XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

25 İyun 2019 - 21:54

ATAMBAYEVİN HƏBSİNƏ YOL AÇILDI- Qırğızıstan Baş Prokurorluğu keçmiş prezidentin 5 ağır cinayətdə iştirakını təsdiqlədi

Qırğızıstan Baş Prokurorluğu ölkə parlamentinin eks-prezident Almazbek Atambayevə qarşı irəli sürdüyü ittihamlarla bağlı qərar çıxarıb. Prokurorluq altı ittihamdan beşi üzrə əsaslar tapdığını açıqlayıb. Və keçmiş prezidentin aşağıdakı ağır cinayətlərə yol verdiyini üzə çıxarıb:

1. Koy-Taş kəndində torpaq sahəsinə qeyri-qanuni sahib olub orada ev tikdirmək;

2. Kriminal avtoritet Aziz Bataukayevi qanunsuz olaraq azad etmək;

3. Qeyri-qanuni yollarla varlanma;

4. Bişkek İstilik Elektrik Stansiyasının (İES) modernləşdirilməsi zamanı korrupsiyaya yol vermək;

5. Bişkek İES-ə qeyri-qanuni kömür tədarükü.

Parlament Atambayevi bir sıra cinayətlərdə ittiham edərək onu toxunulmazlıq hüququndan məhrum etmək istəyir. Deputatlar onu Bişkek İstilik Elektrik Stansiyası ilə bağlı aparılan istintaq işi ilə bağlı məsuliyyətə cəlb olunmasını tələb ediblər. Bu iş üzrə artıq keçmiş baş nazirlər Sapar İsakov və Bişkekin keçmiş meri Kubanıçbek Kulmatov istintaqa cəlb ediliblər. Onları ifadə vermək üçün Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinə çağırıblar.

Yalnız bir ittiham (deputatlar, hakimlər, ictimai xadimlər və KİV-lərin sıxışdırılması) üzrə sübutlar tapılmayıb. Prokurorluq hesab edib ki, Atambayevin bunlara aidiyyətini təsdiqləyən dəlillərə ehtiyac var.

Parlament Atambayevin toxunulmazlıq hüququndan məhrum edilməsini təmin edən qərarın çıxarımlası üçün Baş Prokurorluğa materialları iyunun 20-də göndərib. Deputatlardan 100-ü bu təşəbbüsün lehinə, cəmi 5-i əleyhinə səs verib.

Baş Prokurorluğun məlum qiymətləndirməsindən sonra parlament Atambayevi toxunulmazlıq hüququndan məhrum edə bilər. Müstəqil Qırğızıstanın tarixində prezident postunu tutan dörd siyasətçi var ki, onlardan ikisi – Əskər Akayev və Kurmanbek Bakiyev onsuz da eks-prezident statusundan məhrum ediliblər. Qalır iki nəfər – Roza Otunbayeva və Almazbek Atambayev.

Hazırda toxunulmazlıq hüququ keçmiş prezidentləri məlum postu tutarkən yol verdikləri əməllərə görə nə inzibati məsuliyyətə, nə də cinayət məsuliyyətinə cəlb etməyə imkan verir. Həmçinin bu hüquq onları həbslərdən, sorğu-suala çəkilməkdən və bir sıra başqa xoşagəlməzliklərdən də qoruyur. Qüvvədə olan qanuna görə, eks-prezidentlər bu postda olduqları zaman yol verdikləri hərəkətlərə görə heç bir məsuliyyət daşımırlar.

Jeenbekov və Atambayev

Qırğızıstan parlamenti eks-prezidentlərin toxunulmazlığının götürülməsi barədə qanun layihəsini artıq müzakirəyə çıxarıb. Yeni qanunda qeyd olunur ki, sabiq prezidentlər ağır cinayətlər törətdikləri halda bu qanun onlara qarşı tətbiq oluna bilər.

Mütəxəssislərin fikrincə, eks-prezidentlərin immuntetinin ləğvinə dair addımlar Atambayevə qarşı yönəlib. Əsas səbəb də Atambayevin tərəfdarları ilə hazırkı prezident Sooronbay Jeenbekov arasında hakimiyyət uğrunda savaşdır.

Jeenbekov prezident postuna 2017-ci ilin payızında seçilib. O, bu kürsüdə Almazbek Atambayevi əvəzləyib. Yerli qanunvericilik Atambayevin yenidən prezident seçilməsinə imkan vermirdi. Ona görə o, bu postda öz adamını (Jeenbekovu) görmək istəyirdi və bunun üçün bütün inzibati resursları işə salmışdı.

Atambayev seçkiöncəsi kampaniyaya birbaşa qoşularaq öz namizədinin təbliğatını aparırdı. Keçmiş prezident Jeenbekova görə hətta Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevlə də gərginlik yaşamışdı. Atambayevi narazı salan Qazaxıstan rəhbərliyinin Jeenbekova yox, müxalif namizəd Babanova dəstək verməsi idi. Nazarbayevin Babanovla görüşməsi bu dəstəyin ifadəsi kimi qəbul olunmuşdu.

Bütün bunlara baxmayaraq, Jeenbekovun qələbəsindən az sonra tərəflər arasındakı münasibətlərdə ciddi soyuqluq yarandı. Atambayev Jeenbekovu naxələf varis gözündə görərək onu açıq şəkildə hədələməyə başladı.

Qırğızıstan hakim Sosial-Demokrat Partiyasının ötən il martın 31-də keçirilən qapalı qurultayında Atambayev “səni mən yaratmışam, mən də batıracam” deyərək Jeenbekova ultimatum göndərdi. O, Jeenbekovu hakim partiyanın kursundan çıxıb parlamentarizmdən güclü prezident hakimiyyətinə meyllənməkdə və vicdansız məmurlarla əlaqələrdə ittiham etdi.

Keçmiş prezident düşünürdü ki, varisi onun jestini layiqincə qiymətləndirərək bütün dediklərini qeyd-şərtsiz həyata keçirəcək. Yəni prezident Jeenbekov olsa da, ölkəni faktiki olaraq Atambayev idarə edəcək.

Lakin gözləntilər özünü doğrultmadı və Jeenbekov hakimiyyətə gələn kimi güc strukturlarında və ədliyyə sahəsidə bir sıra dəyişikliklər etməyə başladı. Atambayevin əsas kadrlarını vəzifədən azad etdi.

Bir sözlə, Jeenbekov Atambayevin himayədar rolunu oynamasına imkan verməyərək onu aktiv siyasətdən uzaqlaşdırmaq istəyir. Gözləmədiyi münasibətlə üzləşən Atambayev isə etiraf edir ki, seçki kampaniyası zamanı Babanovun yox, Jeenbekovun namizədliyini dəstəkləməklə səhvə yol verib.

Bu yaxınlarda keçmiş prezident Jeenbekovu hakimiyyətə gətirdiyi üçün xalqdan üzr də istəyib. Jeenbekovu “hakimiyyəti qəsb etmiş prezident” adlandıran Atambayev ona qarşı mübarizəyə qalxdığını açıq şəkildə bəyan edib.

Buna cavab olaraq Jeenbekov ultimatum dilinin keçməyəcəyini bildirib. O bəyan edib ki, korrupsiyalaşmış şəxslər və bəzi siyasi güclər sabotaja cəhd etsə də, bütün məsələlər hüquqi müstəvidə həll olunacaq.

“Məsələləri insanları meydanlara çıxarmaq və hökumətə təzyiqlə həll edə biləcəyini düşünənlər səhv edirlər”, – deyən Jeenbekov Atambayevin hədələrindən qorxmadığının mesajını verib.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə