XƏBƏR LENTİ

21 Yanvar 2019
20 Yanvar 2019

Digər Xəbərlər

08 Yanvar 2019 - 22:36

VARİSLƏR KARYERA PİLLƏSİNDƏ NECƏ YÜKSƏLİR?- Rusiyada iri məmurların övladları hansı sahələrə nəzarət edirlər?

Svoboda.org, (Rusiya)

 

Rusiyada məmur övladları illərdir ölkənin ən iri və ən gəlirli sahələrində rəhbər postları tuturlar. Əsasən də valideynlərinin nəzarətində olan sahələrdə təmsil olunurlar. Bu, dövlət idarələrində də belədir, biznes strukturlarında da.

“Transparency International”ın baş direktorunun müavini İlya Şumanov misal kimi Sergey Şoyqunun, Dmitri Roqozinin, Qolodetsin, Xloponinin, Tkaçyovun, Patruşevin övladlarını göstərir.

Şumanovun dediyinə görə, Rusiya hökuməti məmur övladlarının məlum postları tutmasında kriminal heç nə görmür. Baxmayaraq ki, ortada açıq-aşkar maraqların qarşıdurması var.

Aleksey Roqozin

 

Əvvəlki illərdə olduğu kimi, 2018-də də Rusiyada bir çox sahələr məmurların yaxın qohumları tərəfindən idarə olunub.

Məsələn, “Roskosmos”un baş direktoru Dmitri Roqozinin oğlu Aleksey Roqozin aviasiya sənayesinə aid müəssisləri idarə edir.

O, nəqliyyat aviasiyası üzrə iri korporasiyanın vitse-prezidenti, həmçinin aviasiya texnikasının hazırlanması üzrə Rusiyanın aparıcı kompleksinin baş direktorudur.

Rusiya prezidenti Vladimir Putinin təbiətin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi təmsilçisi Sergey İvanovun oğlu Sergey Sergeyoviç İvanov almaz mədənçiliyi şirkətinin (“Alros”) prezidentidir.

Dmitri Patruşev

 

Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşevin oğlu Dmitri Patruşev 2018-də kənd təsərrüfatı naziri təiyn olunub. Buna qədər o, 8 il “Rosselxozbank”ın sədri olmuşdu. Oğul Patruşev həm də “Qazprom”un səhmdarlarındandır.

2016-cı ildə Rusiya Banklar Assosiasiyası onu “ilin bankiri” elan etmişdi. Dmitri Patruşev bu ada, rəhbərlik etdiyi bankın biznesin açar sahələrindəki uğurlu fəaliyyətinə və ölkə iqtisadiyyatının inkişafında göstərdiyi xidmətə görə layiq görülmüşdü.

İlya Şumanovun sözlərinə görə, bu təyinatda birmənalı olaraq maraqların qarşıdurmasının əlamətləri var: “Patruşevin atası yüksək vəzifəli məmurdur – Federal Təhlükəsizlik Xidmətinin rəhbəridir. Əslində atası bütün fəaliyyət sahələrinə, eləcə də ərzaq təhlükəsizliyinə nəzarət edə bilir. Bu da, Patruşevin kənd təsərrüfatı naziri kimi, fəaliyyət istiqamətlərindən biridir”.

Andrey Patruşev

 

Patruşevin ikinci oğlu Andrey Patruşev də dövlət şirkətlərindəki karyera pillələrini sürətlə qalxır.

2006-cı ildən 2008-ci ilədək A.Patruşev “Rosneft”də İqor Seçinə müşavirlik edib. 2015-ci ildə “Qazprom neft”də şelf layihələrinin inkişafı üzrə baş direktorun müavini olub.

Daha sonra isə Xəzər şelfində fəaliyyət göstərən “Kaspnefteqaz” mərkəzində direktorlar şurasına rəhbər təyin olunub.

Pyotr Fradkov

 

Xarici kəşfiyyatın keçmiş rəhbəri Mixail Fradkovun oğlu Pyotr Fradkov ötən il dövlət bankı “Promsvyazbank”a sədr təyin olunub.

Pyotr Fradkovun karyerası ancaq dövlət qurumlarında inkişaf edib. “Vneşekonombank”da müxtəlif vəzifələr tutub, 2007-ci ildə “Aeroflot”un törəmə şirkəti olan OAO Terminal-ın direktorlar şurasına daxil olub, ardından da Rusiya İxrac Mərkəzinə baş direktor təyin edilib.

“Oğul Fradkov əmək fəaliyyətinə atası yüksək post tutarkən başlayıb. İndi isə öz karyera trayektoriyası çərçivəsində, müstəqil şəkildə irəliləyir”, – deyə İlya Şumanov bildirir.

Roman Zolotov

 

“Rosqvardiya”nın rəhbəri Viktor Zolotovun oğlu Roman Zolotov “Kvant texnologiyaları” elmi-tədqiqat birliyinin sahiblərindən biridir.

Oğul Zolotov bu müəssisədə 25 faizlik paya sahibdir. Birlik elmi tədqiqatların aparılması ilə məşğuldur.

Əvvəllər Roman Zolotovun elm sahəsi ilə əlaqəsi yox idi. O, özəl təhlükəsizlik xidmətində işləmişdi, filmlərə prodüsserlik edirdi, Rusiya Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən və kommersiya əsasları ilə vətəndaşlara və təşkilatlara xidmət göstərən mühafizə şirkətində rəhbər vəzifə tuturdu.

Yerli mətbuatın yazdığına görə, Roman Zolotov artıq 23 yaşında Rublovkada yerləşən və dəyəri bir neçə milyon dollar olan mülkə sahib idi. Həmin vaxt atası prezident Putinin təhlükəsizlik xidmətinə rəhbərlik edirdi.

Dmitri Trutnyov

 

Rusiya baş nazirinin müavini, Permin keçmiş qubernatoru və keçmiş Təbii sərvətlər və ekologiya naziri Yuri Trutnyovun oğlu Dmitri Trutnyov ötən il Perm neft şirkəti “RİD Oyl-Perm”in səhmdarı olub.

Dmitri Permdə əmlak sərmayəçisi kimi tanınır. Mətbuat üzə çıxarıb ki, P.İ.Çaykovski adına Perm Opera və Balet Teatrı biznesmenlə müqavilə bağlayaraq ona məxsus iki otaqlı mənzili icarəyə götürüb. Permdə yerləşən həmin mənzilə görə Trutnyova illik 800 min rubl icarə haqqı ödənilir.

İlya Şumanovun sözlərinə görə, vəzifəli şəxslərin yaxınları məlum vəzifələrdə təmsil olunmaqla vacib qərarların qəbulunda iştirak edirlər və və bu qərarlar heç də həmişə cəmiyyətin maraqlarına uyğun olmur: “Bu, səmərəli qərarların qəbuluna mane olur. Təəssüf ki, biz qohumbazlığın, klan hakimiyyətinin, ailənin doqma hesab olunduğu Asiya modelinə getdikcə daha çox yuvarlanırıq. Yeri gəlmişkən, Rusiya Dövlət Duması korrupsiya ilə bağlı qanuna dəyişiklikləri qəbul edib. Yeni qaydalara görə, maraqların qarşıdurmasına görə dövlət xidmətindən uzaqlaşdırılma yox, müxtəlif intizam cəzaları, o cümlədən töhmət nəzərdə tutulur. Başqa sözlə, biz korrupsiya hallarının leqallaşdırılması yolu ilə gedirik”.

Tərcümə Strateq.az-ındır