XƏBƏR LENTİ

19 Mart 2019
18 Mart 2019

Digər Xəbərlər

15 Mart 2019 - 14:53

QIRĞIZLAR VƏ TACİKLƏR ARASINDA ÖLÜMLƏ NƏTİCƏLƏNƏN QARŞIDURMA:bölgədə nə baş verir? – Araşdırma

Andrey Rezçikov, Aleksandr Kolpakov

Vzqlyad.ru, 14.03.2019

 

Qırğızıstan və Tacikistan sərhədin mübahəsili bölümündə alovlanan münaqişəni nəzarətə götürməyə nail olmur. Düşənbədə deyirlər ki, qırğızlar Aksay-Tamdık dolama avtoyolunun çəkilməsi üzrə anlaşmanı pozublar. Kütləvi toqquşmanın gedişi atışma və qan tökməyə çatıb. Rusiyanın baş verənlərə qarışmasına dəyərmi?

Qırğızıstan baş nazirinin birinci müavini Jeniş Razakov cümə axşamı Tacikistanla sərhəddə münaqişəni tənzimləmək üçün respublikanın cənubuna gedib. Bu yaxında orada Qırğızıstanın Aksay kəndi və Tacikistanın Mehnətabad qəsəbəsinin sakinləri arasında kütləvi toqquşma baş verib. Qırğızların bu bölgədə Aksay-Tamdık dolama avtoyolunu çəkməsi bəhanə rolunu oynayıb. Davaya hər iki tərəfdən bir-birini daşa basan, haradasa, 200 adam qatılıb.

Qırğızıstan və Tacikistan sərhədçiləri kütlənin qabağını almaq üçün havaya xəbərdarlıq atəşi açıblar. Qırğızıstanın bir sakini yaralanıb və ən yaxın xəstəxanaya yerləşdirilib, Qırğızıstan tərəfdə şəxsi ev yandırılıb.

Tərəflərin hər biri yolun keçməli olduğu sahələrdən birini özününkü sayır. Məsələn, Düşənbədə göstərirlər ki, hətta Bişkekin sərhədlərin demarkasiyası və delimitasiyası üzrə danışıqlarda arqument kimi təqdim etdiyi xəritədə bu sahə Tacikistan ərazisi kimi nişanlanıb. Tacikistan sərhədçiləri cümə axşamı Qırğızıstan tərəfini münaqişə törətməkdə ittiham ediblər. “Avesta” qəzetinin Tacikistan sərhəd qoşunlarının baş idarəsinə istinadən məlumat verdiyi kimi, avtoyolun inşası ikitərəfli müqavilələrə zidd olaraq başlanıb. Sərhədçilər əlavə ediblər ki, Qırğızıstanın güc qurumları İsfara-Voruh avtoyolunu bağlayıb, nəqliyyatın hərəkətini kəsib və “30 sərnişinlə “Qazel” markalı iki avtomaşını girov götürüb”. Hətta Qırğızıstan sakini Xocai Alo qışlağının ərazisində 43 yaşlı yerli sakin Hüseyn Həkimova ov silahından atəş açıb. Kişi yara nəticəsində keçinib.

MDB ölkələri İnstitutu Orta Asiya və Qazaxıstan bölməsinin müdiri Andrey Qrozin də göstərir ki, bölgədə sərhəd insidentləri həsəd aparılacaq tezliklə baş verir – “ortalama, rübdə bir dəfə”. Qrozin “Vzqlyad” qəzetinə “Bu, anklavlar, adda-budda torpaqlar, yerli hökumətlər və yerli əhali tərəfindən necəgəldi tənzimləniş sərhədlər problemidir. Tarixən belə biçimlənib. Böyük hesabla, indiki konkret hadisədə qəribə heç nə yoxdur və hələlik standart ssenari üzrə inkişaf edir” deyərək yada salıb ki, Tacikistan sərhədçiləri üç il qabaq “qırğızıstanlı həmkarlarına qarşı minaatan işlədiblər”.

Eyni zamanda əhalinin həm əmək mühacirliyinə, həm də ciddi daxili yerdəyişmələr axını məhz Batkən vilayətində müşahidə olunur, “Qırğızıstan ərazisi tədricən adamsız qalıb”. Politoloq vurğulayıb: “Qırğızıstan deputatları da parlamentdə bundan danışırlar. Deməli, kimsə tribunaya dırmaşır və Tacikistanın sürüşən ekspansiyası haqda narahatlıq ifadə edir”.

Yerdə duruma yaxşı bələd olan məlumatlı qaynağın “Vzqlyad” qəzetinə izah etdiyi kimi, Tacikistanın münaqişə baş verən Voruh eksklavı Orta Asiyanın xəritəsində ağrılı nöqtədir. Bu, Tacikistanın Qırğızıstanın Batkən əyalətinin sərhədindəki iki eksklavından biridir. Mübahisəli ərazilər bütünlükdə xeyli çoxdur. Hər iki ölkə son iyirmi il boyunca sərhədlərin demarkasiyası və delimitasiyası məsələsini həll edir. Proses ləng gedir. 2015-ci ilin başlanğıcına doğru 971 km-dən 500-ünü təsvir etmək mümkün olub.

Həmsöhbətimiz izah edib: “Hələ sovet dönəmində Batkən vilayətinin ərazisində respublikalar arasında sərhədlərin çoxsaylı köçürülməsi zamanı qonşu respublikalara məxsus bir neçə qapalı adacıq olub. Voruhda 30 minə yaxın adam yaşayır. Böyük Tacikistandan yığışıb getmək üçün Qırğızıstanda şosse sahəsinin yerləşdiyi ərazini keçmək gərəkdir”.

Qaynağın sözlərinə görə, bəlli bölgədə tacik və qırğız aulları arasındakı sahələr o qədər dardır ki, daim çəkişmə meydana çıxır ki, buna da qırğızların fəal şəkildə yol çəkməsi şərait yaradır. Taciklər hesab edirlər ki, yollar onların torpaqlarına, məsələn, məzarlıqlara, zəmilərə toxunur. Həmsöhbətimiz deyir: “Elə hey dava-dalaşla, bəzən maşınların yandırılmasıyla toqquşmalar yaranır. İş sərhədçilərin qarışmasına da gedib çıxır, amma orada atışma artıq çoxdan eşidilmir”.

Andrey Qrozin öz növbəsində yada salıb ki, “sərhəd məsələləri üzrə  Tacikistan-Qırğızıstan komissiyasının son toplantısı heç nəsiz başa çatıb”. Qırğızıstanın mübahisəli torpaqlardan yol salması “administrativ və kadr mənasında rəhbərliyin effektsizliyini və müvazinətsizliyini göstərir”. Qrozin nağıl edib: “Necəgəldi inşa edirlər. Əslində, qabaqkı böyük toqquşmalar bununla bağlıydı ki, tərəflərdən biri mübahisəli sahədə irmaq üzərindən konteyner atıb ki, uşaqlar onun içindən keçib o biri tərəfdəki məktəbə gedə bilsinlər. O bir tərəf bunu ərazi bütövlüyünə əl uzatmaq kimi qavrayıb, konteynerlə bağlı mübahisələr başlanıb, adamlar daşa əl atıblar”.

Bu faktı da nəzərə almaq gərəkdir ki, tacik kəndi İsfara çayının yuxarı axarında yerləşir, məlumatlı qaynaq deyir – buna görə də “taciklərin çay axarının  aşağılarda yerləşən qırğız kəndlərinin ziyanına tənzimləmək imkanı var”. Münaqişə yoluna qoyulmasa, Qırğızıstan üçün ciddi ekoloji nəticələr törədəcək. O izah edir: “Bu yerlərdə suvarma olmasa, heç nə bitmir. Yerli gözəlliklər Əfqanıstan mənzərələrini yada salır – çılpaq dağlar və adamların məskunlaşdıqları yaşıl vadilər. Su kəsilsə, axarın aşağısında olanlara pis olacaq. Bir neçə amil məhz burada çulğaşır: əhali sıxlığı, yollar və çaylar – bunlar da çəkişmə törədir”.

İki ölkənin xarici siyasət idarələrinin başçıları dartışmanı müzakirə ediblər. Nazirlər “gərginliyin aradan götürülməsi” və “iki qardaş xalqın xoş qonşuluq münasibətlərinin möhkəmləndirmək” cəhdinin gərəkdiyini bildirblər. Qırğızıstan hökumətinin mətbuat xidmətində bildiriblər ki, “Razakov ərazidə durumun tənzimlənməsi üzərində işləyən yerli hakimiyyət və hüquq-mühafizə qurumlarının fəaliyyətini  əlaqələndirəcək”. Qırğızıstan hökumətində inandırıblar: “Tənzimləmə haqda Tacikistan tərəfiylə danışıqlar sürür, hər iki tərəf durumun normallaşması üçün gərəkli tədbirlər alır”.

Qırğızıstanın keçmiş baş naziri və DİN başçısı əmindir ki, yol çəkilişiylə bağlı problemlər tənzimlənəcək və yekunda hər iki tərəf “səmərəli həllə gələcək”. Kulov “Vzqlyad” qəzetinə izah edib: “Bu yol hamı üçün əlverişlidir. Nəqliyyat kommunikasiyaları nə qədər çoxdursa, alver etmək, yük daşımaq o qədər asandır. Yol çəkilişi gec, ya tez müsbət həll olunar. Ola bilsin, burada bizim dövlət strukturları tərəfindən yarımçıqlıq olub. Əhali arasında izahat işi aparmaq, xalq diplomatiyası üsullarından istifadə etmək gərək idi”.

Bununla yanaşı, həmsöhbətimiz qəti əmindir ki, ziddiyyətlərin güclənməsi baş verməyəcək və hökumətlər artıq duruma göz qoyurlar. Keçmiş baş nazir ümid edir: “Belə dartışmalar əhatəli və hansısa yayılmaya malik olmur. Bəli, indi orada müəyyən kəskinləşmə var, amma orada kiminsə evinə od vurduqlarına baxmayaraq, bu, dinc həll olunmalıdır”.

Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Oleq Morozov “Vzqlyad” qəzetinə xatırladır ki, sovetsonrası ölkələrdə xeyli mübahisəli məsələlər var – həm sərhədyanı, həm də dinlərarası. Amma o, əminliyini ifadə edib ki, bu sayaq münaqişələrin təhlükəliliyində Bişkek və Düşənbənin təcrübə və anlayışı yetərincədir ki, mübahisəni tənzimləsin və şaxələnməsinə yol verməsin.

Bununla belə, son məlumatlara görə, sərhəddə durumun közərmə dərəcəsi  azalmağı ağlına da gətirmir. Qırğızıstan sakinləri öz tərəflərində, Tacikistan sakinləri isə öz tərəflərində iki respublikanı birləşdirən avtoyolu bağlayıblar.

Andrey Qrozinin fikrincə, bütün Qırğızıstan indi Vladimir Putinin martın sonuna gözlənən səfərinə ümidlə yaşayır. Qrozin hesab edir:  “Ölkədə baş verənlərin hamısını rəsmi hökumətin çox şey gözlədiyi bu səfərin intizarıyla əlaqələndirirlər… Gözlənilir ki, Putin hər şeyi ayırd edəcək”.

Ekspert hesab edir – bununla yanaşı, qırğızlar qət edə bilərlər ki, Putinin Bişkekə gözlənilən səfəriylə bağlı Tacikistanda münaqişəni bilərəkdən kəskinləşdiriblər. Onun sözlərinə görə, indi Qırğızıstan qonşuları ittiham edə bilər ki, “respublika daxilində mənfi fon yaratmağa çalışırlar”.

Oleq Morozov qeyd edib ki, Rusiya sovetsonrası məkanın ərazisində belə hadisələrə laqeyd qala bilməz. Senator yekun vurub: “Özəlliklə də son zamanlar Qırğızıstanla münasibətlərimiz düzəlib və müsbət trendə malikdir. Amma anlamaq gərəkdir ki, bunlar siyasi yollardan istifadə etməli olan suveren ölkələrdir”.

Tərcümə Strateq.az-ındır.