Gündəm

  • " width="300" height="266" />
    Türkiyə ilə ABŞ arasında böyük qalmaqal yaradan rahib… –Branson barəsindəki qərara etiraz etdi
  • " width="300" height="266" />
    Lavrovdan Xəzərlə bağlı Konvensiyaya şərh:"22 il iş getdi, bu, sadə məsələ deyil..."
  • " width="300" height="266" />
    “Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar və təzyiqlər xaosa çevrilə bilər” –Çavuşoğlundan xəbərdarlıq
  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"

Müsahibə

  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

15 Avqust 2018
14 Avqust 2018

Digər Xəbərlər

21 İyul 2018 - 11:08

ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO

Politoloq Zərdüşt Əlizadə ilə “Qaynar Qazan”da müsahibədə çoxdandır görüşmək planımız var idi, amma heç cür alınmırdı ki alınmırdı. Gah bizim, gah da Zərdüşt bəyin vaxtı olmurdu. Bir ara heç “Qaynar Qazan”a müsahibəyə gəlmək istəmədi, mən də taleyimlə barışası oldum. Amma yaxın günlərdə Zərdüşt bəylə anlaşa bildik və onunla “Qaynar Qazan”da söhbətləşməyə razılıq ala bildim.

Mən Zərdüşt bəyi illərdir – hələ Türkiyədə təhsil aldığım tələbəlik illərindən tanıyıram. Hər Bakıya gələndə bütün siyasilərlə görüşürdüm. Zərdüşt bəylə də hər gələndə görüşür, söhbətləşirdik. Zərdüşt bəy fərqli idi. Onu səmimiliyi və düzgünlüyü digərlərindən fərqləndirən əsas amillərdən biri idi. O zaman Bakının ən prestijli yerində, “Nizami” kinoteatrının yanında Sosial Demokrat partiyasının qərargahı var idi və hər dəfə partiyaya gedəndə oranı adamlarla dolu görərdim.

Zərdüşt bəyi o illərdən böyük demokrat kimi tanıyıram. Biz belə götürəndə fərqli dünyaların və ideoloji görüşlərin adamları idik və normalda biz heç bir zaman normal münasibətlərdə olmamalı idik, amma Zərdüşt bəyin böyük demokratlığı və insanlara səmimi yanaşması bizim dostluğumuzun indiyə qədər davam etməsinə vəsilə oldu. Azərbaycanda bu cür demokrat adamların olması, əslində ölkə üçün ciddi bir şansdır.

Bəlkə buna görədir ki, Zərdüşt bəylə söhbətimizin ortasında onun 73 yaşı olduğunu biləndə gerçəkdən şok oldum. Mən elə bilirəmmiş ki, o, hər zaman mənim o zaman – 27 il bundan əvvəl gördüyüm adamdır. Zaman bəzən işlərin və həyatın axarında durur – elə bilirsən, o zamandır, amma hiss edəndə, hesablayanda, biləndə ki doğrudan da Zərdüşt bəyin 73 yaşı var – bax o zaman fərqinə varırsan ki, Zərdüşt Əlizadə də çürüyən nəsillərin möhtəşəm bir nümayəndəsidir. Bizim hamımız kimi…

Zərdüşt Əlizadə həm də Azərbaycanın ən obyektiv politoloqlarından biridir. “Qaynar Qazan”da da buna sadiq qalıb. Azərbaycanı və onu çevrələyən dövlətlərin siyasətlərini mükəmməl bir şəkildə izah edib. Bizi əhatə edən dövlətlərin Azərbaycana və bölgəyə olan münasibətini dəqiq konturları ilə cizib. Ermənistanda baş verənlərə, Gürcüstanda baş verənlərə elə açıqlamalar gətirib ki, inanmaya bilmirsən.

Zərdüşt Əlizadə ölkəmiz kimidir bəzən. Ölkəmizin də xarici siyasətdə bəzi uğurları gözə dəysə də, daxildə hər şey bərbaddır. Zərdüşt bəylə də daxili – öz məsələləri ilə danışmaq bir az çətin oldu. Təbii ki siyasətdən danışan kimi söz AXC-yə, Əbülfəz Elçibəyə və milli hökumətə getdi. Bu məqamlarda Zərdüşt bəy qatıdır. O qədər ki, onun müsahibəsini yayınlamaq üçün Əbülfəz Elçibəyin 80 illik yubiley tədbirlərinin keçirilməsini gözləməli oldum. Zərdüşt Əlizadə AXC-yə, Elçibəyə, milli hökumətə çox sərt, amansız və qətidir. Bu müsahibədə də bir çox sensasion məqamlardan danışıb.

Zərdüşt bəy qardaşı Araz Əlizadəyə aid suallara da qapalı oldu. O haqda heç danışmaq istəmədi, ancaq mən onun Araz Əlizadəyə görə çox əziyyət çəkdiyini hiss etdim. Onun haqqında susdu.

“Qaynar Qazan”da Zərdüşt Əlizadə ilə söhbətimiz çox maraqlı alındı. Bunu təbii ki, Oxucular daha yaxşı qiymətləndirəcək. Elə isə Zərdüşt Əlizadəni dinləyək. Görkəmli Azərbaycan politoloqu və siyasi şərhçisini. O, həm də qocaman jurnalistlərimizdən biridir, zamanında “İstiqlal” qəzetinin təsisçisi və baş redaktoru olub. Danışır Zərdüşt Əlizadə.

Əvəz Zeynallı

“Qaynar Qazan”

I hissəni buradan oxuya bilərsiniz:

Zərdüşt Əlizadə:

 

II hissəni buradan oxuya bilərsiniz:

Zərdüşt Əlizadədən ağır sözlər:

 

III – sonuncu hissə

 

“Biz səni 1969-cu ildən izləyirik”

– Deyir mənə leytenant rütbəsi verdilər və dedilər ki, birinci işə gedəcəksən. Moskvadan istintaq qrupu gəlib, bir azərbaycanlı dissidentin istintaqı gedir, rus dilini bilmir, sən tərcüməçi olacaqsan. O dissident kim ola, kim ola?..

– Əbülfəz bəy…

– Əbülfəz Əliyev. Birinci istintaqından tutmuş sonuncu istintaqına qədər tərcüməçi mən olmuşam. Sual-cavab, mən tərcüməçiyəm. Onlar birinci istintaqdan dedilər ki, biz səni 1969-cu ildən izləyirik. Sənin işin ondan ibarətdir ki, girirsən auditoriyada sovet hökumətini yamanlayırsan, gedirsən namizədlik, doktorluq müdafiələrində içirsən, durub söyürsən sovet hökumətini və s. Sovet hökuməti sənə neyləyib ki, sən onu belə söyürsən? Deyir, Əbülfəz bəy çox ötkəm dedi ki, siz imperiyasınız, mənim xalqımı müstəmləkə eləmisiniz, istismar eləmisiniz. Dedilər, çox gözəl, gəl açaq. Bax, bu, Azərbaycanın statistik göstəriciləri, bu da müstəmləkə olmayan Türkiyənin, İranın və İran Azərbaycanının göstəriciləri. İqtisadi, mədəni və s. Baxın, müstəmləkə Azərbaycanın Elmlər Akademiyası, televiziyası, radiosu – ana dilində, universitetləri, institutları, zavodları, fabrikləri, hər kəndinə klubu. Deyirsiniz ki, dilinizi məhv eləmişik, nəzəri fizika, nəzəri kimya, nəzəri biologiya, nəzəri riyaziyyatın Azərbaycan dilində dərslikləri var. Azərbaycan alimləri dünyanın aparıcı jurnallarında çap olunur. Nəsə, bu, söz tapmadı. Dedilər ki, bəs sən nə üçün deyirsən ki, bu, müstəmləkədir? Müstəmləkənin inkişafı, maşallah, müstəqil ölkələrin inkişafından qat-qat yaxşıdır. Dedi, yox, siz bizi rüşvət bataqlığına salmısınız. Dedilər, lap yaxşı, indi sən bizə cavab ver. Sənin atan müharibədə həlak olub, anan da kəndçi arvaddır, Naxçıvanın bir ucqar kəndində. Sən məktəbi yaxşı oxumusan, rüşvət vermisən? Deyib, yox. Gəlib imtiyazlı Şərqşünaslıq fakultəsinə girəndə rüşvət vermisən? Deyib, yox. Sən baxmayaraq ki, rus dilini zəif bilirdin, amma səni Misirə tərcüməçi göndəriblər, oranı bitirəndə rüşvət vermisən? Yox. Oradan qayıtmısan, aspiranturaya girmisən, rüşvət vermisən? Yox. Müdafiə eləmisən, rüşvət vermisən? Yox. Universitetə müəllim götürüləndə, rüşvət vermisən? Yox. Sən verməmisən, almamısan, bəs haradan bilirsən? Yox, mən bilirəm. Siz bizim xalqın mənəviyyatını məhv eləmisiniz. Deyiblər ki, bağışla, sənin bir filmini çəkmişik, istəyirsən, göstərək. Xırp kəsilib. Dedilər, mənəviyyatdan danışma. Sonra dedi, məni bağışlayın. Dedilər ki, tövbə ərizəsi yaz, səni bağışlayaq. Oturdu, qələm götürdü, o zaman Azərbaycan KQB-sinin sədri vardı, general Qorelovski. Onun adına ərizə yazdı: “Mən bütün törətdiyim səhvləri anlayıram, boynuma alıram. Əgər mənim günahımdan keçib məni Sov.İKP sıralarında saxlasanız, ömrümün sonuna qədər Leninin beynəlmiləl siyasətini müdafiə edəcəyimə söz verirəm. Əbülfəz Əliyev” Götürdülər, dedilər, məhkəmə bunu nəzərə alacaq. Ondan sonra mənim əlimi sıxdılar, dedilər, sən yaxşı tərcüməçi idin, sağ ol. Mən də getdim öz işimə. Deyir, 3-4 ildən sonra bir dəfə Əbülfəzi “Baksovet” metrosunun yanında gördüm, artıq buraxılmışdı, üzünü çevirdi və məni görməzlikdən gəldi. Mən də dedim, yaxşı ki, görüşmədik. Ondan sonra onun öz həyatı, mənim öz həyatım.

Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar

 

1990-ci il yanvarın əvvəli idi. Xaricilərin istintaq işlərini KQB aparırdı. Bir əfqan tələbə qızıl və valyuta alveri eləmişdi, onu tutmuşdular, istintaqına mən baxırdım. İş bitmişdi, hər şeyi boynuna almışdı, iş göndərilməli idi məhkəməyə, sədrin dərkənarı lazım idi. Zəng elədim katibəyə, katibə dedi ki, yanında adam var. 5-6 dəfə zəng elədim, yenə dedilər, yanında adam var. Nəhayət, durub özüm getdim. Gəldim, oturdum, soruşdum kimdir, dedilər, yanında adam var. Dedim, yenə eyni adamdır, dedi, hə. Dedim, a bala, nə sevimli adamdır ki, bu qədər uzun söhbət edirlər. Dedi ki, “polosatı”dır. Mən peşəkar çekistəm, “polosatı” deyəndə düşündüm ki, mən daxili nizamnamənin tələblərinə görə, onu görməməliyəm. Mən istintaq idarəsinin rəisi olsam da, cinayət-axtarış şöbəsinin agenturasını mən görməməliyəm. “Polosatı” o deməkdir ki, “verbovka” olandan sonra dosyesinin üzərindən bir qırmızı xətt çəkilir. Mən onu görməməli idim. Mən durdum ki, gedim, qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar. Deyir, Əbülfəz məni gördü, tutuldu.

– Neçənci il olub?

– 1990-cı il yanvarın əvvəlində. Vaqif Hüseynov o zaman KQB-nin sədri idi. Vaqif Hüseynov peşəkar çekist deyildi, o, daxili təlimatlara o qədər də fikir verməzdi. O, komsomoldan, idmandan gəlmişdi. Mənə dedi ki, keç içəri, mən də keçdim içəri.

…Sonra Xalq Cəbhəsi gəldi hakimiyyətə. Sülhəddin Əkbəri gətirib qoyublar DTK-nın birinci müavini. O, ömrü boyu KQB-də işləməyib. Gələn kimi, deyir, 20 nəfər Naxçıvandan işçini götürdü gətirdi KQB-yə. Heç bir yoxlamasız. Deyir, məni 6 ay yoxlamışdılar, onların heç birini yoxlamadılar. Deyir, məni çağırdı və gələn kimi Əbülfəz bəyin dosyesini istədi. Və birdən “ərizəni yaz, işdən çıx” dedi. Dedim, niyə. Dedi, sən Əbülfəzin istintaq işində iştirak eləmisən. Deyir, orada mənim verdiyim bir sual var? Mən yalnız tərcüməçi işləmişəm. Vəzifəmi yerinə yetirmişəm. Yox, yox, ərizəni yaz, çıx. Dedim, mənim 2 ilim qalıb pensiyaya, məni niyə çıxarırsan? Yox, çıxmalısan. Dedim, mən dövlətə və cənab prezidentə… Yox, çıx. Gəldim, deyir, otağıma, 4 nömrəli dövlət telefonum vardı. Yığdım, Əbülfəz bəyin nömrəsini, götürdü. Dedim, Əbülfəz bəy, mən filankəsəm, məni tanıdı. Dedim, bəs Sülhəddin Əkbər deyir ki, ərizə yaz, çıx işdən. Dedim, mən sizə qarşı hansısa bəd iş görmüşəm? Dedi, yox. Dedim, mən qalıb işləmək istəyirəm, mənim 2 ilim qalıb təqaüdə. Dedi, qal işlə, qal işlə. Oturdum işlərimi görməyə. Səhər məni Sülhəddin bəy yenə çağırdı: “Ərizəni yaz, çıx.” Dedim, prezident mənə dedi, qal, işlə. Dedi, qələt edib, ərizəni yaz, çıx. O yerdə ki, Komitə sədrinin müavini prezident haqqında deyir ki, qələt edir…

– İfadə eləcə də olub?

– Yox, bir az ağır olub, onu da mən demirəm. Deyir, o zaman dedim ki, mən belə dövlətdə işləməyi düzgün hesab etmirəm. Deyir, gəldim, şəxsi əşyalarımı yığdım, açar qıfılda ola-ola, döndüm çıxdım gəldim. Deyir, məni hirs boğur, dövlət keçib naşı adamların əlinə və mən də onlara qarşı söz deyə bilmirəm. Baxdım Azərbaycan mətbuatına, bir qəzet var ki, bunların sağına da, soluna da qılınclayır, qorxmur onlardan – “İstiqlal.” Ona görə də sizi çağırdım və sizə verirəm müsahibəmi. Dedim, lap yaxşı. Götürdüm müsahibəni və iki qoşa səhifə verdim. Şəkillərini də verdim, yaraşıqlı kişi idi. Çap elədim, heç reaksiya olmadı. Hamısının başı qarışmışdı vəzifə bölgüsünə.

 

Ana tərəf də, ata tərəf də zır türkdürlər

– Adının çəkilməsini istəməyən tanınmış adamlardan biri soruşur ki, İsgəndərlə Həmidovla bağlı məsələnin əsli nə idi?

– Əsli o idi ki, mən etnik amildən siyasətdə istifadənin qəti əleyhinəyəm. Sən ermənisən, sən türksən, sən russan, sən talışsan – bunun nə əhəmiyyəti var? Yaxşı insan var, pis insan var.

– Vətəndaş var…

– Vətəndaş var, Azərbaycan vətəndaşı var. O zaman Xalq Cəbhəsi türkçülük amilindən çox istifadə edirdi. “Filankəs əsl türkdür.” Əsl türk olub, neyləyib? Mənə maraqlıdır.

– Zərdüşt bəy, türksünüzmü?

– Bu haqda sonra ayrıca bir sual kimi danışa bilərəm. Ana tərəf də, ata tərəf də zır türkdürlər, amma bunun heç bir əhəmiyyəti yoxdur. Ata tərəfdən xamnəlidirlər, Mirzə Fətəli Axundzadənin yerlisidir, babamın adı Əlidir. O biri tərəfdən də İçərişəhərlidirlər, Zeynalovlar, Aşurovlar – zadəgan nəslidirlər. Yəni bunun bir əhəmiyyəti yoxdur. Mən azərbaycanlıyam, xalqıma sədaqətlə qulluq edirəm. Burada etnik mənsubiyyətin nə əlaqəsi var? Amma bu adamların ki, başqa bir məziyyəti, bacarığı yoxdur, o, etnik amili şişirdir. Mənim qəzetim açıq qəzet idi. Pulu yox idi, bir şeyi yox idi. Kim istəyirdi yazını gətirirdi, mən də çap edirdim.

– Qəzetlə bağlı da sual var: “Məmləkətin ən reytinqli qəzetlərindən olan “İstiqlal” qəzetinin yaradıcısı Zərdüşt bəy oldu. Bunu necə bacardı?” Bəhruz Əsədbəyli soruşur.

– Reytinqli deyildi. Çünki biz 16.000-dən başladıq, gəlib 6.000-ə düşdük. Azalan xətt üzrə getdik. Çünki camaat qalmaqal qəzetləri alırdı…

– Arxiviniz var, eləmi?

– Var idi, oğurlandı. Qəzetlərin bəzi nömrələri var, amma tam arxiv yoxdur.

– Təəssüf, çox yaxşı qəzet idi “İstiqlal” qəzeti.

– Düşünən, fərqli, azad qəzet idi. Mənim oxucularım yazı gətirirdilər. Mən də onları çap edirdim. Bir cavan oxucum gəldi, mənə bir yumoristik yazı verdi. Yazı yazılmışdı pasaj bazarının satıcıları adından. Bəs Pənah bəyə əsaslı hücumlar olur, onu naşılıqda, savadsızlıqda ittiham edirlər, biz pasaj bazarının satıcıları bu fikirlərlə əsla razı deyilik, biz onunla alverçi yoldaşıq, o, bizimlə qarpız satır və biz hesab edirik ki, o, çox gözəl saya da bilirdi, oxuya da bilirdi və s. Mən bunu çap elədim. Pənah bəy mindi cin atına, zəng elədi, mənim atam satıb, qardaşım satıb, mən satmamışam. Dedim, a kişi, ayıbdı satmaq, kənd təsərrüfatı məhsuludur da, nə olar.

– Pənah bəyin özü zəng eləmişdi?

– Bəli, özü zəng eləmişdi: “Mən satmamışam”. Arif Hacıyevlə birlikdə “Azərbaycan” nəşriyyatında görüşdük. Dedim, a kişi, burada təhqir yoxdur, halal zəhmətdir.

 

İsgəndər Həmidov haqqında yazını tərtərli gətirmişdi

– Bir az ironiya var, başqa nə var ki?

– İroniya var, nə isə. Bir başqa oxucum vardı, çox savadlı fəhlə idi. Dərin Özüllər Zavodunun oksigen hissəsinin işçisi idi, özü tərtərli idi əslən – Nadir Fəridzadə. Orta təhsilli adam idi, amma Azərbaycan ədəbiyyatını və mədəniyyətini elə bilirdi ki, heç bizim ali təhsilli mütəxəssislər o cür bilmirdilər. O mənə bir dənə “Çaynvord” gətirdi. Boş xanalar var, onları doldurmaq lazımdır. Yazılmışdı: “Azərbaycanda o hansı tanınan və məşhur iki qardaşdır ki, siyasi mübarizədə biri deyir ki, mən türk oğlu türkəm, o biri deyir ki, kürd oğlu kürdəm.” Bunu çap elədim. Mənim əqidəmə uyğun gəlirdi. Xanaları dolduranda “Həmidov” olurdu.

– Amma Zərdüşt bəy, böhtan var da burada. Siz indiki gözlə baxanda, 147, 148-ci maddələrə getmir?

– Hansı gözlə? Qulaq as, onu yazan tərtərlidir. Sərdar Həmidov icra başçısı olmaq üçün yığır ətrafına kürdləri, deyir, biz kürdlər götürməliyik rayonu. İsgəndər Həmidov da Daxili İşlər naziri idi, hər yerdə qışqırırdı ki, mən türk oğlu türkəm və s. Burada bir cinayət, təhqir yox idi ki. Pənah Hüseyn götürüb İsgəndərə zəng edir ki, Zərdüşt yazıb ki, sənin ananın iki əri olub. Necə yəni? Görürsən yazıb ki, iki qardaşdan biri deyir türk oğluyam, bir deyir kürd. Bir də gördüm İsgəndər Həmidov iki nəfər polislə kabinetimə gəldi. Gəldilər və hücum çəkdilər. Daxili İşlər naziri şəxsən gəlib. Əvvəlcə gəlirdilər, bizim sosial-demokratlara 1-2 şillə vururdular və qaçıb girirdilər dəlmə-deşiyə. Kişi kimi məni axıra qədər müdafiə edən Müşfiq Tahirov olub. Bizim gənclər təşkilatının sədri. Təbii ki, o, naziri vurmayıb, sadəcə, mənə enən zərbələri öz sifəti və bədəni ilə müdafiə edib. Amma mən vuruşdum onunla.

Gördüm məni maşının baqajına salmaq istəyirlər

– Yəni İsgəndər Həmidov gəlib sizi kabinetinizdə vurdu?

– Bəli, bəli. Gəldi, əvvəl ağır bir külqabı vardı, götürüb onu atdı, sonra hücum çəkdi. Yanında bir cangüdəni vardı – 2 metr boyu 120 kq çəkisi vardı. Biri də karateist idi, yumruqları döyənəkli – düşdülər 3 nəfər üstümə. Mən də onlarla vuruşdum. Vuruşdum, pencəyinin yaxasını cırdım, üstündə mənim təpiklərimin izləri vardı, yəni dalaşırdıq. Axırı, qolumu burub apardılar. Gördüm məni maşının baqajına salmaq istəyirlər. Dedim, vurub təpiklə maşını əzəcəyəm. “Mercedes” idi, dövlət maşını – heyfim gəlirdi. Məni arxa oturacaqda oturtdular və “Banditizm”ə qədər vura-vura apardılar.

– İsgəndər Həmidovun özü də maşında idi?

– Yox, özü başqa maşında idi. İki tərəfimdə də polis oturmuşdu, sürücü də hərdən çevrilib yumruqla sifətimə vururdu. Çatdıq ora, orada da çıxdı təpik vurdu mənə, ana-bacı söyüşü söydü, sonra da saldılar məni zirzəmiyə. Qaranlıq bir otağa. Axtardım, bir dəmir parçası tapdım, gələndə vuracaqdım ona. Bir 3 saat mən orada qaldım. Qaranlıq idi, bir işıq ucu belə yox idi. Təmir olunmamışdı deyə yer də daş-kəsək, sement-filan idi. 3 saatdan sonra açıb məni çıxardılar. Bütün üstüm qan idi. Tapançasının dəstəyi ilə vurmuşdu başıma. Onun yeri hələ də qalır (Başının yaralanan hissəsinin qalan izini göstərir – Ə.Z.). Dedilər, əl-üzünü yu. Üzümün, üstümün qanını yudum. Sonra oturtdular bir “Jiquli”yə, məni gətirdilər 28 maya, Rəşid Behbudov döngəsində düşürdülər və dedilər ki, bundan sonra dilini qoy qarnına. Dedim, hə, bilirəm. Gəldim işə. 9 ərizə yazdım. Rayon, Bakı, respublika prokurorluğuna, rayon, Bakı, respublika ali məhkəməsinə, rayon, Bakı və respublika polisinə. Yazdım ki, mənə qarşı cinayət törədilib.

Heydər Əliyev gələndən sonra hər şey dəyişdi

– Prezidentə müraciət elədiniz?

– Yox, nə müraciət edəcəm. Əbülfəz bəy onu bilmirdi ki. Ona deyəndə demişdi ki, mən də elə edərdim, çünki təhqirdir. Nəyi təhqir idi? Yazmışdı ki, hansı məşhur 2 qardaşdır ki, siyasi mübarizədə biri deyir ki, türk oğlu türkəm, biri deyir kürdəm. Təhqir yoxdur. Siyasi mübarizədə etnik amildən istifadə etməzlər, ey insanlar. Bu, milləti bölür. Ondan sonra Arzu xanım gedib Tofiq Qasımovun yanına, Tofiq Qasımov zəng edib İsgəndər Həmidova ki, ay İsgəndər… Bu, Tofiq Qasımovu söyüb, ona ağzına gələni deyib. Tez dəstəyi qoyub yerə. Zəng edib İsaya ki, Arzu xanımı qəbul elə. İsa bəy qəbul edib. Pənah da gəlib ki, görürsən, Arzu xanım, Zərdüşt dilini farağat qoymur. Arzu xanım da deyib ki, o yazıb, sən də yaz. Üstünə adam göndərib döydürmək nə demək? İsgəndər Həmidovu çağırıblar, bir az da yava-yava danışıb. Ondan sonra məcbur olub ki, məni buraxdırsın. Nə qədər ki, hakimiyyətdə idilər mənim şikayətlərimin heç bir xeyri olmadı. Heydər Əliyev gələndən sonra hər şey dəyişdi. İsgəndər Həmidov vaxtilə televizorda deyirdi ki, Heydər Əliyevi cibimə qoyacam, torbaya salacam, amma Heydər Əliyev gələndən sonra dedi ki, camaat deyir ki, mən sənin bacın oğlunam. Deməli, İsgəndər Həmidov Heydər Əliyevin bacısı oğludur, eləmi?

– Deyəsən, siz sona qədər getmədiniz?

– Yox, ondan sonra 2 maddə ilə 400 min dolların mənimsənilməsi iddiası ilə cinayət işi qaldırdılar. 2-ci maddə də mənə qarşı qatı xuliqanlıq maddəsi. Day, pionerlər, komsomollar, kommunistlər, uşaqlıq dostlarım, qonşularım – hamısı gəldilər minnətçi kimi ki, bəs sən onun yanına get. Dedim, yox. Bakı prokurorluğunda görüşdük. Dedim, İsgəndər bəy, xalqı sevirsiniz? Dedi, bəli. Dedim, bax xalqın naminə sən gərək gedib yatasan. Çünki bir görk olsun Azərbaycan tarixində ki, Daxili İşlər naziri jurnalistə əl qaldırır və cəzalandırılır buna görə. Məndən əvvəl sən 4 jurnalisti döymüsən. Hamısının ağzını yağlamısan, mumlamısan, sənin günahından keçiblər. Bəziləri də qorxub keçiblər.

Yaxınlaşdım İsgəndər Həmidova, o üzündən, bu üzündən öpdüm

– Biri Mahal İsmayıloğlu idi…

– Biri Mahal, biri Eminbəyli, biri Cahangir Hüseynoğlu. Döyürdü də… Onu döyürdü, bunu döyürdü… Televiziyaya əlində tapança, canlı yayına girirdi, onu hədələyirdi, bunu hədələyirdi. Lotu idi. Dedim, yox, sən yatmalısan. Dedim, bundan sonra bəlkə yenə jurnalistləri döyəcəklər, amma nazir döyməyəcək, sən gedib yatmalısan – millət naminə. Üzr istədi, dedim yox. Nəsə, getdi, iş verdilər ona, mən də getdim, məhkəməsində ifadə verdim. Sonra da getdim İsveçə, seçki texnologiyasını öyrənməyə, Avropada seçkilər idi. Qayıtdım. 8, ya da 9 il yatdı. Sonra Qobustan həbsxanasında təkrar məhkəməsi keçirildi. Elə bütün bu müddət ərzində Arzu xanım onu müdafiə edirdi. O, hamını müdafiə edir, o cümlədən caniləri də. Təkrar məhkəmədə məni çağırdılar. Mən dedim ki, mənə qarşı törətdiyi cinayətin cəzasını çəkib – 4 il. O biri cinayət işinə gəlincə, hansı ki, 400.000 dollar mənimsəyib, 400.000.000 milyon dollar oğurlayanlar 400.000 dollar oğurlayanı ittiham edir. Mən onun tərəfdarı idim ki, onu azad eləsinlər. Xahiş etdim və lazım olan bütün imzaları atdım. Qəfəsdən dedi ki, Zərdüşt bəy, gün olar, hətta biz bəlkə də dost olarıq. Dedim, İsgəndər bəy, gəl, barışaq da. Hakimə müraciət etdim: “Yoldaş hakim, ona yaxınlaşmaq olar?” Dedi, olar. Yaxınlaşdım, o üzündən, bu üzündən öpdüm, dedim, Allah fərəc versin sənə. Çıxdım gəldim, qurtardı. Ondan sonra bir də görməmişəm onu.

– Görüşməmisiniz… Amma barışdınız, eləmi?

– Barışdıq, barışdıq… Amma ki, Azərbaycan demokratik hərəkatına onun vurduğu ziyanı bəlkə erməni vurmadı.

Bunları eləsə, Azərbaycan xalqı yaşayacaq…

– Bəlkə bir dəfə təşkil edək, İsgəndər bəylə bir çay içəsiniz?

– Yox, yox, qurtardı.

– Zərdüşt bəy, gələcəklə bağlı suallar var. Elmidar Əliyev soruşur ki, Azərbaycan olaraq yaxın və uzaq perspektivdə bizi nə gözləyir? Rəşad Məmmədov deyir ki, əgər xalq taleyinə biganə yanaşırsa, Vətən, torpaq duyğuları get-gedə məhv olursa, Azərbaycanın gələcəkdə məhvə məhkum olacağını proqnozlaşdırmaq olarmı? Baba Allahnəzərov deyir ki, nə etməli və nəyi etməməli? Ağarəhim Əsgərov da deyir ki, Zərdüşt bəyin proqnozları doğru olur, insanların bu yaşayışlarını hansı dərmanla müalicə etmək olar?

– O dərmanları bizim möhtərəm ağsaqqallarımız deyiblər: Oxumaq, savadlanmaq, gerçəkliyi düzgün qavramaq və vicdanın səsinə qulaq asmaq. Bunları eləsə, Azərbaycan xalqı yaşayacaq, dövlətini də yaşadacaq, bunu eləməsə, heç bir möcüzə bizi xilas edə bilməz. Çünki faktiki olaraq indi bizi dövlət kimi saxlayan faktorlar nədir; neft və qaz. Neft şelfdə və Abşeronda çıxarılır, hakim zümrə tərəfindən bir hissəsi verilir onların hakimiyyətdə qalması müqabilində xaricilərə, böyük hissəsi mənimsənilir, mənasız tədbirlərə xərclənir, böyük bir hissəsi gedir ciblərə, hansısa xırda qırıntıları da xalqın qarşısına qoyurlar. Bu neft-qaz olmasa, Azərbaycan xalqını birləşdirən hansısa müqəddəs bir amal da olmaz. Vətən sevgisi – yaxşı bu, necə sevgidir ki, kasıb sevir, varlı sevmir, varlı qarət edir. Vətən sevgisi hamı üçün eyni olmalıdır, eləmi? Hansısa bir ümumi məsuliyyət yoxdur. Dövləti biz formalaşdırırıq? Yox. Prezident Aparatında bir ovuc adam deputatların siyahısını yazır, göndərir Məzahir Pənahova, Məzahir Pənahov Dairə Seçki Komissiyalarına, Dairə Seçki Komissiyaları Məntəqə Seçki Komissiyalarına, onlar da deyiləni yazırlar, hamısı da təyinatla gəlib otururlar Milli Məclisdə. Onlar da xalqın adından yox, Prezident Aparatının göstərişi ilə danışırlar. Hər bir deputat danışmaq üçün söz alanda, Oktay Əsədov ona söz versə danışar, söz verməsə, gözünü tökərlər – danışmaq hüququ yoxdur onun.

Ziyalılar əsasən, axura bağlı insanlardır

 

Ziyalıların mütləq əksəriyyəti ənam qarşısında “dəymə mənə dəyməyim sənə” prinsipi ilə yaşayırlar. Ziyalılığın missiyası bundan ibarət deyil. Ziyalı gərək xalqı düşünsün. Ziyalı Nizami Gəncəvi olub, ziyalı olub Mirzə Cəlil, Mirzə Fətəli, Üzeyir bəy. Bunlar ziyalı olublar. Amma bizim zəmanəmizdə ziyalı çox az tapıldı. Ziyalılar əsasən, axura bağlı insanlardır. Bu axurun da yemini hökumət tökür, təki danışma. Məmur zümrəsi yalnız və yalnız varlanmaqla məşğuldur. Azərbaycan dünya bazarına nə ilə çıxır? Hər şey xaricdən gəlir, amma dünya bazarına neft və qazla çıxırıq. Bir az da qızıl… Vəssalam. Yəni xammalla. Biz əqli işimizin məhsulunu sata bilmirik. Çünki əqli məhsul yoxdur. Niyə yoxdur? Bütün millətin beynini qapadıblar, hamı bir adamın beyni ilə işləyir. O adamın da beyni yalnız “Avroviziya”, “Formula-1”, olimpiada, islamiada – belə şeylərlə məşğul olur. Amma ölkənin, elmin həqiqi inkişafı həqiqətin axtarışındadır. Cəmiyyət gərək həqiqəti axtarsın. Bizdə həqiqəti deyənin işi çətindir. Əgər dövlət yalan üstündə qurulubsa, deməli, onun təməli əyridir. Sov.İKP niyə dağıldı? SSRİ qüdrətli dövlət idi. Qüdrətli ordusu, elmi, mədəniyyəti, KQB-si və s. vardı. Amma təməli əyri qoyulmuşdu, demokratiya yox idi və aşdı, öldü, dağıldı. Onu heç kim dağıtmadı. Amerika dağıtmadı, SSRİ hakim zümrənin xəyanəti və xalqın biganəliyi nəticəsində dağıldı. Bizdə də elədir. Xalqın vecinə də deyil indi. Xilasımız ondadır ki, biz gərək şüurlu vətəndaş olaq. Şüurlu vətəndaş olmaq üçün biz gərək savadlanaq. Onun üçün gərək oxuyaq, təhlil edək, danışaq.

– Danışan Azərbaycan…

– Danışan Azərbaycan quraq, müzakirələr edək. “Azad Fikir” Universiteti var idi, onu bağladılar.

– Onu bağladılar, televiziyalar bağlandı, qəzetlər susduruldu… danışmaq ümumiyyətlə, olmaz… Ülfət Ədalətoğlunun sualının ikinci hissəsini verirəm. Çünki birinci hissəsi Araz bəylə bağlıdır. Ki, siz böyük kimi ona əxlaq kodeksi öyrətmirdiniz? Sual belədir: “Heydər Əliyev hakimiyyəti onlara hansı töhfələri verdi?”

– Kimə?

– Sizə.

– Mənə?

Əliyev rejimindən nə görmüşəmsə, yalnız mənfi şey görmüşəm

 

– Yəqin ki, Araz bəyin deputat olmasını nəzərdə tutur.

– Biz tamam fərqli, başqa, uzaq adamlarıq. Mənə nə dəxli var, o, millət vəkilidir, ya millət vəkili deyil. Mən adi bir insanam, kasıb həyat tərzi sürürəm.

– Birdən iraq olsun, ağrıyırsınız, xəstələnirsiniz, ağır günləriniz olur, o hallarda da yoxdur Araz Əlizadə ilə münasibətlər?

– Yox. Heç bir münasibət yoxdur. Mənim özümü tanıyırlar. Hansısa həkimə gedəndə…

– Gör nə qədər çox inciyibsiniz?

– Əstəğfürullah, heç kəsdən inciməmişəm. Heç kəsdən də heç nə ummuram.

– Hər halda qardaşınızdır. Siz böyüksünüz həm də, eləmi?

– Bəli, mən 1946-cı ildənəm, o, 1951-ci ildir. Hərənin öz işi, öz taleyi var. Mən Əliyev rejimindən nə görmüşəmsə, yalnız mənfi şey görmüşəm. Düzdür, Xalq Cəbhəsinin dövründəki kimi məni gəlib döyməyiblər, vurmayıblar, parlamentin binasında, kabinetimdə çırpmayıblar.

– Parlamentin binasında nə olmuşdu?

– Əbülfəzin əmri ilə parlamentin binasında bizi öldürmək istəyirdilər.

– Niyə?

– Fərqli danışırdıq, fərqli düşünürdük.

– Milli Məclisin?

– Bəli. 1993-cü ilin iyun günlərində. Şıxov batalyonunun zabiti başda olmaqla 18 əsgər bizi döyüb öldürürdü. Parlamentin o mərmər foyesində.

– Zərdüşt bəy, kitabda onun hamısını yazmısınız?

– Yazmışam. İnşallah, Azərbaycanca çıxsa oxusunlar. Rusca bilənlər oxuya bilərlər. İnternetdə var. Zarduşt Alizade: “Konets vtoroy respubliki.”

– Yəqin inşallah, Azərbaycanca da çıxar.

– İnşallah.

Azərbaycan Şərqşünaslığından hansısa elmi nailiyyət gözləmirəm

– Sonuncu sual Şəhriyar Səmədovundur: “1. Azərbaycanda Şərqşünaslıq elminin hazırkı durumunu necə qiymətləndirirsiniz? 2. Gündəlik hansı xarici kanalları izləyirsiniz? Son zamanlarda oxuduğunuz ədəbiyyat hansılardır?”

– Əgər cəmiyyətdə ümumi bir tənəzzül varsa, onun bir sahəsi çiçəklənə bilərmi?

– Yox.

– Qurtardı. Şərqşünaslıq elmi haqqında çox danışa bilərəm. Şərqşünaslıq elmi ümumiyyətlə, Şərqi müstəmləkəyə çevirmək istəyən Qərbin uydurduğu bir elm sahəsidir. Gəlib Şərqi öyrənirdilər ki, pul verib onu yaxşı əzsinlər. Azərbaycan Şərqşünaslığı da Sovet Şərqşünaslığının bir tərkib hissəsi idi. Biz özümüz Şərqik. Sovet Şərqşünaslığı yüksək səviyyədə idi, amma Azərbaycan Şərqşünaslığı elə deyildi.

– Şərqşünaslığı son illər bir az İlahiyyata çevirib ona dini məzmun qatdılar.

– Bəli, ola bilər. Hər halda mən indi Azərbaycan Şərqşünaslığından hansısa bir elmi nailiyyət gözləmirəm. Qaldı nə oxumağıma, yalnız internet – rus dilində, ərəb dilində, bəzən ingilis dilində. Televiziyaya baxmıram. Çox nadir hallarda, o da önəmli bir hadisə baş verəndə mahiyyəti anlamaq üçün Azərbaycan kanallarına baxıram. Amma əsasən, xarici dillərdə saytlara baxıram. Kitab da ki nəvəm ingilis dilinə gedir, onu saat yarımlığa gözləyəndə oxuyuram.

– Sonuncu oxuğunuz kitab hansıdır?

– 4-cü, ya 5-ci dəfə Dantenin “İlahi Komediya”sını oxudum.

Xalqa xəyanət etmiş liderlərimizin cəhənnəmin hansı qatında hansı cəzasını alacağını bilirəm

– Bu kitabı oxumağa tövsiyə edirsiniz?

– Bəli, çünki orada günahların əvəzində cəhənnəmdə hansı cəzaları insanlar alacaqlar, onun təsviri var. Xalqa xəyanət etmiş liderlərimizin cəhənnəmin hansı qatında hansı cəzasını alacağını bilirəm. Çünki Dante onun təsvirini verib.

– Zərdüşt bəy, özünüz harada olacaqsınız? Cənnətdə, yoxsa?..

– O, O kişinin işidir. Mən hər halda ömrüm boyu çalışmışam ki, heç kimə pislik etməyim, əlimdən gələn yaxşılığı edim. Amma O, özü bilər.

– Bir az elə bil sizi pessimist gördüm.

– Xeyr, heç bir pessimizm yoxdur. Mən realistəm. Məlumatlı realistə pessimist deyirlər.

– Çox maraqlı fikirdir. Təşəkkür edirəm.

– Buyur.

– Çox sağ olun.

– Sağ olun.

Strateq.az