XƏBƏR LENTİ

21 Avqust 2019
20 Avqust 2019

Digər Xəbərlər

14 İyun 2019 - 13:02

OMAN KÖRFƏZİNDƏKİ PARTLAYIŞLARIN ARXASINDA KİMLƏR VƏ NƏLƏR DURUR? –Neft tankerlərinin qənimi tapılmır - ARAŞDIRMA

İvan Abakumov, Darya Rınoçnova

vzqlyad.ru, 13.06.2019

 

Oman körfəzində iki tanker birdən təxribat hücumuna məruz qalıb. Hər iki gəminin heyəti sağ-salamt xilas edilib, amma tankerlərdən biri istənilən an bata bilər. İlkin məlumata görə, hər iki gəmiyə torpedolarla hücum edilib.

Bu, bölgədə son bir ayda ikinci oxşar hadisədir. ABŞ tankerlərə hücumun təşkilində əvvəllər İranı ittiham edib. Amma indi hətta CNNboynuna alır – bu, Tehrana əlverişli deyil. Onda bəs tankerləri kim partladır?

Norveçin “Frontline” şirkətinin təmsilçiləri cümə axşamı gündüz onlara məxsus “Front Altair” tankerinin İran sahilləri yaxınlığında təxribat hücumundan sonra Oman körfəzi sularında batdığı haqda məlumatı təkzib ediblər. Şirkət təmsilçisinin “Reuters” agentliyinə dediyi kimi, gəmidə yanğın davam edir. Onda 75 ton nafta, ağır benzin var. Komandanın bütün üzvlərini – 23 nəfəri İran təcili xidmətləri xilas etməyə nail olub, təkcə bir dənizçi yüngül zədə alıb.

Körfəzdə hücum edilmiş iki tankerdən birinin batdığı haqda əvvəlcə Livanın “Al-Mayadeen” telekanalı məlumat verib. Habelə məlumat verilib ki, “Front Altair”in göyərtəsində üç partlayış guruldayıb. Tayvanın  “CPC Corp.” dövlət şirkətinin – “Front Altair” onun sifarişini yerinə yetirib – təmsilçiləri bildiriblər ki, tankerə torpedo ilə hücum edilə bilərdi.

Hücuma cəmi iki tanker məruz qalıb. İkinci olaraq göyərtəsində metanol olan “Kokuka Courageous” gəmisinə hücum edilib. Tankerin sahibi “Bernhard Schulte Shipmanagement” şirkəti bildirib ki, gəmi Səudiyyə Ərəbistanından Sinqapura keçid zamanı gövdəni suyun səviyyəsində deşən  torpedonun “ehtimal olunan hücumu” nəticəsində zədələnib.  Onun 21 nəfərlik komandası da sağ-salamat xilas edilib. Gəmilərin yerləşdiyi bölgədə partlayış səsləri qopub. Tanklerlərdən birinin heyət üzvləri arasında rusiyalılar da olublar. Xüsusən də “Front Altair”in göyərtəsində 11 rusiyalı olub.

Front Altair” Marşall adalarının bayrağı altında Qətərdən Tayvana hərəkət edib. “Kokuka Courageous” isə Panamanın bayrağı altında Səuidiyyə Ərəbistanından Sinqapura. Hər iki tanker Yaponiya üçün yük aparırdı.  Bu haqda “Associated Press”ə Yaponiya Ticarət Nazirliyində bildiriblər. Ölkənin baş naziri Sindzo Abe Tehranın Vaşinqtonla münasibətlərindəki gərginlik dərəcəsini azaltmağa çalışşdığı İrana məhz indi ikigünlük səfərdədir.

Brent markalı neftin fyuçersləri tankerlərlə bağlı məlumatlardan sonra ICE birjasında hər barrelə üç dollar (4,7%) olmaqla 62,56 dollara qədər artıb, amma qiymət sonra yavaş-yavaş enməyə başlayıb.

Hələlik heç kim təxribata görə məsuliyyəti öz üzərinə götürməyib, amma bu, son zamanlar ilk belə hadisə deyil. Tam bir ay qabaq, mayın 12-də Fuceyra əmirliyinin limanında bir neçə partlayış guruldayıb, bundan sonra yeddidən onadək neft tankerini alov bürüyüb. BƏƏ XİN neft tankerlərinin partladılmasını təxribat adlandırıb. Səudiyyə Ərəbistanı bölgənin qarışdırılmasında İranı qınayaraq hücuma “var gücü ilə” cavab vəd edib. Tehranın özündə baş verənlərə dəxli olduqlarını hər cür rədd ediblər.

Rusiya XİN başçısı müavini Sergey Ryabkov cümə axşamı deyib ki, Oman körfəzindəki hadisə bölgədəki son dərəcə kəskin durumu əks etdirir. Diplomat TASS-la söhbətdə söyləyib: “Bunun hansısa aralıq bir epizod olduğundan danışmaq düzgün olmazdı. Bu, bölgədəki ümumi kəskin durumun əksidir”.

Ryabkov qeyd edib ki, Moskva hadisə haqda tələsik nəticələrə qarşıdır və durumdan sakitcə baş çıxartmağa çağırır. Nazir müavini deyib: “İran ətrafında durumu normallaşdırmaq üzrə tədbirlər gərəkdir, baş verənləri sakitcə, ön rəyçilik olmadan araşdırmaq, alova yalnız benzin səpə biləcək tələsik nəticələr çıxartmamaq lazımdır”.

Ekspert mühitində istisna etmirlər ki, bölgədəki durum sabitləşməzsə və tankerlər yeni hücumlar təhlükəsi altında olacaqsa, hadisələr bütün dünya iqtisadiyyatına təsir edə bilər.

“Körfəz bağlanmayıb, hadisənin neft trafikinə təsiri cüzi olacaq, – Rusiya XTDXA Sosial Analiz və Proqnozlaşdırma İnstitutunun direktor müavini Vladimir Nazarov “Vzqlyad” qəzetinə deyib. – Bax, hər halda bağlanma olacaqsa, onda bütün dünya iqsadiyyatı bu təsiri duyacaq. Amma hələlik heç nə hadisələrin belə inkişafından xəbər vermir”.

Ekspertin fikrincə, baş verənlər Rusiya və qalan neft hasilatçısı ölkələr üçün qara qızılın qiymətinin artımı planında müsbət təsiri ola bilər. Nazarov hesab edir: “Neft qiymətləri yüksəlib. Aşağıdansa yüksək qiymətlər daha yaxşıdır, bu, yaxşı cəhətdir, amma nəhəng deyil, aydındır ki, iqtisadi artım tempi bundan dəyişilməyəcək”.

Xarici və müdafiə siyasəti üzrə Şuranın rəyasət heyətinin üzvü Fyodor Lukyanov öz növbəsində əmindir ki, baş verənlər İranla münaqişəni qızışdıracaq. O, yada salır ki, Vaşinqton 12 may insidentindən sonra sübut olmadan tankerlərə hücumda Tehranın əli olduğunu bildirib. Lukyanov “Vzqlyad” qəzetinə deyib: “Bu ruhda davam etsə, onda, ola bilsin, bundan konkret siyasi hədəflər üçün istifadə olunur”.

Onun fikrincə, insidentlər İranı qorxutmağa yönəldilə bilər. Lukyanov yekun vurub: “Ola bilsin, ABŞ hesablayır ki, güclü iqtisadi və psixoloji basqı İranı danışıqlara, güzəştlərə getməyə vadar edər”.

Valday” klubunun proqram direktoru Oleq Barabanov da hesab edir ki, belə hadisələr İrana təzyiq vasitəsi ola bilər. Barabanov qeyd edir: “Ötən həftələrdə ABŞ-ın İrana qarşı neft embarqosu faktiki olaraq öz effektini göstərib, çünki AB-nin də bundan yan keçmək səyləri heç nəyə gətirməyib”.

Ekspert hesab edir ki, embarqoya cavab kimi İran təmsilçilərinin barəsində danışdıqları boz ixracata müxtəlif cəhdlər də geniş vüsət qazanmayıb. Barabanov yada salır: “Amerikalılar dövlət katibi Mayk Pompeonun ağzıyla çox aydın bildiriblər ki, onların vəzifəsi İran nefti tədarükünün sıfır barrelini təmin etməkdir və uyğun olaraq, bu embarqonu dayandırmağa heç bir niyyətləri yoxdur”.

Ekspert qeyd edir: “Aydındır ki, bu, ABŞ-ın iranlılar üçün indiki hücum siyasətinin ən ağrılı yerlərindən biri ola bilər. Ruhani buna görə də bəyan edib ki, bu, danışıqlara başlamaq üçün zəruri şərtdir.

Mənə elə gəlir ki, ən yaxın vaxtlarda amerikalıların bu məsələdə Tehranla görüşündə heç bir məna yoxdur, çünki güman etmirəm ki, Tramp İranla danışıqlara maraqlıdır, çünki bu, sürətli uğurlara gətirməyəcək”.

Barabanov qeyd edib: “O biri yandan, danışıqlarda batıb qalmaq olar, ABŞ prezidentinin nüfuzu da KXDR ilə heç nə ilə başa çatan danışıqlardakı kimi ziyan çəkə bilər. Buna görə də Tramp öz seçicilərinin gözündə inandırıcı görünmək üçün göstərməlidir ki, İrana basqı edir. Bu baxımdan embarqonu ləğv etməkdən yana danışıqlara getməkdənsə onu saxlamaq daha asandır”.

Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının baş direktoru Andrey Kortunov hesab edir ki, Fars körfəzindən neft nəqlinə təhlükə çoxdan güclənir. Onun sözlərinə görə, bu, bölgədə hərbi gəmilərin yüksək sıxlığı, inam tədbirlərinin yoxluğu və ABŞ və İran tərəfdən sərt bəyanatlar üzündən baş verir.

O, eyni zamanda əmindir ki, çətin ki, tərəflərdən hər hansı biri əhatəli hərbi münaqişə planlaşdırsın, çünki “bunda hamı uduzacaq”. Təxribatların arxasında kimin durduğu versiyasına gəlincə, o, göstərib ki, elə həmin İranda “fitnəkarlıq təşkil edə biləsi güclər var. Bu, İŞİD və “əl-Qaidə”nin anklavlarına birmənalı şəkildə əlverişli olardı, çünki hadisələr diqqəti terrorizmlə mübarzədən yayındıra bilər. Hər şey sünni-şiə qarşıdurması müstəvisinə keçə bilərdi”.

Politoloq istisna etmir ki, yayılma ABŞ-a da əl verir, amma amerikalılar “İranla özləri vuruşmaq istəmirlər”, ancaq  Tehrana qarşı hərbi əməliyyata başlaya biləcək İsrailə, ya da Səudiyyə Ərəbistanına dəstək verərlər. Politoloq əlavə edir: “İndi seçki kampaniyası zamanı belə bir münaqişəyə girişmək Tramp üçün, demək olar, intihardır. Çünki həmişə deyib ki, onun prezidentliyi yeni münaqişələrin başlanğıcı deyil, sonu olacaq”.

Kortunov habelə hesab edir ki, durum hansısa dərəcədə Rusiyaya əlverişli olmalıdır. Politoloq izah edir: “Gəmiçilik üçün risklər saxlanarsa, neft qiymətlərinin artımını törədəcək… Eyni zamanda qiymət artımı Amerika nefti və qazı üçün güclü dopinqi də bildirir – qiymətlər nə qədər yüksəkdirsə, yatırımlar da bir o qədər yüksəkdir”.

Tankerlərin partladılması neftin qiymətini qaldıra bilər, amma aydındır ki, böyük oyunçulardan heç biri bununla məşğul olmayacaq. Görünür, ABŞ-ın əvvəllər səbəbsiz ittiham etdiyi İran zərbə altından artıq çıxarılıb: hətta Amerikanın CNN telekanalı da deyir ki, bu, Tehrana nə siyasi, nə də iqtisadi baxımdan əlverişlidir. Hələ bir də Yaponiya baş nazirinin 41 il ərzində İrana ilk dəfə səfər  etdiyi bir vaxtda (Sindzo Abenin səfəri 12-14 iyunda baş tutub).

Dmitri Peskov hadisəni jurnalistlərə şərh edərək bildirib: “Bildiyimiz qədər, heç kim bu insidentlərin səbəbləri və arxasında nələrin durduğu haqda məlumata malik deyil. Bunu heç kim bilmir”.

Tankerləri kim partladır və hansı məqsədi izləyir – bu suala indi cavab yoxdur. Durum isə getdikcə daha gərgin və müəmmalı olur.

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə