XƏBƏR LENTİ

14 Noyabr 2018
13 Noyabr 2018

Digər Xəbərlər

08 Noyabr 2018 - 20:12

LİVİYALI GENERAL PUTİNDƏN NECƏ İSTİFADƏ EDİR?- Xəlifə Xaftar Liviya sammiti ərəfəsində Moskvaya niyə gəlib?

Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftar yenidən Moskvaya səfər edib. Xaftarın bu səfərini heç də təsadüf saymırlar. O baxımdan ki, liviyalı generalın budəfəki gəlişi Kreml və Ağ Ev rəhbərlərinin də dəvət olunduğu Palermo sammiti ərəfəsində baş tutur.

Rusiya Liviyada çoxvektorlu siyasət yürüdür. Və Xəlifə Xaftarı Liviya siyasi səhnəsində əsas oyunçu kimi qiymətləndirmir. Lakin Rusiyaya səfər etməklə Xaftar Qərbə bunun əksini nümayş etdirməyə çalışır.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsverməsi nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faiz Al-Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir.

Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır. Ötən ilin iyulunda tərəflər 2018-ci ildə Liviyada seçkilərin keçiriləcəyinə dair razılığa gəliblər.

Tobrukdakı hökumət tərəfindən “feldmarşal” adını alan Xaftar bir vaxtlar Qəddafinin yaxın silahdaşı olub. Lakin 80-ci illərdə liviyalı diktatorla münasibətlərinə son qoyaraq müxalifətə keçib.

Hazırda Xaftar bir neçə yerə parçalanmış Liviyada ən nüfuzlu səhra komandiridir. Xaftar Qəddafi dövrünün bir çox zabitləri kimi, SSRİ-də təhsil alıb və rus dilində danışır.

Qərb mətbuatının yazdığına görə, ABŞ-da qaldığı illərdə vətəndaşlıq alan, Mərkəzi Kəşfiyyat İdarəsi ilə köhnə əlaqələrinin olduğu deyilən Xaftar bütün bunlara baxmayaraq, son bir neçə ildə Kremllə aktiv şəkildə münasibətləri yaxınlaşdırmağa çalışır.

Ötən il Moskvaya səfəri zamanı liviyalı generalı Rusiya müdafiə naziri Sergey Şoyqu, eləcə də XİN rəhbəri Sergey Lavrov qəbul etmişdi. Moskvanın generala olan marağı onun Liviyanı öz rəhbərliyi altında birləşdirmək istəyilə bağlıdır. Bundan başqa, Xaftarın Qərbin dəstəklədiyi Milli Barışıq Hökuməti (Tripolidəki) ilə münasibətləri pisdir.

“Reuters”in yazdığına görə, Rusiya xüsusi təyinatlıları Xaftara Qərbi Misir istiqamətindən dəstək veriblər və ehtimal ki, bunu indi də davam etdirirlər. Xaftarın nəzarətindəki ordu məhz orada yerləşir.

Bu il mayın 29-da BMT-nin egidası altında keçirilən Liviya konfransında tərəflər dekabrın 10-da ölkədə parlament və prezident seçkilərinin keçirilməsinə qərar vermişdilər. Fransa prezidenti Emmanuel Makronun da iştirak etdiyi tədbirə Ərəb Ölkələri Liqasının baş katibi Əhməd Əbu əl-Geyt, Xəlifə Xaftar, Faiz Al-Sərrac, Tobrukdan olan deputatlar və bəzi afrikalı liderlər də qatılmışdı.

Məlumata görə, Putinin Xəlifə Xaftarla görüşü olmayacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün açıqlama verərək bildirib ki, prezidentin qrafikində belə bir görüş nəzərdə tutulmayıb.

Liviyalı general bu gəlişində də Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş zamanı tərəflər Yaxın Şərq və Şimali Afrika regionunda təhlükəsizlik məsələlərini, həmçinin beynəlxalq terrorizmə qarşı mübarizəni və Liviya ərazisində böhranlı vəziyyətin həllini müzakirə ediblər.

Liviya Milli Ordusunun komandanının bu səfəri dünya mediasının diqqətindən yayınmayıb. “Reuters” yazır ki, rus hərbçiləri Liviyanın şərq hissəsinə nəzarət edən bu səhra komandirini dəstəkləyirlər və onunla bir neçə dəfə görüşüblər.

Noyabrın 12-13-də İtaliyanın Palermo şəhərində Liviya üzrə yüksəksəviyyəli konfrans keçiriləcək. Konfransa Rusiyanın yüksək vəzifəli şəxsləri, eləcə də prezident Vladimir Putin dəvət olunub. “Reuters” ehtimal edir ki, liviyalı generalın Rusiyaya səfəri məhz bununla bağlıdır.

Bəzi ekspertlər isə hesab edirlər ki, Xaftar Palermo konfransı ərəfəsində Moskvaya təsir göstərməyə və Kremli ona sərf edən mövqe sərgilməyə vadar etməyə çalışır: “Xaftar konfrans öncəsi nümayiş etdirməyə çalışır ki, Moskvanın Liviyadakı əsas müttəfiqidir”.

Ekspertlər onu da da bildirirlər ki, reallıqda Rusiyanın Liviyada baş verən proseslərə çox qarışmaq imkanı yoxdur:

“Suriyadan fərqli olaraq Liviya Avropa İttifaqı ölkələri, xüsusən də Fransa və İtaliya üçün həyati əhəmiyyət daşıyır. Rusiya onlarla münaqişəyə girməyəcək. Xaftarın rəsmi statusu yoxdu. Amma Kremldəki bəlli dairələrin ona rəğbətinin olması istisna deyil. Eyni zamanda Moskva üçün münaqişənin bütün tərəfləri ilə danışıqlara hazır olduğunu nümayiş etdirmək vacibdir. Xaftarı Moskvada bu səbəbdən qəbul edirlər. Üstəlik nəzərə alınmalıdır ki, o özünü terrorizmə qarşı savaşçı kimi təqdim edir. Antiterror məzmunlu gündəm də Kreml üçün çox vacibdir”.

Tərcümə Strateq.az-ındır





Yuxarı Əvvələ Ana Səhifə