XƏBƏR LENTİ

21 Yanvar 2019
20 Yanvar 2019

Digər Xəbərlər

07 Yanvar 2019 - 18:25

TRAMPIN ELÇİLƏRİ YENİDƏN TÜRKİYƏDƏ –Ankarada gərgin "diplomatik şahmat" oyunu başlayır - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 07 yanvar 2019-cu il

 

ABŞ öz Suriya strategiyasını formalaşdırmaq üçün sabahdan (8 yanvar 2019-cu il) etibarən iki istiqamətdə axtarışa çıxır.

Milli təhlükəsizlik müşaviri Con Boltonun rəhbərlik etdiyi heyət sabah Türkiyədə olacaq. Onlar Ankaraya İsraildən gələcəklər.

Xarici işlər naziri Mayk Pompeonun rəhbərlik etdiyi digər heyət isə 8-15 yanvar 2019-cu il tarixlərində – bir həftə ərzində 8 ərəb ölkəsini əhatə edəcək strategiya arayışı səfərinə çıxır. Bu səfərdə Pompeonun İordaniya, Misir, Bəhreyn, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt və ehtimala görə, İraqda görüşlər keçirəcəyi bildirilir.

 

Ortaq məqsəd İrandır

 

Strategiya axtarışı üçün iki istiqamətdən başladılan bu “desant çıxarma”nın ortaq bir məqsədi var. Həm Bolton, həm də Pompeo regionda İrana qarşı nələrin edilə biləcəyini müzakirə etməyi planlaşdırır.

Pompeo xüsusilə Körfəz ölkələrində keçirəcəyi görüşlərdə İran məsələsini masaya yatırmaq niyyətindədir və Körfəz Əməkdaşlıq Konfransı (KƏK) ölkələri ilə birlikdə İranın Suriyadakı mövcud təsirinə qarşı nələrin edilə biləcəyini müzakirə edəcək.

Pompeo bu ölkələrlə bir müddətdir Vaşinqtonda müzakirə edilən Orta Şərq Strateji İttifaqının (Middle East Strategic Alliance) yaradılması prosesinin necə aparılacağını müzakirə etməyi planlaşdırır. Bununla bərabər, o, Səudiyyə Ərəbistanında “Xaşuqci cinayəti” sonrası baş verən hadisələri oradakı vəzifəli şəxslərlə müzakirə etməyi də nəzərdə tutur.

 

Türkiyəyə gələcək heyət

 

İlk dayanacaq olaraq İsrailə baş çəkdikdən sonra Türkiyəyə gələcək nümayəndə heyətinə, qeyd edildiyi kimi, Con Bolton başçılıq edir. Bolton və onu bu səfərdə müşayiət edən XİN-in Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri Vaşinqtondakı “İran şahinləri” qrupundandır. Onlar Ankarada İran məsələsini müzakirə etmək arzusundadırlar. Vaşinqtonu “Astana prosesi”ndə İranla əməkdaşlığı davam edən Türkiyənin verəcəyi cavablar da maraqlandırır.

 

Kürdlər

 

Bununla yanaşı, Ceyms Cefrinin Suriya kürdləri ilə də bağlı hazırlığı var.

Cefri uzun müddətdir Vaşinqtonda ABŞ-ın İŞİD-lə mabarizə üzrə koordinatoru olan Bret MakQörkün həddindən artıq YPG tərəfdarı olduğunu və Türkiyə ilə bu məsələni balanslı, anlayışlı şəkildə yalnız özünün danışa biləcəyini söyləyirdi.

Trampın ABŞ hərbçilərinin Suriyadan geri çəkilməsi haqqında verdiyi qərara etiraz edən MakQörkün istefa verməsindən sonra Cefri onun da vəzifəsini öz üzərinə götürüb.

 

Hazırlanan planlar

 

Ceyms Cefri indi Türkiyənin faktiki döyüşmədən Şimali Suriyada necə iştirak edə biləcəyi ilə bağlı planlar, xəritələr hazırlayıb.

Bu xəritələri görənlər onun üzərində xeyli fərqli, rəngarəng bölgələrin olduğu bir xəritə olduğunu söyləyirlər. Hətta onlardan biri hazırlanan bu xəritəni “kefli halda cızılmış yeni Sayks-Picot xəritəsi”nə bənzədib.

Cefri Şimali Suriyada Türkiyə ilə kürdlərin bir yerdə, sülh içində mövcud ola biləcəyi bir modelin mümkün olduğu iddiasındadır.

Ancaq onun bu “kürdlər” anlayışı ilə nəyi (kimləri – tərc.) nəzərdə tutduğu aydın deyil. Çünki Türkiyə qətiyyən kürdlərlə birlikdə sülh içində yaşama fikrinə qarşı deyil, hətta özü bunu uğurla reallaşdıran bir ölkədir. Lakin Cefrinin “kürdlər” deyərkən YPG və PYD-ni nəzərdə tutduğu Vaşinqtonda bəllidir. Ankaradakı görüşdə də bunu masaya belə gətirərsə, nə cavab alacağı qeyri-müəyyəndir.

Türkiyə regiondakı kürdləri YPG və PYD-dən qoruyacaq bir həll yolu axtarır.

ABŞ-ın Ankaraya masa üzərində aparılmış, reallıqlardan uzaq bir hazırlıqla gəlməsi ehtimalı yüksəkdir. Ciddi hazırlıqları olmadığı halda, iki istiqamətdə yeni strategiya axtarışını davam etdirirlər.

Cefri Əsəd rejimi ilə görüşlərə başlamaq üçün çalışan YPG rəhbərlərinə “Biz yeni strategiyamızı formalaşdırana qədər bu cəhdlərinizi dayandırın” mesajını da yollayıb.

Ankaraya gələcək nümayəndə heyətinə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Danford da qatılacaq.

 

İŞİD-lə mübarizə

 

Prezident Ərdoğanla Prezident Tramp ABŞ-ın bölgədən geri çəkildiyi təqdirdə, qalan İŞİD-çilərlə Türkiyənin məşğul olacağı ilə bağlı anlaşma əldə edib. Ancaq bu anlaşmanın ərazidə necə işləyəcəyi hələ ki, məlum deyil.

Türkiyə bu işə girişəcəyi halda, ABŞ-dan logistika dəstəyi istəyir. Vaşinqton isə bu halda atılacaq addımın ABŞ-ın Suriyadan geri çəkilməsi deyil, daha çox girməsi anlamına gələcəyini düşünür.

İŞİD-lə Türkiyə mübarizə aparacaqsa, bu işin, sadəcə, təhlükəsizlik sahəsinin yaradılması üçün Suriyaya sərhəddən 40 km içəri girməklə mümkün olmayacağı və ölkənin dərinliklərinədək girilməsi anlamına gələcəyi bildirilir. Bu da kağız üzərində göründüyü qədər asan olan bir iş deyil. Çünki buradakı mütəxəssislərə görə, həm təqribən 300 km dərinlikdən bəhs edilir, həm də başqa təhdidlər ortaya çıxa bilər. Əgər Türkiyə bu qədər dərinə enərsə, İran milisləri, Rusiya və Suriya ilə qarşı-qarşıya gəlmə ehtimalı da ola bilər.

Türkiyə təbii ki, bu təhdidləri bilir.

 

Ankarada diplomatiya şahmatı

 

Anlayacağınız odur ki, sabahdan etibarən Ankarada nəticələri çox önəmli ola biləcək diplomatik şahmat oyunu başlayır. Bu arada qulaqlar Pompeodan gələcək xəbərlərə də veriləcək.

Yanvarın 15-də hər iki nümayəndə heyəti Vaşinqtona döndükdən sonra burada oturulacaq və yeni bir strategiya formalaşdırılmasına çalışılacaq. Yəni ayın sonuna doğru gözlər yenə Vaşinqtona çevriləcək.

Tərcümə Strateq.az-ındır





Yuxarı Əvvələ Ana Səhifə