Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyul 2018
BE ÇA Ç CA C Ş B
« İyn    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  



XƏBƏR LENTİ

23 İyul 2018
22 İyul 2018

Digər Xəbərlər

14 Aprel 2018 - 15:19

QƏRBİN MƏHV ETDİYİ LƏNƏTLƏNMİŞ İRAQ:Məhəmməd (s) peyğəmbərin törəməsi I Feysəldən diktator Səddam Hüseynədək uzanan yol... - ARAŞDIRMA

Aleksey Naumov

lenta.ru

 

Gurultulu Amerika tankları 15 il qabaq diyirlənib Bağdada girdi və İraqın – XX əsrin əvvəlində Osmanlı imperiyasının xarabalıqları üzərində meydana çıxan yöndəmsiz ölkənin tarixində yeni fəslin başlanğıcını qoydu.

İraq uzun onilliklər boyu Britaniyanın de-fakto müstəmləkəsi olmaqla qandalları yalnız ona görə atıb ki, qüdrətli və qəddar Səddam Hüseynin köləliyinə düşsün. Amerika müdaxiləsi də azadlıq gətirməyib – hakimiyyətsizlik illəri İŞİD-in amansız və dağıdıcı həmləsiylə başa çatıb – ondan can qurtarmaq daha çox ərəbin qanını axıdıb.

Səddam Hüseyn deyirdi: “İraq böyük ölkədir. Artıq dəfələrlə bu cür olub. Millətlər zirvələrə, adətən, yalnız bir dəfə qalxır. İraq isə orada dəfələrlə olub: islama qədər və islamdan sonra. Bu hədiyyə İraq xalqına Allah tərəfindən verilib. İraqlılar çöksələr, yenidən qalxacaqlar”.

Əlbəttə, o, hiylə edirdi: “əl-İraq” söz birləşməsi bu əraziləri göstərmək üçün hələ eramızın VI əsrindən işlənsə də, dünya XX əsrədək tamdəyərli İraq tanımayıb.

 

İmperiyanın ucqarı və aldadılmış ərəblər

 

Britaniya və Fransa I dünya savaşı zamanı 1916-cı ildə o zaman zəifləmiş Osmanlı imperiyasına məxsus olan Yaxın Şərqin bölünməsi haqda gizli saziş imzalayıb. Qərb dövlətləri aşkarca yaşamaq bacarığı olmayan dövləti parçalamağı arzulayaraq, uzun illər boyu ərəb millətçiliyinə əl tutaraq eyham vurub ki, müstəqil ərəb dövlətlərinin yaranmasına qarşı deyil. Əslində, fransızlar və britaniyalılar ərəb krallıqlarının meydana çıxmasına qarşı deyildilər, amma bir şərtlə – onlar Avropa dövlətlərinə tamamilə tabe olacaqsa. Ərəblərin özləri haqda lap axırda düşünürdülər: London və Paris daha çox Yaxın Şərqi bölməkdə maraqlıydı.

Onların Antanta üzrə müttəfiqi – Rusiya imperiyası etiraz etmədi:  Konstantinopolu, Dardanel boğazını və bu vaxta kimi türklərdən döyüşlə alınmış əraziləri tələb etdi. Yaxın Şərq Peterburqa gərək deyildi – imperiyanın Bakıda və Qroznıda geniş neft mədənləri var idi.

Osmanlı imperiyasının əsgərləri I dünya savaşında

 

Rusiyanın  planları gerçəkləşməyə məhkum deyildi – hakimiyyəti ələ keçirən bolşeviklər, demək olar, bütün mövqeləri verdilər və almanlarla Brest sülh müqaviləsinin bağlanmasına gedərək, de-fakto uduzan tərəfə qoşuldular. Britaniya və Fransa daha müvəffəqiyyətliydi: onların Osmanlı torpaqlarına iddiaları təmin olundu. Lakin torpaq Avropa qrandlarını (zadəgan-tərc.) daha çox neft yataqlarına görə maraqlandırırdı.

O zamanlar kömür hələ də əsas yanacaq kimi qalırdı, amma “qara qızıl” tədricən mövqeləri fəth edirdi: məsələn, britaniyalılar bütün donanmanı neft məhsullarına keçirmişdilər.

İkinci reyx ən nəhayətdə Antanta və müttəfiqi Amerikanın zərbəsindən çökəndə qaliblər 1919-cu ildə çağırılan Paris sülh konfransına qəniməti bölüşməyə yığışdılar. Şahzadə I FeysəlMuhəmməd peyğəmbərin törəməsi, Məkkə şərifinin oğlu, islamın iki müqəddəs ocağının Mühafizi, I dünya savaşının  qəhrəmanı da ora gəldi. Feysəl hərbi əməliyyatlar zamanı Böyük Britaniyanı dəstəkləyirdi və Osmanlı ağalığına qarşı ərəb üsyanı təşkil etmişdi. Onun qoşunları Mədinəni çevrəyə aldı və götürdü, sonra isə Şərqi Suriyanı ələ keçirdi.

Şahzadə ümid edirdi ki, Avropanın böyük dövlətləri sadiq xidmətin bədəlini ödəyəcək və türklərdən döyüşlə alınmış ərazilərdə müstəqil ərəb dövlətinin qurulmasını dəstəkləyəcək. Osmanlılarla çarpışmada ərəblərə yardım edən əfsanəvi Lourens Ərəbistanlı da onun arzusuyla həmrəy idi. Amma Britaniyanın öz planları var idi.

Oksford universitetinin professoru Marqaret Makmillan iddia edir:  “Onlar daha çox almanlarla sülh bağlamağa, Millətlər Liqasının qurulmasına və dünyada yeni düzənin müəyyən edilməsinə maraqlıydıalr. Böyük dövlətlər hesab edirdi ki, ərəblər daha aşağı səviyyədə inkişaf etmiş xalqdır, hələ özlərini idarə etməyə qabil deyil və deyilənləri itaətlə qəbul edəcəklər. Hətta amerikalılar da bu cür qiymətlə razılaşırdılar”.

Britaniya imperiyası 1920-də İraqı yönəltməyə mandat aldı – bu dövlətin çağdaş sərhədləri elə o vaxt müəyyən edilib. Lakin yerli sakinlər yeni ağalara şad deyildilər və Londonun minlərlə həyat bahasına boğduğu iriçaplı üsyan təşkil etdilər. Britaniya ordusu zabiti Con Qlab dəhşətlə dərdləşib: “Yadımdadır, Uinston Çörçill 1921-də mənim dövrümdə Qahirəyə gəlib konfrans keçirdi ki, türklər qovulandan sonra bizə çatan bütün bu Yaxın Şərqlə nə edək. Orada tam hərc-mərclik idi. Yan-yörədə hətta osmanlıların da tam ram etmədiyi hansısa silahlı tayfalar vardı”.

Britaniyalılar konfransda anladılar ki, ərəb millətçiliyinin öhdəsindən gəlməyəcəklər və dövlətin başına bu xalqın loyal təmsilçisini qoymağı qət etdilər.

Paris sülh konfransına gəlmiş Feysəl bu qayda ilə İraqın – daxildən və zahirən heç kimin tanımadığı ölkənin kralı oldu. Onun  qarşısında ən ağır vəzifə dururdu – idarəçiliyi altında yaşayan ərəblərə  onların əslində iraqlı olduğunu izah və onları buna inanmağa vadar etmək.

Bundan başqa, təbəələr içində Birləşmiş Krallığın oyuncağı sayılmamaq və bu zaman britaniyalıları qəzəbləndirməmək gərək idi. Oyuncaq sayılmamaq xüsusən çətin idi: London və Bağdad 1922-də ölkəni de-fakto müstəmləkə durumuna qoyan anlaşma imzaladı. İraq buna uyğun olaraq xarici siyasət və silahlı güclər üzərində nəzarəti imperiya hökumətinin tam nəzarətinə verdi, habelə iqtisadi və siyasi suverenliyin önəmli payından imtina etdi. Britaniyalılar üç ildən sonra İraqın resurslarını da ələ aldırlar – Bağdad hasil edilən neftdən ödəniş haqqı aldı, amma öz ərazisində yaradılan neft hasilatı şirkətlərinin səhmlərinə hüququ yox idi.

Şahzadə I Feysəl (ön planda) və Lourens Ərəbistanlı (arxa planda sağdan ikinci)

 

Feysəl yenə də böyük müstəqilliyə doğru kurs götürdü və 1932-ci ildə Londonu ona müstəqilik verməyə dilə tutdu. Britaniya ölkə ərazisində hərbi aerodromların yerləşdirilməsi və qoşunların yerdəyişmə hüququnu özündə saxladı. Buna baxmayaraq, bu, təskinlik duyğusu  gətirmədi: kral belə də öz təbəələrindən vətəndaş düzəldə, onlara vahid millət duyğusu aşılaya bilmədi. O, bir ildən sonra öldü və taxt oğlu Qaziyə keçdi. Amma o, 1934-də avtoqəzada həlak oldu.

 

Üçüncü reyxin kölgəsi

 

II dünya savaşının qızartıları işarırdı, Hitlerin tankları var gücüylə Avropanı ütüləyirdi – bu çətin dövrdə Britaniyaya özünün yaratdığı İraqın loyallıq zəmanəti lazım idi. Bu vaxt ölkənin başında I Feysəlin nəvəsi II Feysəl dururdu. Üçyaşlı oğlanın özü idarə edə bilmirdi və ona britaniyalıları bütünükdə qane edən regent (hökmdarın naibi, onu əvəz edən-tərc.) təyin etdilər.

Londonun ağalığından narazı hərbçilər 1941-də öz addımlarını atdılar – öz hökumətlərini yaratdılar, Rəşid Əlini baş nazir qoydular, nifrət etdikləri regenti qovdular və Üçüncü reyxlə yaxınlaşma kursu elan etdilər. Britaniyalılar belə bir şapalağa dözmədilər – Hindistandan əsgər gətirməyə başladılar və çevrilişdən cəmi bir ay sonra, mayın 2-də Əlahəzrətin qoşunu İraqa soxuldu. Din səlahiyətliləri Londona cihad elan etdilər.

Lakin uğur britaniyalılara yar oldu: bunu şəxsən Uinston Çörçill qeyd etdi. Baş nazir müdaxilədən cəmi beş gün sonra qruplaşma komandirinə yazmışdı: “Sizin parlaq və cəsur əməliyyatlarınız durumu praktik olaraq bərpa edib. Biz sizin görkəmli kampaniyanızı izləyirik. Gərəkən köməyi sizə göndəririk. Bu ruhda da davam edin!”

Kral HHQ bu dövrə yaxın İraqın, demək olar, bütün təyyarələrini məhv etmişdi və qələbə təmin olunmuş görünürdü. Amma alman nasistləri öz rollarını oynamağa hazırlaşırdılar. Almaniya xarici işlər naziri İoahim fon Ribbentrop dövlət başçısı Adolf Hitleri müdaxilə etmək üçün dilə tutdu: fürer ərəb millətçilərini dəstəkləmək haqda 30 saylı fərman imzaladı və lüftvaffe polkovniki Verner Yunk mayın 6-da təyyarələri Yaxın Şərqə keçirmək əmri aldı.

Nasistlərin işğal etdiyi Fransa onlara yardım etdi: alman təyyarələri onun Suriyadakı bazasından istifadə etdi və Britaniyanın yerüstü bölmələrinə müntəzəm həmlə etdilər. Yunkun 30 təyyarəsinin hamısı İraq aviasiyasının rənginə boyanmışdı. Mayor Aksel fon Blomberq İraq qoşunları və lüftvaffenin əməliyyatlarını əlaqələndirmək üçün Bağdada uçdu, lakin iraqlıların özləri onun təyyarəsini atəşə tutdular. Artıq yerdə məlum oldu ki, alman komandiri həlak olub.

O zaman Almaniya və SSRİ Molotov-Ribbentrop paktının müddəalarına uyğun olaraq de-fakto müttəfiq idi və Moskva nasistlərin dəstəklədiyi İraq hökumətini tanıdı. Bu arada Vişist Fransası Almaniyanın xahişiylə İraqa 15,5 min tüfəng, 6 milyon patron, 200 pulemyot və 900 pulemyot lenti, habelə 10 min mərmiylə 75 mm-lik dörd silah göndərdi. Sonralar Türkiyə üzərindən 30 min qranat, 6 min mərmiylə 155 mm-lik səkkiz silah və 32 yük maşını tədarük olundu.

Britaniyalılar məharətlə vuruşurdular və “Gerinqin şahinləri” savaşın gedişini dəyişə bilmədilər – hətta Hitlerin müttəfiqi diktator Benito Mussolininin göndərdiyi İtaliya təyyarələrinin də xeyri olmadı. Mayın sonuna doğru Bağdad ələ keçirildi – cihad elan etmiş böyük müfti Rəşid Əli, habelə hökumətin bir çox başqa üzvləri əvvəlcə İrana, sonra Almaniyaya qaçdılar. Britaniyalılar öz regentlərini Bağdada qaytardılar və durum normallaşdı. İraq yenidən Britaniya hökmranlığına düşdü, ora göndərilən qoşunlar isə İrana yollandı ki, Qızıl Orduyla birgə oranı işğal etsin. Almanlar da getdilər – məsələn, birbaşa qədim Palmirada  vurulmuş iki “Heinkel He 111” bombardmançısını qoymaqla.

 

Köləliyə azad edilənlər

 

Britaniya tacının hakimiyyəti qayıtdı, amma bu, sadə iraqlılara sevinc gətirmədi. Neft gəlirlərini ölkədən daşımağı davam etdirdilər, regent hökm etməyə başladı, sadə sakinlər yerli feodallara köləliyi davam etdirdilər. Ərəb millətçilyi və antiqərbçiliyin populyarlığı tədricən artdı –bu, kommunist ideyaları üçün münbit zəmin yaratdı.

Hakimiyyət ənənə üzrə xalqın rəyini dinləmirdi – İraq 1956-da Britaniya, Türkiyə, Pakistan və (o zaman hələ İslam Respublikası olmayan) İranın antikommunist alyansı Mərkəzi Müqavilə Təşkilatının (Bağdad paktı) tərkib hissəsi oldu. Nəhayət, böyüyən və taxtı tutan II Feysəl təntənəylə bildirdi: “Ölkələrimizin uzunmüddətli və məhsuldar əməkdaşlığı Bağdad paktı sayəsində daha da möhkəmləndi. Mən bilirəm ki, əsil dostlar kimi gələcəyə sülh və uzlaşma mühitində gedirik”.

O, sıxlaşan, paytaxtı sarsıdan antibritaniya və antifeodal etirazlara diqqət yetirmirdi. Tikritin şəhərciklərindən Səddam Hüseyn adlı kənd uşağı da tez-tez “qalmaqalçılar”ın içində olurdu.

Səddam Hüseyn. 1980-ci il

 

Hərbçilər iki ildən sonra – 1958-də Feysəli və varisini öldürdülər və bütün kral ailəsini qırıb çatdılar. Ölkənin başında general Əbdül Qasim durdu. Səddam Hüseyn bir ildən sonra “Bəəs” millətçi-sosialist partiyasından silahdaşlarıyla birlikdə onu öldürməyə cəhd etdi. Sui-qəsdçilər məğlub oldu, Hüseyn ölkədən qaçdı.

Bu arada Qasim hələ britaniyalıların yaratdığı neft şirkətindən səhmlərin 20%-ni və gəlirlərin 55%-ni tələb etdi. Rədd cavabı alaraq neft nəhənginin dövlətin xeyrinə müsadirəsi haqda fərman verdi. Britaniya və ABŞ generala təzyiqə başladı, o, cavabında İran, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təmsilçilərini Bağdada topladı. Beş ölkə OPEK-in – neft qiymətlərinin formalaşması prinsiplərini pozmaq və iqtisadiyyatca inkişaf etmiş ölkələrin hesabına neft hasilatçılarını varlandırmaq qabiliyyəti olan təşkilatın qurulduğunu elan etdi.

Bəəs”dən millətçi-sosialistlər 1963-də Qasimi devirib güllələdilər. Edam kadrlarını milli televiziya ilə göstərdilər. Küçələrdə qırğın başlandı, Səddam Hüseynin tərəfdarları evbəev gəzir və kommunistləri qətlə yetirirdilər. Amma bəəsçilər hakimiyyətdə duruş gətirmədilər: onları bir neçə aydan sonra İraq deyil, ümumərəb millətçiliyi tərəfdarları devirdilər. “Bəəs” partiyası 1968-ci ildə baş vermiş çevrilişdən sonra hakimiyyətdə qəti şəkildə möhkəmləndi.

 

Ərəbsayağı millətçi sosializm

 

Gələcək diktator Səddam Hüseynə coşğun 1960-cı illəri keçməkdə dayısının əmioğlusu Həsən əl-Bəkrlə dostluq kömək edib. Əl-Bəkr 1941-ci il uğursuz – üsyançıları Hitlerin dəstəklədiyi antibritaniya çevrilişindən sonra gözdən düşən zabit idi. O, 1960-cı ilə doğru “Bəss” partiyasının iri funksioneri olmuşdu. Səddam Hüseynlə köhnə rejimin zabiti və küçə qarşıdurması üzrə ekspert yaxşı cur idilər. Buna görə də bəəsçilər 1968-də əl-Bəkri ölkəni yönəltməyə təyin edəndə Səddam Hüseyn tezliklə onun təhlükəsizlik qurumlarını idarə edən sağ əli oldu. Əl-Bəkr hakimiyyətə gəlməkdə ona yardım edən partiya silahdaşlarına divan tutmağa girişdi. Kimisə edam etdilər, kimisə önəmsiz diplomatik postlara təyin etdilər. Bəəsçilər “ərəb nefti ərəblərə” şüarı altında ölkənin neft sənayesini milliləşdirdilər. Neftin qiyməti kəskin yüksəldi – bu, hökumətə şəhər və kəndləri elektrikləşdirmək, yollar salmaq və xalq təhsiliylə məşğul olmaq imkanı verdi.

Hüseyn xüsusi xidmətlərə rəhbərlik edərək getdikcə daha nüfuzlu olurdu. 1977-də sünni əl-Bəkr şiələrin kütləvi çıxışlarından sonra müdafiə naziri postundan imtina etdi və qalan nüfuzunu da itirdi – Səddam dövlətin gerçək lideri oldu. O, cəmiyyətin kommunistlərdən qurtulması üzrə kampaniya başladı, lakin kompartiya nüfuzunun cüzi olduğu, bir çox liderlərinin isə sürgün olunduğu və ya bəəsçilər tərəfindən edam edildiyi nəzərə alınsa, kampaniya onun partiya daxilindəki şəxsi rəqiblərinin qətli üzrə aksiya oldu. O, qonşu İranda İslam inqilabından sonra öz hakimiyyətinin hüquqi şəklə salınmasına qərar verdi – o vaxt İraq şiələri ölkənin sünni hökumətinə qarşı üsyan etdilər. Səddam qiyamı boğmaqdan ötrü ölkənin rəhbərliyini öz üzərinə götürdü.

 

Diktator…

 

… Səddam Hüseyn ağzında siqar tribunada əyləşmiş və gülümsəyirdi. Qarşısında kresloya qısılmış iki yüz adam – ölkənin siyasi elitası, döyüşlər alovundan keçmiş “Bəəs” partiyasının liderləri oturmuşdu. Səddamın tələsəcək yeri yoxdu və siyahıdan hər bir iştirakçının adını ləzzətlə ucadan oxuyurdu. “Əhməd… O, sui-qəsdçidirmi? Xeyr. Bəs İsmayıl. Bəli!” – Səddamın satqın adlandırdıqlarını əlaltıları birbaşa zaldan çıxardırdılar.

Yeni diktator onlarla “qılınc tiyəsi”ylə davranmağı əmr etdi – həbs edilən 68 nəfərdən 22-i edama məhkum etdilər. Əfv edilənlərə tüfəng verdilər – onlar “günahkar” yoldaşlarını güllələdilər. Səddamın hakimiyyətə gəldiyi günlərdə bütün ölkədə ona qeyri-loyal bəəsçilərə divan tutulması başlandı.

Bu qətllər Hüseynin hakimiyyətini möhkəmlətdi. Heç bir bəəsizmdən, ya ərəb millətçiliyindən söhbət getmirdi: ölkə səddamçılıq yoluyla gedirdi. Yeni diktator özünü keçmişin böyük sərkərdə və imperatorlarına tay tutmağa başladı: özünü Babilistan kralı Navuhodonosorla və yaxud sərkərdə Səlahəddinlə tutuşdurdu. Lakin elə ilk “sərkərdəlik” cəhdi dəhşətli uğursuzluğa döndü: İraq qoşunları 1980-də təzəcə islam inqilabından keçən İrana soxuldu.

Ölkələr arasında köhnə ərazi mübahisəsi vardı, Hüseyn ölkədə şiə inqilabından da qorxurdu, amma əsas səbəblərdən biri Səddamın kiçik müzəffər müharibə təşkil etmək arzusuydu. İran ayətullahları bütün ölkəyə hay vurdular və müharibə yeni doğulan İslam respublikası üçün əsil vətən müharibəsinə çevrildi.

Hüseyn İran təhlükəsilə mübarizədə Qərbdən yardım istədi: amerikalılar Bağdada yarımmilyon dollarlıq ikitəyinatlı mal tədarük etdilər (məsələn, kompüterlər). Səddam nüvə silahı hazırlamağa cəhd etdiyindən hesablama maşınları vaxtında gəlmişdi: İraqda 1980-ci illərin əvvəlində Fransa mütəxəssislərinin yardımıyla nüvə reaktoru inşa edilmişdi. “Əl-Təvrə” qəzetində sıradakı pasaj göründü: “İran xalqının İraqın nüvə reaktorundan qorxması lazım deyil. O, İrana qarşı deyil, sionist düşmənə qarşı istifadə olunacaq”.

Sionist düşmən” gözləməyə başlamadı: İsrail təyyarələri 1981-ci il iyunun 7-də fransızların inşa etdiyi reaktoru bombaladı. Ekspertlər iddia edirdilər ki, bomba üçün onda nüvə yanacağının hazırlanması on illər aparardı, lakin israillilər sığortalanmaq qərarına gəldilər.

Nüvə silahı əldə etməyə hər cür şansı itirən Hüseyn kimyəvi və bioloji silah əldə etmək qərarına gəldi. Burada məhz amerikalıların tədarükləri işə yaradı: İraqın tibbi araşdırmalar üçün istədiyi Sibir xorası, Qərbi Nil qızdırması və botulizm və vaksinlər hazırlanması bioloji silahın işlənməsinə getdi.Kimyanın” hazırlanması da uğurlu çıxdı: xardal qazlı (ipritli) ilk bombalar artıq 1983-cü ildə İran əsgərlərinin başlarına yağdı.

Bunun xeyri olmadı: müharibənin səkkiz ilində, demək olar, bir milyon adam həlak oldu, amma sərhədlər hətta dəbərmədi də. Səddam yalnız sovet yardımı nəticəsində darmadağın olmadı, amma İraq xarabazarlıq içindəydi: haçansa varlı bölgəsəl “energetika fövqəldövləti” borc yığır və çat verirdi. Narazı sakinlər nümayişlər təşkil edir, hətta Hüseynin ailəsində də sui-qəsdlər yetişirdi. Ona qeyri-loyal kürdləri cəzalandırmağa cəhd etdi – onların evlərinin üzərinə ipritli döyüş sursatı atıldı, qoşunlar təmizləmə apardı, ölkədə əsl soyqırımı getdi. Təxmini dəyərləndirmələrə görə, İraq hökuməti Səddamın əmriylə yüz minə yaxın kürdü qətlə yetirdi və evlərini dağıtdı.

Amerika senatorları İraqa qarşı sanksiya tətbiq etməyə çalışdılar, amma Reyqan administrasiyası buna imkan vermədi: Bağdad Amerikadan ərzaq alırdı və Ağ Evdə hesab edirdilər ki, İraq İranın düşməni olduğundan avtomatik şəkildə ABŞ-ın dostu olur.

Dönüş məqamı 1990-da çatdı. Hüseyn qonşu ərəblərdən onun borcunu silməyi xahiş etdi, amma ona qulaq asmadılar. Onda qonşu Küveyti İraq neftini oğurlamaqda ittiham etdi və ora qoşun yeritdi. İraq diktatorunun mətbuat katibi milli televiziyada bəyan etdi: “Əziz vətəndaşlar. Tarix sübut etdi ki, Küveyt İraqın tərkib hissəsidir. Biz bütün iraqlıları qəhrəman lider Səddam Hüseynin ardınca getməyə çağırırıq”.

O, ümid edirdi ki, amerikalılar onu bu dəfə də müdafiə edəcəklər, amma hədər yerə: Vaşinqton şiə İranına qarşı mübarizədə yardıma hazır idi, amma ərəb hesablaşmalarına soxulmaq istəmirdi və buna görə də kəskin antiiraq mövqeyi tutdu. Hətta yenidənqurma ehkamlarını rəhbər tutan SSRİ də Səddamın ədalarına qarşı çıxdı – İraq kimyəvi və bakterioloji silahların bütün ehtiyatlarından məhrum olaraq həqarətli məğlubiyyətə düçar oldu. Koalisiya qoşunları Səddamı devirmədi: ABŞ prezidenti Corc Buş kameralar qarşısında çıxış edərək İraq xalqını diktatoru müstəqil şəkildə devirməyə çağırdı.

ABŞ dövlət katibi Kolin Pauell

 

Amerikalılar, nəhayət, birdən ayılıb sanksiya tətbiq etdilər. BMT TŞ də 661 saylı qətnamə qəbul edərək İraqa münasibətdə ticari embarqo qoydu. Sanksiyalar erası başlandı. Ölkədə ərzaq çatmırdı, ərzaq kartları tətbiq edildi. Valyuta ehtiyatları sürətlə tükəndi, hökumət çap dəzgahını işə saldı və inflyasiyanın sürətini artırdı. “Bəəsçilərin bütün uğurları” yaddan çıxdı – artıq heç kim qadın təhsili və ya infrastruktur haqda düşünmürdü. Ehtiyat hissələri olmadığından sınmış dəzgahlar və maşınlar durmuşdu. Səddam bu dövrdə fason satırdı: müharibə bitən andan bəri yeni saraylara iki milyard dollar və bir milyard da fələstinlilərin İsrailə qarşı mübarizəsinə xərcləmişdi.

Ölkədə şiələrin Hüseynin amansızcasına boğaraq ölkəni qana boyadığı  qiyamı alovlandı. O, qalib obrazını yetişdirirdi – xaçlı koalisiyaya qarşı durur və ölkəni xristianlara vermir. İraqın hər yerində Səddamın heykəl və portretləri peyda oldu. İki referendum keçirildi – diktator əvvəlcə əhalinin 99,6%-nin, sonra isə bütün əhalinin 100 % dəstəyini qazandı. O, bu illərdə dindarlığa sarı kəskin dönüş etdi, ölkə bayrağında “Allahu  əkbər” yazısı göründü.

İraq diktatorunun qanıyla yazılmış Quran

 

Əfsanəvi “Qanlı Quran” elə o zaman yaradıldı – Hüseyn onun yazılmasına özünün 27 litr qanını sərf etdi.

 

Rəhbərin qürubu

 

ABŞ 2001-ci il 11 sentyabr teraktlarından sonra İraqa müdaxilə planını fəal şəkildə hazırlamağa başladı. Prezident kiçik Buş 2002-də İraqı şər oxuna aid etdi: terrorçularla təmas və kütləvi qırğın silahının hazırlanmasını diktatorun boynuna yıxdılar. Buş BMT Baş Assambleyasında çıxış etdiyi andan dünya birliyini yeni müdaxilənin gərəkdiyinə inandırmağa başladı. Buş başqa ölkələri əmin etdi: “Biz qorxu dünyasıyla tərəqqi dünyası arasında seçim etməliyik. Biz sadəcə durub baxa və seyr edə bilmərik ki, təhlükə necə çoxalır. Biz insanlığın güvənliyi və əbədi hüquqlarının, ümidlərinin müdafiəsində durmalıyıq və biz öz miras və seçimimizi rəhbər tutaraq duracağıq. BMT-dəki təmsilçilər kimi bizimlə bir sırada durmaq sizin hökmünüzdədir”.

ABŞ 2003-ün martında bildirdi ki, diplomatiya iş görmədi və beynəlxalq koalisiya İraqa soxulmağa, qanlı diktator Səddam Hüseyni devirməyə və dünyanı ondakı kütləvi qırğın silahından qurtarmağa hazırdır. Dövlət katibi Kolin Pauell məşhur fotoşəkildə hətta sınaq şüşəsindəki Sibir xorasının modelini də göstərdi. Buş Hüseynə ultimatum verdi və postunu tərk etməyi tələb etdi. Bu vaxt fəlakətdən yayınmaq üçün Səddama getməyi məsləhət görən Yevgeni Primakov Vladimir Putinin əmriylə Bağdada uçdu. O razılaşmadı. Beynəlxalq koalisiya bir neçə gündən sonra İraqa soxuldu.

 

İraqın yeni erası

 

Əzəmətli savaş baş vermədi – Hüseynin əlaltıları qaçdılar, müharibə bir-iki həftəyə başa çatdı. Diktatorun özünü mühakimə edib ölüm cəzasına məhkum etdilər: millətin nə zamansa qüdrətli, hərfi mənada cəsədlər üzərində hakimiyyətə gələn və sağda, solda siyasi rəqiblərini qətlə yetirən atasını sanki adi bandit kimi asdılar.

Səddam Hüseynin edamı

 

İraqda kütləvi qırğın silahı tapmadılar, yerli hökumətin “əl-Qaidə”ylə əməkdaşlığı haqda məlumat təsdiqlənmədi. Ölkədə sünnilərin uzun müddət sıxışdırdıqları şiələr hakimiyyətə gəldilər. Amma onlar sünnilərin diləklərinə fikir vermədi və onların maraqlarını həvəslə qurban verdilər.

2014-də ölkənin qərbində böyük əraziləri və böyük şəhərləri ələ keçirən, yezidi kürdlərin soyqırımını və şiələr arasında qırğın təşkil edən İŞİD-in populyarlığının sürətli artımı qismən bununla izah olunur. Bu bəladan qurtulmaq üçün ABŞ-ın başçılıq etdiyi və ölkəni yalnız 2018-ci ilin başlanğıcına doğru yeni xilafət qurucularından təmizləyə bilən koalisiyanın müdaxiləsi lazım gəldi. Hüseynin vəsiyyət etdiyi kimi, iraqlılar yenidən “ayaqüstədirlər”. Amma çoxmu çəkəcək?

Tərcümə Strateq.az-ındır.