XƏBƏR LENTİ

21 Avqust 2019
20 Avqust 2019

Digər Xəbərlər

11 İyul 2019 - 21:46

25 İLDİR HAKİMİYYƏTDƏ OLAN “BATKA”…- Lukaşenko Belarusu avtoritar prezident respublikasına necə çevirdi?

“Deutsche Welle”, (Almaniya)

 

Düz 25 il əvvəl – 1994-cü ilin 10 iyulunda belaruslar “Qorodets” “sovxozunun” direktoru, Ali Sovetin deputatı Aleksandr Lukaşenkonu prezident seçdilər. Seçkinin ikinci turunda qələbə qazanan Lukaşenko səslərin 80,1 faizini yığmışdı. O gündən bu yana Belarus xalqı başqa prezident görməyib. Qərb mətbuatında isə ölkənin adı “Avropanın sonuncu diktaturası” kimi xatırlanır.

Belarus heç də həmişə avtoritar prezident respublikası olmayıb. Müstəqilliyinin ilk illərində hakimiyyət Stanislav Şuşkeviçin rəhbərliyi altında Ali Sovetə məxsus idi. Prezident postu 1994-cü ilin martında qəbul olunan konstitusiya ilə təsis olundu.

Belarusdan olan politoloq Valeri Karbaleviç hesab edir ki, ölkədə avtoritar rejimin qurulması iki faktorla bağlı idi: “Birinci faktor Lukaşenkonun hakimiyyətisevmə meylləri idi. O, təkadamlıq hakimiyyət qurmaq istəyirdi və balans sistemini qəbul etmirdi. İkinci faktor isə cəmiyyətin sovet dövrünə xarakterik qayda-qanun arzulayan əhvalı idi. O vaxt KİV-lər də “ölkənin bir sahibi olmalıdır” yazmağı sevirdi”.

Prezident seçkilərindəki qələbəsindən dərhal sonra Lukaşenko hakimiyyətə nəzarəti ələ keçirməyə başladı, ölkədə senzura gücləndi. Bunun ən bariz nümunəsi 1994-cü ilin dekabrında deputat Sergey Antonçikin parlamentə təqdim etdiyi hesabatla bağlı baş verənlər idi. Hesabatda Lukaşenko və ətrafının korrupsiyasından bəhs edilirdi. Deputatların qərarına baxmayaraq, hesabatın mətbuatda dərcinə qadağa qoyuldu. Həmin vaxt qəzetlər bu qadağaya etiraz olaraq ağ zolaqlarla çıxmışdılar.

Bunun ardınca Lukaşenkonun KİV-lərə hücumu başladı. Ən tirajlı “Sovet Belarusu” qəzetinin baş redaktoru istefaya göndərildi, “Nəşriyyat evi”nə 12 müstəqil qəzeti çap etmək qadağası qoyuldu. Belarus İnformasiya Agentliyi (indiki BelTA. – red.) Prezident Administrasiyasının nəzarətinə keçdi.

Lukaşenko üçün təkadamlıq hakimiyyət yolunda əsas maneələr parlament və Konstitusiya Məhkəməsi idi. Prezident 1994-dən 1996-yadək bu orqanlarla münaqişədə oldu. 1995-ci ildə – prezident seçiləndən bir il sonra Lukaşenko birinci referendum təşəbbüsünü irəli sürdü. Dövlət rəmzinin dəyişməsini və rus dilinə dövlət dili statusunun verilməsini nəzərdə tutan referendum ideyası parlamentdəki müxalifətin kəskin etirazı ilə qarşılaşdı.

Bir qrup deputat etiraz əlaməti olaraq elə iclas zalındaca aclığa başladı. Aclıq edən deputatlardan Sergey Naumçik deyir ki, həmin vaxt icraedici hakimiyyət deputatlara qarşı güc tətbiq etmişdi. Belə ki, 12 aprel gecəsi parlament binasına təhlükəsizlik qüvvələri yeridilib və onlar deputatlara zor tətbiq etməyə, parlamentariləri zaldan çıxarmağa başlayıblar. Sonradan Lukaşenko etiraf etmişdi ki, deputatların təxliyyə olunmasına o göstəriş verib.

Naumçikin fikrincə, məhz həmin vaxtdan Belarusda antidemokratik rejim qurulub. Sonrakı dövrlərdə isə avtoritarizm daha da möhkəmlənib.

Politoloq Valeri Karbaleviç bildirir ki, həmin dönəmdə Lukaşenko qanunları tez-tez kobud şəkildə pozurdu. Hətta Konstitusiya Məhkəməsi bir neçə dəfə prezidentin sərəncamlarını antikonstitusion elan etmişdi. Və tələb etmişdi ki, onlara düzəliş etsin. Lakin Lukaşenko məhkəməyə məhəl qoymamış, əksinə, icraedici hakimiyyətin onun sərəncamlarını icra etməsini təmin edən sistem yaratmışdı.

Parlamentlə prezident arasında ziddiyyət o həddə çatmışdı ki, 1996-cı ildə Lukaşenko daha çox səlahiyyət tələbilə ikinci referendum təşəbbüsü ilə çıxış etmişdi. Və gələcək referendumun nəticələrinə məcburi statusu verilməsi haqda sərəncam imzalamışdı. Konstitusiya Məhkəməsi isə buna qarşı çıxaraq bəyan etmişdi ki, referendum yalnız tövsiyə xarakterli ola bilər.

Ali Sovetin deputatları baş verənlərə etiraz olaraq Lukaşenko ilə bağlı impiçment təşəbbüsü irəli sürmüşdülər. Lakin Moskva yubanmadan işə qarışmışdı. Rusiya baş naziri Viktor Çernomırdinin, həmçinin Gennadi Selezyov və Yeqor Stroyevin vasitəçiliyi ilə tərəflər razılığa gələ bilmişdilər. İmpiçmentlə bağlı iş dayandırılmış, referendum isə tövsiyə xarakterli olmuşdu.

Lakin razılaşmaya əməl edilmədi və bu da Lukaşenkoya referendumu istədiyi şəkildə keçirməyə yol açdı. Nəticədə prezidentlik müddətinin sayılmasına yenidən başlanıldı və müddət daha iki illiyinə uzadıldı.

1996-cı il referendumunda həmçinin Müstəqillik Gününün başqa tarixə keçirilməsi və ölüm hökmünün saxlanılması məsələləri də həll olunurdu. Beynəlxalq ictimaiyyət referendumun nəticələrini tanımadı və qeyri-qanuni elan etdi.

Politoloq Karbaleviç həmin hadisələri ölkədə avtoritar rejimin bərqərar olduğu konstitusion çevriliş kimi qiymətləndirir. Səsvermədən dərhal sonra prezident Ali Soveti buraxdı və öz nəzarətində olan ikipalatalı Milli Yığıncaq formalaşdırdı.

Referendumdan sonra Konstitusiya Məhkəməsinin sədri Valeri Tixinya və məhkəmənin 7 hakimi, həmçinin baş nazir, əmək naziri, xarici işlər nazirinin müavini istefaya getdi. Lukaşenko faktiki olaraq qanunverici hakimiyyəti və məhkəmə hakimiyyətini özünə tabe etdi.

“SSRİ-nin və köhnə sistemlərin çöküşündən sonra, iqtisadi böhran fonunda biri gəldi və qəti şəkildə bildirdi: “Mən nə etmək lazım olduğunu bilirəm”. Və xalq da ona inandı. Üstəlik müxalifət də insanları kütləvi etirazlar üçün mobilizə edə bilməzdi”, – deyə Karbaleviç bildirir.

Naumçikin sözlərinə görə, Lukaşenko demokratiyanı getdikcə əzir, cəmiyyət isə öz susqunluğu ilə ona hakimiyyəti ələ keçirməyə imkan yaradırdı: “Bunun nəticəsi olaraq Belarusda artıq 23 ildir ki, siyasi partiyalar quramadır, müstəqil mətbuat yoxdur, müstəqil həmkarlar ittifaqları mövcud deyil, insanlar isə öz fikirlərini ifadə etməkdən qorxurlar”.

Tərcümə Strateq.az-ındır





Yuxarı Əvvələ Ana Səhifə