XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

06 Sentyabr 2018 - 21:37

BİR ZAMANLAR EŞŞƏK MİNMİŞ, İNDİ “PRADO”DA GƏZƏN MƏMURLAR… –Onlar sosial mediada niyə bu qədər qəzəb yaradırlar?

Əziz Rzazadə

Strateq.az

 

Türkiyədə – lirənin, İranda – rialın və Azərbaycanda, – Mərkəzi Bankın sədri Elman Rüstəmovun təxminən 3 il gecikmiş etirafı ilə, – manatın devalvasiyası, yəni həmçinin bahalıq, yaşayış səviyyəsinin enişi sosial və psixoloji gərginlik doğurmaya bilməzdi. Artıq itirəcək heç nəyi olmayan insanlar etirazlarını ya real, ya da virtual məkanda çəkinmədən püskürürlər. 

Sosial şəbəkə aludəçiləri hər üç ölkədə gündəlik paylaşmalarda müxtəlif haştaqlarla korrupsiya, rüşvətxorluq halları və zənginliyini gizlətməyən elit təbəqəni nişan alıblar. “Facebook”, “Twitter” və “Telegram”-da ictimai qəzəbin dərəcəsi ən yüksək həddədir. “Toxun acdan xəbəri olmaz” yanaşması ilə yola çıxaraq, ən kiçik dəbdəbə, harın həyat parıltısına dərhal təpki verilir.

Deyək ki, Türkiyədə yapon imperatorunun hər bucağından təvazö yağan iş otağının və kiçik ilçə kaymakamının kabinetini əks etdirən fotoların yanaşı qoyulmasından alınan təəssürat necə qıcıq oyatmasın? Yaxud AKP-li millət vəkilinin gözləri kor edən ifrat dəbdəbəli övlad toyu…

“Qara bazar”da 1 dolların hazırda 13 min 500 tümənə dəyişdirildiyi İranda Tehran sakini də paytaxtın elit Fereşte-Elahiye məhəlləsində 100 min tümənə satılan “qızıl” kökəni görəndə, təbii ki, “İqtisadi müşküllərin səbəbi yalnız sərt sanksiyalardır” iddiasına inanmır. “Camaat aylardır yarım kilo ət belə ala bilmir…” – deyə o, “tvit”ində qəzəbdən coşub-daşır.

İranın Venesueladakı sabiq səfirinin oğlu Saşa Sübhaninin “Pul qazana bilməyən ölüb yerə girməlidir” sözləri isə müşküllərdən beli qatlanmış iranlıların cızdağını çıxarıb (Lap qaz və elektrikin son qiymət artımı zamanı, “Kasıbın evində kombi olmaz” deyən azərbaycanlı deputat Rüfət Quliyevin açıqlaması kimi).

Oxşar mənzərəni, tutalım, qolu sınmış halda küçə süpürən xadiməni, yaxud uzaq sahillərdə yaxta sürən, adı müəmmalı ölüm işlərində hallanan deputat övladlarını görən istənilən həmvətənlim də çəkinmədən içini çölə tökür: “Harınlayıblar!”

Ayrı-ayrı simalar ictimai fikrin xüsusi hədəfindədir və söhbət Azərbaycandan getdikdə, “qara siyahı”da “qəribə açıqlamaları ilə” tanınan deputat Hadı Rəcəblinin birinci sırada olması təəccüb doğurmamalıdır.

Türkiyə və Azərbaycanda məmur övladları, yaxud İran təbiri ilə, ağazadələrə qınağın fərqli kampaniya öncülləri var: siyasətçilər, ictimai fəallar, bloqerlər və b. Bu sırada din xadimlərinin olması hələlik nadir fenomendir.

Şübhəsiz, “Instagram”-da 233 min izləyici toplamış iranlı ruhani Seyyid Mehdi Sədrüssadəti də, Türkiyə və Azərbaycan şəbəkə öncülləri ilə müqayisədə, məhz bu cür nəzərdən keçirilməlidir.

İki övlad atası olan 31 yaşlı ruhani digər sosial səbəblərdə möhtaclar üçün qida və digər mallar toplamaqla yanaşı, elit təbəqəni hədəfə alması ilə geniş tanınıb. Onun satirik nişangahına düşən təkcə məmurlar yox, həm də din xadimləridir. Məsələn, ölkənin qərbindəki İlam əyalətinin imam-cüməsi, namaza “Prado”da gələn Məhəmməd Nəği Lütfi: “İnqilabdan əvvəl din alimlərimizin bir çoxu uzaq kənd və şəhərlərə sürgün olunmuş və onlar eşşəyə minməyə adət etmişdi. İndi, inqilabdan sonra fermerlər hələ də həmin eşşəklərə minir. Amma ruhanilər təhlükəsizlik və nüfuz naminə şəhərdə “Prado” ilə gəzib-dolaşırlar…”

Xatırladım: Türkiyədə Diyanət Vəqfinin sabiq rəhbəri Mehmet Görmez də yeni “Mercedes”lə göründükdə, eynilə bu cür qınanmışdı.

(Yerinə düşən atalar sözü: “Atdan yıxılmaq – bir eyib, eşşəyə minmək – iki eyib”).

İslam Respublikasının qurucusu Ayətullah Xomeyninin təvazökarlıqdan uzaq həyat tərzinə alışmış nəvələrini belə tənqid etməkdən çəkinməyən Sədrüssadəti, Əhvazın imam-cüməsi Məhəmməd Əli Musəvi Cəzayirini – Xamnəinin təyin etdiyi başqa bir ali ruhanini də hədəfə alıb.

Nəticə: 14.300 şərh, 2 min paylaşım.

İran Mərkəzi Bankının keçmiş sədri Təhmasib Məzahirinin oğlu Mehdi Məzahirinin dəbdəbəli həyat tərzi, İranın Danimarkadakı səfirinin oğlunun lüks nikahı, xarici işlər nazirinin müavini Abbas Əraqçinin iş təcrübəsi olmadan üst səviyyəli hökumət mövqelərinə təyin olunmuş qardaşı oğlu, Həsən Ruhaninin qaynı Kambiz Mehdizadənin vəzifə təyinatı Sədrüssadətinin sonrakı hədəfləri olub.

Yeri gəlmişkən, Ruhaninin qardaşı, adı korrupsiyada hallanmış Hüseyn Firidunun müdafiəsi ilə bağlı bu günlərdə Şəhid Beheşti Universitetində təşkil olunan tədbir sonda ictimai qınaq üzündən ləğv edilib.

Bu arada, digər sosial şəbəkə istifadəçilər İshaq Cahangirinin oğlu ilə bağlı bir video yayılıb. İspaniya kurortunda qızılı limuzində poz verən gəncin vitse-prezidentin oğlu olmadığı sonradan təsdiqlənib. Amma şübhə qalır.

“Şübhə. O, həqiqətdən çox bilir!”

Yaxın coğrafiyamızda, postsovet məkanında da sosial şəbəkələr məmur özbaşınalığı və cah-calalı ilə öyünən təbəqəyə dair atmacalarla dolub-daşır.

İran və Türkiyə kimi, ABŞ sanksiyaları ilə iqtisadi durğunluq və rifah enişi yaşayan Rusiyada oliqarxların hamı kimi qara çörəyə möhtac olmadığını görən kütlə zəngin təbəqənin qırtlağından yapışmağa hazırdır. Rəsmi statistikası belə 18 vilayətində ömür həddinin təxminən 60 yaşa qədər olduğunu göstərir, buna görə də, indi gündəm mövzusu olan hökumətin pensiya islahatına təpki böyükdür. Putin – 21-ci əsrin ikonu yüksək reytinqi – pərəstişi itirir.

Kütlə, necə deyərlər, çörəyi qulağına yemir. Kremlin davamlı təbliğatı ilə vətənpərvər olmalı şəbəkə istifadəçiləri mavi ekrandan “Qərb Rusiyaya şər atır!” – deyən “1-ci kanal”ın aparıcısı Yekaterina Andreyevanın yay tətilini NATO ölkəsində necə keçirdiyinə dair fotoları “Instagram”-da görəndə, şərh bölməsində söyüşün biri 1 qəpik olur. Ruslar getdikcə daha çox anlamağa başlayırlar ki, “vətənpərvərlik”, həqiqətən, həmişə alçaqların sığınacağı olub.

Yeri gəlmişkən, Rusiya ordusu təbliğat sahəsindəki bu boşluğu doldurmaq üçün sovet dövrünün daha bir təsisatını tarixindən zibilliyindən çıxararaq köhnə yerinə oturdur – siyasi işlər üzrə müavin – “zampolit”. Maraqlı olan budur ki, Müdafiə Nazirliyində bu bölməyə nazirin qızı Yuliya Şoyqu rəhbərlik edəcək.

Ruslara bu, Stalin dövrünü xatırladır, mənə AzTV-dəki titri: “Tural Qasımlı, YAP-ın Şamaxı filialının xalqla əlaqələr departamentinin ictimai tərəqqi zümrəsinin ideoloji məsləhətçisinin köməkçisi…”





Yuxarı Əvvələ Ana Səhifə