XƏBƏR LENTİ

15 Oktyabr 2019
14 Oktyabr 2019

Digər Xəbərlər

12 Mart 2019 - 11:10

Gənc siyasətçidən ittiham:“Parçalanma hazırkı başqan Arif Hacılı tərəfindən oldu”-VİDEO

  Tural Abbaslı: “Türkiyənin AK Partisinin etdiklərini biz də Azərbaycanda etmək istəyirik”

Tural Abbaslı Azərbaycan siyasətinin ən gənc nümayəndələrindən biridir. Onun “Qaynar Qazan”da müsahibəyə çağırılması hər zaman gündəmdə olub, amma bir türlü alınmayıb. Buna ən müxtəlif səbəblər olub. Əsas səbəblərdən biri də açığı, Tural bəyin bəzən müxalifət – daha doğrusu, ənənəvi müxalifətin üzərinə yerli-yersiz getməsi olub. Allah var, ənənəvi müxalifətin üzərinə Tural bəy bəzi digər gənclər kimi getməyib, çox aşırıya qaçmayıb, ifrata varmayıb, amma hər halda əsas səbəblərdən biri bu olub. Lakin Tural bəyin siyasi həyatda oynadığı rol açıq-aşkar ortadadır və biz qərara gəldik ki, bu dəfəki qonağımız Tural Abbaslı olsun.

Tural Abbaslı müasir Azərbaycan siyasətinin əsas fiqurlarından biridir. AĞ Partiyanın sədridir. Qarabağ Komitəsində, Azərbaycan Xalq Hərəkatında təmsil olunur, aktiv hərəkətlənmələrin mərkəzində yer alır. Onun da başından sığallanmır, onun da yolu rəvan deyil, amma gündən-günə apardığı siyasətlə daha təmkinli və sağlam təməllərə oturduğu göz önündədir. Bu təmkinli davranışları ilə son zamanlar heç ənənəvi müxalifətin də üzərinə yerimir. Seçimimizdə bu siyasətin də rolu var, nə gizlədim.

Müsahibəni evlərində götürmüşük. Təbii ki, “Qaynar Qazan”ın sabit studiyası yoxdur. Bəzən verdiyimiz fasilələrin səbəbi də budur. Düzənli fəaliyyətimizi həm də ciddi əngəlləyənlər var. Biz bu haqda zaman-zaman məlumat veririk cəmiyyətə, ancaq vermədiklərimiz də var. Ona görə də müsahimizi danışdırmaq üçün lazım olan yeri tapa bilməyimiz də dövrümüzdə ayrıca bir qəhrəmanlıqdır.

Tural Abbaslının evi söküntü sahəsindədir. Evi tapdıq və evə daxil olan kimi anası, tanınmış siyasətçi, Müsavat Partiyasının Divan üzvü Başxanım müəllimənin təqdimatında canlı bir tarixin içinə düşdük sanki. Sən demə, bu ev Hacı Zeynalabidin Tağıyevin birinci həyat yoldaşına tikdirdiyi evmiş. Bu da bir problem. Məlum oldu ki, Bakı Şəhər İcra Hakimiyyəti bu binanı və binanın qonşuluğunda yer alan digər tikililəri də sökmək niyyətindədir. Anlaşılması o qədər çətindir ki… Hacı Zeynalabidinin tariximizdə oynadığı rol ortadadır. Onunla bağlı, onun tikdirdiyi hər bina bizim şanlı tariximizin səhifələrindəndir. Bu binaları qoruyub-saxlamaq, onları gələcək nəsillərə ərməğan etmək olmazmı? Niyə sökülsün ki, bu binalar? Tural bəylə elə bu mövzu ilə də başladıq.

Gəncdir. Təbii ki, müasir Azərbaycanın standartlarında gəncdir Tural Abbaslı. Müasir Azərbaycanın standartlarında elə mən də gəncəm. Amma Əli Kərimlinin 27 yaşında Dövlət Katibi olduğunu, Pənah Hüseynin 33 yaşında Baş nazir olduğunu – o dövrün bütün vəzifə sahiblərinin 30-40 yaş arasında olduğunu düşünəndə təbii ki, biz qocaların qocasıyıq. Bu amansız sistemdə o da çürüyənlərdən biridir. “Qaynar Qazan”da gənclər olub. Bəxtiyar Hacıyev, Ruslan İzzətli – amma onların heç biri partiya sərdi, müxalifətin atişləməz yollarında cəng edən deyillər. O baxımdan, Tural Abbaslı ilə müsahibə mənim üçün də çox maraqlı idi. Mən də gəncliyimdə bəzən müsahiblərimi zəif görəndə ləzzət alır, onları zəif göstərmək üçün zövq alırdım, amma indi müsahiblərimi zəif görəndə çox ağrıyıram. Bilirəm ki, Azərbaycanın gələcəyi bunlardır. Nə qədər zəifdirlərsə o qədər zəif olacağıq, amma nə qədər güclüdürlərsə o qədər də güclü olacağıq. O baxımdan, Tural bəyin də güclü çıxmasını istəyirdim bu müsahibədən. Çox istəyirdim…

Buna Tural Abbaslı nə qədər nail olub, onu mən deyə bilmərəm. Onu oxucular, tamaşaçılar deyəcəklər. Amma mən onu xeyli təmkinli, səbatlı, ağıllı və yetkin gördüm. Xüsusilə, çətin, tənqidi, hətta bir az da həddini aşan ironiyalı sualların qarşısında dözümlü gördüm. Bu, çox yaxşı haldır, bunu yayının gedişində də dedim. Təmkinli olmaq, dözümlü olmaq indiki siyasətdə çox önəmlidir. Bunu bacara bilirsənsə, uğur qazanmaq ehtimalın var. Dövrümüzün Azərbaycanının hakimiyyəti də, müxalifəti də, hətta qeyri-hökumət sektoru da, vətəndaş cəmiyyəti də çox amansızdır, çox zalımdır. Bizim mühit indi yıxdığını kəsəndir, şər-böhtanla dost-yoldaş olandır, söyüşü çörək yerinə yeyəndir, bu mühitdə baş çıxarmaq çox çətin və məşəqqətlidir. Mən Tural Abbaslını baş çıxaran görürəm və əminəm ki, elə də olacaq. Sona qədər gedəcək və sonu gətirəcəklər bu cavanlar. Allah onları da, bizi də utandırmasın!

Hə, onu az qala unutmuşdum. Tural Abbaslı hələ subaylığın daşını atmayıb. Müsahibədən əvvəl də, müsahibədə də, ondan sonra da bu haqda rəsmi və qeyri-rəsmi danışdıq. Demədi, amma ucundan-qulağından hiss etdim ki, gəlin namizədimiz var, amma bu namizəd Tural bəyi yaman qorxudub. Sər verir sirr vermir. Mən söz verdim ki, bütün siyasi sistemi ayağa qaldırar, elçiliyə gedər, yalvarar-yaxarar, lazım gələrsə döyüşər və qızı alarıq. Tural bəy də söz verdi ki, bu il – 2019-cu il ərzində subaylığın daşını atacaq. Başqa yolu da yox zatən. Millətə xidmət etmək həm də onun üçün dəyərli və faydalı övladlar yetişdirməkdir. Zaman isə ötür. Başxanım müəllimə də o qutlu günü arzulayır. Güman edirəm ki, Tural bəyin namizədini biz də tanıyırıq və güman edirəm ki, gəlinimiz hətta mənim yazdıqlarımı da oxuyacaq. Gəlinbacımız, biləsən ki, hövsələmiz tükəndi, daşı ətəyindən tök, Turalı hizaya gətir və bu il toyunuzu edək. Tural Abbaslının gələn ilə qədər limiti var, biləsən…

Nə manidardır ki, “Qaynar Qazan”da ötən qonağımız Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov olmuşdu. İlk prezidentdən sonra sıra Tural Abbaslıya gəldi. Üç dəfədir prezident İlham Əliyevdən “Qaynar Qazan” üçün müsahibə istəmişəm. Mən bütün son açılımların hamısına o zaman inanacağam ki, İlham Əliyevlə “Qaynar Qazan”da müsahibə götürüm. Deməli, Tural Abbaslıdan sonra İlham Əliyev ola bilər “Qaynar Qazan”ın qonağı. Bunun özü də maraqlıdır və bəlkə də bir əlamətdir. Təki bütün əlamətlər xoş olsun…

İndi isə keçək müsahibəyə. “Qaynar Qazan”ın budəfəki müsahibi AĞ Partiyanın sədri, gənc siyasətçi Tural Abbaslıdır.

Əvəz Zeynallı,

“Qaynar Qazan”

 

I hissə

 

Hacı Zeynalabidin Tağıyevin binasını və Cəlil Məmmədquluzadənin ev muzeyini sökürlər

– Hörmətli “Qaynar Qazan” tamaşaçıları, bu gün növbəti qonağımız Azərbaycan siyasətinin gənc sayıla biləcək nümayəndələrindən biri Tural Abbaslı ilə müsahibədəyik. Tural bəy, “Qaynar Qazan”a xoş gəlmisiniz.

– Xoş gördük, Əvəz bəy.

– Əslində, biz də Tural bəygilə xoş gəlmişik. Tural bəygilin evindəyik. Bura çox maraqlı, tarixi binadır. Yəqin bu haqda da bizim əlavə söhbətimiz olacaq.

– İnşallah.

– Elə yeri gəlmişkən, belə binaları dağıtmaq yox, məncə bərpa, təmir etmək və gələcək nəsillərə ötürmək lazımdır.

– Əlbəttə, qorumaq lazımdır.

– Mən burada eşitdim ki, bu bina Hacı Zeynalabidin Tağıyevin ilk həyat yoldaşına tikdirdiyi binadır. Möhtəşəm bir abidədir. Deyəsən, bu binaya yaxın bir binada Cəlil Məmmədquluzadənin ev muzeyi də var?

– Bəli, onu da deyəsən, sökmək istəyirlər.  Ümumiyyətlə, burada – Sovetski deyilən ərazidə gecəqondulara qatıb, Azərbaycanın tarixi binalarını da sökürlər. Ola bilsin ki, gecəqondular memarlıq baxımından dəyərli olmasın və onu söksünlər, amma tarixi binalarımız var ki, onları da layihələrə salıb sökürlər. Məsələn, bizim məhəllədə çıxanda görəcəksiniz ki, fundamental, tarixi binalar var, hansı ki, mən dəfələrlə görmüşəm, turistlər buralara gəlirlər, gəzirlər, çəkirlər. Ümumiyyətlə, Bakının siması bu binalardır. Dağıdın, köhnə gecəqonduları dağıdın. Ancaq belə tarixi, fundamental binaları da dağıdıb, yerində hündürmərtəbəli binalar tikməklə nəyə nail olacaqlar, başa düşmək olmur. İnşallah, düşünərlər, analiz edərlər və ən azı belə binalara əl dəyməzlər.

– Deyirsiniz ki, burada C.Məmmədquluzadənin də ev muzeyi belə bir təhlükədədir?

– Təbii ki… həmin bina da bizim bina ilə eyni sıradadır (Unudulmaz aktyor Süleyman Tağızadə də (1908-1960) həmin binada yaşayıb). Binaları sökə-sökə gəlirlər, artıq bir bina qalıb ki, bizim binalara yaxınlaşsınlar.  Ola bilsin yay, ya da payız fəslində artıq buraları da sökəcəklər. Orada tək həmin binanı yəqin ki, saxlamazlar.

 

Bakını Dubay eləmək istəyirsinizsə…

– Bu, həm də bir həyəcan təbili olsun ki, belə tarixi binaları sökməsinlər. Belə tarixi binalar qalmalıdır. C.Məmmədquluzadənin ev muzeyi, Z.Tağıyevin tikdirdiyi bu bina həm də Azərbaycanın memarlıq tarixinin dəyərli sərvətləridir. Hər halda, bir partiya olaraq da bu məsələ ilə məşğul olmaq olar.

– Bizim elə bil ki, bəxtimizdəndir. Bu, yaşadığımız 3-cü tarixi binadır ki, sökmək istəyirlər. Sözün düzü, artıq yorulmuşuq. Bakını Dubay eləmək istəyirsinizsə, o zaman ətrafını Dubay eləyin. Mərkəzdəki tarixi binaları sökmək nə dərəcədə düzgündür? Gəlin, Parisə, Londona baxaq, indi orada da qədim binaları söksəydilər, bu şəhərlər hansı vəziyyətdə olardılar? Tariximizi qorumaq lazımdır, deyə düşünürəm. Məncə bir az səhlənkarlıq var. Elə nömrələyib sökürlər. Araşdıran, baxan yoxdur. Analiz eləyən yoxdur. Tarixinə baxan yoxdur. Bir az dayanıb düşünsələr, saxlamaq olar. Belə binaları böyük restovrasiya etməyə də ehtiyac yoxdur. Üzlərini təmizləyib, qaydasına salsalar, kifayət edər.

– Mən Strasburqda şahidi olmuşdum. 1645-ci ilin binası hələ də yerində durur. Yəni oralarda qədim binalara münasibət ayrı olduğu üçün tarixi binalar da çoxdur. Avropa əslində tarixinə qiymət verir, gərək biz də verək.

– İnşallah, yəqin ki, bu verilişə baxan səlahiyyətli nümayəndələr bu məsələyə diqqət göstərərlər. Bakının meri də dəyişib – əvvəl Hacıbala idi, indi Eldar Əzizovdur. Hər halda tariximizə dəyər vermək lazımdır.

– Səhv etmirəmsə, Eldar Əzizov “Difai”nin qurucusu Əhməd Ağaoğlunun nəvələrindən biridir. Onun tayfasından, onun soyundan gəlir. O baxımdan, milli dəyərlərimizə laqeyd qalınmamalıdır. Bəy, bəlkə biz elə siyasətdən də başlayaq…

– Buyurun.

 

Partiyamızın 3.000 üzvü var…

– Ülfət Abadov soruşur: “Partiyanızın neçə üzvü var?”

(Gülür…) Bizdə bu, ən çox verilən sualdır. Mən düşünürəm ki, bu anlayış sovet dönəmindən qalıb. Kommunist Partiyasının neçə üzvü var, neçə rayon təşkilatı, neçə şöbəsi var…

– İman Hüseyn adlı bir nəfər də onun sualının ardınca yazır: “iki cüt, bir tək…”

– Yəni yaza bilərlər… Bilirsinizmi, bir daha təkrar edirəm, bizdə hələ də sovet təfəkkürünün qalıqları qalıb. Partiyaların qeydiyyatdan keçməsi üçün lazım olan say iki min nəfərdir. Bizdə də respublika üzrə haradasa üç min civarında üzvümüz var. Belə deyə bilərik, çünki bəzi rayonlarda bölgülər üzrə götürülür və zatən də iki min nəfərdən aşağı olmaz. O baxımdan, hesab edirəm ki, ola bilsin üç min nəfərdən çoxdur.

– Siz o siyahıların hamısını Ədliyyə Nazirliyinə təqdim edirsiniz?

– Təbii ki…  Ədliyyə Nazirliyi qeydiyyat məsələləri lazım olanda bu siyahını tələb edirlər. Zatən həmin adamların da hamısı bizdə qeydiyyatdan keçib. Ona görə də siyahını təqdim edirik, adları, soyadları ilə… Yəni üç min civarında üzvümüz var və artıq irəliləməkdə davam edirik. Nəzərə alın ki, biz iki ildən bir az artıq müddətdə bu partiyanı yenidən formalaşdırmağa çalışırıq.  Bizə qədər zatən 1993-cü ildən Kərrar Əbilovun Vahid Azərbaycan Partiyası adı altında fəaliyyət göstərib və bu partiya kifayət qədər də Azərbaycan siyasi arenasında özünəməxsus rol oynayıb. Son illər iki-üç partiyadan başqa digər partiyaların fəaliyyəti görsənməyib, bu partiya da həmin partiyalardan biridir. İndi biz çalışırıq ki, heyət də yenilənsin, gəncləşsin. Çünki 1993-cü ildə partiyaya üzv olanların o təfəkkürü, o düşüncəsi artıq aradan 25 il keçəndən sonra dəyişib. İndi XXI əsrdir və biz onu yenidən formalaşdırırıq. İndiki məqamda bu heç də rəvan getmir. Məsələn, o “iki cüt, bir tək” – deyən bəydən soruşmaq lazımdır ki, sonuncu dəfə hansı siyasi aktivliyə qatılıb, hansı partiyanın üzvü olub. Ümumiyyətlə, seçkilərə gedibmi? Məlum olacaq ki, yox. Özünün də şəxsi problemləri var – ailəsinə çörək qazanır və yaxud nəsə eləyir. Belə bir zamanda təbiidir ki, partiya quruculuğu rahat deyil. Hətta köklü partiyalar belə bazalarını itirir, qalmışdı ki, yenilərini cəlb eləmək. Amma bizdə müsbət dinamika gedir. Üzvlərimizin çox hissəsi gənclərdən ibarətdir. Zamanında, inşallah, həmin o bəylər partiyanın gücünü də, qüvvəsini də göstərəcək. Zatən indi də görürlər. Çünki əgər bu gün bizi tanıyırsa, dəyərli vaxtını ayırıb bizə sual verirsə, demək ki, partiyamız azdan-çoxdan siyasi səhnədə yer tutub. Bəydən soruşsaq ki, Azərbaycanda qeydiyyatdan keçmiş 53 partiyadan hansının adını çəkə bilər, bizim partiya da daxil olmaqla beş partiyanın adını çəkə bilər, yəqin ki…

– Partiyanızla bağlı yeniləşmədən danışdınız…

– Bəli…

 

Rəsmi adımız Vahid Azərbaycan Partiyasıdır

– Partiyanız Ağ Partiyadır, yoxsa…

– Bilirsiniz ki, partiyamızın qurultayı keçirildi və onun mövcud nizmnaməsi, adı dəyişdirildi. Biz bununla bağlı Ədliyyə Nazirliyinə müraciət eləmişik. Bilmirəm, deyəsən Ədliyyə Nazirliyi də “Ağ Partiya” adından Türkiyə məsələlərinə görə ehtiyat edir, yoxsa istəmir elə bir tendensiya yaransın… Yəni müxtəlif sudan bəhanələrlə, hansı ki, elə bəhanələr gətirirlər ki, məsələn, “Nizamnamədə filan bənd uyğun deyil”. Biz iqtidarda olan Yeni Azərbaycan partiyasının və qeydiyyatda olan digər partiyaların eyni bəndini sözbəsöz işə əlavə edib, təqdim edirik ki, qardaş, yaxşı bu bənd uyğun deyildirsə, niyə o zaman YAP-ın Nizamnaməsində eyni bəndlər mövcuddur. Yəni adın dəyişməməsi üçün müxtəlif bəhanələr gətirirlər. Rəsmi olaraq, adımız hələ ki, Vahid Azərbaycan Partiyasıdır. Mərkəzi Seçki Komissiyasında qeydə götürülən adımız Vahid Azərbaycan Partiyasıdır. Ancaq cəmiyyətdə, mətbuatda daha çox Ağ Partiya kimi tanınırıq. Rəsmi Vahid Azərbaycan Partiyasıdır.

– Vahid Azərbaycan Partiyası da birmənalı partiya olmayıb. Onu vaxtilə, Əli İnsanov – Allah qapısını açsın – almışdı.

– O məlumatı da mən sizdən eşitdim.

– Biz o haqda yazmışıq, sonralar hakimiyyət mətbuatı da bu haqda yazdı. Yəni belə qalmaqallı bir partiyadır. Siz bu partiyanı Kərrar Əbilovun özündə almısınız? Ümumiyyətlə, pulla almısınız?

– Yox, qətiyyən arada pul söhbəti olmayıb. Nə bizdə o qədər imkanlar var, nə də Kərrar Əbilovda. Mən düşünürəm ki, bizi tanıyanlarda bizi bilirlər. Bir siyasətçi dostumuz var. Onun vasitəsilə tanış olduq. Əvvəllər Kərrar müəllimlə bizim tanışlığımız yox idi. O, bizi əlaqələndirdi. Həmin siyasətçi dostumuzun da kim olması maraqlıdırsa, istəsə o özünü təqdim edə bilər. Mənim onun adını çəkməyim etik olmaz. Görüşdürdü, tanış elədi, bir yerdə söhbət elədik və onu inandırmağa nail olduq ki, bu gedişlə partiya məhvə doğru gedir. Fəaliyyət göstərmədiyi üçün bir azdan qeydiyyatı da ləğv olunacaq. Ondansa, biz gələk və partiyanın fəaliyyətini gücləndirək. Sağ olsun, etiraz eləmədi və biz artıq o istiqamətdə fəaliyyət göstəririk. Yəni qətiyyən arada pul söhbəti olmayıb.

– Çünki Əli İnsanovun vaxtında arada güclü pullardan söhbət gedirdi.

– Əli İnsanovun vaxtında zaman da başqa idi, bu sahələr üçün maliyyə də var idi. Bizdə isə məsələ tamam başqa cürdür. Pul məsələsində qıtlıq var deyə biz bu yola baş vurmadıq. (Gülür…)

– Ümumiyyətlə, Azərbaycan siyasətində partiyaların alınıb satılması da çox maraqlı bir şeydir. Necə ola bilər, partiya alıb satasan?

– Elə olmamalıdır, əslində. Bu partiya kiminsə şəxsi mülkiyyəti deyil ki, onu istədiyi kimsə ala, ya da sata bilsin. Partiya partiyanın üzvlərinindir.  Yəni həmin partiyanı təmsil edən üzvlərindir. Biz partiyaya üzv olduq və partiyanın qurultayını keçirib, bu işləri gördük. Partiya nəsə dəftər-kitab deyil ki, onu pulla alaq. Düzdür, ümumi anlayışda belə fikirlər səslənir, jurnalistlər də bu sualı verirlər. Yəqin prosedur qaydalarını bilmədikləri üçün  çox vaxt belə suallar verirlər. Əslində, cəmiyyət də, partiya üzvləri də sevinməlidirlər ki, artıq fəaliyyəti bir növ dayandırılmış bir partiya yenidən siyasi gündəmə qayıdır və siyasi arenaya da yeni rəng qatacaq.

 

Ərdoğanın AK Partiyasının burada eynisiyik

– O zaman niyə partiyanın adını dəyişdirirsiniz? Elə Vahid Azərbaycan Partiyası adı da pis deyil. Çünki Ağ Partiya deyəndə AK Parti ilə qarışıdırırlar. Bizim Türkiyə ilə də bağlı çoxlu suallarımız var. Ərdoğana simpatiyaya görə sizə iradını bildirən məqamlar çoxdur. Yeri gəlmişkən, Ağ Partiya da Ərdoğana olan simpatiyanın nəticəsidirmi?

– Biz burada bir məqamı qarışdırırıq. Cəmiyyət də qarışdırır. Partiyanın adını Ağ Partiya qoymağımız təbii ki, Türkiyənin Ak Partisi ilə eyniləşdirilməsidir. Yəni cəmiyyət Ağ Partiya adını eşidərkən beyinlərində, başlarında Türkiyənin Ak Partisinin adı ilə eyniləşdirsinlər.

– Yəni siz AK Partiyə uyğun olaraq Ağ Partiya adını qoymusunuz?

– Təbii ki… Baxın, niyə? Bizim siyasi ideologiyamız onların siyasi ideologiyasıyla eynidir. Biz də bu gün Türkiyənin AK Partisinin elədiklərini Azərbaycanda eləmək istəyirik. Məsələn, Türkiyənin AK Partisi ilə bizim Ağ Partiyamızın ideologiyası nədir? Milliyyətçiliyimiz, türkçülüyümüz, öz müasirliyimiz və İslam – bizim bayrağımızdır. Zatən müsavatçılıq da bu ideologiyadır. Bizim partiyalarımız ideologiyadan o qədər uzaq düşüb ki …

– Ancaq Ərdoğanda türkçülük yoxdur, axı…

– Türkçülük deyəndə bayrağımızda təmsil olunan türkçülük nəzərdə tutulur. Belə götürəndə bizdə talışlar da, avarlar da, ləzgilər də var, onda onları nə edək. Yəni türkçülükdən daha çox həmin ərazidə yaşayan milli kimlikləri müdafiədən söhbət gedir. Biz də o xəttin tərəfdarıyıq. Niyə Lalə xanım Şövkətə sual vermirlər ki, Azərbaycan Liberal Partiyası olaraq niyə İtaliyadakı Liberal Partiyanın etdiklərini kopyalayırsınız? Yaxud niyə sual vermirlər ki, Azərbaycan Kommunist Partiyası Çin Kommunist Partiyasının, yaxud da Rusiya Kommunist Partiyasının fəaliyyətini niyə kopyalayır? Eləcə də demokratlar, digər bu yönümlü partiyalar? Hətta ərəblərin “Bəəs” Partiyası var. Bütün ərəb dövlətlərində “Bəəs” partiyası, siyasi-ideoloji xətti var. “Müsəlman Qardaşları” var ərəblərdə. Amma türk müsəlmanlarının özünə xas bir siyasi ideologiyası niyə olmasın? Bir nümunə var və Türkiyə bu gözəl nümunənin əsasını qoyub. Həm bizim milli-mənəvi dəyərləri, həm də dinimizi özündə birləşdirir. Qoyun bu qalsın, bütün dövlətlərin də eyni siyasi-ideoloji xətti olsun.

 

Çox istərdim, AK Parti Özbəkistanda, Qırğızıstanda, Qazaxıstanda və Türkmənistanda da qurulsun…

– AK Partini o mənada türk millətinin…

– …siyasi-ideoloji xətti kimi qəbul elədik. Çox istərdim ki, AK Parti Özbəkistanda, Qırğızıstanda, Qazaxıstanda və Türkmənistanda da qurulsun…

– Amma bu, çox önəmli bir məsələdir. Mən şəxsən indi bilirəm ki, sizin Ağ Partiyanız Türkiyənin AK Partiyası ilə eyni siyasi ideoloji-xətti təmsil edir. Ağdır yəni…

– Təbii ki, o da var. Ağ dedikdə təmizlik, heç bir ləkəmizin olmadığına arxayınlıq var. Ona işarə verir ki, keçmişimiz, vicdanımız təmiz, ağappaq siyasətçilərik. Bizim keçmişimizdə “pul yeyib”, “filan vəzifəyə gəlib”, “filan torpağı verib” kimi ləkələr yoxdur.

– O milyonların sizə dəxli yoxdur?     

(Gülür…) Biz onda həm gənc idik, həm də…

 

Nə milyonlar, çayxanalarda çayın pulunu verə bilmirdik

 

– Yeri gəlmişkən dedim. Məsələn, İqbal Ağazadə dedi ki, 2003-cü il prezident seçkilərində Müsavat partiyasından 3 milyon pul getdi. 2003-cü ildə də Müsavat Partiyasının gənclər təşkilatı olaraq ən fəal dövrünüz idi.

– Bəli, həmin illərdə mən Müsavat Partiyası Gənclər təşkilatının sədri idim. Onu da qeyd eləyim, İsa Qəmbərin təbliğat afişalarını yapışdırmaq üçün yapışdırıcını biz özümüz öz cibimizdən alırdıq. Həmin dövrdə bir yarış başlamışdı, hansı namizədin şəkli daha üstdə olacaq? Etibar Məmmədov, İsa Qəmbər və İlham Əliyev arasında belə bir yarış gedirdi. Məsələn, onların hər ikisinin maliyyə baxımından vəziyyəti yaxşı idi. Biz alüminium nərdivanların ümidinə qalmışdıq ki, onu belə öz pulumuzla alırdıq. AZİ-nin qarşısındakı divara biz plakatı daha yuxarıdan yapışdırmağa çalışırdıq, səhəri gün gəlirdik ki, İlham Əliyevin plakatları qaldırıcı kranla elə bir yerə yapışdırılıb ki, ora çatmaq mümkün deyildi. Yəni həmin ərəfədə pul olubsa da görməmişik, olmayıbsa da bizlik bir şey olmayıb. Biz o söhbətlərdən ümumiyyətlə, aralı olmuşuq. Çünki həmin dönəmdə bizim Gənclər Təşkilatının hansı sıxıntılarla təbliğat apardığı, hətta çayxanalarda çayın pulunu verə bilmədiyimiz hamının yadındadır.

– Həmin dönəmdə partiyanın daxilində olubsunuz. Pul söhbəti nə söhbətdir? Burada yeri gəldi deyə, bu sualı verdim.

– Bilirsiniz, Müsavatdan çox danışmaq istəmirəm. Çünki insanlara elə gəlir ki, əgər partiyadan getmisənsə, demək onu çirklətməyə çalışırsan. Yox, qətiyyən. Amma biz partiyada olanda daxildə bu söhbətlər çox da getmirdi. Bilirsinizmi, Müsavat partiyasında bir həyat var idi, bir pərdələr var idi, bir “qırmızı xətt”lər var idi. Heç kim belə texniki, cılız söhbətlərə varmırdı. Pul haradan gəldi, necə oldu, üzvlük haqları necə yığıldı – texniki məsələ sayılırdı. İnsanların böyük əksəriyyəti daha üstdə dururdu və başqa heç yerdə müzakirə olunmurdu. Daha sonralar İqbal bəyin və digər siyasilərin bəyanatları, çox iyrənc görünən bu mühacir biznesi-filan meydana çıxdı. Bizim orada olduğumuz müddətdə ümumiyyətlə, belə söhbətlər yox idi, belə söhbətlər eləyə bilmirdilər, eləyə bilərdilərsə, çox-çox ciddi eləyərdilər. Mən Müsavat partiyasında Divan üzvü olmuşam, başqanlığa namizəd olmuşam, amma heç bir vaxt da belə informasiyalarım olmayıb. Hər kimsə, şəxs olaraq partiyadakı fəaliyyəti ilə bağlı məndən xasiyyətnamə istəyibsə, bir cümlə ilə fəaliyyəti nədən ibarət olubsa, yazmışıq da, imzamızı da atmışıq. Beş adam olub, onların hamısı indi Avropadadır, çıxıb deyə də bilərlər ki, onu nəyin qarşılığında eləmişik. Heç bir qarşılığı olmayıb. Nə varsa, onu da yazıb, imzalamışıq. O baxımdan, bu söhbətlər indi çıxıb, onlara da cavab verilsəydi, yaxşı olardı. O cür tarixi adın altında bu cür sözlərin işlənməsi uygün deyil.

 

İqbal Ağazadənin ittihamlarına cavab verilməlidir

– Maraqlıdır ki, heç rəhbərlik səviyyəsində də bu cür ittihamlara cavab verilmədi. Əksinə, bunları ortaya çıxaran jurnalistlərdən incidilər. Məncə inciməkdənsə…

– Bilirsinizmi, bir var sözü elə adam deyə ki, sən də deyəsən, əşi, desin də, ona reaksiya vermək düzgün deyil, onun özü nədir, statusu nədir? Bir də var, İqbal Ağazadə. İqbal bəy Azərbaycan siyasi arenasında kifayət qədər sanballı adamdır. Həm də həmin dönəmdə Müsavat Partiyasının əsas müttəfiq partiyalarından biri olaraq təbliğat kampaniyasının da aparıcı simalarından biri olub. Yəni bunun həm mənəvi, həm də belə deyək, informativ haqqı çatır ki, nəsə desin. Yəni buna mütləq cavab verilməlidir. Çünki artıq sən deyə bilməzsən ki, əşi, o, bu proseslərdə yox idi və yaxud da kənarda fəaliyyət göstərirdi. Siyasi və mənəvi olaraq haqqı çatır, çünki bu adam həmin proseslərdə yaxından iştirak edib, həm də o hadisələrə görə həbs də olunub. Ona görə də özləri bilərlər. Cavab verərlər, verərlər, verməzlər də öz üzvləri arasında cavab verərlər. Məncə, bu, doğru siyasət deyil. Ən yaxşı taktika aydın suala açıq-aydın cavab verməkdir.

– Bəli, bü cür ittihamlara cavab verilməlidir.

– Təbii ki…

– Namiq Salam soruşur: “Bilmək olarmı Müsavat partiyasından kim tərəfindən çıxarılmısınız?”

– Belə deyək, mən və mənə dəstək verənlər… Bilirsinizmi, Müsavat Partiyasında birlik var idi. Parçalanma daha çox başqanlıq məsələsindən sonra çıxdı. Başqanlıq məsələsində də parçalanma bizim tərəfimizdən olmadı, daha çox hazırkı başqan Arif Hacılı tərəfindən oldu. Elə bil, kim başqa namizədə dəstək verirdisə, partiya daxilində yad elan olunurdu. Qruplar elan olundu. Mənə də kim dəstək vermişdisə, biz də ayrı qrup elan olunduq. Qeyri-təbii olaraq… Nə mən, nə də mənim qrupumdan heç kim partiya tərəfindən çıxarılmayıb. Biz hətta qurultaydan sonra da iki il müddətində orada qalmışıq. Seçkili orqanlarda…

– Belə bir sual var idi ki, niyə o vaxt Arif Hacılıya qarşı mübarizə aparmadınız?

– Ümumi olaraq deyim. Biz seçkilərdən sonra üçüncü səsi aldıq. İkinci də Qubad İbadoğlu oldu. Belə deyək, daha böyük narazı elektorat Qubad İbadoğlunun ətrafında yığışdı. Biz gənc olduğumuz, “hələ sənin perspektivin qarşıdadır”, “sən növbəti dəfə başqan olarsan”  kimi səbəblərlə…

 

Qubad İbadoğlu bizi tək qoydu

– Seçkilərdə neçə səs almışdınız?

– Mən 20 səs aldım. Amma Arif Hacılı 220, Qubad İbadoğlu səhv xatırlamıramsa 200 səs almışdı. Biz az səs almışdıq, amma partiyadaxili nüfuzumuz kifayət qədər var idi. İstər mənim, istərsə də məni dəstəkləyənlərin. Biz qalıb fəaliyyət göstərməyin və daxildə mübarizə aparmağın tərəfdarı idik. Hətta fraksiya ideyasını vermişdik ki, daxildə narazı bir fraksiya kimi, daxili müxalifət kimi ümumi mübarizəyə ziyan olmadan partiyadaxili rəqabət aparaq. Təəssüf ki, fraksiya müzakirələrinin son mərhələsində Qubad İbadoğlu və ətrafı bu prosesi dayandırdılar və kənarda bir hərəkat yaratmaq düşüncəsində olduqlarını bəyan elədilər. Bununla da onların böyük əksəriyyəti partiyadan getdi və biz – mən və ətrafım tək qaldıq. Biz də iki ilə yaxın bir müddətdə daxildə nəsə eləməyə, nəyisə dəyişməyə çalışdıq. Ən azı, bu yanaşma tərzini – ki, “kim mənə səs verib, partiyada qala bilər, kim səs vürməyibsə, əleyhimə olubsa, o mənə düşməndir” – dəyişək. Baxın, mən ən az üç dəfə Müsavat Partiyası Məclisinə namizədliyimi vermişəm. Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Kərim bəy namizədliyini verib. Bu insanların hamısı vicdan məhbusu olub. Partiyada müşavir olublar, Məclis üzvü olublar, partiyanın aparıcı simaları olublar. Onların heç biri Məclisə seçilmədi. Hətta baxın, bir rayon təşkilatında vicdan məhbusu Elşən Həsənov – indi Ağ Partiyada müavindir – Müsavatın Sabunçu rayon təşkilatının sədri olmaq istədi, sırf mənə səs verib deyə, o olmasın deyə orta məktəb attestatı olmayan bir adamı sədr seçdirdilər. O da bir il sonra istefaya getdi. Yəni gördük ki, bu yanaşma artıq iki ildir ki, davam edir, fəaliyyətimiz yalnız daxildə çəkişmədən ibarətdir… Baxın, mətbuat orqanlarına zəng vurub deyirdilər ki, “Turaldan niyə müsahibə alırsınız?” “Elə status var bəyəm, Müsavat başqanlığına keçmiş namizəd?”, “Belə bir status yoxdur, niyə ondan müsahibə alırsınız?””

– Partiyanın rəsmi adamları edirdi bunu?

– Təbii ki… mənim jurnalistlərlə ünsiyyətim zamanı deyirdilər ki, “bəy, bizə basqı eləyirlər ki, niyə Tural Abbaslıdan müsahibə alırsınız, adi insandır o.” Və yaxud, partiya daxilində kim bizimlə oturub-durub, söhbət eləyirdi, həmin an o adamı çağırıb soruşurdular ki, “xeyir ola?” Mən də gördüm ki, burada artıq vaxt sərf eləyirik, zaman itiririk və artıq fəaliyyətimiz də mübarizə deyil, artıq intriqa səviyyəsindədir, ona görə də baxdıq auditoriyaya, gördük ki, yox, elə bunlar bu düşüncədədirlər, dedik ki, qardaşlar, gəlin biz sakitcə çəkilək, özümüz öz xəttimizi tutaq və mübarizəmizi aparaq. 16 ilimizi həsr elədiyimiz partiyamıza da uğurlar arzulayaq. Elə də elədik. Çox haylı-küylü yox, ərizəmizi yazdıq, partiyadan da sakitcə çıxdıq. Bu günə qədər də – bilmirəm hiss olunur, ya yox, ya mənə elə gəlir – partiya əleyhinə xüsusi bir təbliğat aparmırıq. 18 yaşından – 16-17 il,  34-35 yaşıma qədər həyatım orada keçib. Mən Müsavat partiyasına 18 yaşım tamam olan günü üzv olmuşam – 2000-ci il sentyabrın 13-dən. Qanun icazə verdiyi gün. Ona görə bu gün də məni ağrıdır o partiya haqda mətbuatda, ictimaiyyətdə neqativ hallar olanda. Nə edək? Məsullar düşünsün.

 

İnsanlara olan ümidlərimiz qırıldı…

Yəni deyirsiniz ki, 18 yaşım tamam olan günü partiyanın üzvü olmuşam. Dövrünüzün ən gənc, ən fəal, ən yaxşı bir dönəmi, yetkinlik dövrü ona düşüb. Peşmançılıq hissi varmı ki, gərək belə olmayaydı?

– Xeyr, peşman deyiləm. Niyə peşman deyiləm? Çünki biz müsavatçılıq ideyasına görə ora getmişdik, mübarizəmizi də aparırdıq. Bizim də o mübarizəyə qatqılarımız oldu. Müsavatçılıq məktəbinin də bizə qatqıları oldu. Bizim Tural, Əhəd, Cavid olmağımızda o məktəbin də rolu, təsiri var. Qətiyyən peşman deyiləm. Hə, insanlara olan ümidlərimiz qırıldı, o başqa. Ona görə ümumən “peşmanam” deyə bilmərəm. Bəzi insanlara bəslədiyimiz həddindən artıq etimada görə peşman olaram ki, bəli, bəzilərinə dəyərindən artıq qiymət vermişəm.

– Məsələn, İsa Qəmbər?

(Gülür…) Yəni, detallara enməyək.

– Niyə detallar? Qoymursunuz Pənah Hüseyni danışmağa. Söhbət burada fərddən getmir. Çünki mənim yadımdadır ki, o zamanlar 2003-də, ondan da əvvəl Azərbaycan siyasi mühitində sizin də olduğunuz dönəmdə İsa Qəmbərə münasibət tamam başqa idi. Amma mən o münasibəti istər son hadisələrdə, istər Qarabağ Komitəsi məsələsində görmədim. Yəni o baxımdan soruşuram.

– Yəqin insanlar dəyişir. Onlar da dəyişəndə onlara münasibətlər də dəyişir. İnsanların özləri izləməlidirlər ki, onlara olan münasibət niyə müsbətə, ya da mənfiyə dəyişib? Mən nə deyə bilərəm? Məsələn, mən İsa bəy başda olmaqla kiməsə irad tuta bilmərəm. Deyə bilər ki, “ay qardaş, mən səndən nəsə xahiş eləmişdim? Yalvarmışdım? Yaxud da öhdəlik qoymuşdum ki, mənə bu qədər etimad elə?” Hər halda bu da bir məktəbdir, öyrənirik.

– Rizvan Şıxızadə tənqidi sual verir: “Yəni o da inanır ki, partiya rəhbəridir? Təsəvvür elə ki, Kommmunist Partiyasından sonra Ağ Partiyanın üzvü olursan…”

– Səhv eləmirəmsə, Kommunist Partiyasının 600 minə yaxın üzvü var idi. Bu gün də YAP-ın üzvlərinin sayı 700 minə çatır. Bilirsinizmi, partiya deyəndə nə nəzərdə tutulur? Bu anlayışı nəzərə almaq lazımdır. Əgər partiya deyəndə insanın kütləviliyi, partiyanın fanatları nəzərdə tutulursa, Azərbaycanda bir siyasi lider göstərsinlər ki, Röyadan daha çox fanatı var. Yaxud da Aygün Kazımovadan daha çox adam yığa bilər meydana. Bu siyasətçinin statusu Faiq Ağayevin “tvit”indən daha çox like yığır.  Bunlar göstərici deyil. Bilirsinizmi, M.Ə.Rəsulzadə neçə nəfərlə müstəqillik əldə elədi? Həmin dönəmdə Rəsulzadənin partiyasında neçə nəfər var idi?

– Çox deyildi, cəmi 26 deputatımız var idi.

– Əsas ideologiyaların mübarizəsidir, fərdlərin yox, yəni nəfərlərin saylarının yox. Kommunist Partiyası Çar Rusiyasını yıxıb hakimiyyətə neçə nəfərlə gəldilər? Həmin dövrdə Kommunist Partiyasının say tərkibi nə qədər idi? Hətta son dönəmlərə baxaq. Paşinyan neçə nəfərlə hakimiyyəti ələ aldı? Paşinyanın partiyasının üzlərinin sayına baxın və hakimiyyətdə olan respublikaçıların sayına baxın. Yəni əgər biz sayı kompleks eləyiriksə, bəy bu faktlara da baxsın. Bizim elə bir kompleksimiz yoxdur. Biz bilirik ki, partiyamızın bir çox tərəfdarları var ki, onlar gəlib bizə səs verəcək. Şərt deyil ki, onlar bu gün gəlib, mənimlə mitinqə çıxsın və yaxud da 20 Yanvarda kolon düzəldək, göstəriş verək. Ədalətli seçki olan günü hamı biləcək ki, kimin gücü nə qədərdir. İndi hamı güclüdür, hamı qalibdir, hamı seçkidə uda bilər.

 

Mənə elə gəlirmi ki, mən partiya sədriyəm – elə gəlir

– Əslində, ədalətli seçkilər olmayana qədər bu, ehtimal olaraq da qalacaq.

– Təbii ki… Mən də iddia edə bilərəm ki, hamıdan çox səs almışam. İnşallah, ədalətli seçki olanda hamı biləcək kimin gücü nə qədərdir. Mənə elə gəlirmi ki, mən partiya sədriyəm? Mənə elə gəlir. Amma bəy bunu qəbul eləmirsə, bu da onun azad seçim hüququdur.

– Səxavət Məmmədov münasibət bildirib: “Siyasətə gəlməmiş özlərini bitirdilər”.

(Gülür…) Vallah, “gəlməmiş bitirdilər” deyəndə… Bəziləri hərdən deyirlər ki, “mən 30 ildir səhnədəyəm”, onlar kimi olmasın, amma mən 2000-ci ildən partiyadayam, 2001-ci ildən partiyanın Gənclər Təşkilatının sədr müavini olmuşam. 2006-2007-ci illərdən Gənclər Təşkilatının sədri olmuşam. 2005-ci ildən Müsavat Partiyası Səbail rayon təşkilatında müxtəlif postlarda müavin, Məclis, Divan üzvü olmuşam. “Vicdan məhbusu” olmuşam və yaxud da həbs cəzaları almışam. Kütləvi aksiyalar, razılaşdırılmış, razılaşdırılmamış piketlər təşkil eləmişəm. Seçki kampaniyalarında iştirak eləmişəm, bəzilərinin hətta təşkilatçısı da olmuşam, müşahidələr etmişəm. Yəni bunları əgər bəy siyasətə gəlməmək kimi qiymətləndirirsə, o zaman mənə maraqlıdır ki, o, hansı kriteriyalarla işləyir? “Özünü bitirmək” ifadəsini də açmaq lazımdır. Mən düşünürəm ki, əksinə, son dönəmlər elə siyasətə gələnlər bizik. 1989-cu ildən indiyədək mən və ətrafımdan başqa bir nəfər göstərsinlər ki, həmin dönəmdə olmayan yeni siyasi simadır, daha gəncdir və siyasətə gəlib. Kim gəlib bəy? Var elə bir adam? Yəni mən gəlməmişəmsə, demək, Azərbaycan siyasəti ümumiyyətlə qısırdır ki, heç kim yeni siyasətçi kimi yetişməyib. Çünki bu gün kimə baxsanız, hətta ən gəncinə baxsanız belə  – böyük əksəriyyət İlqar Məmmədovun adını çəkir… Deyirlər ki, İlqar Məmmədov yeni simadır. Çox uzağa getməyin, “Azadlıq” qəzetinin və yaxud da həmin dövrdə çap olunan qəzetlərin 2000-ci ildə dərc edilən saylarını qaldırın,  İlqar Məmmədov Etibar Məmmədovun müavini kimi müsahibələr verir.

– AMİP-in sədr müavini olub, əslində Etibar Məmmədovun şinelindən çıxan adamdır.

– Bəli. Yəni gənc odursa… indi haqqımızda deyəndə ki, “gəlməmiş bitirdiniz”, əksinə düşünürəm ki, biz son dönəmlərin əsas gələn yeni, bəlkə də Azərbaycanın siyasi arenasında ölmədiyini sübut edən siyasi komandayıq. İndi bəy o cür qiymətləndirirsə, o zaman onun kriteriyalarını müəyyənləşdirmək lazımdır. Mən düşünürəm, burada bir az subyektivlik var, bir az təəssübkeşlik var. Məsələn, mən bilmirəm, o bəyləri də araşdırmamışam, yəqin ki, onların böyük əksəriyyəti bizə opponent olan partiyaların üzvləridir.

– Sizə opponent olan hansı partiyalardır?

– Daha çox Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri ola bilər. Yəni bilirsiniz, onlarda yalnız belə qısqanclıqlar olur. Yeni, fərqli.

– Niyə? Əli Kərimlinin özü də gənc deyilmi? Yəni gənc saymaq olar da…

– Əgər 60 yaşına yaxınlaşır, o gəncdirsə, o zaman mən də ultra gəncəm.

– Əli Kərimli 60-a yaxınlaşır?

– Hər halda 50-ni keçib də…

– Hə, 50-ni mən də keçirəm…

– Siz də artıq 60-a yaxınlaşırsınız… (Gülüşmə…)

 

Lider kimi üzərinizə düşənləri niyə eləməmisiniz?

– Yox, mən missiya olaraq deyirəm – Əli Kərimli vuruşur, avanqarddır. Əslində, sizin də son zamanlar Əli Kərimlinin üzərinə yüklənmələriniz müşahidə olunur.

– Bilirsinizmi, yüklənmə deməyək, belə deyək; baxın, əgər mən liderliyə iddialıyamsa, mən o liderliyin gətirdiyi dividentlərlə yanaşı, o liderliyin gətirdiyi məsuliyyətin də cavabdehiyəm. Mən sual verə bilərəm, verirəm də – qardaş, mən partiyalara sıravi kimi gəlmişəm, fərqi yoxdur – İsa bəy olsun, Əli bəy olsun,  Etibar Məmmədov olsun – kim olur olsun, 18 yaşımda siyasətə gəlmişəm? Bəli. Sıravi fanatlıq eləmişəm? Eləmişəm. Afişa yapışdırmışam, plakat yapışdırmışam, müşahidəçilik eləmişəm? Döyülmüşəm, söyülmüşəm, tutulmuşam? Yəni mənim sıravi kimi üzərimə nə düşübsə, eləmişəm. Bəs siz, lider kimi üzərinizə düşənləri niyə eləməmisiniz?

– Nə eləməliydilər ki?

– Əgər müxalifət partiyası hələ də hakimiyyətə gəlməyibsə, deməli, nəticə yoxdur.

– Nə olmalı idi, Tural bəy? Adətən ənənəvi müxalifətin nümayəndələri – mən bunu tez-tez İsa Qəmbərdən eşitmişəm, deyib ki, “kimdir onların yolunu bağlayan, gəlsinlər!” Belə bir fikir var.

– Bəli, bəli…

– Baxın, bu “gəlmək” nədir? Bir də tez-tez qeyd etdiniz ki, bunlar hakimiyyətə gəlmədilər. Nə etməli idilər? Getməlidirlərmi? İstefa verməlidirlərmi?

– Bilirsinizmi, bəy, bütün bunlar aydındır. Mən zamanında bu məsələləri mətbuatdan çox daxildə müzakirə eləmişəm.

I hissənin sonu

 

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə