XƏBƏR LENTİ

08 Dekabr 2019
07 Dekabr 2019

Digər Xəbərlər

23 Avqust 2019 - 15:53

YAXIN ŞƏRQİN LİDERLƏRİ ÇİNİN QUCAĞINA ATILIR –Pekin bölgədə yaranmış siyasi boşluğu necə doldurur?

“Project Syndicate”, 22.08.2019

 

Çinin rəğbətini qazanmaq uğrunda Yaxın Şərq liderlərinin yarışa başladığı görünür. Bölgə ABŞ-ın siyasətini tənqid atəşinə tutsa da, siyasi elitaları Çinə xoş sözlər söyləməklə məşğuldur və çeşidli ikitərəfli müqavilələr imzalamaq üçün Pekinə üz tuturlar. Misir prezidenti Əbdülfəttah Sisi, məsələn, 2014-cü ildən bəri Çinə 6 dəfə səfər edib.

2008-ci ilin qlobal maliyyə böhranından fərqli olaraq, növbəti tənəzzülün Çin-Amerika ticarət və texnoloji müharibəsindən yaranması ehtimal olunur.

Çin və Yaxın Şərq hökumətləri arasındakı əlaqələrin əksəriyyəti hələ də enerji və iqtisadi əlaqələrə yönəlsə də, əməkdaşlıq getdikcə müdafiə kimi yeni sahələri əhatə edir. Bundan əlavə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu yaxınlarda Çin dilinin tədrisini öz milli tədris proqramlarına daxil etməyi planlaşdırdıqlarını açıqlayıb. Hər iki ölkə (və bölgədəki digərləri) Çinin müsəlman uyğur əhalini təqib etməsini müdafiə edib, halbuki bu, Qərbdə geniş şəkildə pislənib.

Bütün bunlar iki sual doğurur: Niyə Yaxın Şərq dövlətləri Çinə dəstək verir? Çin Amerikanın yaratdığı siyasi boşluğu nə dərəcədə doldura bilər?

İlk baxışdan, Yaxın Şərq hökumətlərinin Çinə yeni sevgisi çaşqınlıq yaradır. Mühafizəkar ərəb rejimləri tarixən kommunist Çindən şübhəli idilər və yalnız 1980-90-cı illərin əvvəllərində diplomatik münasibətlər qurublar. Üstəlik, bölgədəki bir çox ölkə ABŞ-la uzunmüddətli müdafiə əlaqələrinə malikdir. Lakin ABŞ-ın bu müttəfiqlərindən bəziləri, xüsusən Misir, BƏƏ və Səudiyyə Ərəbistanı Çinlə hərtərəfli strateji tərəfdaşlıq müqavilələri imzalayıblar.

Bu inkişaflar Vaşinqtonda artan narahatlığa səbəb olur. ABŞ hökuməti həssas texnologiyalarla əlaqədar Çinlə əməkdaşlıq mövzusunda narahatlıqlarını İsrailə də çatdırıb. Çin texnoloji firmalarının – “Huawei” və ZTE-nin İsrail bazarına girməsi xüsusi narahatlıq mənbəyi olub.

Bu cür epizodlar, ən azı Yaxın Şərqdəki ittifaq və tərəfdaşlığa dair ABŞ və Çin arasındakı əsas fərqlərdən birini ortaya qoyur. ABŞ-a qarşı regional etibarsızlığı nəzərə alan Çin ərəb hökumətlərindən iki güc arasında seçim etmə tələbindən çəkinir. Amerika isə əksinə, müttəfiqlərinin çox vaxt məhz belə bir seçim etməni istəyir. İndi Yaxın Şərq hökumətlərinin çoxu, ehtimal ki, tarazlaşdırıcı hərəkət etməlidir.

Bir neçə amil hazırda Çini Yaxın Şərq hökumətləri üçün cəlbedici tərəfdaş halına gətirir. Başlanğıc üçün Çində dinamik, sürətlə böyüyən iqtisadiyyat, üsyanlar və demokratikləşmə mövzusunda əyilməz liderlər var. Onların əsas xarici siyasət prioritetləri iqtisadi əlaqə, enerji mənbələrinin təhlükəsiz axını və regional sərmayələrin qorunmasıdır. Çin Yaxın Şərqə siyasi ideya deyil, mal -əmtəə ixrac etmək istəyir.

Üstəlik, Çin kimi bir çox Yaxın Şərq rejimi real siyasi islahatlardan daha çox iqtisadi böyümə və inkişaf yolu ilə qanuniliyini gücləndirməyə çalışır. Bölgədə 2011-ci ilin “Ərəb Baharı” üsyanlarını xatırlayaraq bir neçə hökumət, “Səudiyyə Ərəbistanının 2030 Görüntüsü” və “Küveytin 2035 Görünüşü” kimi, yaşayış səviyyələrini yüksəltməyə yönəldilmiş iddialı milli inkişaf planlarını açıqlayıb.

Nəhayət, Çin və Rusiya ilə daha güclü əlaqələr, Qərblə çətin münasibətlərlə müqayisədə, Yaxın Şərq hökmdarları üçün cəlbedici seçimdir.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bu ilin əvvəlində, “Vaşinqton Post” qəzetinin köşə yazarı Camal Xaşuqcinin İstanbuldakı Səudiyyə konsulluğunda öldürülməsindən bir neçə ay sonra, Asiyaya səfər edib. Qərb tərəfindən sarsılan MBS, Asiya zirvə görüşü ilə, beynəlxalq imicini normallaşdırmağa çalışıb. Bənzər bir məntiqlə 2013-cü ildə Misirdəki qanlı çevrilişindən sonra Sisinin Çinə yollanıb.

İran, keyfiyyətcə fərqli olmasına baxmayaraq, Qərbdən getdikcə daha çox təcrid edilməsi onu Çinlə daha sıx əməkdaşlıq etməyə sövq edir. ABŞ 2015-ci ilin nüvə sazişindən çıxdıqdan və sanksiyaları qüvvəyə qaytardığından Çinlə yaxın münasibətlər İslam Respublikası üçün seçim deyil, zərurət məsələsi olub. Çin də, öz növbəsində, fürsətdən tam istifadə və İranı ikitərəfli saziş və ticarət üçün özünəsərfəli şərtləri qəbul etməyə məcbur edib.

Eyni zamanda, Çin Yaxın Şərqin İsrail-Fələstin münaqişəsi və ya Suriya böhranı kimi çətin və siyasi problemlərin həllində mənalı bir rol oynama qabiliyyətinin məhdud olduğunu bilir. Burada ABŞ yenə də əsas xarici oyunçudur.

Lakin Amerikanın gücü Çin üçün mütləq pis xəbər deyil: prinsipcə, bölgədə Çin və ABŞ maraqları arasında böyük bir qarşıdurma olmamalıdır. Cibutidə və Pakistandakı Qvadarda dəniz bazalarına sahib olan Çin Yaxın Şərqdə heç bir böyük siyasi rol oynamağa can atmır. Bundan əlavə, Amerikanın regional sabitliyi, xüsusən Körfəzi təhlükəsizlik çətiri ilə təmin etmək məqsədi Çinə iqtisadi və enerji maraqlarını qorumağa kömək edir.

ABŞ-dan fərqli olaraq, Çinin heç bir Yaxın Şərq ölkəsi ilə xüsusi əlaqəsi yoxdur. Nəticədə, yanaşma həssas geosiyasi məsələlərdən çəkinmək və Çin iqtisadi maraqlarını önə çıxarmaq, ərəb hökmdarların ABŞ siyasətindən narazılığını əsas götürmək son dərəcə sərfəlidir. Amma Yaxın Şərq kimi dəyişkən bir bölgədə isə belə bir yanaşmanın nə qədər davam edə biləcəyi sual altındadır.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə