XƏBƏR LENTİ

27 İyun 2019
26 İyun 2019

Digər Xəbərlər

27 May 2019 - 09:37

SARKİSYAN KOÇARYANLA GÖRÜŞDÜ –PAŞİNYANIN RƏQİBLƏRİ HƏRƏKƏTƏ KEÇİR

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan bugünlərdə həbsdən çıxan 2-ci prezident Robert Koçaryana baş çəkib.

Strateq.az xəbər verir ki, bu barədə Azadlıq Radiosunun erməni xidməti Tert.am saytına istinadla məlumat yayıb.

Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan portala bildirib ki, Koçaryan azad olunduqdan sonra Sarkisyan onun yanına gedib.

Amma Soqomonyan deyib ki, keçmiş prezidentlərin görüşündə nələrin müzakirə olunduğunu bilmir.

“Hesab edirəm ki, siyasi məsələlərdən daha çox, şəxsi məsələlər müzakirə olunub”, – Soqomonyan vurğulayıb.

Onun sözlərinə görə, Robert Koçaryan yaxın vaxtlarda bəyanatla çıxış edəcək.

Bundan əvvəl verilən məlumata görə Koçaryan “İzmirlyan” tibb mərkəzində müayinədən keçib.

Qeyd edək ki, Yerevan məhkəməsi mayın 18-də Kocçaryanın həbsdən azad edilməsi barədə qərar çıxarıb.

Koçaryan “2008-ci ildə ökədə konstitusion quruluşu devirməkdə və böyük məbləğdə rüşvət almaqda” ittiham olunur.

Onu, Azərbaycanın separatçı bölgəsi – qondarma Dağlıq Qarabağ rejiminin indiki və keçmiş rəhbərləri Bako Saakyanla Arkadi Qukasyan zaminliyə götürüblər. Onlar həmçinin 2 min dollara yaxın girov qoyublar.

Xatırladaq ki, Ermənistan hakimiyyəti 2008-ci il martın 1-də şəhərin Azadlıq meydanında aksiyaçıların üzərinə polis qüvvələri yeridərək, kütləvi etirazları amansızcasına boğub. Nəticədə azı 10 nəfər ölüb. Aksiyaçılar həmin vaxt keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz edirdilər.

Həmin seçkidə Koçaryandan sonra hakimiyyətə, ötən il kütləvi etirazlarla hakimiyyətdən uzaqlaşdırılan Serj Sarkisyan gəlmişdi.

İndi yeni Ermənistan rəhbərliyi Koçaryanı cinayət məsuliyyətinə cəlb edib. Koçaryanla Sarkisyan Dağlıq Qarabağda doğulublar, siyasi karyeraları isə Azərbaycanın bu separatçı bölgəsinin erməni qüvvələri tərəfindən işğalından sonra başlayıb.