XƏBƏR LENTİ

20 Mart 2019
19 Mart 2019

Digər Xəbərlər

15 Mart 2019 - 23:22

ÖZÜNDƏN 40 YAŞ KİÇİK XANIMLA EVLƏNƏN, TOYUNU GİZLİ EDƏN PREZİDENT- Puşkin və Dostoyevskidən "dərs alan" Finlandiya lideri

Finlandiya prezidenti Sauli Vaynyamyo Niinistö 1948-ci ildə ölkənin cənubundakı Salo şəhərində anadan olub. Atası yerli şirkətlərin birində menecer işləyirdi, anası isə tibb bacısı idi. Özünün dediyinə görə, uşaq yaşlarından anasına çox bağlı olub. Anası da hər zaman yanında olub və kədərli anlarında ən böyük dəstəyi ondan görüb. Birinci xanımı avtoqəzada dünyasını dəyişəndə də gələcək prezidentə ən böyük mənəvi dəstək anasından gəlib.

Niinistö 19 yaşında gimnaziyanı başa vurub, 7 il sonra isə Turku Universitetində ali təhsil alıb. Diplomunu alandan sonra kənd polis şöbəsinin rəisi təyin olunub. İki ilə yaxın bu vəzifədə çalışandan sonra Apellyasiya Məhkəməsində hakim köməkçisi kimi işə başlayıb. Daha iki il sonra isə özünün şəxsi hüquq firmasını təsis edib.

Niinistö universitetdən məzun olan kimi paralel olaraq siyasi karyerasını da qurmağa başlayıb. Atasının dediyinə görə, oğlu dünyaya gələndə onun prezident olacağını bilirmiş.

1976-cı ildə Niinistö doğma Salo şəhərində şəhər sovetinə seçilir. 1987-ci ildə isə parlament seçkilərində qalib gələrək Milli Koalisiya Partiyasından deputat olur. Seçicilər ona ard-arda bir neçə dəfə etimad göstərirlər və Niinistö ümumilikdə 16 il deputat kimi fəaliyyət göstərir. Və bu müddət ərzində partiyanın lideri olur.

1995-ci ildə Niinistöyə ədliyyə, bir il sonra isə maliyyə naziri postu təklif olunur. 2003-cü ilədək maliyyə naziri kimi fəaliyyət göstərir.

2000-ci ildə Milli Koalisiya Partiyası Niinistönün prezident seçkilərinə namizədliyini irəli sürməyi təklif edir. Lakin o bundan imtina edir, bir il sonra isə ümumiyyətlə siyasətdən getmək istədiyini bəyan edir.

2003-cü ildə Avropa İnvestisiya Bankının Direktorlar Şurasına müavin təyin olunur və Lüksemburqa köçür. Yeni yaşayış yerindən razı olsa da, maliyyəçi işləmək ambisiyalı siyasətçinin ürəyincə olmur. Və 2006-cı ildə prezident seçkilərində iştirak etməyə qərar verir. Seçki kampaniyasına 2 milyon avrodan çox pul xərcləyən Niinistö o vaxtkı prezident Tarya Xalonenə məğlub olur. Və yalnız 2012-ci ildə keçirilən növbəti seçkidə uğur qazana bilir.

Niinistö ikinci turda səslərin 60 faizini toplayaraq ölkəsinin sayca 12-ci prezidenti seçilir. Eyni zamanda sağ mühafizəkarlar arasında prezident postunu tutan ilk siyasətçi olur. Ötən il Niinistö prezident seçkilərində növbəti dəfə qələbə qazanıb.

Gənclik illərində Niinistö qadınlarla ciddi münasibətlərdən uzaq olub. Nəhayət 26 yaşında öz həmyaşıdı Marya-Leena Alanko ilə evlənib. Onunla ailə həyatı 20 il davam edib. Yaxınlarının dediyinə görə, cütlüyün evliliyi uğurlu olub. Toydan bir il sonra gənclərin ilk övladı – oğlanları Nuutti dünyaya gəlib. Beş il sonra isə ikinci oğlanları Matias anadan olub. Lakin 1995-ci ildə Marya avtoqəza keçirərək həyatını itirib.

Niinistö üçün xanımını itirmək olduqca böyük zərbə olur. “Tənhalığın 5 ili” adlı kitabında Niinistö həyat yoldaşını itirməyin kədər və iztirablarından bəhs edir.

Niinistö və xanımı Yenni

 

2009-cu ildə Niinistö ikinci dəfə ailə həyatı qurub. Bu dəfə 22 yaşlı şairə və yazıçı Yenni Xaukio ilə evlənib. Yenni gələcək həyat yoldaşının rəhbəri olduğu partiyada ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri idi. O savadı və mütaliə səviyyəsi ilə Niinistönün qəlbini tez bir zamanda fəth etmişdi. Cütlük münasibətləri haqda iki il heç kimə heç nə deməmişdi və hamı onları partiyadakı iki həmkar kimi tanıyırdı.

Cütlüyün toyu da gizli olub və yenievlilər bunun üçün Parisə yola düşüblər. Doqquz il sonra Niinistö ilə Xaukionun Aaro Veli Vaynyame adlı oğlu dünyaya gəlib.

Prezident və xanımı birlikdə vaxt keçirməyi sevir. Düzdür, bunun üçün vaxtları o qədər də çox olmur. Təkcə prezident yox, xanımı da gərgin qrafiklə işləyir. Yenni Xaukio ədəbi yarışmalar təşkil edir və ədəbiyyat jurnalına rəhbərlik edir. Birinci ledi eyni zamanda heyvanların mühafizəsi üzrə birliklərin işinə də dəstək verir.

Finlandiya prezidenti gənc yaşlarından idmana böyük maraq göstərir. 2009-cu ildə o, Helsinkidə keçirilən fiqurlu konkisürmə üzrə Avropa Çempionatının Təşkilat Komitəsinin üzvü olmuşdu. Növbəti üç il isə Finlandiya Futbol Assosiasiyasında sədr postunu tutmuşdu.

Niinistö heyvanlara sevgisi ilə tanınır. Prezident öz itini tez-tez tədbirlərə də gətirir.

Finlandiya lideri publisistika və ədəbiyyatla da maraqlanır. O, iki kitab və beynəlxalq siyasətə dair bir neçə məqalənin müəllifidir.

İngilis dilində sərbəst danışan Niinistö uzun müddətdir rus dilini öyrənir. “Qonşunun dilini bilmək nəzakət məsələsidir”, – prezident deyir.

Rus dilini mənimsəmək üçün hər həftə Puşkin və Dostoyevskidən “dərs aldığını” deyən Niinistö hələ ki ciddi nəticə əldə etmədiyini düşünür. Dediyinə görə, dərsləri tez-tez buraxmaq məcburiyyətində qalır: “Dərsləri buraxıram, sonra yenidən başlayıram. Siqareti neçə dəfə atmışamsa, bir o qədər də yenidən rus dilini öyrənməyə başlamışam”.

Tərcümə etdi: G.Hüseynova

Strateq.az