XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

27 İyun 2019 - 15:52

İRAN XİN RƏHBƏRİNƏ SANKSİYA:Məhəmməd Cavad Zərifin ABŞ-da aktivləri varmı?

Fəramərz Dəvar

“İranwire”, 27.06.2019

 

İyunun 24-də ABŞ-ın maliyyə naziri Stiven Mnuçin İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə ABŞ sanksiyalarının tətbiq ediləcəyini açıqlayıb. Əgər bu baş verərsə, İran XİN-in rəhbəri ABŞ-ın sanksiya siyahısına daxil edilən dünyada ilk şəxs olacaq.

ABŞ hökuməti davranışını “normallaşdırmaq” üçün İslam Respublikasına maksimum təzyiq göstərmək istəyir. Əgər Birləşmiş Ştatlar İranın xarici işlər naziri vasitəsilə “maksimum təzyiq”i intensivləşdirməyi planlaşdırırsa, sanksiyalar Nyu-York şəhərinə səfər etməsi üçün ona viza qadağası qoyacaq, yəni Zərif BMT görüşlərində iştirak edə bilməyəcək.

Mahmud Əhmədinejadın (2005-2013) prezidentliyi dövründə Avropa İttifaqı İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehini boykot edib. Lakin 2011-ci ildə Salehi Əhmədinejadın xarici işlər naziri olanda, diplomatik toxunulmazlıq hüququna malik idi, buna görə də, Aİ onu sanksiya siyahısından çıxarmışdı.

Ümumiyyətlə, İrana qarşı yeni ABŞ sanksiyaları misli görünməmişdir. Zərifə viza verməmə qeyri-mümkündür. BMT-yə ev sahibliyi edən ölkə kimi, ABŞ müqaviləyə əsasən, üzv ölkələrin vəzifəli şəxslərinə və ya BMT tərəfindən Nyu-Yorka dəvət edilən şəxslərə viza verməyə borcludur.

Eyni zamanda, ABŞ Konqresi Amerika hökumətinə Birləşmiş Ştatların milli təhlükəsizliyinə zərər verdiyini düşünən şəxslərə viza verməməni qanuniləşdirib. Məsələn, 1988-ci ilin payızında, prezident Ronald Reyqan dövründə milli təhlükəsizliyə istinadla, Fələstin lideri Yasir Ərəfata viza verilməyib.

İllər sonra, ABŞ prezidenti Barak Obama dövründə, ABŞ hökuməti ilə İslam Respublikası arasında münasibətlər yaxşılaşdıqda və Birləşmiş Ştatların dövlət katibi Con Kerri iranlı vəzifədaşı ilə birlikdə nüvə sazişini müzakirə edərkən, İranın BMT-dəki səfiri Həmid Əbutalibiyə viza verilməyib. Çünki o, 1979-ci ildə 52 amerikalı, o cümlədən ABŞ-ın Tehrandakı səfirliyinin işçilərinin 444 gün müddətinə girov götürmüş radikal tələbələrdən biri olub.

Əbutalibi ittihamları rədd edib və yalnız girovların tərcüməçisi kimi çıxış etdiyini bildirib, amma ABŞ ona viza verməkdən imtina edib, İslam Respublikası isə BMT-yə yeni səfir təyin etməyə vadar olub.

İndi ABŞ 2019-cu il sentyabrın 17-də başlayan BMT Baş Assambleyası da daxil olmaqla, BMT toplantılarına qatılmaq üçün Zərifə viza verməkdən imtina edə bilər. Viza versə belə, Zərifə digər məhdudiyyətlər qoyula bilər. Məsələn, İranın xarici işlər naziri uçuşları İslam Respublikasının təyyarələrində edir. Lakin indi həmin təyyarələr yanacaq və aeroport xidmətlərindən məhrum edilə bilər.

Hazırda ABŞ BMT qərargahında digər İran diplomatlarına da məhdudiyyətlər qoyur. İranlı diplomatlar və səlahiyyətlilərə Nyu-York ştatını tərk etməyə və hətta BMT qərargahından 40 kilometr uzaqlaşmağa icazə verilmir.

Buna görə də, İran prezidenti BMT-nin toplantılarına qatılmaq üçün ölkəni ziyarət edərkən, birbaşa Nyu-Yorka yola düşür. Bununla yanaşı, xarici işlər naziri Zərif yalnız Nyu-Yorkdan Amerika mətbuatına müsahibələr verib.

Niyə Zərif öncədən xəbərdarlıq edilib?

Bir qayda olaraq, ABŞ-ın sanksiyalar siyahısına salınan şəxslərə ABŞ ərazisinə giriş icazəsi verilmir və ABŞ hakimiyyət orqanları hər hansı bir aktivi, məsələn, bank hesabları və əmlaka hüququ bloklayır.

ABŞ Xəzinədarlığı İran xarici işlər nazirinə sanksiya tətbiq edirsə və Zərifin ABŞ-da aktivləri varsa, bu mallar Xəzinədarlığın Xarici Aktivlər İdarəsi (OFAC) tərəfindən müəyyən edilə və bloklana bilər. ABŞ hökumətinin nə qədər uzağa getmək istədiyini nəzərə alsaq, İranın xarici işlər naziri “Twitter” hesabını da itirə bilər.

Məhəmməd Cavad Zərif ABŞ-ın keçmiş sakinidir, onun yeniyetmə illəri bu ölkədə keçib. İran Xarici İşlər Nazirliyində işə başladıqda, hələ də ABŞ-da beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi və beynəlxalq hüquq doktoru kimi təhsilini davam etdirirdi. Odur ki, onun ABŞ-da şəxsi aktivləri ola bilər.

Zərifin ABŞ-da aktivləri varsa, bu xəbərdarlıqla onlar əlindən alına və ya bloklana bilər. Ancaq xəbərdarlıq edilmənin özü maraqlıdır, ABŞ hökuməti Zərifə qarşı sanksiya məsələsinin açıq olduğunu ortaya qoyub.

Trampın icra sərəncamından görünür ki, ABŞ ona dəyəcək şəxsi zərəri azaldılmasıda maraqlıdır, bu da nadir diplomatik jestdir.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə