XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

10 May 2019 - 14:08

FƏLƏSTİNLƏ BAĞLI “ƏSRİN SÜLH PLANI”NIN DETALLARI BİLİNDİ –ABŞ və İsrail Yeni Fələstini necə və kimlərlə yaradır?

“Anadolu” İA, Türkiyə, 09 may 2019-cu il

 

Bir neçə ildir Orta Şərqdə müzakirə edilən, “Əsrin anlaşması” və ya “Əsrin planı” adı verilən, ABŞ və İsrailin Fələstini “buxarlaşdırma” layihəsinin detalları əməlli-başlı ortaya çıxmağa başlayıb. “İsrael Ha Yom” adlı qəzet bu anlaşmanın ehtimal edilən, gözlənilən maddələrini nəşr edib.

Ümumiyyətlə, anlaşma maddələrinə baxdıqda, ictimaiyyətin və islam dünyasının reaksiyasını öyrənmək üçün daha öncə sızdırılan bəzi maddələrin kiçik dəyişikliklərə məruz qaldığı anlaşılır.

Fələstinin böyük qisminin İsrailə verildiyi bu yeni mətndə fələstinlilərə verilməsi nəzərdə tutulan yeni “dövlətciyin” maliyyələşdirilməsi də, demək olar ki, tamamən Körfəz ölkələrinin üzərinə qoyulub.

İsraillə Fələstin Azadlıq Təşkilatı və “HƏMAS” arasında imzalanması nəzərdə tutlan anlaşmaya görə, Qəzza zolağı ilə İordan çayının qərb sahilində (yəhudilər tərəfindən işğal edilən və yaşayış məntəqələri salınan torpaqlar istisna edilməklə) bir Fələstin dövlətinin qurulmasına qərar verilir.

Bu qərar ilk dəfə eşidiləndə qulağa xoş gəlir, amma İordan çayının qərb sahilində salınmış yəhudi yaşayış məntəqələrinin sayı və sıxlığı düşünüldükdə, bunun bir illüziyadan ibarət olduğu asanlıqla anlaşılacaqdır.

İsrailin verdiyi rəsmi rəqəmlərə görə, sahəsi 5 min 655 kmolan İordan çayının qərb sahilində cəmi 156 yəhudi yaşayış məntəqəsi mövcuddur. 400 mindən çox əhalisi olan bu yaşayış məntəqələrinin Fələstin şəhərlərini mühasirə edərək, onları bir-birindən ayrı adacıqlar halına gətirməsi və bu yaşayış məntəqələrini bir-birinə bağlayan yol şəbəkəsi İordan çayının qərb sahilində belə bir Fələstin dövlətinin qurulmasını faktiki anlamsız hala gətirir.

Doğrusu, “bölgənin boşaldılması” adlanan 2-ci maddədə həm bu yaşayış məntəqələrinin fələstinlilər tərəfindən rəsmən tanınması, həm də təcrid durumunda olan yaşayış məntəqələrinə giriş əldə etmək üçün digərlərinin genişləndirilməsi istənilir. Bu durumda, İordan çayının qərb sahilində göbələk kimi hər yerə yayılmış olan yəhudi yaşayış məntəqələri, hər halda, monolit – bütöv bir Fələstin idarəçiliyinin qurulmasını imkansız edir.

Daha öncə sızdırılan planlarda Qüdsün tam olaraq İsrailin paytaxtı olduğu, fələstinlilərə isə Qüdsün cənubunda Əbu Dis qəsəbəsinin paytaxt olaraq veriləcəyi ifadə edildiyi halda, – ehtimal ki, verilən reaksiyalar səbəbilə, – yeni planda Qüdsün hər iki dövlətin paytaxtı olacağı, ancaq İsrailə bağlı Qüds bələdiyyəsinin şəhərin tamamına görə cavabdeh olacağı və Qüdsdə yaşayan fələstinlilərin vergilərini bu bələdiyyəyə ödəyəcəyi şəklində çaşdırıcı bir oyun qurulmuşdur.

Beləlikə, Qüds faktiki İsrailin, formal olaraq isə həm də Yeni Fələstinin paytaxtı olacaq. Doğrusu, rəsmi rəqəmlərə görə, hazırda sayı 850 mini keçən Qüds əhalisinin 64%-i yəhudi, 34%-i müsəlman, 2%-i isə xristiandır. Yəni, demoqrafik vəziyyət çoxdan dəyişib. Qüdsdəki meyl də (hər zaman olduğu kimi) “öncə əhali, sonra yer adları, ardınca da sərhədlər dəyişər” şəklində olan sosioloji qaydalara uyğun gəlir.

Ola bilsin, Qüdsdə yəhudi və ərəblərin bir-birindən ev almalarının qadağan edilməsi buradakı yeganə müsbət maddə kimi görünsün. Lakin yəhudilərin Qüdsdə əksəriyyəti ələ keçirdiyi nəzərə alınarsa, bunun da ba’de harabi’l-Basra” (“Bəsrə viran olduqdan sonra”) deyiminə çox uyğun olduğu anlaşılar.

Qüdsdəki müqəddəs yerlərin bugünkü statusunun davam etdirilməsinin İsrailin Məscid-i Aksanı işğal etməsini, burada məskunlaşan yəhudilərin və İsrail təhlükəsizlik qüvvələrinin təcavüzkar hərəkətlərini və elmi araşdırma görüntüsü verilən arxeoloji qazıntıları əngəllyə biləcəyi də şübhəlidir.

Qəzza zolağı ilə əlaqədar olan maddələr isə daha öncə sızdırılan planlara uyğundur. Misirin Sina yarımadasında, Qəzza zolağına bitişik yerlərdə hava limanı, fabriklər tikilərək, ticarət və əkinçilik sahələri ayrılaraq Fələstin dövlətinə kirayəyə veriləcək. İsrail və ABŞ “yəhudi tacir” məntiqi ilə hərəkət edərək, işğal edilən sahələrin əvəzinə ərazini Misirdən, onun kirayə haqqını isə Körfəz ölkələrindən almağı planlaşdırır.

Qəzzalılara Sinay yarımadası kimi elə də məhsuldar olmayan Misir ərazisindən torpaq verilərkən, İordan çayının qərb sahilində Orta Şərqin ən məhsuldar ərazilərindən biri olan, Tabəriyə gölü ilə Ölü dəniz arasında yerləşən və İordan çayından suvarılan, malik olduğu yüksək istilik və nəm səviyyəsi sayəsində təbii böyük (uzunluğu 105 km, eni 10 km) istilikxana olan və ilboyu məhsul alınan, dünyanın ən dərin vadisi olan əl-Ğoru isə İsrail özünə götürür.

“Əsrin anlaşması”nın maliyyə öhdəlikləri isə, böyük ölçüdə, Körfəz ölkələrinin üstünə yıxılır. Mətbuata sızdırılan maddələrə görə, qurulacaq yeni Fələstin dövləti üçün beş illik müddət ərzində 30 milyard dollarlıq bir fond yaradılacaq. Bu fondun 20%-ni ABŞ, 10%-ni AB, 70%-ni isə Körfəz ölkələri təmin edəcək. Fələstini işğal edən İsrail isə heç bir şey ödəməyəcək.

Beləliklə, ABŞ cəmi 6 milyard dollar qədər kiçik bir hesab ödəyərək, İsrail isə heç bir şey ödəməyərək, Fələstin və digər tərəflər baxımından, işğalı rəsmiləşdirmiş olacaq.

Təbii, Fələstinin (necə bir dövlət olacaqsa) ordusu olmayacaq, yalnız yüngül silahlı polis gücü olacaq. Yeni Fələstini İsrail qoruyacaq və bunun qarşılığında Fələstin İsrailə pul ödəyəcək. Yəqin, “ciyarı pişiyə təslim etmək” – hələ əlavə pul da vermək elə budur.

Bütün bunların qarşılığında “Hamas” silahı buraxacaq, Qəzzanın blokadası qaldırılacaq, Fələstində demokratik seçkilər keçiriləcək və İsrail həbsxanalarındakı fələstinli dustaqlar hissə-hissə azad ediləcəklər.

Əgər fələstinlilər bu anlaşmanı rədd edərsə, ABŞ Fələstinə verdiyi bütün dəstəyi kəsməklə bərabər, digər dövlətlərin ona yardım etməsini də əngəlləyəcək.

ABŞ, MisirKörfəz ölkələrinin dəstəyini də almış kimi görünən İsrail, olduqca zəif mövqedə olan fələstinlilərə bu və ya buna bənzər maddələri, ehtimal ki, iyun ayında qəbul etdirməyə çalışacaq. Əgər fələstinlilər qəbul edilməsi mümkün görünməyən bu anlaşmanı qəbul etməzlərsə, o zaman oyunpozan tərəf olaraq aldıqları bütün yardımlar kəsiləcək. Yəni, tam olaraq küncə sıxışdırılacaqlar.

“Oğru elə bağırdı, doğrunun bağrı yarıldı” atalar sözü burada yerinə düşür.

Qeyd: Professor Cengiz Tomar hazırda Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universiteti rektorunun vəzifəsini icra edir.

Tərcümə Strateq.az-ındır