XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

18 İyun 2019 - 17:48

MOSKVA İRANI ABŞ-a SATACAQMI? –Vaşinqton Rusiyaya “ya bizi dəstəklə, ya da neytral dur” deyir - Araşdırma

Leonid İsayev, Nikolay Kojanov

“Al Jazeera” (Qətər), 17.06.2019

 

ABŞ və Rusiyanın İran məsələsi üzrə işbirliyinin öz hüdudları var. ABŞ dövlət katibi Mayk Pompeonun mayın 14-də Kremlə səfərini, mübaliğəsiz, gözləyirdilər. Xüsusi prokuror Robert Müllerin məruzəsi martda prezident Donad Trampdan bütün “əlbirlik” şübhələrini götürüb və birbaşa əlaqə kanallarının bərpası üçün imkanlar pəncərəsi yenidən açılıb.

Bu, indi ABŞ üçün xüsusən aktualdır, çünki təkcə Fələstində “əsrin sazişi”ni keçirmək və Suriya üzrə həll hazırlamağa deyil, həm də – ki daha önəmlidir – İranı küncə qovmağa can atır. ABŞ öz basqısından maksimum fayda götürmək üçün istəyir ki, Moskva ya onu dəstəkləsin, ya da, ən azı, neytral qalsın.

Pompeonun səfəri heç nəyə gətirməsə də, hər halda hər iki tərəfə işbirliyi yollarını öyrənməyə imkan verib. Onlar bundan ABŞ, Rusiya və İsrailin milli təhlükəsizlik üzrə müşavirlərinin ayın axırında Qüdsdə baş tutacaq qarşıdakı görüşündə istifadə etmək niyyətindədirlər.

Kreml isə öz tərəfindən sərgiləyib ki, ABŞ-a münasibətdə hətta xeyirxah iradənin müəyyən jestlərinə hazırdır. Rusiya prezidenti Vladimir Putin Pompeo ilə görüşdən sonra nüvə sazişinə görə ABŞ-la qarşıdurmada Rusiyaya güvənməməyi məsləhət görüb.

Putin mayın 15-də Soçidə mətbuat konfransında bildirib: “Rusiya yanğın komandası deyil, biz dalbadal hamını xilas edə bilmərik – xüsusən də təkcə bizdən asılı olmayan məsələdə. İranla nüvə sazişi bağlamaqda biz öz rolumuzu oynamışıq. … Amma bu, təkcə bizdən asılı deyil”.

“Bloomberg” agentliyi iki həftədən sonra xəbər verib ki, Rusiya İrana S-400 ZRK verməkdən imtina edib, amma xahiş İranın ali siyasi rəhbərliyinin özündən qaynaqlanmışdı. Əslində, bu sistem ətrafında artıq nə qədər siyasi problemin yığıldığı nəzərə alınarsa, güman etmək səmərəlidir ki, Rusiya tərəfi ehtiyatla hərəkət edəcək – xüsusən də ABŞ-la münasibətlərdə mülayimləşmə perspektivləri və Türkiyə, Səudiyyə Ərəbistanı və İsrail daxil olmaqla başqa önəmli bölgəsəl oyunçuların müqaviməti nəzərə alınarsa.

Türkiyə indiki anda S-400 üzrə özünün sazişi ucbatından ABŞ-la diplomatik mübarizə aparır və təhlükə var ki, Vaşinqton qisas əvəzinə Amerikanın F-35 qırıcılarının satışına blok qoyacaq. Başqa ölkələr, məsələn, Səudiyyə Ərəbistanı Rusiya ZRK-ə maraq göstərərək bu qayda ilə ABŞ-a basqı rıçağı əldə etməyə ümid bəsləyir.

Bununla yanaşı, anlamaq önəmlidir ki, “Bloomberg” Rusiyanın cavabını “imtina” adlandırmaqla ədəbsiz ifadə edə bilər. Rusiya siyasi mülahizələrdən savayı S-400 sifarişlərini yerinə yetirməkdə xeyli texniki çətinliklər yaşayır. Ola bilsin, İrana ZRK göndərməyə Moskvanın indi, sadəcə, birbaşa imkanı yoxdur.

Eyni zamanda İrana gücləndirilən basqı Moskvanın hətta xeyrinədir – ən azı, qısamüddətli perspektivdə.

İran nefti ixracatının kəskin azalması Rusiyaya OPEK-lə “Vyana sazişi” deyilən çərçivədə – bu, neftin yüksək qiymətlərini saxlamaq üçün hasilatı məhdudlaşdırır – neft hasilatı payını artırmağı tələb etməyə bəhanə verər ki, Rusiyanın energetika nəhəngləri, xüsusən sazişi dəfələrlə tənqid edən “Rosneft” buna nail olmağa çalışır.

Moskva iyulun  başlanğıcında 2019-cu ilin ikinci yarısı üçün neft hasilatı həcmi ilə bağlı məsələnin həll olunacağı OPEK və tərəfdaşlarının görüşündə tələb edəcək ki, sanksiyalar üzündən İranın hasil edilməyən payını sazişin fəaliyyətdə olan iştirakçıları arasında yenidən bölsünlər. Bu, beynəlxalq bazarın sabitliyini saxlamağa və neft qiymətlərinin sonrakı qərarsızlığından yayınmağa yardım edər.

Bundan başqa, Rusiya habelə İranın ABŞ-Səudiyyə Ərəbistanı oxuna qarşı mənfi rəyindən yararlana bilər ki, Suriyada öz mövqeyini bərkitsin. Dəməşqə dəstəkdə müttəfiqliyə baxmayaraq, Moskva öz mövqeyini möhkəmlətmək üçün bu yaxınlarda bir neçə strateji sahədə İranın təsirini cilovlamağa çalışıb. Bu bildirirmi ki, Rusiya Amerikanın “maksimal basqı” strategiyasını, yaxud hətta İranda rejimi dəyişməyi dəstəkləyəcək? O qədər də deyil.

Birincisi, Moskva Tehranı Yaxın Şərqdə önəmli oyunçu və Amerika hegemoniyasına qarşı qala görür. Bölgənin “çoxqütblü” qalmağı onun marağındadır.

İkincisi, fikir ayrılıqlarına baxmayaraq, Suriya böhranına son qoymaq üçün İran Rusiyaya lazımdır. Kreml çox gözəl anlayır ki, İranın Suriyadan tam çıxışı haqda hər cür söz-söhbət, sadəcə, özünü aldatmaqdır. İranlılar son səkkiz ildə Suriya rejiminin və silahlı güclərinin tərkibinə o qədər dərin giriblər ki, onların gedişi bütün siyasi və hərbi sistemin dağılmasilə nəticələnər, Moskva isə buna hazır deyil.

Üçüncüsü, ölkələr həm Xəzər bölgəsində, həm də Orta Asiyada energetikadan təhlükəsizliyə qədər məsələlərin geniş çevrəsi üzrə əməkdaşlıq edir. Məsələn, 1990-cı illərin ortalarında Tacikistanda vətəndaş savaşını dayandırmaqda Rusiyaya məhz İran yardım olub. 2008-ci ildə Qərb Rusiyanı Gürcüstanla savaşda ittiham edərkən İran de-fakto öz tərəfdaşını dəstəkləyib və Rusiyanın mövqeyində durub. Tehran 2018-ci ildə hətta Moskvanın Xəzər dənizinin hüquqi statusu haqda irəli sürdüyü çərçivə sazişini də dəstəkləyib, amma o bu sənədi imzalamış beş sahilyanı dövlətdən məhz İranın maraqlarına daha az sayğı göstərir.

Dördüncüsü, Kreml artıq iki dəfə Qərblə yaxşı münasibətlərə görə İrana dəstəyi dəyişməyə çalışıb. Güman etmirəm ki, bu yanlışlığı bir də edər. ABŞ vitse-prezidenti El Qor 1995-ci ilin iyununda Rusiyanın o vaxtkı baş naziri Viktor Çernomırdinlə gizli saziş imzalayıb – buna əsasən, Rusiyanı artıq 1999-cu ilin sonuna doğru İrana adi silahlar satışını dayandırmaq gözləyirdi. Kreml əvəzində ABŞ-la daha fəal iqtisadi əməkdaşlığa güvənirdi. Bunun baş tutmadığı az deyilmiş kimi, Qor-Çernomırdin sazişi İranla ticarət və yatırımdan əldə çıxan qazanca görə Rusiyaya hələ dörd milyard dollara oturub.

Dmitri Medvedyev və Barak Obama administrasiyaları 2009-cu ildə Rusiya-Amerika münasibətlərinin “yenidən yüklənməsi” haqda razılığa gəlib. Nəzərdə tutulub ki, Rusiya İranla tərəfdaşlığı yığışdıracaq. Bu qayda ilə Rusiya İran rəhbərliyinə əvvəlki vədlərinə zidd olaraq 2010-cu ildə Tehrana S-300 ZRK verməkdən vaz keçib. Üç ildən sonra Ukraynadakı etirazlar üzündən ABŞ-la münasibətlər yenidən pisləşib. Bu hadisələrin hər ikisi Rusiya-İran münasibətlərini xeyli sarsıdaraq Tehranda inamsızlıq və şübhə doğurub.

Beşincisi, ABŞ-ın Rusiyaya mahiyyətcə nə təklif edə biləcəyi qeyri-müəyyən qalır. Müllerin araşdırması Trampın heç bir “əlbirlik” olmadığı haqda inandırmasını təsdiqləsə də, bu, heç də bildirmir ki, Amerika siyasi səhnəsində Rusiyanın imici tam bərpa olunub. ABŞ-da seçkilərə bir ildən bir qədər çox qalsa da, Amerika prezidenti Rusiyaya ancaq bunu vəd edə bilər ki, ona təkrar seçilməyə başa gəlməsin – və bundan artıq heç cür.

Moskva ilə münasibətlərin yaxşılaşması isə bildirəcək ki, Vaşinqton Krımın ilhaqı, Ukraynanın şərqindəki savaş və Rusiyanın Avropanın başqa ölkələrinin daxili işlərinə müdaxiləsi daxil olmaqla bir sıra əsas məsələlər üzrə mövqeyinə yenidən baxıb.

Rusiya bütün bu səbəblərə görə ABŞ-ın İrana qarşı eskalasiyasını, çətin ki, dəstəkləsin. Mövqedəki yüngül dönüş və ya vasitəçi kimi çıxış etmək təklifləri hesaba alınmasa, Rusiya öz tərəfdaşını təcrid etmək üzrə ABŞ-ın səylərini dəstəkləməz.

 

Leonid İsayev – Moskva Ali iqtisadiyyat Məktəbinin müəllimi

Nikolay Kojanov – Qətər Universiteti Fars körfəzini Araşdırma Mərkəzinin dəvət edilmiş dosenti

Tərcümə Strateq.az-ındır.  





Yuxarı Əvvələ Ana Səhifə