XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

15 İyun 2019 - 10:48

Yapon samuraylarının İrana ilk səfəri, Gündoğan ölkəsinə marağı tükənməyən Nəsrəddin şah… –BİR MİSSİYANIN AŞKAR VƏ GİZLİ MƏRAMI...

Xoşyar Cənidi

“BBC Farsi”, 14.06.2019

 

Yaponlar İrana ilk rəsmi səfərə hərbi gəmi ilə çıxıb. Hicri-şəmsi 1259-cu ilin yazında, yəni 1880-ci ildə.

Bir səhər Buşəhr sakinləri yuxudan oyanıb sahildə naməlum ölkə bayrağının dalğalanmasını görüblər. Yapon hökuməti Fars körfəzinə hərbi freqat göndərib.

Missiyanın məqsədi Yaponiya hökumətinin nümayəndəsi Yoşida Masaharo və onun yol yoldaşını İrana çatdırmaq idi.

…Hicri 1257, miladi 1878-ci ildə Avropaya ikinci səfəri zamanı Nəsrəddin şah ikitərəfli əlaqələrə dair xahişini təqdim etmək məqsədilə Sankt-Peterburqda Yaponiya naziri Takiaki Enomoto ilə görüşüb.

Nəsrəddin şahın Yaponiya haqqında məlumatı vardı və fərqli ölkələrlə diplomatik əlaqələri genişləndirməyə çalışırdı. Məqsəd Rusiya və Britaniyanın İranda siyasi və iqtisadi təsirini azaltmaq idi.

O dövrdə yapon elitası hesab edirdi ki, İslam ölkələri elm və texnologiyada geridə qalıb və Gündoğan ölkəsinin inkişafına çox da kömək edə bilməzlər. Amma Yaponiya Xarici İşlər Nazirliyinin İranla ticarət əlaqələrini araşdırmaqda marağı vardı.

 

Yüksək riskli səyahət

 

1880-ci ilin aprelində Yaponiyanın Xarici İşlər Nazirliyi gənc və təhsilli diplomat olan Yoşida Masaharoya İran və Osmanlıya səfər etməyi və iki İslam ölkəsi ilə işgüzar əlaqələr qurma yollarını araşdırmağı tapşırdı.

Baş Qərargahın zabiti kapitan Novoyuşi Furukava mühüm şəxsi lazımi ünvana çatdırmalı idi. Bundan başqa, yapon hökuməti Fars körfəzində hərbi gücünü nümayiş etdirmək istəyirdi.

İngiltərədə qurulan donanma gəmisi üç yelkənlə yanaşı, bir buxar mühərriki ilə təchiz edilmişdi və doqquz topu vardı.

Kruiz gəmisi Yaponiya və İran arasında məsafəni 45 günə qət etdi. Amma Buşəhr limanından Tehrana səyahət müddəti onunla müqayisə edilə bilməzdi.

Yoşida Masaharonun sözlərinə görə, İranın yolları kələ-kötür, dağınıqdı, quldurlarla qaynayırdı, təhlükə hər addımda qarşıya çıxır və karvanlar əzab çəkirdi.

Bununla belə, elçilər yolüstü Şiraz və İsfahana da baş çəkdilər.

İranlılarla təmas qurmağı bacaran tərcüməçi, farsca danışan bir hindli onları müşayiət edirdi.

 

Şahın tükənməz marağı

 

Nəsrəddin şah 1259-cu ildə (27 sentyabr 1880-ci il) Yaponiyanın diplomatik missiyasını qəbul etdi. Şahla görüşən elçilər Yaponiya imperatorunun iki ölkə arasında dostluq əlaqələrini qurmağa çağıran məktubunu ona təqdim etdilər. Hökmdar imperatoru “əziz qardaşım” adlandırdı.

Nəsrəddin şah dedi: “Yaponiya ölkəmizdən uzaqda olsa da, iki dövlətin Asiyada yerləşdiyini və qarşılıqlı dəstəyi nəzərə alaraq, qəlbən Yaponiya imperator ilə vəhdətdəyik”.

(Qacar hökmdarının çıxışının fars və ingilis dillərində olan rəsmi versiyası Xarici İşlər Nazirliyinin arxivində saxlanılır.)

Nəsrəddin şah missiyanın işgüzar əlaqə qurmaqla məhdudlaşdığına təəccübləndi, amma bu, onun Yaponiyaya diqqətini azaltmadı.

Şah Yaponiyadakı vəziyyətlə bağlı bir çox suallar verdi və imperator Meydzinin ölkədə sənaye və elmi inkişaf etdirmək səyləri ilə tanış olmaq istədi.

Meydzi 1868-ci ildə, Nəsrəddin şah hökmranlığının başlanmasından 20 il sonra taxta oturmuşdu və onun idarəçiliyi uzun çəkdi. İmperatorun 45 illik yubileyində Yaponiya Qərb elmi və texnologiyası ilə tanış oldu və güclü ordu yaratdı.

O, həmçinin, Qərb ölkələrinin siyasi sisteminə dair uzun tədqiqatlardan sonra Avropaya və ABŞ-a nümayəndə göndərdi, parlament və Konstitusiyanın hazırlanmasını əmr etdi.

Nəsrəddin şah bu inkişaflarla maraqlandı və Yaponiyanın siyasi sisteminə dair çoxlu suallar verdi.

O, Yaponiyada yol və dəmir yolunun vəziyyəti ilə tanış olmaq istəyirdi.

Əlbəttə, İran şahı sadəcə suallar vermədi. Onun sualları arasında Malaqa boğazının strateji mövqeyi, Honq-Konq və Makao barədə qeydlər hökmdarın məlumatlı olduğunu göstərirdi.

Yaponiya Xarici İşlər Nazirliyinin sənədləri göstərir ki, Nəsrəddin şahın yapon nümayəndələrinə ayırdığı vaxt gözləniləndən daha uzun olub.

Elçilər Tehranda xarici işlər naziri Mirzə Səid xan Mötəmənül-mülk Ənsari və bir sıra digər rəsmi şəxslərlə görüşdü.

Mötəmənül-mülk Yaponiyanın harada yerləşdiyini bilmədiyindən Qacar şahının Avropaya səfəri zamanı ona göstərilən qonaqpərvərliyə görə Yoşidaya təşəkkür etdi.

İrandan döndükdən sonra Yoşida Masaharo fars dilinə də tərcümə olunmuş səyahət qeydlərini nəşr etdi. Həmin qeydlərdən göründüyü kimi, nazirin məlum sözlərindən sonra Masaharo Mötəmənül-mülkə Yaponiyanın Şərqi Asiyanın bir neçə adasından ibarət olduğunu və İran şahının ora səfər etmədiyini deyib.

 

Sonu görünməyən yol

 

Yoşida Masaharo İranda altı ay qaldı və bu, ona iranlıların həyat tərzi və adət-ənənələri ilə tanış olmaq imkanı yaratdı.

O, həmçinin İranın siyasi və iqtisadi vəziyyətini öyrəndi.

İrandan döndükdən sonra vəziyyətin açıq mənzərəsini əks etdirən səyahət hesabatı yazdı. O, hökumətin səriştəsizliyi, yolsuzluq, iğtişaşlar və s. ətraflı təsvir edib.

Masaharonun sözlərinə görə, yolların təhlükəliliyi İranla ticarəti qeyri-mümkün edirdi.

Dövlət adamlarının korrupsiyası da bu kitabda göstərilən digər məsələlərdən biridir.

Yoşida səyahətnaməsində iranlıların bir sıra müsbət keyfiyyətlərini də qeydə alıb. Məsələn, qonaqpərvərliyi, üstəlik, İsfahan və Şah sarayı da onu heyran edib.

Elçini müşayiət etmiş kapitan Novoyuşi Furukava da oxşar səyahətnamə yazıb.

 

Diplomatik əlaqələr

 

Yoşida Masaharo Qacar hakimiyyəti ilə müqavilə imzaladıqdan sonra İstanbula səfər edib. Lakin onun səyahət təcrübəsi İranla münasibətlər qurmaq üçün Yaponiyanın iştahasını açmayıb.

Yaponlar qərbləşmə və Avropa sivilizasiyası modeli axtarırdılar və İran Gündoğan ölkəsinin inkişafından faydalanmadı.

Əlbəttə, İran başqa cəhətdən Yaponiya üçün vacib idi. Rusiyanın cənub sərhədlərinə yaxınlıq gələcək illərdə Yaponiyaya casusluq baxımından faydalı ola bilərdi.

Polkovnik Yasomassa 1896-cı ildə Rusiyada vəziyyəti öyrənmək üçün İrana səfər edib. İrandan başqa, o, Orta Asiya, Əfqanıstan və Türkiyədə olub.

Yapon casusları, həmçinin tiryək yetişdirilməsi və onun Çinə ixracını araşdırıb, çünki Yaponiya bu ölkədə öz təsirini genişləndirməyə çalışırdı.

 

Müharibə elanı

 

Tehranla Tokio arasında diplomatik əlaqələrin qurulması İranda Rza şah Pəhləvi və Yaponiyada imperator Hirohitonun taxta çıxmasına qədər təxirə salınıb.

İki ölkənin səfiriləri 1930-cu ilin mayında öz etimadnamələrini müvafiq hökumətlərə təqdim ediblər.

Rza şah Hirohitoya yazdığı məktubda Yaponiyanın xarici işlər naziri Akio Kazamanın ticarət əlaqələrini genişləndirmək barədə bəyanatından məmnuniyyətini bildirib.

Ancaq müttəfiqlərin 1941-ci ilin sentyabrında İranı işğal etməsi və Rza şahın devrilməsi ilə, Yaponiya və Almaniya ilə diplomatik əlaqələr kəsilib.

İşğal edilmiş İran 1945-ci ilin fevralında Yaponiyaya müharibə elan edib.

1953-cü ilə qədər İran və Yaponiya arasında siyasi münasibətlər mövcud olmayıb.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə