XƏBƏR LENTİ

19 Aprel 2019
18 Aprel 2019

Digər Xəbərlər

11 Aprel 2019 - 10:08

AYPARANIN XAÇI MƏĞLUB ETDİYİ YER UĞRUNDA NÖVBƏTİ SAVAŞ –İstanbuldakı seçkilər nədən bu qədər önəmlidir? - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 10 aprel 2019-cu il

 

İstanbuldan, burada keçirilən seçkilərdən bəhs edək. O qədər çox “Nə olacaq?” sualı ilə qarşılaşıram ki, gün ərzində bir neçə yazı yazsam da, yetməz.

Türkiyəni öz regionunda və dünyada böyük edən xüsusiyyətlərdən biri, bəlkə də ən başlıcası cümhuriyyəti quran iradənin sözü millətə verməsidir. Bu səbəblə, önümüzdə seçki qutusu olduğu müddətcə bir ucu açıq şərhlər yazmaq doğru deyildir. Heç yazılmamalıdır. Çünki xalqın sözünün üstünə söz deyilməz.

Mənə gələn suallardan yola çıxaraq, işin seçki qutusuna sığmayan qismindən başlamaq istəyirəm. Doğrusu, məni tanıyırsınız. “Hansı vilayətdə bələdiyyə sədri kim olub? “Neçə səs alıb? Hansı partiya hansı rayonda digərlərindən çox səs alıb və s.” kimi suallar məni həyəcanlandırmaz. Heç maraqlandırmaz, dönüb baxmaram belə. Ancaq məsələ İstanbul olunca, Türkiyənin dünyadakı mövqeyinə, gələcəyinə və ittifaqlarına toxununca, ona sadəcə bir yerli seçki kimi baxmaq olmaz.

Namizədlər, partiyalar, seçicilər, əlbəttə, öz üzərlərinə düşəni etmişlər, demokratiya çərçivəsində yarışmışlar. Heç kimə tək bir sözümüz belə ola bilməz. Qalib gələn də, uduzan da bu ölkənin övladıdır. Hər kəsə sonsuz hörmətimiz vardır.

Ancaq nəzərə almalıyıq ki, Türkiyə Cümhuriyyəti tarixi boyunca edə bilmədiklərini etməyə başladığı üçün, xüsusilə mövqeyini özü müəyyən etmək istədiyi üçün hücum altındadır. Sanıram ki, bunun əksini söyləyən yoxdur. Yerli siyasi oyunçular üzərindən oyun qurulur, lakin biz anlamırıq. Qorxum budur. Hansı partiyadan olmağımızdan asılı olmayaraq, oyanıq olmalı olduğumuz bir zaman dilimindəyik.

Bu məsələni bir az açaq. Həmən bir nümunə göstərək. Xüsusi prokuror Robert Müller kənara alınsa da, Türkiyə ilə ABŞ adından Mayk Pens danışır. İndilik görüntü belədir. Prezident Tramp çox rol oynaya bilmir. Seçkilərdən həmən sonra ABŞ vitse-prezidenti Pens dedi ki, “Türkiyə bir seçim etməlidir. Dünya tarixindəki ən güclü hərbi ittifaqın həlledici bir ortağı olaraq qalmaqmı, yoxsa ittifaqımızın altını oyan düşüncəsiz qərarlar alaraq bu ortaqlığın güvənliyini riskə atmaqmı istəyir? Seçim etməlidir. Türkiyə S-400-lərin satın alınmasını tamamlarsa, F-35 proqramından kənarlaşdırılma riskini almış olar. Bu da sadəcə Türkiyənin müdafiə qabiliyyətini zəiflətməz, eyni zamanda proqram çərçivəsində tədarükçü olan türk hissə istehsalçılarına da zərər vermiş olar”.

Əslində, bu sözlər daha öncə bir neçə dəfə Pentaqonun “adının çəkilməsini istəməyən” müxtəlif vəzifəli şəxsləri tərəfindən dilə gətirilmişdi.

Türkiyə Rusiya və Çinlə başqa bir istiqamətdə yürümək istədiyi üçün üzərinə gəlməkdədirlər və gələcəklər. Bunun əksi mümkün deyil. Çünki həm Çin, həm Rusiya, həm də ABŞ baxımından, Türkiyə dünyada vaz keçilməsi mümkün olamayan bir ölkədir. ABŞ kimi böyük bir güc əsla və qəti olaraq Türkiyəni buraxmaq istəməyəcəkdir. Hər halda, S-400 aldıq deyə, müharibə elan edəcək deyillər. Ancaq gedişatı, yəni Türkiyənin yönünü dəyişdirmək istəyəcəklər.

Yaxşı, bu, necə ola bilər? Prezident seçkilərini udaraq ola bilər. Həm də çox yaxşı olar. Bundan öncə bir addım atıla bilərmi? Bir həmlə edilə bilərmi? Hesab edirsiniz ki, bunu düşünmədilər?

Lakin Ərdoğanı prezident seçkilərində məğlub etmək heç də asan deyildi. Doğrusu, yoxladılar, ancaq bacarmadılar. O halda, yerli bir addım atılmalı və Ərdoğan xaricdən gələn bir dalğa ilə deyil, daxildən zəiflədilməliydi.

Ötən ilin avqustunda başlayan “dollar fırtınası”nın dalğaları seçicilərin evlərinin, iş yerlərinin önünə birbaşa seçkiöncəsi gəlmişdi. Bundan öncəki yerli seçkilərdə də  “Mortgage” böhranı öz təsirini göstərmiş və AKP-nin səsləri azalmışdı. İndi isə daxili dalğa ilə səslərin azalması hədəfləndi. Məqsəd Beştəpə (Prezident sarayı – tərc.) deyil, oraya gedən yolu qapamaq idi. Bunu da ancaq Ankara və İstanbulu AKP-dən alaraq edə bilərdilər. İqtisadi sarsıntının məqsədi Ankara və İstanbulu İzmirə qatmaq idi. Əsil məsələ bu şəhərlərin AKP-də olmaması, Beştəpədən qoparılması idi. Niyyət budur ki, sonrakı prezident seçkilərində Ərdoğan çarəsiz qalsın.

Oyunqurucular baxımından, burada CHP çox önəmli deyildi. Son 15 ilə baxın. Hücumlar daima kənardan gəldi. Ankara da bunları daxildəki aktyorlar üzərindən neytrallaşdırdı. İndi isə ortada kimsə yoxdur. Sadəcə seçki qutusundan çıxan nəticələr vardır. Hər bir namizəd, hər bir partiya gəldi, öz işini gördü və xalqın səsini aldı. Az və ya çox. Son sözü xalq söylədi.

Oslo, 17-25 dekabr hadisələri, Suriya, YPG, Gezi parkı hadisələri və 15 iyul çevriliş cəhdiylə getməyən bir liderin neytrallaşdırılması layihələndirilirdi. Amma bu həmlə elə ağıllı olmalıydı ki, barmaq izi qalmasın. Dollar və avronun kursu artınca, doğrusu, hər hansı bir iz görmək mümkün olmurdu. Səsverməyə gedən xalqla hücum altında qalan iqtidar baş-başa qalmışdı. Xaricdən əsdirilən külək xalqı sarsıtmışdı. Xalq haqlı olaraq hesab soruşacaqdı. Düzdür, hesab soruşmadı, lakin mesaj verdi. 31 martın mahiyyəti bu idi. Öncəliklə qutudan prezidentlik sisteminin qəbul edildiyi və bu sistemin Türkiyə üçün doğru bir yol olduğu vurğusu çıxdı. Ancaq İstanbul, Ankara və İzmir CHP-yə gedirdi.

Əlbəttə, CHP bu ölkənin vazkeçilməz partiyasıdır. Əlbəttə, CHP Atatürkün qurduğu partiyadır. Heç kimin tək bir sözü də ola bilməz. Ancaq İstanbul da Ankara kimi CHP-yə keçərsə, nə baş verəcəkdi? Kim olduqlarını bilmirəm. Ancaq beynəlxalq mühasibat şirkətlərilə anlaşıldığını eşitdim və yazdım. Məqsədin bələdiyyələrdəki maliyyə hərəkətlərindən çox Beştəpəni zəiflətmək olduğu pıçıltı ilə danışılmaqdadır. CHP-dən kənar bir ağıl İstanbuldan Ankaraya gedən yolu qapatmaq və Beştəpəni mühasirəyə almaq niyyətindədir.

Seçki qutusundan çıxan bu deyil. Səslər, demək olar ki, bərabər olsa da, xalq daxildə qarışıqlıq üçün səs vermədi. Əslində, AKP də bunu yeni gördü. Onların məqsədinin də “Nə olursa olsun, İstanbulu verməmək” olduğunu heç sanmıram. Bir adam da yoxdur ki, seçki qutusundan çıxan nəticələrə hörmətsizlik etsin və ya edə bilsin. Heç belə bir şey olmaz, ola bilməz.

Ancaq heç kimin yazmadığını mən yazım. Bələdiyyə sədrliyi əldən verilər də, sonra təkrar geri alınar da. Burada problem yoxdur. Ancaq Türkiyə öz marşurutunu dəyişdirmişkən, beynəlxalq arenada böyük güclərlə dalaşarkən daxildən Ankaraya hücum edilməsi bütün güc balansını dəyişdirir. Enerji itkisinə yol verilir. Və bəlkə də xaricdə elə buna görə məğlub edilir, hədəflərindən uzaqlaşdırılır. Hesab edirəm ki, CHP bu məsələdə Ankaraya artıqlaması ilə yardımçı olmalıdır. Yuxarıda Pensin açıqlamalarını paylaşdım. “Zərər verəcəyik” deyir. Adam bundan açıq necə söyləsin? Tam da bu nöqtədə Dəniz Baykalın sözləri daha çox anlam qazanmaqdadır. Dəniz bəy deyir: “Türkiyə bir an öncə seçki nəticələrini rəsmən elan etməkdə bir problem olmadığını dünyaya göstərməlidir”.

İstanbul sadəcə İstanbul deyildir. Ayasofya ilə Sultanəhmədin daşıdığı mədəniyyətlərin qovşağıdır. Ayparanın xaçı məğlub etdiyi yerdir. Azanın susmadığı və susmayacağını atalarımızın elan etdiyi yerdir. Eranın dəyişdiyi yerdir. Türkün öz gücünü dünyanın təpəsinə sancdığı bir yerdir. Gələcəyimizdir.

Bu tənlikdə İstanbulda yarışan namizədlərin də, partiyaların da üzərinə böyük məsuliyyət düşür. Bir seçki bizi ayırmamalı, bölməməli və bir birimizdən qoparmamalıdır. Seçki qutusunda olmayan, amma ruhunu oradan çıxacaq böhrana bağlayanlara diqqət edin. Hər bir adam məsuliyyət daşımalıdır. Hamı məmləkəti birlikdə qucaqlamalıdır. Bu millət seçkiyə getdi, seçəcəyini də seçdi. Heç kimə “Xaricdən gələcək rüzgara qapınızı açın” demədi. Bunu bilərək nəticəni qəbul edək.

Tərcümə Strateq.az-ındır