XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

19 İyun 2019 - 14:00

ÜÇÜNCÜ DÜNYA SAVAŞI ARALIQ DƏNİZİNDƏN BAŞLAYA BİLƏR… –Yeni dövr bu dənizdəki bir qığılcıma bənddir - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 18 iyun 2019-cu il

 

Bütün Türkiyə Binəli bəylə İmamoğlunun televiziyadakı debatını izlədi. Debat hələ də istiliyini qorumaqdadır. Kimin nə dediyi, nə etdiyi, hansı suala necə reaksiya verdiyi yazılmaqda, cızılmaqdadır. Mövzu 23 iyun İstanbul seçkisi olsa da, əslində daha dərindir. İstanbul sadəcə böyük bir həmlədir.

Seçkini CHP udarsa başqa, AKP udarsa başqa səhifə açılacaqdır. İstanbul qlobal bilək güləşinin bir səhnəsidir.

ABŞ-ın İran əməliyyatı, YPG-nin gücləndirilməsi, yüzlərlə “Tır” silah göndərilməsi, Türkiyənin F-35 proqramından çıxarılmaqla təhdid eilməsi, S-400 böhranı və Çinə qarşı başladılan ticarət müharibəsinin mərkəzində Aralıq dənizi durur. Həqiqətən, gələcək 100 ilin mərkəzi məsələsi Aralıq dənizi olacaq.

Tunisli universitet bitirmiş işsiz gənc Buazizinin özünü yandırmasilə “Ərəb baharı”nın başlaması, hadisələrin dalğa-dalğa Suriyayadək getməsi və ölkənin fəlakətə sürüklənməsinin altında yatan dərin həqiqət Aralıq dənizi idi. Suriya qarışdı. Qarışmalı idi, çünki ABŞ Aralıq dənizində güclənmək üçün bir səbəbə ehtiyac duyurdu. Suriya da qarışınca, artıq ABŞ Aralıq dənizinin sakini olmuşdu. Ölən yüz minlərlə insan, evini buraxıb köç edən milyonlar, kimyəvi silahlar heç kimin vecinə deyildi.

İndi bölgədə, yəni, Aralıq dənizində sektor davası gedir. Önəmli enerji şirkətləri “Exxon Mobil”, “Qatar Petroleum”, “Noble”, “Eni”, “Kogas”, “Delek” bölgədə sektor davası aparır. “Exxon Mobil-Qatar Petroleum” konsorsiumu, həmçinin İsrailin önəmli oyunçusu “Delek” üçün hədəf 10-cu sektordur.

ABŞ-ın “Noble” şirkəti İsrailin “Delek” və Misirin “Dolphin Energy” şirkəti ilə ortaq işlər görürdü. 10-cu “Glafkos” sektoru dəyəri 8 trilyon dollar olan təqribən 200 milyard barellik təbii qaz ehtiyatına sahibdir.

2, 3, 8, 9 və 13-cü sektorlar da çox dəyərlidir. Baxın, məhz burada ABŞ-ın hədəfi Türkiyədir. Türkiyəni bu sektorlara buraxmamaq üçün S-400-lə bağlı məsələ sərtləşdi.

Toqquşma səbəbi sadəcə sektorlar deyil, bir də “EastMed” boru xətti üçün savaş gedir. Layihə çərçivəsində İsrail və Kiprin ətrafından çıxarılacaq təbii qaz dənizin dibindən döşənəcək, “EastMed” adı verilən boru xəttilə Kiprdən öncə Girit adasına, oradan Mora yarımadasına, sonra da İtaliyaya çatdırılacaq. İsrail Aralıq dənizindəki önəmli sektorları işlətmə haqqını ala bilərsə, “EastMed” boru xəttilə Avropanın qaza olan ehtiyacını qarşılayacaq.

Yaxşı, bu, həyata keçərsə, kim nə itirər? Verilməli olan əsil sual budur.

Əgər İsrail xəyalını gerçəkləşdirə bilərsə, zərər görən Türkiyə və Rusiya olar.

Rusiya və Türkiyənin birlikdə böyütdüyü “Türk axını” layihəsini bitirməyi hədəfləyən “EastMed”i dəstəkləyən güc isə Pentaqondur. Pentaqon bu boru xətti vasitəsilə Avropanı qaz məsələsində Vaşinqtondan asılı hala salacaq. Sonra da Avropanın Çinlə olan əlaqələrinə yön verməyə başlayacaq. Bu səbəblə, Aralıq dənizi hər sabah daha da dəyərlənən bir dəniz olur. 50 ölkə Aralıq dənizi ilə bağlı plan qurur.

Bir çox ölkə, Aralıq dənizi ilə heç bir əlaqəsinin olmamasına rəğmən, sektorlardan pay almaq üçün öz hərbi gəmilərini bölgəyə göndərib.

2, 3, 8, 9 və 13-cü sektorlarda ən güclü olan ölkə Türkiyədir. Türkiyə oynanan oyunu gördüyü üçün haqlı olaraq buradakı zənginliyi heç kimlə paylaşmaq istəmir. Ankaranın bütün planları burada təkbaşına yürüməyə hesablanıb. Edilən bütün təzyiqlərə rəğmən, Türkiyə əsla və qəti olaraq geri addım atmır. Türkiyə irəlilədikcə F-35 məsələsi qarşımıza gəlir. Daha bir addım atdıqca, S-400 böhranı qızışır. Daha bir həmlə edincə, iqtisadi göstəriciləri ilə oynanır.

Rusiya da 2, 3, 8, 9 və 13-cü sektorlarda Türkiyə ilə yeni bir ortaqlıq qurmaq istəyir. Əgər Rusiya Türkiyə ilə bu böyük anlaşmanı imzalayarsa, Aralıq dənizi yeni müharibə meydanı olacaq. Bəlkə də III Dünya Müharibəsi Aralıq dənizindən başlayacaq.

Pentaqonda belə, III Dünya Müharibəsinin çıxma ehtimalının mərkəzi Aralıq dənizi olaraq qəbul edilir. Yəni, durum bu qədər kritikdir. Hərbi gəmilər Aralıq dənizində qırmızı həyəcan işığı ilə hərəkət edirlər. Bu durum belə riskin hər keçən saat daha da artdığını göstərir. Pentaqon ABŞ Hərbi Dəniz Donanmasının yeni döyüş gəmilərinin hərəkət marşurutunu Aralıq dənizi olaraq müəyyən edib. Son məlumatlara görə, hazırda Aralıq dənizində 90-dan çox gəmi var. Nə üçün? Çünki Aralıq dənizinin həm ehtiyatları, həm də geostrateji mövqeyi hər bir ölkənin röyasıdır.

Pentaqona 20 il bundan öncə təqdim edilən hesabatlarda da Aralıq dənizinə çox önəm verilirdi. İraqın işğalı belə, Aralıq dənizinə yönəlik ilk addım idi. Ondan sonra baş verən hadisələri araşdıran zaman Vaşinqtonun hədəfinin Aralıq dənizi olduğunu görə bilərsiniz.

Qarşıdakı günlərdə gərginlik mütləq bir qığılcımın yaranmasına səbəb olacaq. Bu da yeni dövrün başlanğıcı olacaq. Hər bir oyunçu dövlət bu qığılcımı hesaba alaraq hərəkət edir. Planlarını bu yöndə qurur. Türkiyə də eyni şəkildə hərəkət edir.

Tankerlərin vurluması ilə birlikdə İranın gündəliyə oturduğu bir vaxtda Aralıq dənizi hər an yarana biləcək qığılcımla önə çıxa bilər. İranda gözlənilən toqquşma Aralıq dənizində ola bilər. Bu ehtimal bir çox dövlətin masası üzərindədir.

Təbii ehtiyatların bölgüsü ilə bağlı gedən savaşın belə qızışdığı bir vaxtda Türkiyə dövləti donanmasını Aralıq dənizinə göndərərək bayraq göstərib. 2, 3, 8, 9 və 13-cü sektorları heç kimə verməyəcəyini elan edib.

Aralıq dənizi həm Avropanın, həm də Çinin ABŞ tərəfindən nəzarətə alınmasına yol açan bir meydandır. Türkiyə burada öz oyununu oynayaraq çox önə çıxır. Ankara addım atdıqca və qərarlı olduğunu göstərdikcə, plan quran bütün dövlətlər qapımıza dirənir. Yalnız ABŞ deyil, hamısı…

İstanbul seçkilərindən sonra Türkiyə hədəflədiyi və qoruma altına aldığı sektorlarda özünə ortaq tapa bilərmi? Nəticələr özü ilə bərabər yeni güc balansını da gətirə bilərmi?

“Ərəb baharı”, liderlərin devrilməsi və Suriyanın alt-üst olunmasının Aralıq dənizi üçün layihələndirildiyi və edildiyi düşünülərsə, Türkiyənin böyük bir oyunu pozmaqda olduğu görünür. Narahat olanlar da bunu pozmanın yolunu tapmaq istəyəcəklər. Daxili siyasətdəki güc balanslarını dəyişdirmək, bəlkə, ilk addımdır? Necə hesab edirsiniz? Yoxsa məqsədləri yenə bizim başımızı süni gündəliklə qatıb, gizlədikləri hədəfə çatmaqdır? Düşünün, görək…

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə