XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

23 Avqust 2019 - 21:32

ABŞ “TALİBAN”LA ANLAŞMANIN BİR ADDIMLIĞINDA- Əfqanıstan danışıqlar masasına oturmur; rəsmi Kabil sülhə niyə qarşı çıxır?

rbc.ru, (Rusiya)

 

Birləşmiş Ştatlar və «Taliban» sülh sazişi imzalamağa çox yaxın olsalar da, proses rəsmi Kabilin mövqeyi ucbatından uzanır. Əfqanıstan hökuməti danışıqlarda üçüncü tərəf olmaq istəmir.

Avqustun 20-də ABŞ Dövlət Departamentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad danışıqlar üçün növbəti dəfə Dohaya (“Taliban”ın siyasi qanadının rəhbərliyi bu şəhərdədir) yollandı. Bundan əvvəl ABŞ taliblərlə sülh sazişinin şərtlərini də razılaşdırmışdı. Lakin rəsmi Kabilin mövqeyinə görə imzalanma təxirə salındı.

Dövlət Departamentinin məlumatında bildirilir ki, Xəlilzad Dohadan Əfqanıstanın paytaxtına gedəcək.

Birləşmiş Ştatlar və «Taliban» Əfqanıstanda vəziyyəti yoluna qoymaq üçün bir ildən bir qədər artıqdır danışıq aparır. Bu müddətdə onlar gələcək sülh sazişi ilə bağlı 4 əsas şərti də müəyyənləşdiriblər.

1. «Taliban» zəmanət verir ki, “Əl-Qaidə” və bu kimi beynəlxalq terrorçu qruplaşmaların Əfqanıstan ərazisindən təlim meydançası kimi istifadə etməsinə imkan verməyəcək.

2. ABŞ öz qoşunlarını Əfqanıstan ərazisindən çıxarmaq öhdəliyi götürür. Sülh sazişindən dərhal sonra ABŞ kontingentinin bir hissəsi (ölkədəki 14 min ABŞ hərbçisindən 5 mini) ölkədən çıxarılır. Yerdə qalanı isə ölkəni iki il ərzində tərk edir. Bu barədə öz mənbələrinə istinadən “The Washington Post” və “The New York Times” da məlumat yayıb. Bu arada, Əfqanıstanda ABŞ hərbçiləri ilə yanaşı, 39 ölkədən daha 17 min hərbçi də var.

3. Əfqanıstanda münaqişədə olan tərəflər daxili siyasi dialoq başladır.

4. Ölkədə müddətsiz atəşkəs elan olunur.

Qeyd etdiyimiz kimi, rəsmi Kabil danışıqlarda iştirak etmir. Hazırda sülh sazişinin imzalanması üçün əsas əngəl məhz Əfqanıstan hökumətinin mövqeyidir. Birləşmiş Ştatlar isə Kabilin sülhlə bağlı şərtlərə sadiq qalmasını istəyir. Əks halda, razılaşmanın son iki bəndi yerinə yetirilməmiş qalacaq.

Əfqanıstanın mülki əhalisi arasında ölənlərin sayı ildən-ilə artır. BMT-nin Əfqanıstandakı missiyasının hesablamalarına görə, ötən il hökumətlə qruplaşmalar arasındakı qarşıdurmalarda 3804 nəfər həyatını itirib ki, onlardan da 927-si uşaqlar olub. Bu, adıçəkilən missiyanın bu vaxta qədərki müşahidələri dövründə ən yüksək göstəricidir.

Əfqanıstan hökuməti hələ ki taliblərlə danışıqlara gemir. Rəsmilər bir neçə dəfə bildiriblər ki, bu, ancaq 28 sentyabrda keçiriləcək seçkilərdən sonra mümkün ola bilər. Taliblər seçkini tanımır, qeyri-legitim sayır və hökuməti seçki məntəqələrinə hücumla təhdid edir.

“İndi seçkidə maraqlı olan yeganə şəxs hazırkı prezident Əşrəf Qənidir”, – deyə Əfqanıstan üzrə ekspert Arkadi Dubnov hesab edir: “ABŞ-la taliblər arasında anlaşma həm də əfqanlararası dialoqu nəzərdə tutur. Bu da məntiqi baxımdan müvəqqəti hökumətin yaradılması zərurətini yaradır. Prezident seçkilərinin keçirilməsini isə istisna edir. Qəni başa düşür ki, əgər seçki olmasa, hakimiyyəti saxlaya bilməyəcək. Ona görə də Kabilin bu danışıqlara qarşı çıxmağının əsas səbəbi Qəninin hakimiyyəti saxlamaq cəhdləridir. Təəssüf ki, bu, məsuliyyətsiz siyasətdir”.

Öz növbəsində Əfqanıstan müxalifəti hesab edir ki, seçkilər siyasi böhrana apara bilər. Ona görə də müxalifət sülh sazişinə köklənməyi, səsverməni bir neçə ay sonraya təxirə salmağı təklif edir.

Müasir Əfqanıstanı Öyrənmə Mərkəzinin direktoru Omar Nəssar da hesab edir ki, sülh sazişi hazırkı hakimiyyət üçün sərfəli deyil: “Lakin rəsmi hakimiyyətin iştirakı olmadan dialoq mümkün deyil. Bu səbəbdən də Vaşinqton Kabilin taliblərlə danışıqlarda iştirakında israr edir. Lakin istisna deyil ki, ABŞ sonda Kabilin razılığını nəzərə almadan addım atacaq”.

ABŞ “Taliban”la sülh sazişi üçün çalışmaları ötən ilin iyulundan başladıb. Həmin vaxt ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Elis Uells qruplaşmanın təmsilçiləri ilə Dohada gizli görüş keçirmişdi. Elə həmin ilin dekabrında məlumat yayıldı ki, Suriyanın ardınca ABŞ Əfqanıstanda da kontingentini məhdudlaşdırmağa hazırlaşır. Söhbət, 7 min hərbçinin ölkədən çıxarılmasından gedirdi.

Qoşunları çıxarmaq planı ilə bağlı prezident Donald Tramp da danışmışdı. Bu ilin iyununda Kabildəki mətbuat konfransında dövlət katibi Mayk Pompeo bildirdi ki, ABŞ Əfqanıstanda sülhü bərqərar etmək üçün sentyabradək taliblərlə anlaşmağı planlaşdırır. Bir ay sonra Pompeo dedi ki, Ağ Ev qoşunlarını 7 noyabr 2020-ci ildəki seçkilərə qədər çıxarmaq niyyətindədir.

12 avqustda ABŞ-la “Taliban” təmsilçiləri arasında danışıqların 8-ci raundu başa çatdı. Həmin vaxt ABŞ nümayəndə heyətinə Zalmay Xəlilzad rəhbərlik edirdi. Talibləri isə qruplaşmanın siyasi qanadının lideri Abbas Stanikzay təmsil edirdi. Son rəsmi görüşüdən əvvəl taliblərin Qətər ofisinin təmsilçisi Məhəmməd Süheyl Şahin bildirdi ki, sülh sazişi hələ ki sonadək razılaşdırılmayıb. Və bu baş verəndə imzalanma mərasiminə Rusiya da dəvət olunacaq.

Avqustun 16-da ABŞ prezidenti Donald Tramp Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün Ağ Evin yüksək vəzifəli rəsmisi ilə görüşüb. Görüşdə Zalmay Xəlilzad da iştirak edib. “The Washington Post”un yazdığına görə, prezidentə razılaşmanın şərtləri, həmçinin qoşunların çıxarılma variantları təqdim olunub. Müzakirələr başa çatandan sonra ABŞ prezidenti “Twitter”də paylaşım edərək olduqca yaxşı görüş keçirdiyini bəyan etmişdi…

Tərcümə etdi: G.Hüseynova

Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə