XƏBƏR LENTİ

12 Dekabr 2018
11 Dekabr 2018

Digər Xəbərlər

04 Dekabr 2018 - 23:33

İŞƏ AXŞAM BAŞLAYAN, 12 SAAT İŞ BAŞINDA OLAN PUTİN…- Peskov Rusiya prezidentinin iş qrafiki ilə bağlı sirr pərdəsini qaldırdı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə başçısı Vladimir Putinin iş qrafiki üzərindəki sirr pərdəsini nəhayət ki, götürüb. Peskov Putinin bir iş gününü necə başlayıb necə başa vurduğunun detallarını açıqlayıb.

Onun sözlərinə görə, Rusiya prezidenti əsasən axşamlar işləməyə üstünlük verir. 18.00-dan sonra onun aktiv iş saatı başlayır. Rusiya lideri çox vaxt gecə yarıları da iş başında olur: «Ən yüksək aktivlik saat 18, 19 və 20-də başlayır və gecə yarılarına qədər davam edir”.

Kiçik istisnalar nəzərə alınmasa, Rusiya prezidentinin iş saatı ən azı 10 saat davam edir. Daha dəqiqi, 12-13 saat iş başında olur: “Boş vaxtı demək olar ki, olmur. Vaxt tapdığı zamanlarda bədii ədəbiyyat oxuyur”.

Psixoloqların dediyinə görə, insanın əmək qabiliyyətinə bioloji ritmlərin təsiri var. Belə ki, əsas işini axşam saatlarında görən adamlar çox gecə yatırlar. Belə adamlar digərlərindən fərqli olaraq xoşagəlməz olayları tez unudur, çətinlikdən və münaqişələrdən qorxmurlar.

Uzun çəkən uçuşlar zamanı Rusiya lideri Prezident Administrasiyası və ya mətbuat xidmətinin hazırladığı müxtəlif sərəncamları, əmrləri və digər sənədləri imzalayır. Həmçinin xəbərləri oxuyur və TV-daycestlər izləyir.

Peskovun sözlərinə görə, Vladimir Putin idmana vaxt ayırmağı unutmur. İşini gecə saatlarında bitirəndə belə, idman zalına və hovuza gedir: “Vladimir Putin demək olar ki, hər gün bir kilometrə yaxın üzür. Hər gün idmana saat yarım vaxt ayırır. Bir saata yaxın üzür, zalda məşq edir və xokkey oynayır”.

Müasir texnologiyalar və “kommuniksiya əsri” prezident Vladimir Putinə və baş nazir Dmitri Medvedevə öz səlahiyyətlərini Rusiyadan kənarda olanda belə, icra etmək imkan yaradır. Belə vaxtlarda onlara əvəz axtarmağa ehtiyac qalmır. Opponentləri ilə dialoq zamanı Putin həmişə tutarlı arqumentlər gətirir və xeyli informasiyadan istifadə edir. Bu baxımdan Rusiya prezidenti ilə mübahisə etmək olduqca çətindir və o, istənilən həmsöhbətini “uda” bilər.

“Ekspert səviyyəsində hazırlığı ilə istənilən adama “fora” verə bilər”, – deyə Peskov əminliklə bildirir.

İdmana böyük sevgisi olan Rusiya lideri 11 yaşından sambo və cüdo ilə məşğul olur. İdmanın bu növləri siyasətdə də Putinin karına gəlir. Məsələn, cüdo rəqibin zəif və güclü tərəflərini görməyə, ən kəskin anı hiss etməyə imkan verir. Putin eyni zamanda karate üzrə qara kəmər sahibidir.

Rusiya lideri uzun illərdir idmanın dağ-xizək növü ilə də məşğul olur. Deyilənlərə görə, xizəklə yüksəklikdən çox böyük sürətlə enir.

“Bu, idmanın dinamik növdür. Və insana aktiv və faydalı istirahət imkanı yaradır”, – deyə Putin bu barədə danışarkən bildirib.

Putin çox yaxşı konki də sürə bilir. İstirahət vaxtını bəzən balıq tutmağa sərf edir. Və şəxsi təcrübəsindən çıxış edərək balıq tutmaq üçün ən əlverişli yerlərin Murmansk, Astraxan və Tuva respublikası olduğunu deyir.

Özünün etiraf etdiyinə görə, istirahət onun üçün iş növbəsini dəyişmək kimidir. Putin istirahət zamanı at belində gəzməyi də sevir.

İllər əvvəl Türkiyə mətbuatında dərc olunan “17 maddədə Putinin gizli həyatı” adlı məqalədə də Putinin iş gününü necə keçirdiyi, sevdiyi məşğuliyyətlərin hansılar olduğu açıqlanmışdı.

Məqalədə qeyd olunurdu ki, Putinin ən çox sevdiyi məşğuliyyətlərdən biri də buzüstü xokkeydir. Rusiyanın güclərini, oliqarxlarını, zənginlərini Putinin olduğu xokkey zalında görmək mümkündür. Bu zaman əslən Sankt-Peterburqdan olanlar, köhnə dostları, ən etibar etdiyi adamlar tribunada olurlar. Onlar Putinin hələ bələdiyyə sədrinin müaviniykən birlikdə yeyib-içdiyi dostlarıdır.

Vaxtilə Putini “şef” deyə çağıran yaxın dostlar ona indi də “çar” deyirlər. Oyunçular da mühafizəçilər olur. Bir tərəfdə Putinin, o biri tərəfdə də Dmitri Medvedyevin mühafizəçiləri. Bəzən Medvedyev özü də oyuna qatılır.

Məqalə müəllifi yazıb ki, Putinin iş otağında ağır bir masa var. Masanın üzərində nə bir kompüter gözə dəyir, nə də bir ekran. Günortadan sonra müşavirlər masanın ətrafına toplanıb Putini məlumatlandırırlar. Bu toplantı əsnasında müasir texnologiyalar yox, sovet Rusiyasından miras qalan köhnə metodlar istifadə olunur. Yəni sabit telefonlar və böyük qırmızı qovluqlar.

Putinin hər gün xüsusi diqqət ayırdığı 3 fərqli qovluq var. Birincisi Rusiya Federal Təhqiqat Xidmətinin hazırladığı və ölkənin daxili işlərinə aiddir. Ikincisi xarici kəşfiyyata aiddir. Üçüncüsü də, Putinin yaxın çevrəsi tərəfindən hazırlanan və ayrı-ayrı şəxslər haqqında məlumatları əks etdirən qovluqdur.

Gündəmi xəbər kanallarına baxaraq izləyir. Görüşmək üçün gələn nazirlər, məmurlar qapısında ən azı 2-3 saat növbə gözləyirlər.

Yazıda o da qeyd olunub ki, Putin xarici ölkəyə səfər edəndə bir otelin 200 otağı tutulur. Və oteli az qala Kremlə çevirirlər. Xüsusi xidmət orqanları əməkdaşları orada bir ay əvvəldən araşdırma aparırlar. Yataq dəstləri və hamam ləvazimatları Rusiyadan xüsusi olaraq möhürlü şəkildə gətirilir. Otağa ancaq Putin girə bilir. Səfərlər zamanı heyətdə rus aşpazlar, ofisiantlar, təmizlik personalı da yer alır.

Kreml rəhbərinin ən böyük qorxusu zəhərlənməkdir. Ona görə də heç kim Putinə onun xəbəri olmayan bir qida verə bilməz: “Bazar ertəsindən bazara qədər iş başında olur. Stalindən sonra ən çox çalışan lider olduğu deyilir. Başqa bir özəllyi də ən çox səyahət etmiş dövlət başçısı olmasıdır”.

Tərcümə Strateq.az-ındır





Yuxarı Əvvələ Ana Səhifə