XƏBƏR LENTİ

17 Fevral 2019
16 Fevral 2019

Digər Xəbərlər

08 Fevral 2019 - 21:48

KRAL AİLƏSİNİN QAYDALARINI “ÇEYNƏYƏN” ŞAHZADƏ- Tailand kralının bacısı baş nazir olmaq istəyir: hərbi rejimi yola sala biləcəkmi?

Tailand kralının bacısı Ubol Ratana qəfil qərarı ilə hamını təəccübləndirib. 67 yaşlı şahzadə baş nazir vəzifəsinə iddialı olduğunu açıqlayıb. Ratananın bu posta namizədliyi müxalifyönlü “Txai Raksa Çaat” (Tailand vətənpərvərlərinin partiyası) tərəfindən irəli sürülüb. Partiya ölkənin keçmiş baş naziri Taksin Çinnavata bağlıdır.

Şahzadənin bu qərarı kral ailəsinin ənənəvi mövqeyi ilə ziddiyyət təşkil edir. Belə ki, ailə üzvləri siyasətdən hər zaman uzaq durublar.

Tailandda seçkilər bu il martın 24-də keçiriləcək. Dünyanın diqqətini bu seçkiyə çəkən əsas məqam hərbi rejimin 5 illik hakimiyyətindən sonra ölkəyə demokratiyanın qayıtma ehtimalıdır.

Ubol Ratana 1951-ci ildə İsveçrənin Lozanna şəhərində anadan olub. O, mərhum kral Pxumipon Adulyadet və kraliça Sirikitin böyük övladıdır. Orta təhsilini Tailandda alandan sonra ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna daxil olub və 1972-ci ildə oranı bitirib. Bunun ardından da Los-Ancelesdəki Kaliforniya universitetində magistr dərəcəsinə yiyələnib.

Ratana Massaçusets Texnologiya İnstitutunda tanış olduğu amerikalı Piter Ledd Censenlə ailə qura bilmək üçün 1972-ci ildə öz titulundan imtina edib. Toydan sonra Birləşmiş Ştatlara köçüb.

Ubol Ratana

 

1998-ci ildə ərindən boşanan Ubol Ratana yenidən vətənə qayıdıb və kral ailəsinin işində iştirak etməyə başlayıb.

Sosial şəbəkələrdən aktiv istifadə edən Ratana ABŞ-dan qayıdandan sonra bir neçə yerli filmə də çəkilib. Şahzadənin üç övladı var – Ploypaylin Censen (1981), Bxumi Censen (1983-2004), Sirikitiya Censen (1985).

Oğlu Xun Bxumi Sensen autizm sindromundan əziyyət çəkirdi. O, 2004-cü ildə Hind okeanında baş verən dağıdıcı sunami zamanı həyatını itirib. Oğlunun ölümündən sonra Ubol Ratana onun xatirəsini əbədiləşdirmək məqsədilə Xun Puma (Khun Poom Foundation) adlı xeyriyyə fondu qurub. Fond autizmli uşaqlara yardım edir.

Ölkənin hazırkı baş naziri Prayut Çan-Oça bu gün bəyan edib ki, qarşıdakı seçkilərdə baş nazir kürsüsü uğrunda mübarizə aparacaq. Onun namizədliyi mühafizəkar “Pxalanq Praçarat” (“Xalqın gücü) partiyası tərəfindən irəli sürülüb.

General Prayut Çan-Oça Taylandda Quru Qoşunlarının Ali Baş Komandanı idi. O, 2014-cü ildə hərbi çevriliş etməklə hakimiyyəti ələ keçirib və dissidentləri həbsxanaya doldurub.

Bu, 1932-ci ildə Konstitusion monarxiyanın tətbiqindən sonra Tailandda baş verən sayca 12-ci çevriliş idi. Hərbçilər 1914-cü ildən qüvvədə qanuna əsasən hərəkət edir. Qanun böhranlı vəziyyətlərdə ordunun siyasətə müdaxiləsinə icazə verir.

Prayut Çan-Oça

 

Tailandda kral ailəsi böyük hörmətə sahibdir və demək olar ki, heç vaxt tənqid olunmur. Ona görə də, çoxları kral ailəsi üzvünün qatıldığı seçkidə kiminsə rəqib kimi ortaya çıxacağına şübhə ilə yanaşır.

Mart seçkiləri 2014-dəki hərbi çevrilişdən sonra Tailandda keçiriləcək ilk demokratik seçki olacaq. 2014-cü ildə baş nazir Taksin Çinnovatın bacısı Yinqlak Çinnavat hakimiyyətdən uzaqlaşdırılmışdı.

Hazırda Taksin və Yinqlak Çinnavat mühacirətdədirlər. Buna baxmayaraq, Tailandın siyasi həyatında kifayət qədər nüfuzlu fiqur hesab olunurlar. Ölkədə xeyli insan onları dəstəkləməkdə davam edir.

2017-ci ilin sentyabrında Tailand Ali Məhkəməsi keçmiş baş nazir Yinqlak Çinnavatı korrupsiyada və vəzifə səhlənkarlığında ittiham edərək 5 il müddətinə azadlıqdan məhhum etmişdi. Çinnavat özü bütün ittihamları rədd edir. O, hökmün elan edilməsindən bir müddət əvvəl ölkəni tərk etmişdi.

Qarşıdakı seçkilər həm də Çinnavat ailəsi və hərbçilərin tərəfdarları arasında mübarizə kimi başa düşülür.

2016-cı ildə Tailand vətəndaşları səsvermə zamanı hərbçilərin təklif etdiyi yeni konstitusiyanı dəstəkləmişdilər. Yeni konstitusiya hərbçilərin hakimiyyətinin möhkəmlənməsinə, Çinnavat ailəsi tərəfdarlarının isə qələbə qazanmasını önləməyə hesablanmışdı. Lakin görünən odur ki, şahzadə Ubol Ratananın son qərarı hərbçilərin bütün “kartlarını” qarışdırdı və planlarını təhlükə altına salmış oldu…

Hazırladı:G.Hüseynova

Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə