XƏBƏR LENTİ

17 Fevral 2019
16 Fevral 2019

Digər Xəbərlər

05 Fevral 2019 - 12:48

KİVDF SƏDRİ İLƏ BAĞLI DAHA BİR QALMAQAL –YENƏ FOTO...

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF), eləcə də bu qurumun  İcraçı direktoru Vüqar Səfərlinin adı və fəaliyyəti son günlər yenidən mətbuatın diqqətini çəkib.

Strateq.az xəbər verir ki, KİVDF Müşahidə Şurasının 31 yanvar toplantısında  2019-cu ilin II rübü üçün KİV layihələrinin yeni şərtlər əsasında maliyyələşdirilməsi qərarından sonra bir neçə qəzetin fəaliyyətini dayandırması geniş rezonans yaradaraq, bütövlükdə Azərbayan mediasında islahatlar mövzusunu ictimai müzakirəyə çıxarıb və bu kontekstdə KİVDF-nin özündə də ciddi kadr dəyişikliklərinin aparılmasının zəruri olduğu fikrini gücləndirib.

Hazırda ən fərqli çevrələrdə Azərbaycan mediasındakı mövcud durum analiz edilərək, onu dirçəltmək yolları haqda çoxsaylı təkliflər irəli sürülsə də, sahə üzrə mütəxəssilərinin əksəriyyəti bu qənaətdədir ki, ölkə mətbuatında əsaslı islahatların aparılacağına cəmiyyətdə inamın yaradılması üçün öncə bu sektora cavabdehlik daşıyan və indiyə qədərki fəaliyyətlərində ciddi nöqsanlara yol vermiş şəxslər vəzifələrindən uzaqlaşdırılmalıdır.

Əsas arqument də budur ki, köhnə və “çirkli qaydalar”la işləməyə və yaşamağa alışmışlarla yeni və sürətli islahat aparmaq əlavə vaxt itkisindən başqa bir şey deyil və mütləq şəkildə rəhbər kadr heyəti peşəkar və təmiz imicli şəxslərlə əvəzlənməlidir…

Məlumdur ki, hazırda Azərbaycan hakimiyyətinin əlində mediaya təsir resurslarına görə ən önəmli dövlət qurumu KİVDF sayılır. Ancaq istər jurnalistlərə verilən mənzil bölgüsündə, istər təşkil edilən yazı müsabiqələrində və media turlarında, istərsə də çap mətbuatı üzərində həyata keçirilən maliyyə maxinasiyalarında bu qurumun adı xeyli dərəcədə mənfi planda hallandığından, ekspertlərin bir çoxu hesab edir ki, mediada islahatlar üçün ilk növbədə bu qurumun öz rəhbərliyində, funksiya və səlahiyyətlərində ciddi dəyişikliklər edilməli, xüsusən də KİVDF-nin icraçı direktoru vəzifəsinə peşəkar media meneceri, mütəxəssis gətirilərək, qurumun çevik və effektli fəaliyyəti təmin edilə bilər.

Bu qurumda idarəetmənin vəziyyətinə diqqət çəkmək üçün heç də uzağa getməyə, təkrar “köhnə palan içi töküb” xüsusi araşdırmaya, kimlərinsə saxta tərcümeyi-halını təftişə ehtiyac yoxdur: KİVDF Müşhidə Şurasının son toplantısından elə özlərinin yaydıqları məlumat və fotoşəkil hər şeyə aydınlıq gətirir!

Baxın, elan olunur ki, yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov da iclası açıq elan edərək, gündəlikdəki məsələlər barədə məlumat verib…

Bilməyənlərin nəzərinə çatdıraq ki, KİVDF-nin Nizamnaməsinə görə, Fondun fəaliyyətinə ümumi nəzarəti məhz Prezident tərəfindən təyin edilən 9 nəfərdən ibarət Fondun Müşahidə Şurası həyata keçirir. Yəni subordinasiya və idarəçilik iyerarxiyası baxımından Müşahidə Şurasının sədri Fondun icraçı direktorundan üstün status sayılır.

Ancaq fotoda nə görürük? Müşahidə Şurasının mühüm bir iclasının müzakirə masasının başında Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov deyil, icraçı direktor Vüqar Səfərli əyləşib!!! Görünür, hörmətli KİVDF rəhbəri hələ də 2015-ci ilin 21 iyulunda Pezidentlə çəkilən fotoda Tapdıq Abbasın arxasında durması faktının təsirindən çıxa bilməyib…

21 iyul 2015-ci il

Əlbəttə, bu fotoları bir çox aspektdən, o cümlədən natamamlıq kompleksi yaşayan fərdlərin idarəetmədəki davranışlarından qalaq-qalaq əsərlər yazmış psixoanalitiklərin tədqiqatlarından çoxsaylı nümunələr, sitatlar gətirməklə də qiymətləndirmək mümkündür. Ancaq indilik işimiz bu deyil. Eyni zamanda, bu sayaq davranışlar və qeyri-standart açıqlamalar Vüqar Səfərli üçün xarakterik hal olduğundan, jurnalistlər arasında təəccüblü də qarşılanmır.

Sadəcə, diqqəti ona yönəltmək istəyirik ki, Prezidentin idarəetmədə və iqtisadiyyatda başladığı islahatların uğurlu olması üçün bu islahatların həqiqi mahiyyətini xalqa sağlam şəkildə çatdıracaq etibarlı, nüfuzlu media resurslarına çox ciddi ehtiyac yaranıb və hələ də öz yerini bilməyənlərin rəhbərlik etdiyi KİVDF bu əda, hikkə və yerişlə o media resurslarını qura bilməz! Uzaqbaşı, bu dəfə də krossvord qəzetlərini başqa cür boyayıb “rəngli makulatura” çıxararlar, ya da təzə katibələrə, qohum-əqrəbaya yeni binalarda köhnə adlarla ev paylanar, vəssalam!

Strateq.az