Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Putini noyabrda cəzalandıracaqlar” –Ukrayna Rusiyanı tələyə salan yem olacaqmı? - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ramil Quliyev iddialara cavab verdi:"Bu uğuru Azərbaycanda qazanmağım mümkün deyildi"
  • " width="300" height="266" />
    Fransa səfiri xanım Orelia Buşez:“Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına dəstək göstərməyə hazırdır” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Gülər Əhmədova:“İnsan özü ilə xoşbəxt deyilsə, heç kimlə də xoşbəxt olmayacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Qarabağın 18-ci əsrədək olan etnik tərkibi və əhali sayı barədə dəqiq məlumatlar yoxdur” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    50 yaşlı Elçin Mirzəbəyli:“Mənim kimi adamlar, adətən, ayaq üstə ölürlər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qəzada ölən 74 yaşlı kişinin oğlu:"Əli Həsənov və onun ailəsindən heç kəs bizə zəng etməyib"
  • " width="300" height="266" />
    “Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar…” –Qəzada ölən gəncin anasından fəryadlı açıqlamalar
  • " width="300" height="266" />
    Sürət Hüseynov adının qəsdən gündəmə gətirildiyini açıqladı:"Bütün bunları Sinan edib" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni politoloqdan xoflu bəyanat:“Türkiyə S-400-ü Naxçıvanda yerləşdirsə, Azərbaycan İrəvanı və bütün Ararat vadisini təhdid etməyə başlayacaq"

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO
  • " width="300" height="266" />
    Azərbaycanın Rusiyadakı keçmiş səfirindən maraqlı açıqlamalar:“İlham Əliyev Rusiyaya qarşı bizdən yaxşı siyasət aparır”-VİDEO
  • " width="300" height="266" />
    “Qaynar Qazan”da Elşad Musayev:"Vahid namizəd kənardan gətirilə bilər" (VİDEO)
  • " width="300" height="266" />
    İsa Qəmbər bəzi sirlər açdı:"Qurban Məmmədovun baş prokuror olmasını Elçibəy məsləhət bilmədi"-VİDEO
  • " width="300" height="266" />
    İsa Qəmbər 24 il əvvəlki həbsindən danışdı:"...onda bildim ki, məni həbs edəcəklər"-VİDEO
  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO

Qapalı Mövzu

  • " width="300" height="266" />
    MTN Antiterror Mərkəzinin həbsdə olan sabiq rəisi:“Elə çıxır ki, hər şeyi mən etmişəm, məndən yuxarıda heç kim olmayıb”  
  • " width="300" height="266" />
    “Eldar Mahmudov bura gəlsin, dindirilsin” –Generalların məhkəməsində sensasion faktlar açıqlandı
  • " width="300" height="266" />
    “O ev mənə yox, bacıma məxsus olub” –Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verdi
  • " width="300" height="266" />
    “Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar var, niyə cinayət işi açmırsız?” –Çovdarovdan ilginc açıqlamalar
  • " width="300" height="266" />
    Baş mühasib 567 min, aparat rəhbəri 2 milyon ödədi… –Həbsdəki rabitəçilərdən yeni xəbər
  • " width="300" height="266" />
    “Onların Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim və…” –Generalın “Vosmoy bazarı” üzrə ifadəsi
  • " width="300" height="266" />
    General məhkəməyə gəldi, jurnalistlərin sualından yayındı –VİDEO, FOTOLAR
  • " width="300" height="266" />
    General Hilal Əsədovun arvadı Çovdarovun məhkəməsində ifadə verdi:“Atam bazarı mənə bağışladı”
  • " width="300" height="266" />
    “Məni şəhərə gətirib Əli Abbasovla üzləşdirdilər…” –Rabitəçilərdən şok ifadələr
  • " width="300" height="266" />
    Eldar Mahmudovun dəstəsi MTN polkovnikini niyə intihara sövq edib? –Kərəm Həsənovun adı keçən işdə heyrətamiz faktlar üzə çıxır


Vəkil Bürosu

Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017

10 Avqust 2017 - 10:00

Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO

Beycan Fərzəliyev: “Rusiya Akademiyasındakı çıxışımdan sonra ruslar Nobel mükafatına namizədliyimi irəli sürdülər”

“Qaynar Qazan”ın budəfəki qonağı Beycan İbrahimoğlu Fərzəliyevdir. Zamanın önəmli hərəkatçılarından biri, Əbülfəz Elçibəyin yaxın dostu olan, sonra da Naxçıvan kimi kritik bir bölgənin Baş naziri vəzifəsinə yüksələn və oradan müəmmalı şəkildə uzaqlaşdırılan bir siyasi xadim. Onu Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Haqqında hələ də danışırlar. Xüsusilə, “Qaynar Qazan” və “Azadlıq Salnaməsi” verilişlərində hərəkat illərindən danışan bir çox adamların dilindən “Becangilin evindəki toplantıda danışdıq ki…”, “Becangilin evində qərar verdik ki…”, “Becangilin evində müzakirə olundu ki…” sözlərini çox eitmişəm. Beycan Fərzəliyevin evi Azərbaycan Xalq Cəbhəsinin, bir növ, qərargahı olub, sanki. Hamı onların evindən gəlib keçib. Məxsusən, həyat yoldaşı Zəminə xanım bütün hərəkatçıların dillərinin əzbəridir. Bu ailə və bu ev Azərbaycan Milli Azadlıq Hərəkatının məhək daşlarından biri olub. Bu haqda onların özləri ilə görüşdükdən sonra adamda daha aydın təsəvvür yaranır. Ev olmayıb onlarınkı, qərargah olub, qərargah…

Beycan Fərzəliyev uzun zamandan bəri Ankarada fəaliyyət göstərib. Özü ilə birlikdə ailəsi də orada yaşayıb. Övladları da Ankarada təhsil alıblar. Özünü qiyabi tanımışam, Zəminə xanım haqqında həmişə tanınmış hərəkatçılardan eşitmişəm. Oğlu İbrahimlə tələbəlik illərindən tanımışıq bir-birimizi. Amma nə qərib bir təsadüfdürmü, yoxsa bunda da bir hikmət varmı ki, biz Ankaradakı 8-9 ildə heç qarşılaşmadıq. Çalxantılı, təlatümlü Ankarada heç bir dəfə, hər hansı toplantıda belə Beycan bəylə, Zəminə xanımla qarşılaşmadıq. Baxmayaraq ki, mən Ankarada çox fəal idim və demək olar ki, bütün tədbirlərdə bu və ya digər formada var idim. İşə bax ki, Beycan bəyi heç görməmişdim. Demək istədiyim odur ki, Beycan Fərzəliyev o qədər hər şeydən uzaqlaşmışdı. Azərbaycan Kültür Dərnəyinin toplantılarında iştirak etmirdi, Azərbaycanı Tanıtma Dərnəyinin toplantılarında da görməmişdim onu. Bircə rəhmətlik Müzəffər Özdağın sədri olduğu Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin İdarə Heyətinin bəzi üzvləri onun Ankaraya gəlişindən və yerləşməsindən danışmışdılar, vəssalam. Beləcə, Beycan İbrahimoğlu Fərzəliyev bizim üçün də müəmmalı və sirli bir adam idi. Haqqında ən müxtəlif əfsanələr danışılan bir adam…

25 ildən çoxdur ki, Beycan İbrahimoğlu Fərzəliyev danışmır. Mən ümumiyyətlə, onun hansısa müsahibələrinə, danışıqlarına rast gəlməmişəm. İxtisasına görə, bəzi elmi dərgilərdə müsahibələri ola bilər, ancaq Azərbaycan ictimaiyyətini maraqlandıran, ictimai-siyasi hadisələrdən bəhs edən müsahibələrinə – hələ-hələ bir “Qaynar Qazan” müsahibəsinə heç rast gəlməmişəm. Onun adı axtarışlarda yalnız 1-2 qədim fotolarda və yazılarda keçən halı ilə çıxır. Hətta Ankarada “Qaynar Qazan”ın elanını dərc edəndə bütün axtarış sistemlərindən axtarmağıma baxmayaraq, bir şəklini belə tapa bilmədim. Türklərin Beycan İbrahimoğlu dedikəri, ancaq bizim Becan Fərzəliyev kimi tanıdığımız adam o qədər bizdən – Azərbaycandan uzaqlaşmışdı. İllərdir danışmır, müsahibə vermir, mətbuat da ondan bəhs etmirdi.

Beycan Fərzəliyevlə bax belə bir vəziyyətdə görüşdük. Ona az sual gələcəyini düşünmüşdüm. Necə olsa da, illərdir kənarda idi və yeni nəsil onu çox az xatırlayırdı. Amma gözlədiyimin əksinə olaraq, Beycan bəyə gündəmdə olan siyasətçilər və partiya başqanları qədər sual yağışı gəldi. Ona keçmişdən, partiyalararası münasibətlərdən, Naxçıvandan necə çıxdığından və indidən suallar verirdilər. Ortada 25 ilin bir hesabatı vardı və hər kəs hər sualın cavablandırılmasını istəyirdi.

Mən Beycan bəyi xeyli demokrat gördüm. Halını, tövrünü pozmadan bütün sualları cavablandırdı. Bəzilərinin üstündən keçdi, bəziləri haqqında heç danışmaq istəmədi, amma ümumən, heç bir sualımıza sərt və radikal yanaşmadı. Özü də bəzi məsələlərdə çətinlik çəkirdi sanki. Onu başa düşmək olardı. Suallarla əvvəlcədən tanış olmaq imkanları olmuşdu deyə, bəzi məsələləri mənimlə dəqiqləşdirdi də. Məsələn, AXCP-nin AXC-nin mirası olması haqqındakı suala cavab verməmişdən əvvəl neçə AXCP-nin olduğunu dəqiqləşdirdi. 4 olduğunu, deyəsən, heç özü də bilmirdi.

Beycan Fərzəliyev sualları cavablandırdı, amma, deyəsən, daha çox öz sahəsindən, plazma enerjisindən, bu enerjinin dünyanın gələcəyində oynayacağı roldan və Türkiyə ilə Azərbaycanın bu enerji sahəsində etməli olduğu əməkdaşlığından danışmaq istəyirdi daha çox. O haqda da danışdıq və sözün bütün mənalarında heyrətləndim. Türkiyədə böyük uğurlara imza atan Beycan Fərzəliyev sürətlə Nobel mükafatına doğru gedir və bu haqda Rusiyadan, hətta müraciət belə olunub. Təsəvvürü belə gözəldir və biz Nobelə gedən çalışmaların şahidi olduq, laboratoriyada işləri çəkdik, təxminən 40-a qədər əməkdaşın çalışdığı xüsusi çalışmaları gördük. Bu, hələ bizim gördüyümüz laboratoriya idi. Hələ Beycan bəyin başqa laboratoriyaları da vardı ki, o haqda hələ danışa bilmədik.

Təkcə Beycan bəylə müsahibə almadıq. Biz Ankaradan əlidolu gəldik və Beycan bəyin ömür-gün yoldaşı, həmin ev-qərargahda Milli Azadlıq Hərəkatının qulluğunda duran, hamıya ana-bacılıq edən Zəminə xanımdan da müsahibə götürdük. Beycan Fərzəliyevin 4 hissədən ibarət olan müsahibəsindən dərhal sonra “Azadlıq Salnaməsi”ndə Zəminə Allahyarova ilə müsahibəmiz yayınlanacaq. İkisi də bir-birindən gözəl müsahibədir. Beycan bəy kimi, Zəminə xanım da indiyə qədər mətbuata danışmayıb. Onlar ilk dəfədir Azərbaycan mətbuatına bu həcmdə müsahibə verirlər.

Bu müsahibənin alınması mənim Ankarada birlikdə oxuduğumuz tələbə yoldaşlarım sayəsində baş tutdu. Sağ olsun əziz dostum Fizuli Həmidovu. Onunla danışdıq, məsləhətləşdik və alındı. Həm illərin ayırdığı günlərin xatirələrini canlandırdıq, həm də Azərbaycan mətbuatı üçün möhtəşəm bir layihəyə imza atdıq. Xəbərin və müsahibənin ardınca “Qaynar Qazan” və “Azadlıq Salnaməsi” olaraq buradan ta Ankaraya qədər getdik. Bir media olayı yaratdıq və bu olayın nəticəsində Beycan Fərzəliyev və həyat yoldaşını 25 ildən sonra Azərbaycan mediasının tarixinə qazandırdıq. Qoy bu millət və məmləkət üçün davamı gəlsin…

Sakit, bir az soyuq adam təsiri bağışlayan, çox ağıllı, təmkinli bir adamdır Beycan bəy. Tərəddüdlü və şübhəkar bir halı vardı və görüşümüz boyu bu hal onu heç tərk etmədi. Hər zaman düşüncəlidir. Danışanda çox ehtiyatlı bir üslub qurdu, amma onun normal vəziyyəti də bu idi. Böyük olaylar haqqında düşünür. Danışdıqları inandırıcıdır. Hələ təbii ki, hər şeyi danışmadı və bunu anlamaqda çətinlik çəkmədim. Çünki bu dövlətin onun başına açdığı oyunların başqa bir variantını da mən yaşamışam. Ona görə də Beycan bəyin müsahibəsindən razı qaldım. Əslində, Beycan bəyin nə deməsindən asılı olmayaraq bu müsahibə tarixi müsahibə olacaqdı. Ki, Beycan bəy çox şey dedi…

Uzun illər sonra ilk dəfə getdiyim Ankaradan, eləcə də bu müsahibədən, Beycan bəydən, Zəminə xanımdan, İbrahim bəydən, Fizulidən o qədər təəssüratlarım var ki, bəlkə bir roman qədər… Bitməz… Amma mən Beycan Fərzəliyevlə “Qaynar Qazan”-ı Oxuculara təqdim etməliyəm.

“Qaynar Qazan”da 41-ci qonağımız Azərbaycan Milli Azadlıq Hərəkatının önəmli simalarından biri, Naxçıvan Muxtar Respublikasının keşmiş Baş naziri Beycan Fərzəliyevdir. 25 ildən sonra ilk dəfə Azərbaycan mətbuatına danışır…

Əvəz Zeynallı,

“Qaynar Qazan”

 

I hissəni buradan oxuya bilərsiniz:

http://strateq.az/manshet/189138/becan-f%C9%99rz%C9%99liyevd%C9%99n-sok-musahib%C9%99.html (Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO)

 

II hissə

 

Bizi Heydər Əliyevlə Əli Şamilov görüşdürdü

– Heydər Əliyevlə münasibətləriniz nə vaxt yarandı?

– Heç münasibətlərimiz yaranmadı ki…

– Yox, yəni tanışlığınız orada, Naxçıvanda oldu, eləmi?

– İlk tanışlığımız Naxçıvanda oldu… Əli Şamilov var idi, o mənə dedi ki, “Heydər Əliyev səni görmək istəyir…” Mən də sevinə-sevinə dedim ki, “mən də onu görmək istəyirəm”. Mənim üçün maraqlı idi.

– Onda Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri idi?

– Deyildi, yox. Moskvadan təzə gəlmişdi…

– Təzə gəlmişdi?..

– Təzə gəlmişdi. Məni görmək istəyirdi. Dedim ki, “mən də görmək istəyirəm o adamı”. Mən Heydər Əliyevi bircə dəfə görmüşdüm. O zaman mən nazirlikdə işləyirdim, o da Moskvadan gəlmişdi. Bir sərgi salonuna gəlmişdi. Mən harada işləmişəmsə, orada hörmətim olub.

– Beycan bəy, hansı nazirlikdə işləmisiniz?

– Xalq Təhsili Nazirliyində. Qurban Qasımoviç vardı, onun vaxtında nazirlikdə şöbə müdiri idim.

– Hə.

– Bütün sərgilər də həmin şöbəyə, mənə bağlı idi. Orada görüşmüşdük. Görüşdük deyəndə ki, əl verib də görüşməmişdik.

 

Heydər Əliyevlə ilk dəfə Vasif Talıbovun evində görüşdük

– Yəni canlı olaraq ilk dəfə orada görmüşdünüz?

– Bəli, birinci orada gördüm. Bu qədər. Moskvadan gələndən sonra bir əqrəbasının, Vasif Talıbovun – Naxçıvan Ali Məclisinin sədrinin evində qalırdı. Orada ikimiz üzüm yedik və bir-birimizi tanıdıq.

– Hə, Vasif Talıbovun evində görüşdünüz…

– Hə, qayıdandan sonra da ilk dəfə orada gördüm onu.

– Nə söhbət elədiniz?

– Nə söhbət elədik? Məndən Pənahı soruşdu – “Pənah nətəri adamdır?”

– Pənah bəy o zaman baş nazir idi?

– Deyildi, hələ heç Xalq Cəbhəsi də yox idi.

 

“Niyə Pənah Hüseyni soruşursan, Elçibəyi yox?”, – dedim

– Hə, hə. Lap əvvəldən söhbət gedir.

– Mən də, “niyə Pənah Hüseyni soruşursan, Elçibəyi yox?”, – dedim.

– Çox maraqlıdır. Niyə Pənahı soruşub?

– Bilmirəm. Mən də “Pənah iyi birisidir, Xalq Cəbhəsinin aktiv üzvlərindəndir”, – dedim.

– Deməli, hələ o vaxt Heydər Əliyev ilk görüşdə sizdən Pənahı soruşub?

– Hə.

– Əbülfəz bəyi soruşmayıb?

– Hər halda Əbülfəz bəyi tanıyırdı.

– Hə, maraqlıdır. Niyə mənim ağlıma gəldi? Pənah bəy, həbsdən çıxanda da Heydər Əliyev onu qəbul elədi, onunla görüşdü, onunla söhbət elədi və sonra da o söhbət mətbuatda yayıldı. Və onunla da sizin Heydər Əliyevlə münasibətləriniz başladı, eləmi?

– Hə, ondan sonra mənimlə tez-tez görüşmək istədi. Dedi, “tez-tez görüşək”. “Olar”, dedim “görüşək”. Mən də Siyasi Büro ilə maraqlanırdım. Çünki Sovetlər Birliyi… Mən bir az fərqli bir adamam. Beynimdə bu vardı. 200 illik Amerika kosmosa çıxa bilmədi, 40 illik ruslar kosmosa çıxdılar. Deməli, texnolojisi yüksək idi. Yüksək texnolojiyə malik idi.

– Yəni, bunun səbəbi nə idi?

– Demək, yüksək bilgili insanları var. O insanların qurduğu bir sistem var. Əslində, Sovetlər Birliyinin çox yaxşı tərəfləri də var. İdeolojiləri, siyasiləri çox pisdir. Rus milləti ləyaqətli bir millətdir.

 

Rusiya Akademiyası Nobelə namizədliyimi irəli sürdü

– Elə də pis millət deyillər.

– Bəli.

– Ürəyiyumşaq millətdir.

– Bəli. Dostluq da edə bilirsən, mehribançılıq da edə bilirsən. Məsələn, elm adamı olaraq deyə bilərəm ki, Azərbaycan elminin inkişafında çox böyük xidmətləri var. Bunu dana bilməzsiniz. Bu haqda Rusiya Akademiyasında mənim çıxışımdan sonra mənim Nobelə namizədliyimi ruslar göstərdi. Amma bir cümlə əlavə etdilər ki, “əgər bu dediklərinizi eksperimental olaraq təsdiqləyirsinizsə…”

– Rusiya sizi Nobel mükafatına namizəd göstərib?

– Məni deyəndə, bizim apardığımız çalışma eksperimental olaraq təsdiqlənərsə, Nobel mükafatına namizəd olaraq irəli sürüldük.

– O, hansı araşdırmadır? Mötərizə olaraq bu haqda danışaq, sonra davam edərik. Hansı sahə üzrədir bu çalışma?

– İnsanların anlaması üçün nə deyəcəyimi bilmirəm. Amma məsələ belədir. Maddənin 3 halı var, sonradan məlum olub ki, sən demə, 4 halı var imiş. Bu, plazma halıdır. Nobel mükafatı almış Landau, Nobel ödülü almış Bridcman deyirlər ki, “sonsuzluğa qədər getsən maddənin maye halı mümkündür”.

– Qeyri-səlis məntiq nəzəriyyəsidir bu?

– Yox, bu, maddənin hallarıdır. Bərk halı, maye halı, plazma halı, qaz halı. Bu hallardan danışırıq. Mən isbat elədim ki, onların dedikləri, maddənin sonsuzluğa qədər maye halı mümkün deyil. Elə bir halı var ki, P=∞. Bu sonsuzluqda mayeni artıq bulamazsınız. İndiyə qədər əgər bütün elmi əsərlərə, ədəbiyyatlara baxsanız, görərsiniz. Hal dioqrammını elə çizirlər ki, elə bil maddənin maye halı hər zaman vardır. Amma xeyr, onun bəlli bir temperaturu var.

– Maddənin maye halı da itir?

– Bəli, maye halı da itir, yox olur. Yəni yox olur deyəndə, bunun da bir sərhəddi var. Bu sərhədlər içərisində maddənin maye halı mümkündür.

– Mən bu haqda o qədər də məlumatlı deyiləm. Amma yadımda qalan bir şey var. Orta məktəbdə fizikada belə bir anlayış vardı: enerji itmir və heçdən yaranmır, sadəcə bir haldan digər hala keçir.

– Tamamilə doğrudur.

– O zaman maddə itirsə, deməli, onunla bilikdə enerji də itir də. Maraqlıdır.

– İtmir. Əgər su haqda danışırıqsa, temperaturunu bir az düşürərsiniz, donar, bir az qaldırarsınız qaz halına, buxar halına keçər. Demək, bunun bir sərhəddi var. Bu hədd temperatura görədir. Bir də təzyiqi var. Maddənin elə bir temperaturu, elə bir təzyiqi var ki, maye sadəcə o sərhəd içərisində mövcuddur. O sərhəddin kənarında maddənin maye halı mövcud deyil.

– Yəni burada su buxara çevrilir, amma elə bir sərhəd var ki, o da olmur. Və siz də bunu sübut eləyirsiniz?

– Bəli.

– Rusların bayaq dedikləri eksperimental şeyləri eləyirsiniz?

– Son zamanlarda Amerikanın ən önəmli kimya dərgisində də bu haqda məqalə çıxdı.

– Yəni əgər bunlar eksperimental olaraq sübut olunarsa, siz Nobelə gedirsiniz?

– Nobel böyük mükafatdır, onu deməyim, amma çalışıram.

 

Sərdar Cəlaloğlu bunu bilməlidir – tək adama Nobel vermirlər

– Bilirsinizmi, Azərbaycanda ADP-nin sədri Sərdar Cəlaloğlu var.

– Tanıyıram.

– O da Nobel mükafatına iddialıdır. Deyir, “mən Nobel alacam”. Hətta Eynşteyni də tənqid elədi. Məlumatınız varmı, Sərdar Cəlaloğlunun yazılarından?

– Var, amma bir az fərqli düşüncələrdəyik. Məsələn, Sərdar Cəlaloğlu bunu bilməlidir – tək adama Nobel vermirlər. Nobel mükafatına layiq bir iş görsən belə, bir komandanın olması lazımdır. Ən azı, 2-3 kişi ilə çalışırsınızsa… Bu bir. İkincisi də bir fənn üzrə, məsələn, kimya üzrə, fizika üzrə verirdilər. Riyaziyyat üzrə zatən yoxdur. İndi isə elə deyil. Fizika-kimya, fizika-biologiya üzrə həyata keçirilən layihələrə verirlər. Kimya-tibb və s.

– Yəni Sərdar Cəlaloğlu ən azından bir komanda işinə meyllənməlidir?

– Bəli, elə olarsa, ona başarılar diləyək. Çox istərdim ki, Azərbaycanda bu işlərlə məşğul olsunlar, çalışsınlar. Sərdar da ola bilər, başqaları da…

– Azərbaycana Nobel gələ bilərmi?

– Niyə gəlməsin? Yəni gəlməməsi üçün bir səbəb yoxdur.

– Bakı neftinin hesabına Nobel mükafatını təsis etdilər, bir Nobel mükafatını ölkəyə gətirə bilsəydik, heç olmasa əvəz-əvəz olardı.

– Bilmirəm, bu əvəz-əvəz olarmı, amma bir zamanlar Azərbaycanda çox yaxşı bir məktəb var idi. Eldar Salayev Akademiyanın prezidenti idi. O dövrdə çox ciddi çalışmalar var idi. Onun dövründə çox yaxın bir dostum var idi, rəhmətlik Əziz bəylə – onu hər kəs tanıyır, universitetdə çalışırdı – yapdığımız bu çalışmanı Azərbaycanda başlatdıq. Bunu da deyim. O zaman Eldar Salayev dedi ki, “siz bunu Sovetlər Birliyinin Kəşflər və İxtiralar Komitəsinə göndərin, mən bunun yeni kəşf kimi təsdiq olunmasına yardım edəcəm”.

– Deməli, bu, sizdə hələ Sovet vaxtından var?..

– Bəli, bununla bağlı ilk məqaləm 1985-ci ildə orada çıxıb.

– Moskvada…

– Bəli. O zaman ilk dəfə “qrafaanalitik yöntəm” deyirlər, o yöntəm mənim adımla bağlıdır. Sonra biz onu yazdıq, Eldar müəllimə də təşəkkür elədik, Moskvaya göndərdik. Təxminən 2 ildən sonra birdən-birə “Бакинский рабочий” qəzetində böyük məqalə gördük. Bizim icad etdiyimiz şeyi Ovsiyenko familiyalı dağıstanlı birisi 3-4 adamla kəşfin təsdiqi kimi almışdı. Mən bunu Eldar Salayevə də dedim. Sonralar biz rəhmətlik Heydər Əliyevlə çalışanda, mən bunu ona söylədim. O mənə dedi ki, “əgər o zaman mənə desəydiniz, mən sizə yardım edərdim”.

– Burada bununla bağlı bir sual var, Natiq Adilov soruşur: “90-cı illərin ortalarında “Yeni Müsavat” qəzeti yazmışdı ki, Beycan müəllim maddənin V halını kəşf edib”. Bu məsələdir, eləmi? O haqda danışırıq?

– Əslində maddənin V halı demək çox da doğru deyil. Amma hə, o məsələdir.

 

Yusif Məmmədəliyevin ölümü şübhəlidir

– “Bu, o zaman məni bir kimya fakultəsinin tələbəsi kimi riqqətə gətirmişdi. Düşünmüşdüm ki, Naxçıvan torpağı ikinci Yusif Məmmədəliyevi yetişdirdi. Beycan müəllim, o kəşfin axırı necə oldu? Nəsə arxası gəlmədi.” O haqda danışırsınız, eləmi?

– Mən Yusif Məmmədəliyev ola bilmərəm. Yusif Məmmədəliyev dahi elm adamı idi. Mən bu gün də onun ölümündə bir şübhə görürəm.

– Yusif Məmmədəliyevin?

– Bəli. Çox bilgili, çox yetənəkli, kimya elminə çox böyük yeniliklər gətirən birisi idi.

– Yəni deyirsiniz ki, o, dünyasını təbii olaraq dəyişməyib?

– Mənə elə gəlir ki, hə, təbii olaraq ölməyib. O zamandan bir dahi şəxsiyyətimiz öləndə, dərhal belə bir fikir yayılırdı ki, “ermənilər öldürdü…”

– Hə.

– Hesab edirəm ki, onun ölümündə də bu müəmmalar var.

– O, gənc yaşında öldü? Harada, necə öldü?

– O şeylərə heç girməyək. Çünki mən çox da doğru olmayan cavablar verməyə bilərəm.

– Amma siz o ölümü təbii və normal hesab etmirsiniz?

– 1941-45-ci illərdə almanlarla savaşda rusların benzinə, petrola çox böyük ehtiyacları var idi.

– Təyyarə benzinini də Yusif Məmmədəliyev icad eləmişdi, deyəsən.

– Onun çox çeşidli, başarılı çalışmaları var.

 

Heydər Əliyev haqqında danışıramsa, Elçiibəy haqqında da, Vəzirov haqqında da danışmağım lazımdır

– Rəşad Qədirli yazır: “Torpağındandır, suyundandır-nədirsə, kəşf edə bilməsələr də, oralarda kəşf etməyə maraqlı olurlar”. Burada bir sarkazm var.

– Burada ona nə cavab verəcəyimi bilmirəm.

– Hər halda torpağı, suyu deyəndə naxçıvanlılara işarə vurub. Oranın insanları yəni nəsə kəşf eləməyə meyllidirlər. Heydər Əliyev məsələsinə qayıdaq. Bir az oradan aralanmışıq. Hər şey normal gedə-gedə, nə oldu ki?

– Nəyin normal getdiyini bilmirəm. Nə normal gedirdi ki?

– Siz baş nazir idiniz, Heydər Əliyev də Ali Məclisin sədri idi. Hər halda normal münasibətlər olmalı idi. Yəni nə oldu ki, siz birdən-birə Naxçıvandan gedəsi oldunuz? Bununla bağlı bir sual da var. Heydər Oğuz yazır ki, “Naxçıvandan qatar maşinisti kimi qaçdığı bildirildi. 1992-ci ildə yük qatarı ilə Meğridən keçmək onu qorxutmadımı? Ümumiyyətlə, bu informasiya doğru idimi? Naxçıvandan qaçarkən kim ona kömək etmişdi? İndi həmin adam nə iş görür?” Çünki informasiyalı adam kimi bu sualı verir. Burada başqa bir sual da var…

– Bir şey deyim. Mən əgər Heydər Əliyev haqqında danışıramsa, Elçibəy haqqında da, Vəzirov haqqında da danışmağım lazımdır. Çünki bu üç adam Azərbaycanın siyasətində…

– Çox maraqlı adamlardırlar. Hətta burada dördüncü adam haqııqnda da danışmalısınız, görünür. Çünki burada Heydər Oğuz yenə soruşur ki, “Heydər Əliyev ilə aralarına girən ziddiyyətin indiyə qədər bilinməyən səbəbi nə idi?” Burada Fərəməz Novruzoğlu müdaxilə edib, yazır ki, “Mütəlibovla gizli görüş”…

– Mən həyatım boyu kimsə ilə gizli görüşmədim. Mütəllibov Azərbaycan Respublikasının prezidenti idi. Mən də Naxçıvanın baş naziri idim. Mən gəldim Həsən Həsənovla görüşdüm. O zaman Mütəllibov Moskvada idi, onunla heç görüşmədim. Bunu orada, Naxçıvanda da söylədilər, mən güldüm.

 

Ayaz Mütəllibovdan xahiş etdim, Etibar Məmmədova bir “Zaparojets” versin, verdi

– Əslində görüşsəydiniz də bir qəbahət olmamalı idi. Naxçıvanın baş naziri ilə Azərbaycanın prezidentinin görüşməsində…

– Mənim Mütəllibova hörmətim var. Azərbaycan Xalq Cəbhəsi zamanında mən Mütəllibovdan bir ricada bulunmuşdum. Etibar Məmmədov əvvəllər Xalq Cəbhəsi İdarə Heyətinin üzvü deyildi. Universitetdə bir müəllim vardı – Mehdi…

– Mehdi Məmmədov…

– …hə, gözləri də görmürdü. O ora gəlib gedirdi. Onu da Etibar gətirib-aparırdı. Mən də xahiş etdim ki, Etibara bir “Zaparojets” verin, heç olmasa gəlsinlər, getsinlər. O da verdi.

– “Zaparojets?”

– Yəni bir maşın olmalı idi ki, onu aparıb-gətirə biləydi.

– Yəni siz Etibar Məmmədov üçün Ayaz Mütəllibovdan “Zaparojets” istəmisiniz?

– Bəli.

– O da maşın alıb verib?

– Bəli, maşın alıb verib deyəndə ki, parası-pulu ilə alıb verməyib e…

– Demisiniz maşın verin, onlar da veriblər.

– Hə.

– Sizin sözünüzlə veriblər də?

– Hə.

– Maraqlı bir şeydir.

– Nədir maraqlı?

– Çox maraqlıdır. Mənim üçün maraqlı bir şeydir ki, Etibar Məmmədova siz Ayaz Mütəllibovdan xahiş edib, maşın alıb veribsiniz.

– Etibar Məmmədov Azərbaycan xalqı arasında daha tanınmış və sayqı ilə yanaşdığım bir adam idi. Azərbaycan Xalq Cəbhəsində o zaman Mitinqlər Komitəsi vardı…

– Bəli, Tətil Komitəsi.

– Hə, həmin Tətil Komitəsi mənim bacım oğlunun evində yarandı. Görünür, biz nəsillikcə bir az da fədakar idik. O evdə Tətil Komitəsi yarandı, başında da Etibar Məmmədov idi.

– Öz eviniz də Xalq Cəbhəsinin qərargahı olub. Bəs bacınız oğlunun evi harada idi?

– Mikrorayonda idi. Hansında, indi yadımda deyil.

– Belə çıxır ki,  o ev də hərəkata xidmət eləyib də…

– Yəni, Tətil Komitəsi orada yaranmışdı. O bacım oğlu Abbas rəhmətə getdi.

– Allah rəhmət eləsin. Hə, Siz o zaman Vəzirov, Əbülfəz Elçibəy, Heydər Əliyev haqqında nə deyə bilərsiniz?

– Hərəsinin haqqında çox qısa bir şey söyləyəcəm.

 

Vəzirov Azərbaycan Mərkəzi Komitəsinin sədri idi, Nemət kim idi?

– Bu Vəzirov haqqında olarmı mən bir mötəriz kimi bir şey deyim. Çünki Nemət Pənahlı hər zaman bu haqda danışır. Deyəsən, o, Türkiyədən və ya İran səfərindən sonra sizdə qalıb. Bir neçə ay sizdə qalıb. Onunla aranızdakı münaqişə Vəzirovla görüşməyinizin üstündəmi olub? Çünki Nemət deyir ki, “mən gördüm ki, Beycan Vəzirovla görüşür, məni də Vəzirovla görüşdürmək istəyir, nəsə mən ayrıldım”. Belə bir şeylərin əsasları varmı?

– O sualı Nemətə verin. Onun düşüncəsidir. Nemət o qədər də böyük adam deyildi ki, mən onu gətirim, Vəzirovla tanış eləyim. Vəzirov Azərbaycan Mərkəzi Komitəsinin katibi idi. Nemət kim idi? Mitinqçilərdən biri idi. Mitinqlərdə çox danışmaqla bir şey olmaz ki…

– Yəni siz Nemət Pənahlını Milli Azadlıq Hərəkatının, Meydan hərəkatının qəhrəmanı və lideri saymırsınız?

– Azərbaycan xalqı qəhrəmandır. Orada Elçibəy, Həsən, Hüseyn, Beycan, İsa, Nemət – yox elə bir şey… Nemət təhsili olmayan, savadı olmayan, bilgisi olmayan bir adam idi. Onun şeirlə danışması insanları etkiləyirdi – baxın, bir zavod fəhləsi nələr edir. Məsələ bu idi. Amma “oturun!” deyirdi, hər kəs otururdu, “qalxın!” deyirdi, hər kəs qalxırdı. Bu da məntiqsiz bir şey idi.

– O zaman onu evinizdə niyə saxladınız? Qoruyurdunuzmu, yoxsa?

– Təkcə Nemət deyildi ki… Mənim evimdə hər kəs gəlib qalırdı. Bir dəfə mən həyat yoldaşımla gəldim, evdə qalmağa yer yox idi.

 

Göz dəydi, Xalq Cəbhəsinin o birliyinə göz dəydi

– Maraqlı bir şeydir…

– Evinizi heç kəsə açmayacaqsan, əgər açdınsa, sonuna qədər açacaqsan. Sən gəl, sən gəlmə, deyə bilməzsən.

– Hə, Beycan bəy, mənim üçün bir də bilirsinizmi, nə maraqlıdır?

– …Məsələn, mitinqlər gedirdi. Mitinqin sonunda Elçibəy başda olmaqla, Allah Nəcəf Nəcəfova da rəhmət eləsin – Azərbaycan Xalq Cəbhəsinin ən dəyərli üzvlərindən biri olub…

– Bu gün mətbuat günüdür. Nəcəf bəyi də xatırladıq, ruhu şad olsun. Nəcəf bəyin də bayramıdır bu gün.

– Çox dəyərli bir insan idi. Xalq Cəbhəsi üçün də dəyərli idi, Azərbaycan xalqı üçün də dəyərli idi. Əbülfəz Elçibəy, Nəcəf Nəcəfov da daxil olmaqla hər kəs mitinqdən sonra bizim evimizə gələrdi. Sanki gəlməsəydilər, bir şey olacaqmış kimi, nəsə olacaqdı. Bizim evdə də, çaydan-sudan, nə varsa ortaya qoyardıq. Görünür ki, göz dəydi. Xalq Cəbhəsinin o birliyinə göz dəydi. Sonra parçalanmağa başladı. Amma onu da demək istəyirəm. Mənim Vəzirova həmişə hörmətim olub. Azərbaycan Xalq Cəbhəsini Xalq Cəbhəsi eləyən Vəzirov oldu. Çünki Azərbaycan Xalq Cəbhəsi meydanlarda, çayçılarda, Beycanın evində, Həsənin yanında toplanırdı. Belə çox çirkin baxmırdı ki, insanlar ora niyə toplanır. Amma Vəzirov ilk dəfə Xalq Cəbhəsi İdarə Heyətini və Xalq Cəbhəsi Nəzarət-Təftiş Komitəsinin sədri kimi məni Mərkəzi Komitəyə dəvət edirdi, Azərbaycan xalqının gözündə bizi bir yerə gətirirdi.

– Ciddi bir qurum kimi yaranması üçün, bəli.

– Orada müzakirələr aparırdıq.

– Yəni deyirsiniz ki, sizi çayxana mühitindən çıxarıb, I katibin kabinetinə qədər aparmışdı?

– Məsələn, bu gün ən çox bəyənmədiyim bir şey var. 55-60-100 ildən sonra birinin Azərbaycan Ensiklopediyasında Vəzirovun adını görməməsi, heç də xoş bir şey deyil. Zatən istəsəniz də, istəməsəniz də bəlli bir dövrdə Azərbaycanın Mərkəzi Komitəsinin I Katibi olaraq fəaliyyət göstərib. Onu sevərsiniz, sevməzsiniz, bu, bir başqa şeydir.

– Yəni onun da tarixdə yerini alması lazımdır, deyirsiniz?

– Bu, bir az naxələflik olur. Tarixə xəyanət olur. Bu adam gəlib və orada oturub. Bacarığının olub-olmaması başqa bir şeydir. Mənim gözümdə bacarıqlı idi.

 

Elçibəy dedi ki, Vəzirovdan küsmüşəm

– Beycan bəy, deyirsiniz yəni Vəzirov müsbət adam idi? Onun dediyi ilə Cəbhə getsəydi, bəlkə daha ciddi şeylər əldə olunardı?

– Bilmirəm, onun dediyi ilə gedilsəydi, daha ciddi yerlərə ulaşılardı-ulaşılmazdı, bilmirəm. Rafiq müəllim Azərbaycana gedəndə – bilmirəm, bu danışdıqlarımızı dinləyəcək, ya yox.

– Mütləq dinləyəcək, “Qaynar Qazan”ı hər kəs dinləyir.

– Dedi ki, “Vəzirov Elçibəyi çağırıb, Elçibəy də getməyib, üç gündür.”. Bunu onun özündən də soruşa bilərsiniz. Biz Elçibəylə dostuq, yəni çox yaxınıq. Dedim ki, “bizi çağırıb, niyə getmirsən?” Dedi, “Küsmüşəm. Niyə gedim?”

– Vəzirovdan?

– Hə.

– O zaman Cəbhə var idi?

– Hə, Cəbhə var idi. Amma bunu da deyim. Vəzirovun anası rəhmətə getmişdi, Elçibəy getdi, başsağlığı verdi. O zaman nətəri küsmüsən? Dedi ki, “o, başqa bir şeydir, onun anası rəhmətə getmişdi, başsağlığına getmişəm”.

– Amma belə getməyəcəm, küsmüşəm?

– Hə, belə getməyəcəm, küsmüşəm. Soruşdum ki, niyə küsmüsən? Dedi ki, mən ondan bir vertolyot rica elədim ki, versin, biz Şuşaya gedək. Şuşa o zaman yalqız qalmışdı, gedib-gəlmək çətinləşmişdi. Başqa cür də gedib-gələ bilməzsən. Ora insanlar xəstə idisə doktorlar gedər, elm adamları gedər, görüşər, xəstəni müalicə eləyib, gətirər. “… Amma eləmədi”. O zaman da Vəzirov dedi ki – üçümüz oturmuşuq…

– Siz o zaman Elçibəyi ikna eləyib Vəzirovun yanına apardınız?

– Bəli, getdik. Rafiq müəllimlə də üzbəüz oturduq.

– O zaman Rafiq müəllim Mərkəzi Komitənin ideologiya şöbəsinin müdiri idi, eləmi?

– Dəqiq vəzifəsini bilmirəm.

– Amma katiblərdən biri idi, deyəsən.

– İdeoloji katib idi, nəsə belə bir şey idi. Rafiq müəllimi haradan tanıyıram? Universitetin rektoru idi. Mən də nazirlikdə işləmişdim. Rektor işlədiyinə görə tez-tez nazirlikdə olurdu.

 

Vəzirov küçə hərəkatını bəyənmirdi, “gəlin iqtidara, hökuməti idarə eləyin” deyirdi

– Yəni o vaxtdan tanış olmusunuz…

– O söhbətlər mənim üçün çox ilginc idi. Vəzirov Azərbaycanda küçə hərəkatını çox bəyənmirdi. “Gəlin iqtidara, gəlin hökumətə, hökuməti idarə eləyin, bunun üçün də parlamentə gəlməyiniz lazımdır” deyirdi. O parlament məsələsini Vəzirov çox canı-dildən istəyirdi. Amma bəzi şeylər başarısız oldu. Demək, başqa bir şeylər var. Mən Vəzirovun əks hərəkətini görmədim. Sadəcə bəzi qətiyyətsiz hərəkətləri oldu. Məsələn, Ermənistandan gələn azərbaycanlıları Qarabağa yeləşdirə bilərdi, amma yerləşdirmədi, Azərbaycanın başqa rayonlarına yerləşdirdi. Bunun sonu mənfi nəticələndi.

– Bir az da Azərbaycan dilini, mental dəyərlərini bilməməyi onu gülüş hədəfinə çevirdi.

– Hansımız rus mədəniyyətindən, rus dilindən kənarda qalmışdıq. Hamımız itki vermişdik. O zaman böyük moda vardı. Biz uşaqlarımızı ingiliscə oxutmurduq ki, rusca oxudurduq.

– Bəli.

– O, Rusiyada oxumuşdu, sonra da orada qalmışdı. Daxili İşlər Nazirliyində çalışmışdı. Belə-belə gəlmişdi.

– Həmin görüşdə Elçibəylə Vəzirov barışdılarmı?

– O qədər də savaş yapan küsülülər deyildilər. Əbülfəz bəy, o qədər də dərinə getməmişdi. Hər halda barışdılar.

– Heydər Əliyevlə qırılma məqamından danışırdıq. Nə oldu ki, münasibətlər belə kəskinləşdi, Beycan bəy?

– Nə oldu? Onu nə şəkildə deyəcəyimi bilmirəm. Bilirsinizmi?

– Bir sual var, bəlkə ondan başlayaq? İqbal Dəmirlidən başlayaq, bəlkə bu sualdan giriş eləyə bilərik. İqbal Dəmirli yazır: “Necə olur ki, Heydər Əliyev həmin dövrdə Sürət Hüseynovla, Elbrus Orucovla, Nizami Bəhmənovla, BP şirkətinin nümayəndələri ilə, eləcə də Rusiyaya səfər edib, rəsmi dairələrlə görüşlər keçirir, amma baş nazir olaraq, bu işlərdən xəbəri olmur?” Beycan bəy, sizin münasibətləriniz hansı səviyyədə idi ki, sizin görüşlərdən onun xəbəri olsun və ya olmasın…

– Bir az bəlkə tamaşaçılar üçün fərqlilik ola bilər. Mən Heydər Əliyevlə şərt kəsmədim, amma belə dedim, “mən siyasətlə məşğul olmuram. Bu saat Naxçıvan savaş halındadır, Azərbaycan savaş halınndadır, mən iqtisadiyyatla məşğul oluram. Kiprlə, Türkiyə ilə, İranla əməkdaşlıq edib, Naxçıvanı bu böhran halından çıxaraq. Çünki bizim o qədər imkanlarımız yoxdur. İnsanların yeməsi, içməsi, filan”. Ona görə, bəlkə də toplanıblar, bəlkə də gediblər. Çox da maraqlanmazdım o cür şeylərlə. Əgər Heydər Əliyev Moskvadan Naxçıvana gəlmişdisə, o, canı-könüldən Azərbaycana xidmət eləməyə gəlmişdisə, o zaman Heydər Əliyevin kiminlə görüşdü, kiminlə görüşəcək, mənim heç marağımı çəkməz. Elə bir görüşün olduğunu da ilk dəfədir ki, bilirəm. Xəbərim olsaydı, mən söylərdim.

– Tanınmış jurnalistlərdən biri Vüqar Qurdqanlı yazır ki, ““Heydər Əliyev haqqında mən bildiklərimi heç kim bilmir”, demişdi. Onun haqqında nələri bilirdi?”

– Kim demişdi?

 

Heydər Əliyev sağ-salamat olsaydı, daha rahat danışardım

– Siz. İddia edir ki, siz belə demisiniz. Fərəməz Novruzoğlu burada da müdaxilə edərək yazıb ki, “Çox şey bilir. Həm də çoxlarından çox şey bilir”. Nə bilirsiniz? Heydər Əliyev haqqında daha çox nə bilirsiniz?

(Gülür…) Bəlkə də mənim… Bilirsən, niyə belə duruxa-duruxa deyirəm? Heydər Əliyev sağ-salamat olsaydı, hər şeyi daha dəqiq söyləyərdim.

– Daha rahat danışardınız…

– Daha rahat danışardım. İndi o, o dünyadadır. Hər kəs də bilir ki, biz bir-birimizi çox sevmədik. Mən indi bir şey söyləyəcəm, "sevmədiyinə görə belə dedi", deyəcəklər.

– Yəni qərəzli görünmək istəmirsiniz?

– Hə, onu istəmirəm. Amma belə bir şey deyim. Fərəməz hər halda o toplantılarda… Qafar Məmmədov var idi…

– Heydər Əliyevin müavini…

– Tanıyırdınızmı?

 

Heydər Əliyevdən bir neçə şeyi öyrənmək lazımdır

– Bəli.

– Ondan soruşun. O, daha yaxşı bilir, bizim aramızda olan münasibəti. Mən daha qısa şəkildə söyləyim. Naxçıvan muxtariyyətində bir dəfə belə bir problem çıxdı – Kommunist partiyası ləğv olundu, onun mülkiyyəti qaldı. Onunla bağlı bir toplantı çağırdı. Hər kəsi ora çağırdı. Mən də baş nazir olaraq toplantıya qatıldım. O toplantını dinlədim. Heydər Əliyevdən bir neçə şeyi öyrənmək lazımdır. Bunu söyləyim. 1. Toplantını çox gözəl idarə eləyirdi. Necə başlayıb, necə qurtarmağını bilirdi. O, ən kiçik şeylərdən başladı, sonunda – mənə ya “əfəndim” deyərdi, ya “baş nazirim” deyərdi – mənə belə müraciətlə dedi ki, “baş nazirim, sən də sözünü de!” Mən o zaman daha gənc idim, daha enerjili idim. Dedim ki, “bu toplantını bəyənmədim, Heydər bəy. Çünki siz bizim funksiyamızı almısınız. Parlament olaraq, bu muxtariyyatda Kommunist partiyasının mülkiyyətinin həlli verilməlidir baş nazirə. Baş nazir onu müzakirəyə çıxarar, məsələni həll edər, sonra da sizə təqdim olunar. Siz də qərar verərsiniz. Siz elə eləməmisiniz. Birbaşa özünüz müzakirə edirsiniz. Bu deyilənlərlə də mən razı deyiləm”. Əsas məsələ buradan başladı. Mən dedim ki, deyilənlərlə razı deyiləm və mən bunu universitetlərə verirəm. O da “mən həyatımın çox hissəsini universitetlərə xidmət etməklə keçirdim” dedi və mən də razılaşmadım, dedim ki, “Azərbaycan bilir ki…”

– MTN-i də, “KQB”-ni də Heydər Əliyev bağlamışdı.

(Gülür…) Hər halda bu şeyləri bilirsiniz, bildiyinizə görə də mənə klauz deyirlər, klauz suallar verirsiniz.

– Təbii ki…

– Hə, yenə bir dəfə Naxçıvan Ali Məclisinin toplantısı gedir. Mən bu toplantıya gəldim. Gördüm ki, “KQB”-nin sədrini çıxarıblar ora…

 

Bakıya gedəndən bir gün sonra, Naxçıvanda “KQB”ni bağladılar

– Çünki “KQB” sizə bağlı idi. Nazirlər Kabinetinə bağlı idi.

– Bəli, deməli, bunu çıxarıblar ora, bir söz var “divara dirəyiblər” ki, ““KQB” nə iş görür?” Mən də baxıb dedim ki, “Heydər Əliyev, “KQB”ni siz qurmusunuz, bilmirsiniz ki, nə iş görür? Bu adamdan nə istəyirsiniz? Bu adam sizə xidmət edir də…” Qoymadım danışmağa. Dedim, “en aşağı, en aşağı”. Onu endirdim aşağıya, qoymadım danışmağa. Nə iş görürlər? İndi zamanı keçib, deyim sizə nə iş görürlər? O zaman Naxçıvandan mal-heyvan oğurlanırdı. Onlar xəbər verirdilər, buradan ora getdilər, ora apardılar. “KQB” “KQB” idi də, siz bilirsiniz ki, nə iş görürlər. Əgər Azərbaycana xidmət edibsə, bunları edib. Ondan əlavə, mən Bakıya getdim. Bakıya gedəndən bir gün sonra, xəbər gəldi ki, Naxçıvanda “KQB”ni bağlayıblar.

– Sizin o bir gün olmamağınızdan istifadə eləyiblər. Bu da hər halda məsəslələri dərinləşdirdi, eləmi?

– Ciddi dərinləşdirdi. Çox ciddi.

– Beycan bəy, Naxçıvandan deyilən kimi çıxmışdınız, vaqonda çıxdınız?..

– Bəli, bəli, doğru.

– Meğridən keçdiniz?

– Bəli.

– Hər halda böyük riskdir.

– Hə, mən…

– Ermənilərin əlinə keçə bilərdiniz…

– Keçə bilərdim. Amma Naxçıvanda bir “Qadınlar briqadası” var idi. Rəhmətlik Mikayıl yadındadırmı?

– Mirzə?

– Mikayıl Mirzə…

– Şeir deyən?

– Şeir deyən. Naxçıvanda ona nə elədilər, yadınızdadırmı? Saqqalından tutdular, üzünə tüpürdülər, pencəyini cırdılar…

– Aaa…

– Sonra gördülər ki, bu, yanlış adamdır. Eyni şeyləri AXC-nin sədrinə eləməli idilər. Mirmehdiyə qarşı eləməli idilər.

– Naxçıvan Xalq Cəbhəsinin sədrinə?

– Hə, Naxçıvanın deyil, Azərbaycanda Xalq Cəbhəsində Elçibəyin yerinə olan Seyid Mehdiyə qarşı eləməli idilər.

 

“Qadınlar briqadası” təxribat edəcəkdi…

– Hə, Mirmahmud Fəttayevə qarşı?

– Hə, o adama qarşı. O, Kələkiyə getməli idi, getməməsi üçün hazırlanmış oyun idi. Eyni şey də mənim üçün hazırlanmışdı.

– Qadınlardan ibarət bir hücum…

– Bunu mən qəbul edə bilməzdim. Erməni əlinə keçməli olsam da, bir arvadın mənim saqqalımdan tutub, üzümə tüpürməsinə razı ola bilməzdim.

– Yəni o həddə sizə qarşı təxribat gözlənilirdi?

– Bəli, burada olmayan bir sual verim sənə. Mənim Naxçıvanda evim yox idi, harada qalacaqdım? Bir yerdə qalmalıyam, yoxsa yox?

– Eviniz də yox idi Naxçıvanda?

– Yox. O zaman baş nazirlər üçün tikilmiş evlər var idi, mənə də bir ev vermişdilər, orada qalırdım. Gecəykən evin hər tərəfindən tapançalarla başladılar güllə atmağa.

 

Mənə verilən tapançanı Zəminə xanıma vermişdim

– Siz baş nazir vəzifəsində ola-ola?

– Hə.

– Sizin elə bir səlahiyyətiniz, dəstəniz yox idimi? Axı, o vaxtlar çoxlarının silahlı dəstələri var idi?

– Mənim siyasilərdən bir fərqim ondadır ki, mən acıdiləm. Amma adam öldürmək, tapança gəzdirmək… Düzdür, baş nazir olanda mənə bir tapança vermişdilər, mən də yoldaşıma vermişdim.

– Zəminə xanıma?

– Hə, Zəminə xanıma vermişdim ki, gəzdirsin.

– Zəminə xanım tapança gəzdirirdi?

– Hə. Mən heç o silahın üzünü də görmədim. Heç indi də.

– Bəs o tapançanın axırı nə oldu?

 

II hissənin sonu

 

 

Strateq.az