XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

25 May 2019 - 12:46

AMERİKANIN QALİB GƏLƏ BİLMƏYƏCƏYİ MÜHARİBƏ… –İranla savaş bizim üçün niyə arzuolunmazdır? - ARAŞDIRMA

Ramazan SİRACOĞLU, professor

 

İran İslam Respublikası ABŞ-ın təşəbbüsü ilə ona tətbiq olunan ağır iqtisadi sanksiyaların təzyiqi altında 2015-ci ildən öz nüvə proqramını məhdudlaşdırsa da, qonşu dövlətlər onun gizlində atom silahı üzrə tədqiqatlar apardığından şübhələnir.

İran bunu inkar edib dəlillər gətirsə də, rəqibləri buna inanmırlar. Bitib tükənməyən, sonu görünməyən embarqolardan təngə gəlmiş İran, nəhayət, yenidən nüvə proqramını bərpa edəcəyini elan edəndə, hətta Hörmüz boğazını bağlayacağını söyləyəndə, beynəlxalq qüvvələr qəzəbləndilər. Xüsusən, ABŞ-ın bölgədəki müttəfiqi  olan Səudiyyə Ərəbistanı həyəcan təbili vurur ki, İran cəzalandırılmasa, qısa müddətdə atom silahına sahib olacaqdır.

Əlbəttə, amerikanlar çox gözəl bilirlər ki, İranın uran zənginləşdirilməsi proqramı nəticəsində alınacaq məhsul atom silahı yaratmağa əsla və əsla qadir deyil və İran qətiyyən Hörmüz boğazını da bağlaya bilməz,  amma bununla belə, müttəfiqini arxayınlaşdırmaq üçün İrana qarşı psixoloji hücuma keçməyi lazım sayırlar.

Bu ilin may ayından ABŞ İrana qarşı iqtisadi məngənəni daha da sıxmağa başlayıb. Məqsəd İranın neft ixracını sıfıra endirməkdir.

11 may 2019-cu ildə Hörmüz boğazında  Səudiyyə Ərəbistanına, Birləşməş Ərəb Əmirliyinə və Norveçə məxsus dörd neft tankerinə və iki neftötürmə stansiyasına edilən hücumun İran və ya onu xaricdən dəstəkləyən qüvvələr tərəfindən  gerçəkləşdirilməsi ehtimalı onsuz da gərgin olan ABŞ-İran münasibətlərini daha da tarıma çəkmiş, Yaxın Şərqdə muharibə təhlükəsini maksimum həddə çatdırmışdır. Fars körfəzində hasil ediən  neftin təxminən 90 faizi   şimal hissəsi İrana, cənub hissəsi isə Əmmana və Birləşmiş Əmir Əmirliklərinə məxsus olan Hörmüz boğazı vasitəsilə dünya bazarına çıxarılır.

İndi dünya ictimaiyyətini ABŞ-ın İrana hərbi müdaxilə edib-etməyəcəyi məsələsi çox narahat edir. ABŞ-ın Fars körfəzində əzələ nümayişinə başlaması, Vaşinqtonun Tehrana qarşı təhdidkar davranması bu təhlükənin reallığından xəbər verir.

Hələ bir neçə müddət bundan əvvəl, İran məsələsi yenidən gündəmə gələndə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton təkid edirdi ki, Pentaqon İrana zərbələr endirsin. O zaman ABŞ Müdafiə naziri Ceyms Mettis hərbi müdaxiləyə qarşı çıxmışdı. Sabiq müdafiə naziri Mettis ABŞ rəhbərliyini inandıra bilmişdi ki, təqribən yarımmilyonluq hərbi qüvvəsi olan, İraq, Suriya və Livan kimi həssas bölgələrdə İranı açıq-aşkar dəstəkləyən yüz mindən çox silahlı qüvvələrin mövcudluğu ABŞ-ın Yaxın və Orta Şərqdəki müttəfiqlərinə, ilk növbədə də İsrailə çox ciddi təhlükədir. İrana hər hansı hərbi müdaxilə edildiyi təqdirdə, İran mütləq ABŞ-ın bölgədəki müttəfiqlərinə sarsıdıcı zərbələr endirəcəkdir. Xoşbəxtlikdən onda ABŞ-ın mötədil yetkililərinin məntiqi aqressiv “qırğılar”ı fikirlərindən daşındırmışdı.

İndi isə o mötədil düşüncəli müdafiə naziri Mettis istefadadır.

Ağ evin İrana qarşı sərt davranışından ehtiyatlanan bəzi demokrat senatorlar və  konqresmenlər Tramp administrasiyasını xəbərdar edirlər ki, konqresin razılığı olmadan Tramp ölkəni müharibəyə sürükləyə bilməz.

“Vaşinqton post” kimi nüfuzlu qəzet İranla başladılacaq müharibənin “bütün müşküllərin qaynağına çevriləcəyini” istisna etmir (“A war with Iran would be the mother of all quagmires”).

Cənab Trampı qəti addımlar atmağa sövq edənlər də az deyildir. Məsələn, Milli məsələlər üzrə müşavir Con Bolton 2015-ci ildən bəri öz fikrindən daşınmır: “İran bombasının qarşısını almaq üçün İran bombalanmalıdır” ( “To stop Iran’s bomb, bomb Iran”).

Senator Marko Rubionun fikrinə görə, “hücum- qətiyyətli cavabdır” (“attack- decisive response”), senator Tom Kotton isə bildirib ki, “əgər İran Birləşmiş Ştatlara və ya bölgədəki  müttəfiqlərimizə silahlı zərbələr endirsə, əlbəttə, onda mən İrana sarsıdıcı cavab verilməsini gözləyəcəyəm” (“if Iran struck out militarily against the United States or against our allies in the region, then I would certainly expect a devastating response against Iran”).

Az sonra məlum olsa da ki, Səudiyyə Ərəbistanına məxsus neft obyektlərinə  Yəməndəki husilər “أنصار الله  -Ənsarullah – ALLAHın tərəfdarları” hücum edib, yenə də bu işdə İranın rolu olduğu düşünülür.

Məsələ burasındadır ki,  şiəliyin zeydiyyə təriqətinə mənsub olan husilərin  ( الحوثيون ) gizlindən İran tərəfdən maliyyələşdirildiyi və bu yardım nəticəsində husilərin 2015-ci ildən Yəmən hakimiyyətini ələ keçirdikləri iddia olunur. Husilərin hakimiyyətinin legitimliyini, BMT daxil olmaqla, heç bir rəsmi qurum tanımasa da, onlar de-fakto Yəməni idarə edirlər. Səudiyyə Ərəbistanı güman edir ki, husilərin hərbi fəaliyyətlərinin və ərəblərə qarşı hərəkətlərinin koordinatoru və sifarişçisi İrana məxsus  İslam İnqilabı Keşikçiləri Korpusudur (سپاه پاسداران انقلاب اسلامی‎  – Sepah-e Pasdaran-e Enğelab-e Eslami).

Qeyd edək ki, İranın elit hərbi birliyi sayılan İslam İnqilabı Keşikçiləri Korpusunu 2019-cu ildən ABŞ, Səudiyyə Ərəbistanı və Bəhreyn terrorçu birləşmə elan etmişdir.  Öz emblemlərində ABŞ və İsrail əleyhinə şüarlar yazan və özlərini İmam Hüseynin nəvələri sayan husilər İrana olan rəğbətlərini gizlətmirlər. Norveçə məxsus neft tankerində aşkar olunmuş 30 kiloluq uzaqdan idarəolunan torpedo qəlpələrinin mövcudluğu təhqiqatçıları bu fikrə gətirmişdir ki, husilər tərəfindən atılan həmin torpedo İran istehsalıdır. Səudiyyə Ərəbistanı husiləri dərhal cəzalandırmağa tələsdi və 17 maya keçən gecə  Yəmənin paytaxtı Səna şəhərini bombaladı.

İrana ardıcıl olaraq ağır sanksiyalar tətbiq edən ABŞ rəsmilərinin əmri ilə əsas xidmət yeri Sakit okean olan “Abraham Linkoln” təyyarə gəmisi Fars körfəsinə istiqamət aldı. Uzunluğu 333, eni 77 metr və  260 min at gücündə olan bu gəmi, faktik olaraq, üzən dəniz aerodromudur, göyərtəsində 90 hərbi təyyarə və helikoptər daşımağa qadir olan “Abraham Linkoln”un ekipajı 5680 nəfərdən ibarətdir. “Patriot” tipli havadan müdafiə raket kompleksi ilə təchiz edilmiş “Abraham Linkoln” təyyarə gəmisini strateji bombardmançı B-52 təyyarələrinin müşayiət etdiyini də vurğulamalıyıq.

İran istehsal etdiyi nefti dünya bazarında sata bilmədiyindən, iqtisadiyyatı çox ağır günlər keçirir. Müqayisə üçün xatırladaq ki, rəsmi kursa görə, bir amerikan dolları 42 min 102 İran rialına bərabərdir. Ölkədə işsizlik tüğyan edir. Trampın məqsədi İranı tədricən iqtisadi məhrumiyyətlər içində boğmaqdır.

İrana qarşı ədavətini gizlətməyən qonşu ərəb dövlətləri hər vəchlə ABŞ-İran qarşıdurmasını qızışdırmağa çalışır, hətta bu yolda müəyyən təxribatlara da əl atırlar.

Burada İsraili də nəzərdən qaçırmaq olmaz. İranın zəifləməsi İsrailin də mənafeyinə uyğun gəlir. Digər tərəfdən, ABŞ-da Respublikaçılar partiyasına xüsusi rəğbəti ilə seçilən yəhudi əsilli milyarder Şeldon Adelson həm İsrailin Baş naziri Netanyahu ilə, həm də ABŞ Prezidenti Trampla  səmimi dostdur. Səmim dostların niyyətləri və maraqları nədən eyni olmasın ki?

Digər tərəfdən, İranın iqtisadi məngənəyə alınması, dünya  bazarından məhrum edilməsi İrana dost kimi görünən Rusiyanın da işinə yarayır: İran neftinə embarqo qoyulması dünya bazarında neftin qiymətinin artmasına səbəb olacaq və kapital gəlirinin  mühüm hissəsini neft və neft məhsulları təşkil edən Rusiya bundan qazanacaq, başqa tərəfdən, Avropa İttifaqı dövlətləri Rusiya ilə iqtisadi əlaqələrini möhkəmləndirmək məcburiyyətində qalacaqdır. Ona görə də Netanyahunun Moskva səfərindən sonra rəsmi səviyyələrdə eşidilməyə başlayan “Rusiya yanğınsöndürən deyildir” ifadəsi çox mətləblərdən xəbər verir.

19 may 2019-cu ildə ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına düşən raket mərmisi, iraqlı general Yəhya Rəsulun iddiasına görə, Bağdadın şərqindən, şiə fanatikləri tərəfindən atılıb. Bununla onlar amerikanlara mesaj vermək istəmişlər ki, İrana müdaxilə etsəniz, qarşınızda bizi görəcəksiniz.

ABŞ-ın İrana hərbi müdaxiləsi, istənilən baxımdan, bizim üçün arzuolunmazdır.

Ən birincisi, İranda bizim milyonlarca soydaşımız və dindaşımız yaşayır.

İkincisi, İran bizim qonşumuzdur, orada müharibənin olması saysız-hesabsız insanın sığınmaq üçün buraya axını deməkdir.

Üçüncüsü,  muharibə Təbrizdə, Ərdəbildə, Zəncanda, Qəzvində, Xamnədə, Nəmində, Sərabda, İsfahanda, Tehranda, Məşhəddə və digər yerlərdə maddi-mədəniyyət nümunələrinin məhvi deməkdir, kitabxanalarda qiymətli əlyazmalarının, muzeylərdə mədəni irsin yanıb kül olması deməkdir.

Dördüncüsü, muharibə kütləvi qırğın silahlarının tətbiqi nəticəsində genefondun, ətraf mühitin dağıdılması deməkdir.

Beşincisi, muharibə illərlə sağalmayacaq mənəvi yara, qanlı çəkişmələrin başa alıb gedəcəyi deməkdir…

Amerika İranı bombalaya bilərmi? Bilər, ancaq ona qalib gələ bilməz. Yaxın tarixdən  məlumdur: Amerika illər uzunu Şimali Vyetnamı, Laosu, Kambocanı bombaladı, onların üzərinə bütünlükdə II Dünya müharibəsində atılan bombalardan 3 dəfə çox bomba yağdırdı, lakin onların iradəsini qıra bilmədi. Müharibənin qanunları var- əraziyə əsgər ayağı dəymirsə, o ərazi işğal olunmuş, fəth edilmiş sayılmır. 2003-cü ildə İraqa hücum edəndə general Devid Petreus Prezident C. Buş administrasiyasından “mənə deyin, bu necə qurtaracaq?”– (“Tell me how this ends?” )- deyə soruşanda, kimsə məntiqli cavab verə bilməmişdi.

Nəticəsi nə oldu? Xaos, viranəlik, insan faciəsi… İddia olunan kütləvi qırğın silahı nümunələri isə heç tapılmadı.

Trampı İranla müharibəyə təşviq edənlərin, görəsən,  hərbi müdaxilənin nələrə gətirib çıxaracağı haqqında təsəvvürləri varmı?

Heç kimə sirr deyil ki, hal-hazırda ABŞ istənilən baxımdan dünyanın ən güclü dövlətidir. Lakin supergücə malik olmaq ABŞ-a əsas vermir ki, haq-nahaq, istənilən ölkəyə keyfi qərarlar tətbiq etsin. Hər dövlətin, o cümlədən İranın da öz milli marağı, özgürlüyü və heysiyyəti var. Dünyaya özünü demokratiyanın qoruyucusu kimi tanıtmış ABŞ, İrana təzyiqlər edəndə oradakı milyonlarla məsum, günahsız insanları, uşaqları, xəstələri, yaşlıları, məhrumiyyətlər çəkən sadə insanları düşünməlidir. Himnində və banknotlarında “Biz ALLAHa inanırıq In God we trust yazılan ABŞ, ALLAH bəndələrinə qarşı amansızlıq göstərməməlidir. Axı səmavi kitablarda, o cümlədən “İncil”də də mərhəmət və barış haqqında ilahi əmrlər  var: “Mərhəmətli olanlar xoşbəxtdirlər, çünki mərhəmət tapacaqlar; sülhpərvərlər xoşbəxtdirlər, çünki onlara Tanrı övladları deyəcəklər Blessed are the merciful: for they shall obtain mercy; Blesses are the peacemakers: for they shall be called children of God” ( Bax: İncil, Matfey- Matthew-, 5-ci surə, 7-9-cu ayələr ).

1890-cı ildə Raqnar Redbeard təxəllüslü bir yazıçının yazmış olduğu “Might is right” – “Güc haqdır” və ya “Güclü haqlıdır” əsərində sosial darvinizm, eqoist anarxizm, psixoloji hedonizm və konsekvensializm ideyaları təbliğ olunurdu. Yazıçının düşüncəsinə görə, haqq hər zaman güclü olanın tərəfindədir. Əslində isə, tam tərsinədir: haqlı olan güclüdür. 

İran İslam Respublikasının Ali dini rəhbəri Ayətullah Əli Xamneyinin bu ərəfədə söylədiyi این روبارویی، نظامی نیست؛ چون بنا نیست جنگی انجام بگیرد. نه ما دنبال جنگ هستیم، نه آنها؛ که می‌دانند که به نفعشان نیست”Bu üzləşmə hərbi qarşıdurma deyil, çünki muharibə eləməyə əsas yoxdur; nə biz muharibə ardındayıq, nə də onlar; zira bilirlər ki, muharibə xeyirlərinə deyil” sözləri fonunda  ABŞ Müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan konqresmenləri “Tramp administrasiyası İranla hərbi qarşıdurmaya can atmır The administration is not rushing toward a military confrontation with Iran-” ifadəsi ilə  inandırmağa çalışması belə qənaətə gəlməyə əsas verir ki, qorxulan hadisə baş verməyəcək.

ABŞ Prezidenti D. Tramp 19 may 2019-cu ildə yazdığı tvitində “İran vuruşmaq istəsə, İranın rəsmi sonu olacaq” – “If Iran wants to fight, that will be the official end of Iran” və “Bir daha Birləşmiş Ştatları təhdid etməyin” – “Never threaten the United States again!” sözləri nə qədər sərt səslənsə də, bu ifadələrdə bir yumşalma hiss olunur.

Bu mülayimləşmə İran İslam Respublikasının Prezidenti H. Ruhaninin də çıxışında öz əksini tapmışdır: “Hətta əgər Amerika öz yanlış yolundan dönsə, keçmiş müdaxilələrinə görə üzrxahlıq diləsə, millətimizlə ehtiramla danışsa, onun üzrünü qəbul etməyə hazırıq” – “حتی آمریکا هم اگر از مسیر غلط خود برگردد، از مداخلات گذشته عذرخواهی کند و با احترام با ملت ما سخن بگوید؛ حاضریم توبه او را بپذیریم.”

İran Prezidenti, bəlkə də, bu sözləri söyləyərkən İranın Hörmüz boğazında üzən “Səhənd” freqatı başda olmaqla bir neçə gəmisinin amerikanlar tərəfindən 18 aprel 1988-ci ildə həyata keçirilən “Dəvədəlləyi” kodlu  (“Mantis”) əməliyyatda partladılmasını, elə həmin ilin iyul ayının 3-də İranın 655-ci reyslə uçan və göyərtəsində 290 nəfər olan A300 sərnişin təyyarəsinin Fars körfəzində vurulmasını nəzərdə tutmuşdur.

Fikrimizcə, tərəflərin bir-birlərini təhdid etmələrinə baxmayaraq, həm ABŞ-da, həm də İranda kifayət qədər nüfuzlu və  sağlam düşüncəli şəxslərin mövcudluğu yaranmış ziddiyyətin müharibəyə çevrilməsinə imkan verməz. ABŞ Prezidenti D. Tramp İranın çox ədavətkar dövlət olduğunu söyləsə də (“Iran has been “very hostile”), çıxışının sonunda ifadə etdiyi  “baxacağıq, nə olur” ( “We’ll see what happens”  ) fikri və İran İslam Qvardiyasının komandanı Hüseyn Səlaminin ötən bazar günü  söylədiyi “İran İslam Cümhuriyyəti savaş dalınca deyil, amma ondan da qorxmur” — “جمهوری اسلامی ایران به دنبال جنگ نیست اما از آن هم نمی‌ترسد” sözləri bizdə bir ümid oyadır ki, ABŞ-la İran arasında muharibə olmayacaq.

Əminliklə qeyd edə bilərik ki, bölgədə yaranmış ajiotaja baxmayaraq, ABŞ və İran bir-birinə muharibə elan etmək səviyyəsindən çox uzaqdır.





Yuxarı Əvvələ Ana Səhifə