XƏBƏR LENTİ

24 İyun 2019

Digər Xəbərlər

23 May 2019 - 22:21

ZELENSKİ SÖZÜNÜ TUTMADI…- Sələflərinə bənzəməyəcəyini desə də, təkcə Prezident Adminstrasiyasında 7 adamına yüksək vəzifə verdi

“Ukraynanın yeni prezidenti Vladimir Zelenski özünün seçkiöncəsi kampaniyası zamanı söz vermişdi ki, sələflərindən fərqli olaraq dövlət postlarını öz adamlarına peşkəş etməyəcək. Bu və ya digər vəzifəyə təyinat zamanı yalnız peşəkarlıq və yaxşı “reputasiya” əsas götürüləcək. Lakin reallıqda tam əksi baş verdi. Zelenskinin Kiyevə – Prezident Admnistrasiyasında işləmək üçün çağırdıqlarının əksəriyyəti siyasətdə heç bir təcrübəsi olmayan uşaqlıq dostları, çoxillik biznes tərəfdaşlarıdır…”.

Bu fikirlər Almaniyanın nüfuzlu “Frankfurter Allgemeine Zeitung” nəşrində Raynxard Fezerin müəllifliyi ilə dərc olunan və Zelenskinin prezident postundakı ilk günlərini təhlil edən məqalədə yer alıb.

Müəllif yazır ki, onların arasında yer alan Andrey Boqdanın (Prezident Administrasiyasının rəhbəri) siyasətdə təcrübəsi var. Lakin onun da böyük problemi var. Boqdanın təyinatı qanun pozuntusu kimi qiymətləndirilə bilər. Belə ki, Ukrayna qanunlarına görə, 2014-cü il inqilabından sonra devrilmiş rejimin (Yanukoviçin dövründə vəzifədə olub) funksionerləri 10 il ərzində dövlət postu tuta bilməzlər.

“Zelenskinin seçilməsinin ölkəni dəyişikliklərə deyil, əksinə, geriyə aparacağı təhlükəsi daha realdır”, – deyə Raynxard Fezer düşünür.

Zelenski ona da söz vermişdi ki, hökumətin oliqarxlarla bağlılığına son qoyacaq. Prezident Administrasiyasına rəhbər təyin etdiyi Andrey Boqdan isə tanınmış oliqarx Kolomoyskinin şəxsi vəkili olub. Zelenskinin “Kvartal-95” studiyası şou-proqramının yayımlandığı “1+1” telekanalının sahibi də məhz adıçəkilən oliqarxdır.

Yeri gəlmişkən, ötən həftə Kolomoyski iki illik fasilədən sonra Ukraynaya qayıdıb. O, əsas səhmdarı olduğu “Privatbank”a nəzarəti bərpa etmək və ya yüksək kompensasiya almaq istəyir.

Andrey Boqdan

Ukrayna məsələləri üzrə alman ekspert Vilfird Yilge hesab edir ki, Boqdanı Prezident Administrasiyasına rəhbər təyin etməklə Zelenski vədini yerinə yetirməmiş oldu: “Zelenski bildirmişdi ki, artıq Ukraynanı oliqarxiya idarə etmir. Amma mən buna şübhə ilə yanaşıram. Gəlin, özümüzü aldatmayaq. Əgər Kolomoyski tələb etdiyi 2 milyard dollarlıq kompensasiyanı ala bilsə, – məhkəmə belə bir qərar çıxarsa, o zaman bu, Ukraynanın yeni prezidentinə problem yaradacaq. Bu halda Zelenski həqiqətən müstəqil olduğunu sübut etməli olacaq. Zelenskiyə qələbə qazandıran məqamlardan biri də onun hakimiyyətə oliqarxiya ilə əlaqələri olmayan şəxsləri gətirəcəyinə dair vədi idi. İndi isə o açar postlardan birinə vaxtilə Kolomoyskinin vəkili olmuş şəxsi təyin edib”.

Ekspert bildirir ki, Ukrayna qanunlarına görə, Boqdan məlum postu tuta bilməz: “Maraqlıdır, Zelenski bu addımını Ukrayna xalqına necə izah edəcək?!”.

Boqdan isə deyir ki, tutduğu post dövlət xidməti hesab olunmur və beləliklə də məlum qanun pozulmamış olur. PA rəhbərinin dediyinə görə, Zelenskini siyasətə gəlməyə məhz o razı salıb. Özü də 2016-cı ildə.

Bu arada, Ukrayna Prezident Administrasiyasındakı 13 vəzifədən 7-si Zelenskinin “Kvartal-95” studiyası və digər media layihələrindəki dostlarına həvalə olunub.

“Kvartal-95” studiyasını 2003-cü ildə Vladimir Zelenski həmçinin Boris və Sergey Şefir qardaşları təsis ediblər. İndi Sergey Şefir yeni prezidentin birinci köməkçisi vəzifəsinə təyin olunub.

Vladimir Zelenski və İvan Bakanov bir blokda yaşayıblar, bir məktəbdə və bir universitetdə oxuyublar. Sonralar Bakanov “Kvartal-95″in hüquqşünası və Zelenskinin partiyasının sədri təyin olunub. Həmçinin Zelenskinin seçki qərargahının rəhbəri olub. İndi Zelenski uşaqlıq dostunu Ukrayna Təhlükəsizlik Xidmətində birinci müavin postuna təyin edib. Prezident sərəncamına əsasən, Bakanov korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə baş idarəsinin rəhbəri olacaq.

Prezident Administrasiyasında birinci müavin postu Sergey Trofimova həvalə olunub. Trofimov “Kvartal-95″in icraçı prodüseri və əsas ssenaristlərindən olub.

Yuri Kostyuk teleşoudakı qəhrəmanların obrazlarını yaradırdı və seçki kampaniyası dövründə qərargahın kreativ qrupunda təmsil olunurdu. İndi isə Kostyuk Prezident Administrasiyasında müavin postunu tutur.

Administrasiyadakı növbəti müavin 30 yaşlı Kiril Timoşenkodur – “GoodMedia” teleprodakşn şirkətinin rəhbəri. Timoşenko Zelenskinin komandasına ötən ilin payızında qatılıb. Zelenskinin bütün reklam roliklərini, eləcə də onun Poroşenkonu stadion debatlarına çağırışlarını “GoodMedia” lentə alıb.

Prezident Zelenskinin bir köməkçisi də Andrey Yermakdır – hüquqşünas, kinoprodüser, “Garnet International Media Group”un qurucusu.

Zelenskinin müşaviri Mixail Fyodorov isə yeni prezidentin seçkiöncəsi kampaniyasının internet strategeyasına cavabdeh olub. SMMSTUDIO rəqəmsal agentliyin (müştərilərindən biri də “Konsert-Kvartal” idi) rəhbəri olan Fyodorov artıq dövlət vəzifəsi tutacaq.

Alman ekspert Vilfird Yilge yeni prezidentin son təyinatlarını da tənqid edib: “Bu insanlar görəcəkləri işə nə dərəcə hakimdirlər? Onlar hələ özlərini siyasətdə göstərməyiblər…”.

Tərcümə etdi: G.Hüseynova

Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə