezirdilər ki, “bəsdir, sən Allah”. O da deyirdi ki, “Yox!” Hər gün мозги-lərini deşirdi. Öz işini də görürdü. Paytaxtı köçürtdü şimala, şimalı aldı rusun əlindən… İndi latın əlifbasına keçiblər. Qazax xalqının kimliyini qaytardı. Yenə də birləşmək və ya hansısa ittifaqı yaratmaq məsələsində Qazaxıstan birincidir. Televizorda da qazax birinci rusu öpüb, yalayır. Bir dənə çıxış yolu budur. Bunu Əbülfəz könlünə yaraşdıra bilmədi.

– O baxımdan bunlar normaldırmı?

– Əlbəttə.

– İlham Əliyevin Rusiya ilə bağlı siyasətini nəzərdə tuturam.

– Hə, İlham Əliyev çalışır nəsə eləməyə, amma hələ ki alınmır. Heç nə alınmır. Yenə də Rusiya Ermənistanı dəstəkləyir. Hər halda İlham Əliyev Rusiyaya qarşı bizdən yaxşı siyasət aparır. Onu etiraf eəmək lazımdır.

– Elşən Əlisoy soruşur: “Siz Rusiyada işləyən bir diplomat kimi necə düşünürsünüz, Azərbaycan Rusiyanın iradəsinə zidd olaraq torpaqları uğrunda müharibəyə başlayarsa, onda qazana bilərmi? Qarabağın açarı Azərbaycan xalqındadır, yoxsa Rusiyadadır?” 

– İndi vəziyyət belədir. Biz Ermənistana qarşı vuruşmuruq. Biz Rusiya-Ermənistan ittifaqına qarşı vuruşuruq. Nə vaxtsa, bizim arxamızda da belə bir güc olsa, onda biz əlbəttə ki, Ermənistanı əzərik, torpaqlarımızı da qaytararıq. Və ya Rusiya özü Ermənistandan əl çəksə, – o çətin məsələdir – və ya Rusiya özü dağılmağa başlasa – bu artıq başlayıb – bizim hörmətli dostumuz Tramp bunları necə lazımdır sıxsa – necə ki, Reyqan Qorboçovu sıxdı və Polşa, Çexoslovakiyanın hamısı azad oldu – həmən şey indi də gözlənilir və ola bilər.

– Tramp Rusiyanı sıxa bilərmi?

– Sıxa bilər. Sıxa bilər. Düzdür, bir az o странный görünür. Ancaq belə yerdə deyirlər ki, “ağıllı fikirləşdikcə, o biri vurub çayı keçir”. (Gülür…) O ola bilər. Təkbaşına, əfsus ki, biz heç nə eləyə bilmərik.

 

Türkiyə Azərbaycan uğrunda özünü qurban verməyə hazır deyil

– Türkiyə o güc ola bilərmi, bizim arxamızda?

– Çətin, çətin. Birincisi, Türkiyənin özü bu məsələyə o qədər də girişmir. Altdan-altdan Türkiyə bizə kömək eləyir – hansısa mütəxəssis, instruktor göndərir. Ola bilsin ki, infrastrukturla bağlı və ya hansısa xüsusi silah səviyyəsində hansısa mütəxəssisləri göndərib. Təlimlər keçirib. Ancaq açıq vuruşmaq ki, Ermənistanla sərhəddə rus təyyarəsi ilə türk təyyarəsi vuruşdu, toqquşdu, kimsə yerə düşdü, o yoxdur. Bu da onu göstərir ki, Türkiyə hökuməti – bizdə belə deyirlər ki, dərin dövləti – düşünən beyinləri çox realist adamlardırlar. Hətta qardaş Azərbaycan uğrunda da özlərini qurban verməyə hazır deyillər. Ancaq Rusiya çökə bilər. Odur ki, hazır olmaq lazımdır.

– Burada Ramiz Mirzəoğlunun bir sualı var: “Rusiya çökməyənədək SNQ dövlətlərinin müstəqil olması mümkündürmü?”

– Çox düzgün sualdır (Gülür…). Çox düzgün sualdır. Mən  как раз ona da cavab verim. Birincisi, əlbəttə, Rusiya çökməyənə qədər müstəqillik çətindir. Baxmayaraq ki, Azərbaycan indi qismən müstəqildir, başqa respublikalardan fərqli olaraq – Gürcüstan və Ukraynanı qırağa qoyaq. Görürsünüzmü, müstəqil olmaq istəyən Ukraynanı nə günə qoydular? Bax, belədir vəziyyət. Ancaq tutalım, Rusiya çökdü, ikinci vəzifə – hansı yolu inkişaf üçün seçməliyik? Hara getməliyik – Şərqə, Qərbə, Afrikaya, Şimala?

 

Üzümüz hara olmalıdır, hara getməliyik?!..

– Sizcə hara getməliyik?

– Biz Avropa İttifaqının, o ailənin tam və bərabər hüquqlu bir ölkəsi olmalıyıq. Hələ ki, bizdə başqa yol yoxdur.  Biz o tərəfin o standartlarını qəbul eləməliyik.  O tərəfə tərpənsək, bizə hər cür yardım olacaq – texniki, elmi, hərbi, sənaye, qanunvericilik. Bunların hamısı onilliklərlə, yüzilliklərlə Avropada toplanıb.  Çox çətin bir işdir dövləti qurmaq. Yəni Avropa səviyyəsində dövlət qurmaq olduqca çətin şeydir. Yüzillər ərzində qurulub o dövlətlər. Biz özümüz öz gücümüzlə dövlət qurmağa çalışsaq, heç nədən çox böyük çətinliklərlə qarşılaşacağıq. Necə ki, indi bu proses gedir. İndi cürbəcür kodekslərimiz, məcəllələrimiz var – vətəndaş (mülki) məcəlləsi, kriminal (cinayət) məcəlləsi və s. Bunların hamısı Avropadan gəlmişdilər. Ancaq İlham Əliyev – ola bilsin ki, bu, Heydərin vaxtından başlamışdı – onları dəyişdirməyə, milliləşdirməyə başlayıb. İndi bu qanunlarda heç bir inkişaf, azadlıq ruhu yoxdur. Plüralizm yaratmaq, yad fikrə dözümlülük, penitensiar sistemimiz, vergi sistemimiz – hamısı bərbad vəziyyətə düşüb bu dəyişikliklərin nəticəsi olaraq…

– Bu qanunlara özümüz əlavələr etmişik?

– Özümüz axmaq əlavələr edə-edə bu vəziyyətə gətirmişik..

– Deyirsiniz ki, özümüz etmişik?

– Bəli, özümüzə yox e, yuxarıdakıların maraqlarına uyğun dəyişdirilib. Heç bizdən soruşan oldumu? Yox. O baxımdan, mütləq o yol olmalıdır – Rusiya bizi buraxsın, biz də düzgün yol seçməliyik. Belə. Düzgün yol da Avropa ailəsinin üzvü olmaqdan keçir. Bəziləri bunu istəmir, deyirlər ki, bunlar bizə yaddır.  Amma başqa yol yoxdur. Elm haradadırsa, o yolla getmək lazımdır. Bunu Məhəmməd peyğəmbər də deyib. Əgər elm Çindədirsə, Çinə get. Yox, əgər Strasburqdadırsa, o zaman Strasburqa gedək. Başqa yol yoxdur.

– Etiram Əsgərli də Rusiya ilə bağlı soruşur: “Rusiya ilə münasibətlərin yaxşılaşdırılması yollarını necə görürsünüz?”

– Offff… Bir yol odur ki, bayaq dedim, gedib onu qucaqlamaq.

 

Rusiya ilə münasibətləri lap yaxşılaşdırmaq istəyirsinizsə, müstəqilliyimizi verin

 

– Amma əslində bu yolu seçən Qazaxıstan da maraqları çərçivəsində problemlərini həll eləyir.

– Eləyir öz məsələlərini. Hələ ki, torpaqlarını verməyib. Hələ ki, Rusiya ondan heç nə almayıb. Bu bir. İkincisi də, münasibətləri lap yaxşılaşdırmaq istəyirsinizsə, onda müstəqilliyimizi verin rusun əlinə. Onda lap yaxşı olacaq. Molla Nəsrəddinin məsələni bilirsiniz də. Soruşurlar ki, “Molla, nə oldu, barışdın?” Deyir, “Hə, yorğanı verdim, barışdıq”. (Gülür…) Rus Azəbaycana deyir ki, “sən Xəzərdə sərhədləri mən deyən kimi böl. Sən ingilislə neft качать-lama, mənim şirkətlərimlə işlə. Sənin sərhədlərində mənim – rusun sərhədçiləri dursun. Necə ki, Ermənistanın sərhədlərində rus sərhədçiləri durur”. Bizdən bunu istəyirdilər, biz qoymadıq. Sərhədlərimizi də ruslara versək, məsələ tam düzələcək. Hər şeydə mehribançılıq yaranacaq. Müstəqillik də əldən gedəcək. Bizə bu lazımdırmı?

– Mən Rusiya ilə bağlı sonuncu sualı verim. Vüqar Həsən soruşur: “İndiki və o vaxtkı dövrdə Rusiya-Azərbaycan münasibətləri arasında hansı fərqlər var?”

– Dərinə baş vurub baxsaq, heç bir fərq yoxdur. Qarabağ yenə ordadır, yenə Rusiya Ermənistanı dəstəkləyir, yenə istədiyi vaxt bizim mallara embarqo qoyur, yenə də Rusiyada işləyən 1-2 milyon azərbaycanlını qovmaqla bizi təhdid edir. Amma açıq-açığına İlhamı devirmək çağırışları yoxdur Moskvada…

 

I hissənin sonu

 

 

Strateq.az