XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

16 İyun 2019 - 13:35

SEVAKİN UĞRUNDA GİZLİ SAVAŞ:Pentaqon Türkiyə bazasının yerləşdiyi adanı geri almaq üçün əməliyyatlar hazırlayır - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 14 iyun 2019-cu il

 

Savaş hər cəbhədə davam etməkdədir. Lakin klassik mənada toplar, tüfənglər, raketlər, birliklər, ordularla deyil. Artıq əməliyyatlar bunlara ehtiyac olmadan tamamlanır. Anlaşılmalı olan da budur. Təhdid, şantaj, qorxu və pulla gəlirlər. Bir çox addım bu yolla atılmaqdadır. Hələ söhbət Türkiyədən gedirsə, bu savaş modelindən heç kənara çıxmırlar. Bu barədə çox yazdım. Yenə həmin məsələyə toxunaq. Çünki Türkiyəyə edilən təzyiqi anlamaq və anlatmaq üçün önəmlidir. Türkiyə Yer üzündəki ən önəmli coğrafiyadır. Məncə, qapımıza dayananlar bunu bizdən çox yaxşı bilirlər.

Yaxın dövrdə İstanbul nə ilə gündəliyə gəlmişdi? İndi unutduğumuz “Camal Qaşıqçı hadisəsi” ilə. Hələ kimsə hadisənin iç üzünü bilmir. İddialar havada qalıb.

Pompeo da, Cina Haspel də hərəkətə keçmişdi. Xatırlayın: həm bura gəlmişdilər, həm də Səudiyyə Ərəbistanına getmişdilər. Yaxşı, bəs sonra nə oldu? Baxmadıq, unutduq, getdi. Belədir, hadisələrin gündəlik axışında gözdən qaçırırıq. Halbuki çox önəmli addımlar atılmaqdadır.

Türkiyənin ABŞ-ın məktubuna verəcəyi cavabın arxasında yatan səbəblərdən biri də budur. Ankaranın mövqeyi çox aydındır: S-400 məsələsini qapatdı. Alınacaq. Bitdi. Prezident Ərdoğan da, Müdafiə naziri Akar da, Xarici işlər naziri Çavuşoğlu da bunu altını cızaraq söyləyib. Vaşinqton da anlamalı olduğu məsələni anlayıb.

Yaxşı, bəs onlar boş dururlarmı? Gəlin, bu məsələyə baxaq.

ABŞ çox önəmli addımlarını Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salman vasitəsilə atmağa başlayıb. Bir neçə gün öncə mediaya bir xəbər ötürülmüşdü. Ancaq, təbii, detalları əskik idi. Vəliəhd-şahzadə Məhəmməd bin Salmanın qardaşı şahzadə Xalid bin Salmana çox önəmli bir vəzifə verilib. Xalid bin Salman, Türkiyə və Qətərin yeni dövrdə böyük güc qazanacağı Sevakin adasının ölkəmizin əlindən alınması vəzifəsini yerinə yetirmək üçün Sudana gedib.

Şahzadə Xalidin Sudana getməsi gizli saxlanılsa da, ilk toplantıda onun da iştirak etdiyi məlumdur. BƏƏ Xarici işlər naziri Ənvər Qarqaş da toplantıda iştirak edib.

Tam adı Xalid bin Salman bin Əbdüləziz bin Əbdül Rəhman bin Feysəl bin Türki bin Abdulla bin Məhəmməd bin Səud olan şahzadə Xalid bin Salman, Vaşinqtondakı Corctaun Universitetində əldə etdiyi uğular sayəsində Pentaqonun radarına düşüb. Yaxınlarda onun daha da təsirli olacağı sirr deyil. Məhz bu şahzadə Sudanda Əbdülfəttah əl-Burhanla (12 aprel 2019-cu ildən Sudanın Keçid Hərbi Şurasının sədri, de-fakto dövlət başçısı – tərc.) keçirdiyi görüşdə açıq şəkildə 3 milyard dolları həmən ödəməyə hazır olduğunu söyləmişdi.

Strateji mövqeyinə görə Sevakin adasının Türkiyədən alınıb Səudiyyə Ərəbistanı-BƏƏ-Misir üçlüyünə verilməsini istəyən Xalid bin Salman, Türkiyə-Qətər birliyinin bizim üçün böyük təhlükə olduğunu gizlətmirik. O səbəblə Sevakin bizim üçün vazkeçilməzdir. Biz buranı daha xüsusi bir yer halına gətirəcəyik. Yalnız 3 milyard dollar olmayacaq, gələcəkdə Sudan üçün daha çox önəmli olan investisiyaların yolunu açacağıq” demişdi.

Əbdülfəttah əl-Burhan bu təklifi qəbul etmişdi. Həm də heç düşünmədən. Doğrusu, əksini düşünən heç yox idi.

Sudandakı çevrilişin Ömər əl-Bəşirin Türkiyə və Qətərlə olan əlaqəsini kəsmək üçün edildiyi sirr deyil. Yəni, Sudan Türkiyə və Qətərə yaxınlaşınca, qapıları açınca, düyməyə basılmışdı.

Çevrilişdə iştirak edən önəmli şəxslərin hamısı BƏƏ-də ABŞ-dan olan yüksək səviyyəli komandirlərin də iştirak etdiyi bir toplantıdan sonra ilk addımı atmışdı. Küçə etirazlarını başladan da Sudan ordusunda xidmət keçən hərbçilər idi. Mülki geyimdə küçələrə çıxdılar və lazım olanı etdilər.

Doğrusu, elə belə olurdu. Çox nümunə vardı. Ənvər Qarqaşla birlikdə adı bir neçə dəfə çevriliş cəhdlərində ortaya çıxan Məhəmməd Dahlanın da Sudanda olduğu iddia edilmişdi. Bu iddiaları irəli sürənlər də çox güclü şəxslər idi. Sudanın ABŞ-dan gələcək heyətlə birlikdə yeni dövrdə ölkənin yenidən qurulması üçün görüşlər keçirəcəyi də gizli deyil.

Xalid bin Salman, Sudandan qayıtdıqdan sonra Vaşinqtona təyinat alan şahzadə xanım Rima ilə görüşmüşdü. Xatırlayırsınızsa, şahzadə Xalid gəlir, yerinə isə səfir olaraq Rima gedirdi.

Bu görüşdən sonra Vaşinqtona geri dönən şahzadə xanım Rima Pentaqonu da ziyarət etmişdi. Rimanın yanında Pentaqonun Orta Şərqdəki bütün əməliyyatlarını idarə edən Mərkəzi Komandanlığın (CENTCOM) rəhbəri general Frenk MakKenzinin müşaviri də vardı. Pentaqonda yeni dövrdə Sudanda, başda Sevakin adası olmaqla, baş verən hadisələr detallı şəkildə izah edilmişdi.

Şahzadə xanım Rimanın gücləndiyi ortadadır. Hər halda atasının qızıdır.

Səudiyyə Ərəbistanının ABŞ-la bu qədər yaxın olması təəccüblü deyil. Çünki “Qaşıqçı cinayəti”ndən sonra Kral Salman və oğlu vəliəhd-şahzadə Salman tamamilə Vaşinqtonun nəzarətinə keçib. ABŞ-ın Afrika və Orta Şərq əməliyyatlarının mərkəzi Səudiyyə Ərəbistanı olub. Bir çox məsələ ilə bağlı Salman ailəsindən istifadə edən Vaşinqton, xüsusilə İran məsələsində Ər-Riyadın dəstəyindən istifadə edəcək.

Sevakin adası həddindən artıq strateji əhəmiyyətli bir nöqtədədir. ABŞ-ın regionda ən böyük əməliyyatı, bəlkə də, Sevakin adasına yönəlik əməliyyat olacaq. Pentaqon bir neçə dəfə Sevakini almaq istəyib. Dəfələrlə təşəbbüs göstərib. Hər dəfə əl-Bəşir qarşı çıxıb. Ardınca Türkiyə ilə anlaşmaya getməsi kasanı daşıran son damla olub.

Sevakin adası ABŞ-ın gələcək 50 illik planlarında çox önəmli yer tutur. Bu səbəblə, Salman ailəsinin bu işin içində olması təəccüblü deyil.

ABŞ heyranı olan Xalid bin Salmanın, eyni zamanda şahzadə xanım Rimanın da önə çıxacağı günlərdəyik.

Səudiyyə Ərəbistanı neftin Çinə axışı məsələsində əvvəlki kimi comərd davranmayacaq. Bu da artıq yavaş-yavaş görünəcək. ABŞ əsil rəqibi olan Çini durdurmaq və nəzarət altına almaq üçün “İpək yolu”nun qızıl dəyərindəki daşlarına basaraq gedir.

Sevakin adası Türkiyənin müstəqil atdığı addımlara görə hədəf olub.

Yaxşı, bəs mübarizə bitdimi, hesablar qapandımı? Heç sanmıram.

S-400-lə bağlı gedən mübarizə və yaşanan gərginlik Ankara ilə Vaşinqtonun bir-birindən uzağa düşdüyünə işarə etməkdədir. Gərginlik daha da artarmı? Köhnə Türkiyə olsaydı, bu, mümkün deyildi. İndi vəziyyət dəyişib. Təzyiqin azalacağını söyləyə bilmərik. Heç kim deyə bilməz.

İstanbul seçkiləri, iqtisadi blokada, Körfəzdəki gərginlik, Afrika və Orta Şərqdəki hərəkətlilik eyni bir zəncirin halqalarıdır. Türkiyə də mərkəzdədir. Mübarizə davam edəcək. İqtisadi çətinliklər yaratmaqdan başqa, edə biləcəkləri bir şey də yoxdur.

Ancaq Türkiyə əsla və qəti olaraq köhnə Türkiyə deyil. Bu da bilinməlidir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə