XƏBƏR LENTİ

19 Aprel 2019
18 Aprel 2019

Digər Xəbərlər

13 Aprel 2019 - 14:03

PENTAQONUN SİRLƏRİNİ SATMIŞ ASSANJ ƏLƏ KEÇDİ:7 ildir gizlənən “WikiLeaks” qurucusunun zühuru kimə gərəkdir? – TƏHLİL

Dmitri Bavırin

vz.ru, 12.04.2019

 

Çağdaş dönəmin ən parlaq siyasi intriqalarından biri gözümüzün qabağında başa çatır. Pentaqon və Dövlət Departamentinin çirkin sirlərini üzə çıxartmış Culian Assanj Britaniya polisi tərəfindən həbs olunub və yeddi il gizləndiyi Ekvador səfirliyindən zorla çıxarılıb. İndi Assanjı ABŞ-a ekstradisiya və həbs cəzası təhdid edir.

Bununla belə, bu adama görə fərəhlənmək olar. Nə üçün?

Assanj 2012-ci ildə Londonda Ekvador səfirliyində sığınacaq tapanda tam başqa bir adam idi.

Dünya elitasının skeletlərini dolabdan dartıb çıxardan “WikiLeaks”in baş redaktoru. Pentaqonun hərbi fırıldaqlarını və Dövlət Departamentinin diplomatiyasını hörmətdən salan, ABŞ dövlətinin düşməni. Mandela və Dalay-Lama ilə yanaşı hüquq müdafiəsi mükafatlarıyla təltif edilən  “yeni media” əfsanəsi. “Time” dərgisinin oxucularının versiyası üzrə gizli həqiqətin işığını insanlığa daşıyan XXI yüzilliyin superqəhrəmanı üçün lap yerində olan bir qədər “pəri” görkəmində ilin adamı.

Britaniya polisi 2019-cu ildə haçansa həmin binanın eyvanından alovlu çıxışlar etmiş, Assanja çox çətin oxşayan, əldən düşmüş qocanı Ekvador səfirliyindən çıxardıb. Superqəhrəmanın dönəmi keçib, indi onun əlindən heç nə gəlmir və heç kimə gərək deyil.

O, Ekvadora daha gərək deyil. 2012-də bu ölkəyə Rafael Korrea – “yeni sosializm”in  generallarından biri və Amerika ağalığı ilə savaşda Çavesin dostu başçılıq edirdisə, indi Çaves ölüb, Ekvadorun isə tamam başqa bir prezidenti var – Korreanın mənsub olduğu partiyada olsa da, Qərblə münasibətlərin inkişafı uğrunda çıxış edən Lenin (bu, addır) Moreno.

2018-ci ildən island Kristin Xrafnssonun baş redaktor olduğu “WikiLeaks” layihəsinə də gərək deyil. Ekvador Assanja şəxsi görüşləri, siyasi mövzularda çıxışları, ən sonda isə avstraliyalının bütün kəşfiyyat, haker və analitik fəaliyyətini heçə endirməklə internetə çıxışı  da ardıcıllıqla yasaqlayıb.

O, Donald Trampın başçılıq etdiyi ABŞ administrasiyasına da gərək deyil. Assanj dövlət katibi Klintonun yazışmalarını – sızdığına görə Trampın alqışlar altında “ikiüzlü Hillari”ni həbs edəcəyini söz verdiyi, amma sonra fikrindən daşındığı həmin sənədləri dərc edərək onun seçkilərdəki qələbəsi üçün istənilən əcnəbidən daha çox iş görmüşdü. İndi isə Assanj onun nəzərində yaxa qurtarmalı mavrdır. Və potensial zəhərli aktivdir, çünki demokratlar “dövlətin düşməni” Assanjla Trampın seçki qərargahı arasındakı işbirliyini hökmən sübut etməyə çalışırlar.

Bununla yanaşı, Assanj demokratlara da gərək deyil, çünki nəyisə sübut etmək, çətin ki, baş tutsun. Klinton daha heç nəyə iddia etmir və edə bilmir. Assanjın həbsi üçün özəl qanuna lobbilik edən “qırğı” senator Co Liberman istefaya gedib. Amerika ziyalıları içindən Dempartiyanın bir çox seçiciləri (o cümlədən fəal yazanlar) avstraliyalının təqibinə birmənalı yanaşmır, köhnə yaddaş üzrə onu dünya siyasətinin qaranlıq künclərində eşələnən araşdırıcı sayırlar.

Assanj hətta İsveçə də gərək deyil.

Bu ölkənin prokurorluğu iki il qabaq “WikiLeaks”in qurucusu haqda zorlama ittihamı üzrə təhqiqatı dayandırıb. Britaniya məhkəməsi 2012-də Assanjı məhz İsveçə sürgün etmək qərarı verib və indi sanki çağırışla məhkəməyə gəlmədiyi üçün həbs olunub.

Qalanı – fakt deyil ki, o, Britaniya hökumətinə  gərəkdir, çünki Assanja qarşı başqa formal iddialar sanki yoxdur. Ekvadorda isə vurğulayırlar ki, avstraliyalının ABŞ-a sürgün edilməyəcəyi haqda yazılı təminat alaraq onu ədalət məhkəməsinə veriblər. Bu, prezident Trampın maraqlarıyla tam uzlaşır: Assanjın verilməsi üçün açıq-açığına addımlar atmaq (hər halda “dövlətin düşmənidir”), amma Assanjın özünü ələ keçirməmək.

Madam belədirsə, Ekvador zahidi artıq tezliklə azad edilə bilər və bu onun üçün simurq kimi küldən dirçəlmək şansı olardı.

WikiLeaks”in qurucusuna insan kimi ürək yandırmaq istəyirsən. Amma onun haçansa böyük nüfuzlu beynəlxalq siyasi fəal olduğunu yada salsaq, etiraf etmək lazım gəlir ki, indi baş verənlər Assanj-fəal üçün nadir uğurdur.

Dünyanın diqqəti onun çoxdan unudulmuş simasına zilləşib. Assanjı müdafiə etməyə və onu dinləməyə hazırdırlar. O, ictimai persona statusunu və internetə adi çıxışı özünə qaytararaq yenidən nüfuzlu media fiquru ola bilər. Bu, Ekvador səfirliyində balaca otaqda yaşayan zahid statusu ilə çulğaşmırdı. Azad adam statusu, ya da bəxti gətirməsə, “vicdan məhbusu” statusu ilə ən yaxşı biçimdə uzlaşır.

Britaniya polisi 47 yaşlı “qoca”nı səfirlik missiyasının binasından çıxardaraq Assanjı böyük siyasətə qaytarıb. Lakin bu, zəmanət vermir ki, Assanj siyasətdə qabaqkı rolu oynayacaq – onsuz da keçmiş nüfuzunu qaytarmayacaq.

Onun ad-sanın zirvəsində olduğu andan bəri çox şey dəyişilib. Amerikalılar klibermüdafiədəki yırtıqları anlayaraq təkcə “WikiLeaks”dən daha çox Çinə və məşhur “rus hakerlər”ə hədəflənməklə bunu qapamağa başlayıblar. Assanj üçün ən yaxşı illərdəki kimi işləmək daha alınmayacaq. Onun saytı çoxdan bu səviyyəli sızmaların dərcində inhisarçı deyil, amma indi bu səviyyəli sızmalar, sadəcə, yoxdur – nə “WikiLeaks”ə, nə də onun müttəfiqi adlandırmaq mümkün olan rəqiblərinə.

Bununla belə, çox ehtimal ki, baş verənlər yaxşılığa doğrudur. ABŞ-a təhvil baş tutmazsa (təkrar edək, bunun üçün belə bir tədbirə bir yığın tərəfdar gərəkdir, bunlar isə görünmürlər), güman etmirəm ki, Assanjı necəsə ciddi bir cəza təhdid edir.

Özəlliklə nəzərə alınsa ki, onun son illərdə səfirlik hücrəsində qalmağı da ömürlük həbs cəzasından az seçilirdi…

Tərcümə Strateq.az-ındır.