XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

27 Noyabr 2018 - 00:14

İLK İŞ YERİ “ÇÖRƏK PEKARNISI” OLAN BAŞ NAZİR…- Ayaqqabı və çanta seçimini ərinə havalə edən, evində 100-dən çox kulinariya kitabı olan Tereza Mey...

News.ru, (Rusiya)

 

Böyük Britaniyanın tarixində Marqaret Tetçerdən sonra ikinci qadın baş nazir olan Tereza Mey 1956-cı ildə kurort şəhəri olan İstbornda anadan olub. Valideynləri olduqca mühafizəkar və dindar idilər. Atası Qubert Brayzer kilsədə işləyirdi. Balaca Terezanın tərbiyəsində nənələrinin böyük rolu olub. Öz pulunu qazanmaq üçün Mey şənbə günləri yerli çörək pekarnısında işləyirmiş.

Bioqrafların yazdığına görə, Mey valideynlərinə çox bağlı idi. Ona görə də atasının avtoqəzada həyatını itirməsi ona çox ağır zərbə olmuşdu. Anası isə ərinin itkisinə dözməyərək bir il sonra dünyasını dəyişmişdi.

Gələcək baş nazir orta təhsilini tamamlamaq üçün bir neçə məktəb dəyişib. Onlardan ikisi dövlət məktəbi, biri kilsənin nəzdindəki “monastır” olub. Tereza onların hər üçünü əla qiymətlərlə başa vurub. Sinif yoldaşlarının sözlərinə görə, Tereza onlara böyüyəndə Britaniyanın baş naziri olmaq istədiyini deyirmiş.

Məqsədinə çatmaq üçün Mey attestatını alandan sonra nüfuzlu Oksford universitetində təhsil almağa başlayır. Və oranı 1977-ci ildə başa vuraraq çoğrafiya üzrə bakalavr dərəcəsinə sahib olur. Universitet illərində də baş nazir olmaq istədiyini tez-tez dilə gətirirmiş.

“Onun siyasi ambisiyalarının olmadığı vaxt yox idi. Yaxşı xatırlayıram ki, o baş nazir olmaq istəyirdi. Və Marqaret Tetçer ilk qadın baş nazir olanda çox qıcıqlanmışdı”, – deyə Meyin köhnə dostu Pet Frankland xatırlayır.

Mey arzusunu gerçəkləşdirmək üçün uzun yol qət etməli olur. Əmək fəaliyyətinə İngiltərə Bankında başlayan Tereza burada altı il işləyir. Həmin illər ərzində də ailə həyatı qurur. Daha sonra bir assosiasiyada analitik kimi işə başlayır və bir müddət sonra beynəlxalq məsələlər üzrə məsləhətçi olur.

Paralel olaraq London rayonlarından birinin şurasına deputat seçilir. Britaniya parlamentinə düşmək istəyən Mey iki dəfə seçkiləri uduzur. 1997-ci ildə – 41 yaşında İcmalar Palatasına seçilməklə hökumət pilləkəninin ilk pilləsini çıxmağa müvəffəq olur.

5 il ərzində Mühafizəkarlar Partiyasının kölgə kabinetində ikinci dərəcəli vəzifələr tutur. 2002-ci ildə isə partiyanın ilk qadın sədri olur. Bunun ardınca daxili işlər naziri postunu tutur. 2016-cı ildə “Brexit”lə bağlı yaranmış böhrandan sonra Nazirlər Kabinetinin başına keçir və mühafizəkarların lideri olur.

Həyat yoldaşı Filip Con Mey xanımından təxminən bir yaş kiçikdir. Deyilənlərə görə, cütlüyü Mühafizəkarlar Partiyasının tələbə yığıncağında Pakistanın gələcək baş naziri olacaq Benazir Butto tanış edib. Həmin illərdə Butto da Oksford Universitetində oxuyurdu.

Gənclər görüşməyə başlayırlar və hər ikisinin kriket oyununa həvəsi onları bir qədər də yaxınlaşdırır. Universiteti bitirəndən üç il sonra Tereza ailə həyatı qurur. Filip Con həmin vaxt bir şirkətdə menecer işləyirdi.

 

Tereza və Filip cütlüyünün övladı yoxdur. Xanım Mey ailə qurandan az sonra öyrənir ki, heç vaxt övlad sahibi ola bilməyəcək.

Müsahibələrinin birində bunun onun üçün yaralı mövzu olduğunu açıqlayıb: “Hər zaman ailələrə baxırsan və onlarda səndə olmayan bir şeyi görürsən”.

Lakin Mey etiraf edir ki, övladının olmaması ona siyasi karyeraya lazımi qədər vaxt ayırmaq imkanı verib.

Baş nazir Filiplə mehriban cütlük olduqlarını, həyat yoldaşının hər şeydə ona yardımçı olduğunu bildirir.

Dostlarından birinin dediyinə görə, Filip həyat dolu, açıq fikirli insandır. Xanımının məhşur olmasını xoş qarşılayır və özünün kölgədə qaldığını düşünmür.

Ərinin çox yaxşı zövqünün olduğunu deyən Mey çantaları və aksesuarlarının seçimini ona həvalə edib. Dediyinə görə, rəsmi tədbirlərin birinə geyindiyi və mətbuatın 10 ilə yaxın müzakirə etdiyi leopardlı tuflilərini Filip seçib.

Tereza Mey şəxsi həyatına dair təfərrüatları danışmağı sevmir. Lakin 2003-cü ildə şəkərli diabetdən əziyyət çəkdiyini və insulindən istifadə etdiyini etiraf etmişdi.

Xəstəliyinə baxmayaraq, Mey sağlam həyat tərzi sürməyə çalışır. Tereza və Filip cütlüyü səyahətləri sevir və tətillər zamanı Alp və İçveçrədə gəzintiyə çıxmağa üstünlük verirlər.

Xanım Mey yemək bişirməyi çox sevir və evində yüzdən artıq kulinariya kitabının olduğunu bildirir. Britaniya baş nazirinin həyatında dinin xüsusi yeri var. Mey mütəmadi olaraq kilsəyə gedir.

“Xristian inancım mənim bir parçamdır. Və ona görə də inancıma çox ciddi yanaşıram”, – deyə xanım Mey jurnalistlərə bildirib. Lakin onu da əlavə edib ki, siyasilərin öz dini mənsubiyyətlərini nümayiş etdirməyə haqları yoxdur…

Tərcümə Strateq.az-ındır





Yuxarı Əvvələ Ana Səhifə