XƏBƏR LENTİ

20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

18 İyun 2019 - 20:57

TRAMP BU GÜN NAMİZƏDLİYİNİ ELAN EDƏCƏK –Yeni kampaniyaya köhnə strategiya ilə? - TƏHLİL

Bir neçə saatdan sonra (iyunun 19-na keçən gecə) ABŞ lideri Donald Tramp ikinci müddətə prezidentlik üçün namizəd olduğunu rəsmən açıqlayacaq. Tramp bu xəbəri Florida ştatının Orlando şəhərində tərəfdarları ilə görüşüdə elan edəcək.

ABŞ prezidenti bu mərhələyədək qalmaqalların müşayiətində, üstəlik aşağı reytinqlə gəlib. Bura onun adının bu və ya digər şəkildə keçdiyi 15 təhqiqat da daxildir. Məşhur bir zarafatda deyildiyi kimi, təmiz olmaq üçün tez-tez yuyunmaq vacib deyil, qonşunu bulaşdırmaq kifayət edir.

Tramp özünün siyasi karyerasında bu məntiqə söykənir. Ötən seçki kampaniyasında demokratları, medianı, ümumiyyətlə, bütün opponentlərini təhqir edən Tramp yəqin ki, bu dəfə də eyni strategiyadan istifadə edəcək

Hər halda namizədliyinin elanı ərəfəsində ABŞ prezidenti növbəti qalmaqaldan qaçmadı. Əksinə, “The New York Times”ı dövlətə xəyanətdə ittiham edərək qəzetlə qarşıdurmaya getdi. Ondan əvvəl isə 2020-ci il seçkilərində demokratlardan olan rəqibi Co Baydeni hədəfə almışdı.

Seçkiyə Baydenlə getmək, başqası ilə getməkdən daha yaxşıdır. Hesab edirəm ki, o, ağıl cəhətdən ən zəif olanıdır. O biriləri daha güclüdür”, – deyə Tramp bildirmişdi.

Co Bayden

Amma halva deməklə də, ağız şirin olmur. Hələ ki Bayden sosioloji sorğularda Trampı çox ciddi şəkildə geridə qoyur. Nəticələrdən məlum olur ki, respondentlərin 49 faizi Baydenə, 39 faizi isə Trampa səs verməyə niyyətlidir.

Maraqlısı odur ki, Tramp təkcə Baydendən deyil, Demokratlar Partiyasının daha 4 namizədindən də geridə qalır. Özü də bu nəticələr Trampa açıq şəkildə rəğbət bəsləyən telekanalın – “Fox News”un keçirdiyi sorğular əsasında ortaya çıxıb. “Fox News” yeganə kanaldır ki, Ağ Ev sahibinin sərt hücumlarına məruz qalmayıb.

Trampa təkcə siyasi opponentləri deyil, ABŞ hüquq mühafizə orqanları da təhdid yaradır. “Politico” nəşrinin yazdığına görə, hazırda Birləşmiş Ştatlarda Trampla bu və ya başqa şəkildə əlaqəsi olan 15 təhqiqat aparılır. Məsələn, Kaliforniyada istintaqçılar Trampın inauqurasiya mərasiminə ianə kimi verilən 100 milyon dollarla bağlı araşdırma aparırlar. Nyu-Yorkda isə Trampın qapadılmış xeyriyyə fondunun fəaliyyətinin qanuniliyi araşdırılır.

Daha bir təhqiqat yüzlərlə müxtəlif qurumun təmsil olunduğu “Trump Organization”da əmək qanunvericiliyinin pozulmasına dair aparılır. Bütün bu işlər yekunda cinayət və ya inzibati işlərə çevrilə bilər. Təbii ki, xüsusi prokuror Müllerin Trampın xeyrinə başa çatan yekun hesabatına baxmayaraq, ABŞ prezideninin Kremlə mümkün əlaqələrini də gözardı etmək olmaz.

Tramp ənənəsinə sadiq qalaraq bu ittihamları rədd edir və bütün məsuliyyəti “yalan xəbər yayan KİV-lərin”, demokratların, daha dəqiqi, “dərin dövlətin” üzərinə atır.

“Politico” Ron Bondcinə istinadən yazır ki, Tramp əslində bütün bu təhqiqatlardan qazanır. O, qarşı tərəfi “əcinnə ovuna” çıxanlara çevirib və bundan öz maraqları üçün istifadə edir. Beləliklə də “Dərin dövlət”in KİV-lərlə birgə ona necə mane olduğunu göstərməyə çalışır.

Görünür, Tramp eyni suya ikinci dəfə girməyə cəhd edir. 2016-cı ildə Vaşinqton elitasına meydan oxuyan Tramp yalançı mətbuatın və siyasətçilərin zülmündən əziyyət çəkən “sadə amerikalı” kartını məharətlə oynadı.

Bu fənddən yenidən istifadə edə biləcəkmi? Sorğulara inansaq, çətin ki. Digər bir tərəfdən isə 3 il əvvəl onun seçilməsi də real görünmürdü. İndi əsas məsələ odur ki, Tramp seçicilərinə yeni, daha cəlbedici və eyni zamanda da reallığa daha yaxın ideyalar verə biləcəkmi?

Aydın məsələdir ki, Meksika sərhədində hasar fəndi ikinci dəfə keçməyəcək. Hətta Trampa səs verən seçicilər də bu tip layihələrin qeyri-mümkün olduğuna – ən azı Trampın dediyi şəkildə mümkün olmadığına əmin oldular.

Hələ ki yeni ideylarını dilə gətirməyən Tramp hakimiyyətdən gedəcəyi təqdirdə ABŞ-ı hansı fəlakətlərin gözləyəcəyinə dair təhdidlər səsləndirir.

Məsələn, son olaraq “Twitter”dəki paylaşımında bildirib ki, Tramp iqtisadiyyatı rekordlar qırır, lakin 2020-ci il seçkilərində qalib gəlməsə, bazarda görünməmiş bir çöküş olacaq.

ABŞ prezidentinin 11 il əvvəl işıq üzü görən kitabı belə adlanır – “Tramp heç vaxt təslim olmur: Ən böyük problemlərimi uğura necə çevirdim”. Öz gücünə və uğuruna inanan milyarder ötən dövr ərzində itirmədi. Lakin qarşıdakı seçkidə qələbə qazanmaq üçün ona daha nələrsə lazım olacaq.

Siyasi “pazl”ı üçün çatışmayan detalı tapa bilib-bilməyəcəyinə gəlincə, bu, tezliklə məlum olacaq. Hələliksə bəlli olan odur ki, Amerika yenidən qüdrətli (hərçənd Tramp gələndə heç çöküşdə də deyildi) olmadı. Lakin uçuruma da yuvarlanmadı. Bu da növbəti dəfə sübut edir ki, bu ölkədə əsas olan prezident deyil…

Tərcümə Strateq.az-ındır





Yuxarı Əvvələ Ana Səhifə