XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

06 İyul 2019 - 11:24

“DARYUŞ ŞAYEQAN KRİPTO ERMƏNİ VƏ “ERMƏNİ ORDUSU”NUN RƏHBƏRİ OLUB” İDDİASI –Bir tvitlə çalxalanan İran - ARAŞDIRMA

Əziz Rzazadə

Strateq.az

 

“Hamımız şokdayıq!” Bunu mənə sosial şəbəkə dostum və “Təsnim”də işləyən həmkarım yazmışdı. Səbəb isə dünyanın dörd bir yanında məşhur Azərbaycan əsilli şərqşünas-alim, filosof Daryuş Şayeqan haqqında iddia idi.

İyulun 5-də İran araşdırmaçı Əbdülrza Davərinin bir tviti ilə çalxalanmışdı.

Gündəmi zəbt etmiş iddia bu idi: Daryuş Şayeqan kripto erməni və erməni terror təşkilatı İran qolunun sabiq rəhbəri olub. Əsl adı da – Daryuş Baqratyuni (Baqrationi)…

Əbdülrza Davəri sabiq İran şahı Məhəmməd Rza Pəhləvinin sarayında ən nüfuzlu şəxslərdən biri, SAVAK-ın (kəşfiyyat) rəhbəri Hüseyn Ferdustun xatirə kitabına istinad edir. Həmin memuarlarda Fərdust ad çəkmədən 1960-cı illərdə erməni terror təşkilatının İrandakı qoluna rəhbərlik edən bir gənclə görüşdüyünü yazır. Amma ad çəkmir və təfərrüatları gizlədir.

Onda Davəri bu nəticəyə nəyin əsasına gəlib? Anonim erməni terror başçısının kimliyini necə müəyyən edib?

“Birinci dəlil” ötən il (22 mart 2018) vəfat etmiş və vəfatı barədə hətta “The New York Times” kimi nüfuzlu nəşrin məlumat verdiyi Daryuş Şayeqanın valideylərindən birinin, ana tərəfinin gürcü olmasıdır.

Şayeqanın ötən il sosial şəbəkədə paylaşılmış xatirələrindən bir parça indiyədək yadımdadır: “Anam gürcü qızı idi və atamla Osmanlı türkcəsində danışırdı. Babam mənimlə Azərbaycan türkcəsində ünsiyyət qururdu. Atam isə mənimlə farsca danışırdı”.

Davəri bunu bilməmiş deyil. O, (fotoya əsasən) Şayeqanın dəfnində tabutu üzərinə qoyulmuş qədim şamdanı nümunə göstərərək mərhumun ana tərəfdən Gürcüstandakı məşhur erməni mənşəli Baqratyuni (Baqrationi) nəslinə mənsub olduğunu iddia edir.

“İkinci dəlil” sabiq ordu generalı Hüseyn Ferdustun “Zohur və soqut səltənət-e Pəhləvi” (“Pəhləvi səltənətinin zühuru və süqutu”) kitabıdır.

Tənbəllik etməyib həmin hissəni oxudum:

“SAVAK-ın sədr müavini olduğum zaman erməni icmasının təmsilçisi Saqinyan tez-tez məndən İrandakı “Erməni gizli ordusu”nun rəhbəri ilə görüşməyi xahiş edirdi. Bu xahiş artıq onunla əlaqə saxlamış Ələvi Kiya vasitəsilə çatdırılmışdı.

İrandakı erməni terrorçularının başçısı ilə görüşə, əlbəttə, şübhə il yanaşırdım. Amma sonda razılaşdım.

O, Saqinyanla birlikdə SAVAK-ın (Zahedi küçəsindəki) ofisinə təşrif gətirdi. Görünüşü tipik idi: 30 yaşında bir gənc, çox gözəl sarı saçları və qarğa gözləri vardı. Söhbət zamanı çox sakit, nəzakətli idi və yalnız bir halda o, qətiyyətlə danışdı: tərəddüd etmədən erməniləri təqib edən hər kəsi məhv edəcəkdi. Göründüyü kimi, “Gizli ordu” üçün ən qərarlı namizədi rəhbər seçmişdilər.

Onun necə seçildiyini soruşdum. Cavab verdi ki, sədri idarə heyəti seçir və seçilən şəxs, adətən, ölənə qədər əvəz olunmur.

Yəqin ki, Saginyan da idarə heyətin üzvü idi, gənc adamın qarşısında ehtiramla davranırdı, bu da onun son dərəcə mühüm şəxs olduğunu göstərirdi.

Bu görüşdən sonra həmin şəxslə bir daha görüşmək istədim. Çünki ona veriləcək bəzi sualları vardı. Ziyarətinə getdim…”

Sonda: “O, Türkiyəyə dərin düşmənçiliyini gizlətmirdi və deyirdi ki, Türkiyə erməni torpaqlarının böyük bir hissəsini qəsb edib və milyonlarla erməninin soyqırımı üçün məsuliyyət daşıyır. Türk hökuməti ermənilərin əsas düşmənidir və buna görə də, “Erməni gizli ordusu”nun əsas hədəfidir”.

Hüseyn Ferdustun ad çəkmədiyi halda, Davəri bu xatirələrdən məlum nəticəyə necə gəlir? Sətirləri qoxulayaraq?…

Paylaşımındakı fotoda əks olunan şəxs – gənc Daryuş Şayeqan heç də həmin “sarışın, qarğagöz” gəncə bənzəmir.

Əbdülrza Davərinin iddiası ilə əlaqədar sosial şəbəkələrdəki müzakirələrdə bir haqlı qeyd vardı: “Erməni terror təşkilatı rəhbərinin adı, yəqin ki, kitabdan kəşfiyyatın özü tərəfindən çıxarılıb. Onun kimliyini biləcək bircə adam vardısa, kitabın naşiri Abdullah Şahbazi ola bilərdi…”

İddia böyük şok yaratsa da, aparıcı İran KİV-ləri Davərinin açıqlamalarına barmaqarası baxıb. Çünki özünün kimliyi ölkəsində geniş məlumdur. Bilməyənlərə də onu mən tanıdım:

Əbdülrza Davəri sabiq prezident Mahmud Əhmədinejadın media üzrə müşaviri və İran İslam Respublikası İnformasiya Agentliyinin (IRNA) sədr müavini olub. Bir müddət Qırmızı Ayara Cəmiyyətinin “Şəhrvənd” qəzetinə baş redaktorluq edib. Lakin nəşr Əhmədinejadın və onun tərəfdarlarının nəfinə təbliğat aparmaqda ittihamlanıb. Buna baxmayaraq, Davəri, Həsən Ruhaninin 2013-cü ildə prezident seçilməsindən sonra da 3 ay baş redaktor vəzifəsini icra edib.

2015-ci ilin avqust ayında Əbdülrza Davəri Ali Rəhbər Ayətullah Xamnəini “Facebok”da təhqir etməkdə təqsirli bilinərək, 6 il 6 ay həbs cəzasına məhkum olunub. Lakin Apelyasiya Məhkəməsi bu hökmü 3 ilədək azaldıb. 2017-ci ilin mayında Davəri cəzasını çəkmək üçün “Evin” həbsxanasına yollanıb.

Qısası, onun “Feysbuk”, “Teleqram” və “Tvitter” səhifələrində paylaşımları daim başına bəla açır. Buna görə də, hər iddiası stəkanda birgünlük fırtına qoparıb, ən yaxşı halda, tez də unudulur.

Amma hər halda, Əbdülrza Davərinin barmaqdan sovurulmuş son iddiasının İran cəmiyyətinin diqqətini “erməni məsələsi”nə yönəldəcəyinə ümid etmək qalır.

Yeri gəlmişkən, keçmiş səltənətlərdə İranın siyasi elitasına nüfuz etmiş erməni fəallarının bədnam fəaliyyəti ayrı-ayrı tarixçilərin, o cümlədən İsmayıl Rainin araşdırma mövzusu olub. Özünütərif olmasın, Rain və digər tarixçilərin araşdırmalarına əsasən, mən də İrandakı anqlofil və frankofil erməni masonları haqqında bir məqalə yazmışam.

Uzun sözün qısası, bu mövzu hələ də qapadılmayıb. Bir halda ki, Tehrandakı qapalı erməni məhəlləsində Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə “Artsax Ermənistana məxsudur” şüarı açılırsa, deməli, faktlara söykənən araşdırmalar və rüsvayedici ifşa davam etməlidir.




Yuxarı Əvvələ Ana Səhifə