XƏBƏR LENTİ

15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

04 Sentyabr 2019 - 00:25

BEŞ DİL BİLƏN, MÜĞƏNNİLİK EDƏN, ƏRİNİ MÜƏMMALI ŞƏKİLDƏ İTİRƏN PREZİDENT QIZI…- Yeni iqtidarın etimadını qazanan "köhnə kadr": Dariqa Nazarbayeva...

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva dünən yenidən ölkə Senatının sədri seçilib. Gizli səsvermə yolu ilə keçirilən seçkidə senatorlar yekdilliklə xanım Nazarbayevanı dəstəkləyiblər. Əslində D.Nazarbayeva son səsvermədən öncə də bu postu tuturdu. Avqustun ortalarında onun deputat səlahiyyətlərinin müddəti başa çatdığından yeni seçki keçirildi. 56 yaşlı Dariqa Nazarbayeva Senata bu il martın 19-dan sədrlik edir. 

Dariqa Nazarbayeva 7 may 1963-cü ildə Qazaxıstanın Temirtau şəhərində dünyaya gəlib. O hələ uşaq olanda, atası Nursultan Nazarbayev artıq ölkənin tanınmış siyasətçilərindən idi. N.Nazarbayev əvvəl Qazaxıstan SSRİ-nin prezidenti idi, sovetlərin çöküşündən sonra Qazaxıstanın prezidenti oldu.

Dariqanın anası Sara Alpısovna ixtsasca mühəndis-iqtisadçıdır. Sonradan xanım Alpısova xeyriyyə layihələri həyata keçirməyə başlayıb. Nazarbayevlər ailəsində üç qız dünyaya gəlib – Dariqa, Dinarə, Aliyə.

Dariqadan fərqli olaraq bacıları özlərini biznesdə sınamağa üstünlük veriblər və bu sahədə ciddi uğur qazanıblar. Dinarə Nazarbayeva həm də Qazaxıstan Xalq Bankının səhmdarıdır. Hazırda İsveçrədə yaşayır və əri Timur Kulibayev də iş adamıdır.

Aliyə Nazarbayeva “Elitstroy” inşaat şirkətinə rəhbərlik edir. 1998-ci ildə Qırğızıstanın keçmiş prezidenti Əskər Akayevin oğlu Aydarla ailə qurub, lakin cütlük üç ildən sonra ayrılıb.

Orta məktəbi bitirəndən sonra Dariqa Moskva Dövlət Universitetinə qəbul olunur və tarix fakültəsində təhsil almağa başlayır. İki il burada oxuyandan sonra doğma ölkəsinə qayıdır və iki il sonra Kirov adına Qazaxıstan Dövlət Universitetini bitirir.

Gələcək siyasətçinin elmi fəaliyyəti bununla bitmir. Dariqa elmi iş üzərində işləyərək tarix elmləri namizədi elmi dərəcəsinə yiyələnir. Bunun ardından da politologiya üzrə doktorluq dissertasiyasını müdafiə edir.

Gənclik illərində uşaqlara yardım üçün vəsait toplayan “Bebek” (Körpə) xeyriyyə fondu ilə əməkdaşlıq edən Dariqa sonradan bu qurumda vitse-prezident vəzifəsini tutur. Və 1994-cü ilədək burada çalışır.

Daha sonra bir neçə il KİV sahəsində işləyir, “Qazaxıstanın televiziya və radiosu” təşkilatının rəhbəri olur. Həmçinin 98-ci ilədək “Xəbər” informasiya agentliyində direktor postunu tutur. Bir neçə il bu agentliyin rəhbərliyində və Direktorlar Şurasında təmsil olunur.

Siyasətlə əvvəllər də maraqlanan Dariqa 2004-cü ildə gücünü sınamağa qərar verir və deputatlığa namizəd olur. Seçkidə uğur qazanan xanım Nazarbayeva 2007-ci ilə qədər parlamentdə “Asar” partiyasını təmsil edir.

2007-ci ildə “Qazaxıstan Respublikasının birinci prezidentinin fondu” ictimai təşkilatının başına keçir. Bir neçə il sonra – 2012-ci ildə yenidən deputat seçilir. Həmçinin Qazaxıstanın sosial-mədəni inkişafına məsul olan komitənin sədri olur.

Vlast.kz. internet portalının rəyinə görə, cəmi bir il sonra Dariqa Nazarbayeva Qazaxıstanın ən nüfuzlu qadınlarının reytinqində lider olur.

Məqsədyönlü və güclü iradəyə sahib olan xanım Nazarbayeva karyera pillələrində inamla yüksəlir. 2014-cü ildə o, ölkə məclisinin sədr müavini olur, eyni zamanda “Nur Otan” fraksiyanın lideri seçilir. Bir il sonra – 2015-ci ildə baş nazirin müavini postuna yiyələnir.

Siyasi və ictimai fəaliyyətlə məşğul olduğu illərdə D.Nazarbayeva Qazaxıstan Respublikasının müxtəlif orden və medallarına layiq görülüb.

2017-ci ilin noyabrında Dariqanın adı yenidən qəzetlərin ilk səhifələrini bəzəyir. O, Qazaxıstan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən şuraya sədr seçilir. Şuradakı ilk çıxışında D.Nazarbayeva problemlərdən söz açıraq bildirir ki, qurumun əsas vəzifəsi hakimiyyətlə cəmiyyət arasında birbaşa rabitə və əməkdaşlığı təmin etməkdir.

Yeni vəzifəsində Dariqa həm də ümumi dəyəri 27.4 milyard dollardan çox olan və 50-dən artıq Qazaxıstan-Çin investisiya layihəsini təmsil edən “Bir kəmər, bir yol” proqramının icrasına nəzarət edir.

Sosial şəbəkələrdən və messencerdən istifadə etməyən Dariqanın şəxsi «İnstaqram» hesabı da yoxdur.

Müstəqil siyasi iradəyə malik olan Dariqa bunu öz çıxışlarında da nümayiş etdirir. 2018-ci ildəki çıxışı zamanı Nursultan Nazarbayev bütün dövlət aparatının qazax dilinə keçməsi barədə bəyanat verir. Bunun ardınca Dariqa rus dilinin müdafiəsinə qalxaraq, “hələ heç kim rus dilini ləğv etməyib” deyərək jurnalistləri sakitləşdirir. Və insanları millətlərarası birliyə çağırır.

D.Nazarbayeva boş vaxtlarını yaradıcılığa həsr edir. Hələ universitetdə oxuyarkən vokalla maraqlanan Dariqaya özünü sınamağı və dövlət konservatoriyasında müsabiqəyə qatılmağı təklif edirlər. Lakin atası razılaşmayaraq qızının universiteti yarımçıq qoymasına qarşı çıxır. Belə olan halda istedad hobbiyə çevrilir. Dariqa tez-tez xeyriyyə konsertləri təşkil edir. Onun repertuarında xalq mahnıları ilə yanaşı, ariyalar da var.

Nazarbayevanın olduqca istedadlı olduğunu deyən sənətkarlar onu professional müğənni kimi qiymətləndirirlər.

Bu arada, Dariqanın xarici dillərə də böyük marağı var. O, öz ana dilindən əlavə, ingilis, italyan, alman və rus dillərində sərbəst danışır.

Şəxsi həyatına gəlincə, D.Nazarbayeva 1983-cü ildə Rahat Əliyevlə ailə qurub. R.Aliyev xanımı kimi siyasi və diplomatik faəliyyətlə məşğul idi. Sonradan Dariqa etiraf etmişdi ki, həyat yoldaşına ilk baxışda aşiq olub. Сütlüyün bu nikahdan üç övladı dünyaya gəlib – oğlanları Nurəli və Aysultan, qızları Venera.

Lakin 2007-ci ildə R.Aliyevin adı bir sıra cinayətlərdə hallanır və o, Qazaxıstandan vaxtilə səfir olduğu Avstriyaya qaçmalı olur. R.Əliyev səhmdarı olduğu “Nurbank”ın İdarə Heyətinin üzvlərini pul qoparmaq niyyətilə oğurlamaqda ittiham olunur.

Rahat Əliyev özünə qarşı təqibi siyasi motivlərlə izah edərək, Avstriyadan Qazaxıstana qayıtmayacağını bildirir. Lakin R.Əliyevin sağ qalmaq cəhdləri nəticəsiz qalır və o, 2015-ci ildə Avstriya həbsxanasındakı kamerasında asılmış vəziyyətdə tapılır.

Rəsmi versiyaya görə, bu, intihar idi. Alman ekspert Bernd Brinkman isə R.Əliyevin intihar etdiyinə dair versiyanı qəbul etmədiyini bildirərək bunun qətl olduğunu demişdi. Brinkman 2015-ci il dekabrın 12-də Vyanada mətbuat konfransında bildirmişdi ki, boğulma qırışlarından aşağıda olan göy ləkələr hadisənin qətl olması haqda qənaət doğurur. Ekspertin sözlərinə görə, qançırlar onu deməyə əsas verir ki, Əliyevi boğandan sonra asıblar. Brinkmann həmçinin hesab edirdi ki, qatillər (ekspertin fikrincə, azı iki nəfər olub) onun döş qəfəsini əzərək ağız və burnunu tıxayıblar.

Rahat Əliyev vətənə xəyanət, dövlət çevrilişinə cəhd kimi, bir sıra ağır maddələrdə də ittiham olunmuşdu. O, vətənində qiyabi mühakimə olunmuş və ümumilikdə 40 il müddətinə azadlıqdan məhrum edilmişdi. Avstriya əməliyyatçıları Qazaxıstan hökumətinin tələbi ilə R.Əliyevi 2015-ci ildə Vyanada həbs etmişdilər.

Dariqa qalmaqallı proses başlayan kimi birtərəfli qaydada – R.Əliyevin razılığı olmadan ərindən boşanır və bir müddət ictimai həyatdan kənarlaşır. Yalnız bir neçə il sonra aktiv fəaliyyətə dönür və baş nazirin müavini postunu tutur.

Rəsmi versiya “intihar” olsa da, mətbuat R.Əliyevin qəsdən öldürüldüyünü müzakirə etməyə başlayır. Jurnalistlərin yazdığına görə, hadisənin məhkəmə ərəfəsi baş verməsi şübhə yaradan əsas məqamlardan biridir. Belə ki, R.Əliyev əvvəlcədən bəyan etmişdi ki, məhkəmədə Qazaxıstan məmurları ilə bağlı şok faktlar açıqlayacaq.

Keçmiş kürəkən sağlığında qayınatısı Nazarbayevi də hədəfə gətirən fikirlər səsləndirmişdi. Məsələn, o özünün “Xaç qayınatası” kitabında Nazarbayevin şəxsi həyatına dair bunları yazıb: “Gülnarə Rakişeva hələ bir neçə il əvvəl Qazaxıstan prezidentinin özəl aviadəstəsində heç kimin tanımadığı stüardessa olarkən Nursultan Nazarbayevlə yaxından tanış olub. Qazaxıstan prezidenti zərif cinsə qarşı həmişə zəiflik göstərib, amma bir qayda olaraq çoxsaylı məşuqələrini artıq səhərə yaxın unudub. Gülnarə ilə başqa cür alınıb: külli-ixtiyar sahibi olan qazax xanının artıq cavan olmayan stüardessa ilə əlaqəsi nəinki kəsilib, əksinə, daha da möhkəmlənməyə başlayıb. Demək olar ki, ər-arvad münasibətinə keçib. Sadə stüardessanın gümrah, qoca Nazarbayevi nə ilə cəzb etdiyi müəmma olaraq qalır”.

Hələ bir neçə il əvvəl Almaniyanın “Handelsblatt” nəşri yazmışdı ki, Nursultan Nazarbayevin ailəsində iki milyarder (qızı Dinarə və kürəkəni Timur Kulibayev) və bir neçə milyoner (qızı Dariqa, nəvəsi Nurəli mə qardaşı Bulat Nazarbayev) var…

Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə