XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

23 İyun 2019 - 12:50

“KÜRD KARTI”yla OYUN DAVAM EDİR:Öcalanla Dəmirtaş eyni tərəfdə olacaqlarmı? - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 22 iyun 2019-cu il

 

İstanbul seçkiləri əsla və qəti olaraq sadəcə İstanbul seçkisi deyil. Məsələ sadəcə bir bələdiyyə sədri seçmək isə heç deyil. Bu səbəblə, son günədək kartlar çəkiləcək, yəni oyun davam edəcəkdir. Öcalan ilə danışıq, vəkillərilə məktub göndərilməsi, HDP-nin buna qarşı mövqe tutması, məktubu deşifrə etmə forması və MHP-nin mövqeyi kimi bir çox məsələ gündəlikdədir. Maraq doğurduğu aşkardır. Mən hadisələrə heç də danışıldığı kimi baxmıram. Əlbəttə, baş verənlər önəmlidir. Amma bütün baş verənləri bir yerə topladıqda qarşımıza nə çıxacaq? Məncə, diqqəti buna vermək daha çox məntiqlidir. Məsələni bir az açaq.

ABŞ prezidentlik sistemilə idarə edilir. Respublikaçılar və demokratlar Ağ Evi ələ keçirmək üçün mübarizə aparır. İki məktəb, iki model toqquşur və savaşır.

Dünənədək gizli aparılan bu mübarizə Hillari Klintonun seçilməməsi səbəbilə indi açıq aparılmaqdadır. Dünyanın hər yerində. Tereza Meyin və Angela Merkelin getməsinin, Makronun zərbə almasının səbəbi ABŞ daxilində gedən savaşdır. Bunun qitələrdə əks olunmasıdır.

ABŞ iki sərmayə qrupunun toqquşması nəticəsində prezidentlik modelinə sarılmışdır. Bu, pulun gətirdiyi bir nəticədir. Şimal-Cənub müharibəsində də bu vardı. Müharibə Cənubda pambıqla hərəkət edən sərmayəçilərin Şimalda sənaye ilə hərəkət edən sərmayəçilərlə mübarizəsinə çevrilmişdi. O gün belə idi, bu gün də iki sərmayə qrupu iqtidara gəlmək üçün hərəkət edir. Bu, vətəndaş müharibəsindən çıxan bir nəticədir.

Gələk Türkiyəyə. Türkiyə PKK terrorundan çox əziyyət çəkdi. Söhbət mövzusu Türkiyə, Orta Şərqin mərkəzi olunca, bütün oyunçular hərəkətə keçdi. Terrorçubaşı Öcalanın Suriyadan çıxdığı vaxta yaxşı baxın. İtaliyadan Rusiyaya, Hollandiyadan Keniyayadək ölkə-ölkə dolaşdı, sığınacaq istədi. Niyə bu ölkələrə müraciət etdi? Çünki PKK-nın yanında olduqlarını bilirdi. Kim dəstək vermişdisə, hamısının qapısını döydü. Ancaq qəbul etmədilər. MKİ hərəkətə keçdi. Doğrusu, PKK-nı siyasətin içinə çəkmək istəyirdilər. Plan baş tutdu. “Asılmamaq” şərti ilə, Keniyadan, tək bir kürdün belə olmadığı coğrafiyadan alınaraq bizə verildi.

Öcalanın kim olması, nə etməsi mənim mövzum deyil. Oraya girmək istəmirəm. Öcalan artıq İmralıda idi. O, orada ikən HDP cücərdi. Dəmirtaş önə çıxdı. Səlahəddin Dəmirtaşın da önəmli şəbəkəsi vardı. O, Amerikadan Avropayadək uzanan bir cərəyanı təmsil edirdi.

Gəlin, bir az geri qayıdaq. Öcalanın manşetə çıxarılan “İmralı qeydləri”ni xatırlayın. Orada israrla yeni strukturun mərkəzini göstərir, yəni ABŞ-dakı koordinatları verir və onun çox güclü bir qurum olduğunu deyirdi. Diqqət edilməli olduğunu söyləyirdi. Adlar çəkərək, şəxslər vasitəsilə tablonu təsvir edirdi.

Zaman keçdi. Türkiyə Çindən Hava Hücumundan Müdafiə (HHM) sistemi almaq üçün addım atdı. Anında Kobani hadisələri baş verdi. Dünyanın gündəliyinə oturdu. 50 vətəndaşımız can verdi. Türkiyə bu layihədən vaz keçdi.

Türkiyə daha sonra 15 iyulu yaşayınca, S-400-lə bağlı addımlarını sıxlaşdırdı. Aydındır ki, yaxınlarda da gələcək. O zaman amerikalı dostumun “15 iyul uğur qazansaydı, burada Tramp deyil, Hillari prezident olacaqdı” sözlərini sizə çatdırmışdım.

ABŞ-ın içində olduğu kimi, İngiltərədə, Türkiyədə, Almaniyada da iki cərəyan vardır. Bu cərəyanlar PKK və uzantıları içində də mövcuddur. Türkiyə prezidentlik sistemini seçərək, doğrusu, ikiqütblü siyasət iqliminə keçdi. ABŞ-da Demokrat Partiyası olduğu kimi, burada da CHP-İYİ Partiya-HDP-Səadət Partiyası, Respublikaçılar Partiyası kimi də AKP və MHP olacaqdır. Əslində hissə-hissə gördüyümüz hər bir hadisə Türkiyədə prezidentlik sistemini oturtmağa yarayırdı. Bu sistem oturarkən ABŞ-da pul, burada isə siyasət toqquşur və iki yerə ayrılırdı.

Qəbul etməliyik ki, burada iki fərqli sərmayə qrupu yoxdur. TÜSİAD pula hakimdir. Bu səbəblə, pul vasitəsilə yeni sistemə keçmək asan deyildi. Çünki iki elə sinif yoxdur. Yerdə qalan alternativ seçim masaya gəlir və o yolla gedilirdi. Bəlkə indi anlaya bilmirik, lakin prezidentlik sistemi davam edər və oturuşarsa, gələcəkdə bu partiyalar qalmayacaq. Ortaya cərəyanları içinə alan iki mərkəz çıxacaq.

Bəlli oldu ki, HDP bölgənin dizayn edilməsilə bağlı demokratlarla yan-yana gələcək, o qütbdə yer alacaq. CHP də orada olacaq.

Respublikaçılar isə dövlətin gücünü önə çıxardaraq, bölgədə güclü Ankara ilə oyun qurmaq istəyəcək.

Bu iki yerə ayrılma halı həm CHP-də, həm də AKP-də yaşanacaq.

AKP-də çalışan çox önəmli şəxslər demokratlarla birgə hərəkət edəcək. ABŞ-da yaxın olduqları demokratlara burada da isti baxacaqlar. CHP daxilindəki çox adam da Türkiyənin həssas olduğu məsələlərə görə partiyalarından qoparaq respublikaçılarla eyni xətdə olacaqlar. Siyasətlə məşğul olma forması dəyişəcək, ideologiyaya görə deyil, realpolitikaya görə hərəkət ediləcək.

Məsələn, Tramp və arxasındakı qüvvə buradakı “respublikaçılar”la, Hillari Klinton və arxasındakı qüvvə isə buradakı “demokratlar”la bir olacaq. Merkel “kürd kartı”na görə “respublikaçılar” deyərkən, Cinpinq “demokratlar” deyə bilərdi. Dünyadakı toqquşma burada da ola bilərdi. Bu, bu gün və ya sabah bitəcək bir strukturlaşma deyil. Sancı uzun müddət davam edəcək.

Bu tənlikdə “Öcalanla Dəmirtaş eyni tərəfə düşərmi?”. Sual budur. Ən azı, iki gündür verilən sual budur. Məncə, düşməz. MKİ Öcalanı PKK-nın başında saxlamaq üçün illər öncə Faysal Dunlayıcını (Kani Yılmaz) öldürtmüşdü. Dunlayıcı öldürülüncə, almanların bu “yeni lider”lə PKK-nı ələ keçirmə əməliyyatı baş tutmadı və təşkilat ABŞ-ın təsiri altında formalaşdı.

ABŞ PKK-nı siyasətin içinə çəkirdi. Siyasətin başlanğıc addımını atarkən yenə əməliyyat içində əməliyyat keçirirdi. 28 fevral ruzigarı içində Fətullah Güləni alır, Öcalanı verirdi. Türkiyə bu iki şəxslə və arxalarındakı güclə mübarizə edirdi. Adamlar 40 illik planlarla gəldiyi halda, biz gündəlik işlərlə məşğul olurduq. Çətinə düşdüyümüz zaman da “İsraili qoruma altına alacaqlar” deyərək, heç kimin inanmadığı tezislərlə yolumuza davam edirdik. İsraili qorumaq üçün kürd dövlətinə ehtiyac yoxdur. Bu gün kürd dövləti yoxdur. İsrailin müdafiəsiz olduğunu düşünən varmı?

Davam edək. Dəmirtaş PKK-nın bölgədəki yeni vəzifəsi və təkamülü ilə bağlı ortaya çıxan siyasi fiqurdur. Öcalan da elədir. PKK və YPG-nin bölgədəki rolu ilə əlaqədar olaraq ikisi mübarizə aparır. Bir yanda YPG, kürdlər vasitəsilə bölgəni dizayn etmək istəyən güc, digər yanda PKK-YPG vasitəsilə qurumların yaradılmasına sədd çəkən Türkiyə var. Mübarizə bu güclər arasında gedir. Modellər və maraqlar toqquşur.

Ankara İmralı (Öcalan – tərc.) ilə görüşərkən, sülh prosesi başlayarkən biriləri bunu pozdu. İstəmədi. Prosesi yolundan çıxardı. Doğrusu, Osloda sızıntı başlamışdı. Gedən bütün mübarizə bölgənin və dünyanın alacağı son şəkillə bağlı idi. YPG-yə verilən yüzlərlə tır silah nə üçün yollanırdı? Tramp, istəməsinə rəğmən, ABŞ hərbçilərini bölgədən geri çəkə bilmirdi. Çəkə bilməzdi də. Mübarizə bizim başa düşəcəyimizdən daha böyükdür. Və böyüyərək davam edəcəkdir. İzləyin, görün, nələr olacaq.

Qeyd: Tramp “İranı vuracağam” dedi, sonra vaz keçdi. İddia budur. Ancaq neftin qiyməti yüksəldi. Zərərə düşən kim oldu? Çin. Yəni, elə vurmuş kimi oldu.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə