XƏBƏR LENTİ

16 Sentyabr 2019
15 Sentyabr 2019

Digər Xəbərlər

05 İyun 2019 - 13:56

MİLYONLARLA İSTİFADƏÇİNİ QOYUN SÜRÜSÜNƏ ÇEVİRƏN SOSİAL ŞƏBƏKƏLƏR:“zavod proletarı”nın yerini “rəqəmsal proletar” tutur – Araşdırma

Dmitri Dobrov, tarixçi-şərqşünas

inosmi.ru, 04.06.2019

 

Alman filosofu Markus Qabriel internetdə sosial şəbəkələrin kəskin tənqidi ilə çıxış edib. O, hesab edir, insan beyni üçün baş təhlükə “virtual” deyilən gerçəklikdir: sosial şəbəkələr dünyanın yalan, aldadıcı mənzərəsini yaradır. Qabriel sosial şəbəkələri “insanlığın əsas düşmənləri”, ekran qarşısında əlləşən və fake news-dan, ya da “yalan xəbərlər”dən istifadə edənləri isə öz zəncirlərindən qurtulmalı olan “rəqəmsal proletariat” adlandırıb. O habelə bildirib ki, “Amazon”, QuqlFeysbuk kimi şəbəkə nəhənglərinin yeri müttəhimlər kürsüsüdür. 1980-ci ildə doğulmuş Markus Qabriel Avropa mütəfəkkirlərinin gənc nəslinə mənsubdur, ABŞ-da isə onu Almaniyanın ən yaxşı filosofu sayırlar.

O özlüyündə internetin ləğvi deyil, ağlın oyanışı uğrunda çıxış edir ki, adamlar virtual dünyanı gerçəkliklə qarışdırmasın. Bax, onu buna görə “yeni realizm” məktəbinin ən parlaq təmsilçisi adlandırıblar. Qabriel İspaniyanın “Pais” (El Pais) qəzetinə son müsahibədə xəbərdarlıq edir ki, insanlıq virtual düşüncənin əsarətindədir: gerçək dünyanı və insani dəyərləri anlamağa qayıtmaq üçün səylər gərəkdir. Axı insanlara internet üzərindən aşılanan, demək olar, bütün anlayışlar “feyk”dir – söhbət istər siyasətdən, istər dəbdən, istər erotikadan, ya da istərsə şəxsi həyatdan getsin. Qabriel yazır: “Silikon vadisinin kahinləri bizi amansızcasına istismar etdikləri rəqəmsal proletariata çeviriblər. Avropalılar bu ideoloji təcavüzə cavab verməlidirlər. Amma Silikon vadisinin quldurlarının cinayətkar fəaliyyəti haqda hələlik heç bir araşdırma aparılmır”.

Markus Qabrielin fikrincə, insanlıq kitab çapının icad edildiyi dönəmdən bəri ən radikal informasiya inqilabı yaşayır. “Təsvir” (representation) böhranı bu kürəsəl zəlzələnin tam ortasındadır. İnsanlara həqiqi qəbul etdikləri yalan gerçəklik təqdim olunur. Parlamentlərdə səsvermə, Brexit üzrə referendum, feyk xəbərlər – bütün bunlar “düzgün” baxışın itməyinə aparır: adamlar gerçəklikdə nə baş verdiyini bilmirlər. Gerçəklik dəhşətli şəkildə uzaq və süni görünməyə başlayır. “Ayılmaq” üçün tənqidi ağıl və düşüncə aparatını işə salmaq gərəkdir.

Qabriel iddia edir ki, dövrümüzün özəlliyi bundadır ki, hazırlıqsız adamlar nəhəng həcmdə informasiyaya çıxış əldə edib və bundan necə istifadə etməyi bilmirlər. Nəticədə gənclərin indiki nəsli 30 il qabaq ancaq kitab oxuyan həmyaşıdlarından xeyli savadsızdır. Başqa sözlə, cahillik elektron informasiyanın həcminə tərs nisbətdə çoxalır. Bir də axı nəyi informasiya sayaq? Pornofilmləri, otellərin reklamını, elektron satışları, ya sosial şəbəkələrdəki boşboğazlıqları? Qabriel inanır ki, insanlıq yeni tip təbliğat və manipulyasiyanın əsiridir: şəbəkə istifadəçisində praktik olaraq öz düşüncəsi qalmır.

London  Kral Cəmiyyətinin bu yaxınlardakı araşdırmasına görə, siqaret və alkoqoldansa sosial şəbəkə düşgünlüyü daha güclü çıxıb. Adamlar narkoman kimi smartfonun və planşetlərin ekranına bağlanır. Аraşdırma müəllifləri nəticəyə gəlirlər ki, sosial şəbəkələr “inqilabi alətdir”, amma istifadəçilər çox vaxt onlara fayda verməyən, ya da ümumiyyətlə gərəksiz şeyləri oxuyurlar. Onlar gerçəkdən yaşamaq yerinə internetdə son dərəcə çox vaxt keçirirlər.

Qabriel hesab edir ki, adamlar ümumiyyətlə “ağıllı” texnikaya və süni intellektə çox inanırlar. Onun fikrincə, istənilən maşının arxasında insan beyni durur və bu durum heç vaxt dəyişməyəcək. “Süni intellekt” xalis marketinq, giclər üçün ilğımdır. Proqram təminatı – başqalarını istismar etmək üçün insanların tərtiblədiyi kodlar dəsti var. Və bunların hamısını “Amazon”, Quql, Feysbuk və internetin başqa yiyələri yönəldirlər. Bütün alqoritmlər başqa adamlardan qazanmaq məqsədilə adamlar tərəfindən düzəldilib. Bax, şəbəkə istifadəçiləri bu üzdən “zavod proletariatı”nın yerinə gəlmiş “rəqəmsal proletariat”dırlar.

Qabriel azad vətəndaşları “Silikon vadisi kahinləri”nin qəsb etdikləri  internetə nəzarəti özlərinə qaytarmağa çağırır. Böyük Fransa İnqilabına bənzər əsil rəqəmsal inqilab gərəkdir. Bu inqilab sanksiyalar və internet qəsbkarlarının həbsi daxil olmaqla demokratik yolla həyata keçməlidir.

Silikon vadisi və sosial şəbəkələr canidir, çünki sadəlövh istifadəçiləri “qarmağa keçirirlər”, insan psixologiyasını yaxşı bilən təcrübəli manipulyator kimi hərəkət edirlər.

Qabriel insanlığı virtual asılılıqdan quratmaq naminə “rəqəmsal proletarları” birləşməyə çağırır. Onun sözlərinə görə, düşdüyümüz internet tələsindən çıxış yolu var. Avropalılar bunun üçün özlərinin əsas intellektual keçmişlərini yada salmalı, yeni yanaşma hazırlamalı, “düşüncə aktı” həyata keçirməli, “ayılmalıdırlar”. Başqa sözlə, “rəqəmsal köləlik”də əl çəkməlidirlər.

Qabriel öz nəticəsində tək deyil. “Mediologiya” termininin yaradıcısı, Fransa filosofu və publisisti Reji Debre (Çe Gevaranın silahdaşı) insanlıq tarixində üç informasiya inqilabını ayırır. Birincisi – bütöv xalqların davranışını müəyyən edən və kodlaşdıran “müqəddəs mərtnlər”in (Tövrat, Bibliya, Quran, Upanişadlar və s.) yaradılması. İkinci inqilab – “Quttenberq inqilabı” çağdaş məktəbi, respublikanı və mülki cəmiyyəti doğuran kitab çapının meydana çıxmasından törəyib. Üçüncü informasiya inqilabı XX yüzilliyin sonunda başlanıb və internetlə – onlayn məlumatın kürəsəl axını, sosial şəbəkələr və beyin üzərində görünməmiş virtual nəzarətə bağlıdır.

Sərhədlər, dövlətlər daha yoxdur, davranış qaydaları yoxdur. Amma milyonlarla istifadəçini qoyun sürüsünə çevirən manipulyasiya var. Doğrudan da, sosial şəbəkələrin önəmi durmadan artır. Yer kürəsinin əhalisi bu ilin başlanğıcında 7,7 milyard nəfər təşkil edib, bununla yanaşı 4,2 milyardı internetdən istifadə edib.  Dünyada habelə sosial şəbəkələrin 3,4 milyard fəal istifadəçisi var. Bu, mənasını sonadək anlamaq mümkünsüz əsil informasiya inqilabıdır. Eyni zamanda hazırlıqsız beyinlərin virtual dünyaya girişiylə bağlı risk səviyyəsi də çoxalır.

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə