XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

14 İyun 2019 - 20:43

OMAN İNSİDENTİNDƏ İRAN VƏ SƏUDİYYƏ ƏRƏBİSTANI VERSİYALARI:partlayışlar kimə daha çox gərək idi? – Təhlil

Nik Petton Uolş

CNN (ABŞ), 14.06.2019

 

Oman körfəzində tankerlərdən tüstü burumları qalxınca neft tacirləri və diplomatlar Yaxın Şərqdə qarşıdurmaya sarı artıq növbəti yeni meyldən xofa düşüblər.

Məhz nə baş verdiyi nisbətən aydındır: iki tanker bu işlək strateji dəniz yolundan keçəndə hücuma məruz qalıb. Lakin bunun niyə baş verdiyi və arxasında kimin durduğunu izah etmək xeyli çətindir – belə addımın bir çox baxımdan çətin ki bölgədəki oyunçulardan hansınasa xeyir gətirə biləcəyi üçün.

Yaponiyanın “Kokuka Koraceous” tankerinin sahibi məlumat verib ki, “hansısa mərmilərlə” iki dəfə hücum edildikdən sonra tanker qısa müddətə od tutub. Heyətin 21 üzvündən bir nəfər ziyan çəkib.

Hücuma edilən “Front Altair” tankerinin də heyət üzvlərinin heç biri ziyan görməyib. ABŞ HDQ beşinci donanmasının yaxınlıqdakı “Beynbric” (Bainbridge) esminesi yerli vaxtla 6:12-də alınmış fəlakət siqnalına, 48 dəqiqə sonra alınmış siqnala da reaksiya verib. O, “Kokuka” tankerindən 21 dənizçini götürüb, ABŞ-ın HDQ-nin P-8 kəşfiyyat təyyarəsi sayəsində isə baş verənlərin ümumi mənzərəsi əldə olunub.  Xilas əməliyyatı başa çatanda bunun kimə gərək olduğu haqda sual yaranıb. Və bu sualın cavabı ilk baxışdan göründüyü qədər də aydın deyil.

İstər-istəməz bu insidentlə bir ay əvvəl Birləşmiş Ərəb Əmirliklərində Fuceyra limanında dörd gəminin hücuma məruz qaldığı hadisə arasında paralel aparılıb. O zaman ABŞ-ın və başqa ölkələrin məmurları günahı İranın üzərinə qoyublar.

Lakin cümə axşamı, iyunun 13-də baş verən insident daha qanqaraldıcıdır. Şübhəsiz, elə həmin məmurlar hər şeydə yenə də İranı ittiham edirlər. Bu haçansa baş verərsə, xatırlatmalı olacağıq ki, milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton özünün qabaqkı bəyanatını təsdiqləyən sübutları BMT TŞ-ə təqdim etməyə söz verib, amma bunu indiyədək etməyib.

Bu, kimə əlverişlidir?

Necəsə gözlənilməz zərbələr olanda ruslar soruşmağı xoşlayırlar ki, bu kimə əlverişlidir, bu sual indi də son dərəcə aktualdır.

Güman etmirəm ki, İran bu hadisədən necəsə bir önəmli qazanc götürər. İranın şər niyyətləri haqda uzun-uzadı mülahizə yürütmək olar, amma belə hadisələr yalnız onun təcridini gücləndirməyə gətirir və İrana hərbi basqı göstərməyə can atanların mövqeyini gücləndirir. İran iqtisadiyyatı acınacaqlı durumdadır. ABŞ prezidenti Donald Tramp İranın nüvə sazişi adlanan Birgə Hərtərəfli Fəaliyyət Planından ABŞ-ın çıxdığını elan etdiyi ana qədər Tehran bölgədə öz nüfuzunun zirvəsindəydi. Amma azalan iqtisadi resurslar nəzərə alınsa, çox ehtimal ki, İranın nüfuzu aşağı düşəcək.

Bundan başqa, bu hadisə, aydındır ki, nüvə sazişi üzrə danışıqlarda vasitəçi olmağa çalışan (ancaq Tokio israr edir ki, Vaşinqtonun elçisi kimi hərəkət etmir) Yaponiya baş naziri Sindzo Abenin Tehran səfərinin lap qızğın çağında baş verib. Bu hücumlar Trampın dost adlandırdığı adamın İranla əlaqə qurmaqda gözlənilməz cəhdini ifadə edən Abenin səfərinə kölgə salıb.

Tamamilə mümkündür ki, bu hücumlar İranın sülh səylərini pozmağa can atan hardlaynerlərinə (sərt xətt tərəfdarları-tərc.) əl verirdi. Ancaq İran hardlaynerləri – xüsusən İslam İnqilabı Keşikçiləri Korpusu – özlərini çox ağıllı aparır və son dərəcə önəmli diplomatik görüşlər vaxtı beynəlxalq dəniz yollarına zərbə vurmurlar.

İranın baş mərkəzçisi, xarici işlər naziri Cavad Zərifin haqlı qeyd etdiyi kimi, “bu gün səhər baş verənlər, ən azı, şübhəlidir”. Kimisə haçansa nədəsə belə asanlıqla ittiham edirlərsə, çox ehtimal ki, günahsızdır, ya da çox axmaqdır.

Daha nə var? “Reuters” agentliyi məlumat verib ki, Tehran sanksiyaların sərtləşdirilməsi ərəfəsində özünün neft-kimya məhsulları ixracatının həcmini artırır. O, neft qiymətlərinin artımına nail olmağa çalışırmı? Ola bilər. Lakin eyni zamanda bu neftin özünün tədarükü pozula bilər və İran hər halda uduzur. Bu hücuma görə günahı əlüstü İranın üzərinə yıxacaqlarını anlamaqla belə aşkar hücum keçirməyi qət edən ağıllı İran hardlaynerini təsəvvür etmək olduqca çətindir.

Bəs Səudiyyə Ərəbistanının da qarşıdurmaya və neft qiymətlərinin artımına nail olmağa çalışdığı haqda versiya necə? O öz məqsədinə yetmək üçün bu hücumu təşkil edə bilərdi?

Bu versiya tam ağlabatan olsa da, bununla bağlı da hər şey sadə deyil. Hücumların arxasında Səudiyyə Ərəbistanının durduğu bəlli olsa, onun Vaşinqtonda onsuz da ziyan görmüş nüfuzu çarəsiz görünə bilər.

Dünya neftinin 20%-ə yaxını Hörmüz boğazından keçir və bu 20% içində Səudiyyə ixracatı böyük saydadır. Ehtimal, deyərsiniz ki, barrelə görə 62 dollar olduqca aşağı qiymətdir və bunun bir qədər yüksəlişinə nail olmaq pis olmazdı. Ancaq güman etmirəm ki, Səudiyyə Ərəbistanı uzunmüddətli perspektivdə Fars körfəzinin dəniz marşrutlarına qeyri-təhlükəsiz yanaşılmasını istəyər.

Durum daha da pisləşsə və Amerika ordusu Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini qorumağa vadar olsa, ər-Riyadın – öz üzərinə yeni öhdəliklər götürməyi deyil, öhdəliklərdən qurtulmağa daha çox can atan – Tramp administrasiyası ilə münasibətləri ciddi sınağa məruz qalar.

İndiki vəziyyətdə günahkarları tam əminliklə sadalamaq mümkünsüzdür. Və bu qeyri-müəyyənlik durumu mümkün sui-istifadə və münaqişələr qarşısında qorxunu yalnız gücləndirir.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə