XƏBƏR LENTİ

15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

06 Sentyabr 2019 - 13:27

Putin haradadır? Prezident partiyası seçkidə yoxa çıxıb –"Politico"-nun şərhi

Mark Bennets

“Politico”, 06.09.2019

 

Moskva seçiciləri Bazar günü, sentyabrın 8-də bələdiyyə seçkilərində iştirak edəcək, amma seçki bülletenlərini araşdırdıqda, prezident Vladimir Putinin “Yedinaya Rossiya” Partiyasının bir namizədinin belə adını tapa bilmirlər.

Bunun əvəzinə, daha müşahidəli seçicilər “müstəqil namizədlər” kimi çıxış edən “Yedinaya Rossiya” üzvlərini Putinin getdikcə populyarlğını itirən partiyasından uzaqlaşmaq istəyini görürlər.

“Yedinaya Rossiya” 2001-ci ildə yaranandan bəri ilk dəfə Şəhər Duması seçkiləri üçün rəsmi olaraq namizədlərini irəli sürməyib. Onun çox məşhur olan loqotipi (ayı) seçki ərəfəsində təbliğat lövhələrində görünmür.

Müxalifət fəalları Putinin partiyasına mənsub olan “müstəqil” namizədlərin seçki afişalarını “bəzəyib”: “Diqqət! “Yedinaya Rossiya”.

Karnegi Fondu Moskva Mərkəzinin politoloqu Konstantin Qaaze deyir: “Yedinaya Rossiya” Partiyasının üzvü olduqlarını açıq şəkildə etiraf etsələr, bu, namizədə ləkədir. Bu, ölü partiyadır”.

“Yedinaya Rossiya”ya ictimai dəstək pensiya yaşının mübahisəli 5 illik artımı və bir sıra korrupsiya iddiaları ilə, Rusiya parlamentindəki üstünlüyünü riskə atıb, üstəlik Putinin nüfuzunu azaldıb. 2024-cü ildə isə onun prezidentlik müddəti (texniki olaraq sonuncu) başa çatır.

“ВЦИОМ”-un (Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi) aprel ayında açıqlanan bir sorğunun nəticələrinə əsasən, Moskvadakı seçicilərin yalnız 22 faizi Şəhər Duması seçkilərində “Yedinaya Rossiya” namizədlərini dəstəkləyir, 37 faizi isə müstəqillərə səs verəcək.

Müstəqil düşüncə mərkəzi olan “Sankt-Peterburq Siyasət Fondu” (“Санкт-Петербургский политический фонд») iyul ayında yaydığı başqa bir sorğuda moskvalıların yalnız 11 faizinin “Yedinaya Rossiya”nı dəstəklədiyi bəlli olub.

Qaazenin sözlərinə görə, liberal dayaqlar olaraq qəbul edilən Kremlin yaxınlığındakı mərkəzi bölgələrdə “Yedinaya Rossiya”ya dəstək az olacaq.

“Yedinaya Rossiya” Şəhər Dumasına gizli namizədlərini kütləvi maliyyə dəstəyi ilə təmin edir. Moskva Seçki Komissiyasının qeydləri göstərir ki, Putinin partiyası ilə əlaqələri olan 30-dan çox namizəd Kremlin dəstəklədiyi “Rusiya Xalq Cəbhəsi”ndən 800 milyon rubl (10.9 milyon avro) pul alıb.

Putinin partiyasının Moskva lideri Andrey Metelski müstəqil seçilmək qərarının “Yedinaya Rossiya” ilə əlaqəli namizədlərin seçiciləri çaşdırmaq cəhdi olduğunu təkzib edib. O israr edib ki, bu, siyasi cəsarət nümayişidir. “Biz partiya plakatlarının arxasında gizlənmirik. Şəxsi məsuliyyətdən qorxmuruq və seçicilərimizə cavab verməyə hazırıq”.

Rusiyanın “Vedomosti” qəzeti xəbər verib ki, Kreml (Avstriya) Alp dağlarında 78 milyon avro dəyərində əmlakı olduğu iddia edilən Metelskini seçkidən kənarlaşdırmağı düşünür. Metelskinin təkzib etdiyi bu iddianı ilk dəfə iyul ayında məşhur Kreml tənqidçisi Aleksey Navalnı dilə gətirib.

“Yedinaya Rossiya” problemi təkcə Moskvada mövcud deyil. “ВЦИОМ”-a görə, milli miqyasda hakim partiya seçicilərin təxminən 32 faizinin dəstəyinə malikdir. Keçən il “Yedinaya Rossiya” namizədləri Kommunist Partiyası və Liberal Demokrat Partiyasından olan rəqiblərinə 4 yerli qubernator seçkilərində məğlub olublae. Həm kommunistlərin, həm də RLDP-nin “Yedinaya Rossiya”ya qarşı çıxdıqları bir vaxtda, Kremlin onları müxtəlif dərəcələrdə idarə etdiyinə inanılır.

Bazar günü Moskvada keçiriləcək Şəhər Dumasınaseçkilərdən əlavə, Rusiyanın 16 bölgəsinin rəhbərləri, habelə 13 regional parlamentə millət vəkili seçimi baş tutmalıdır. 6 “Yedinaya Rossiya” üzvü qubernator seçkisinə müstəqil olaraq qatılır. Sankt-Peterburqda “Yedinaya Rossiya”nın şəhər şöbəsinin keçmiş rəhbəri, qubernator vəzifəsini müvəqqəti icra edən Aleksandr Beqlov rəsmi partiya dəstəyi olmayan yeganə namizəddir. Səsvermədən əvvəl onun tərcümeyi-halı “Yedinaya Rossiya”nın veb saytından silinib. Beqlov partiyasının “xalq” olduğunu israr edir.

 

Hakimiyyətdə necə qalmaq olar…

Yedinaya Rossiya”nın reytinqinin aşağı düşməsi o deməkdir ki, Putinin hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra hakimiyyətdə qalmaq üçün partiyanın rolunu yenidən düşünməyə məcbur ola bilər. Rusiya Konstitusiyasına əsasən, prezidentlərə ardıcıl iki dəfədən çox vəzifə tutmaq qadağandır. Hakim partiya parlamentdə üçdə ikilik çoxluğa sahib olsa da, Putinin diqqətlə qurulmuş siyasi sistemində dəyişikliklər qaçılmaz ola bilər.

“Bloomberg” hələ iyul ayında bildirib ki, Kreml parlamentdəki partiya siyahısı ilə əldə edilən 50 faizlik payını 25 faizə endirməyi düşünür. Qalan yerlər “Yedinaya Rossiya” üzvlərinə nominal müstəqil namizədlər kimi veriləcək.

Qaaze deyir: “Partiyanı qurban vermək və prosesi qondarma müstəqil namizədlərlə davam etmək daha asandır”.

«Yedinaya Rossiya»nın qeyri-populyarlığına baxmayaraq, partiyanı silkələmək üçün mənalı islahatların aparılması yaxın gələcəkdə mümkün deyil “, – deyə “R.Politik” siyasi təhlil firmasının rəhbəri Tatyana Stanovaya bildirib. Onun fikrincə, Putinin müşavirləri ona yalnış məlumatlar verməklə, «Yedinaya Rossiya»nın reytinqlərinin yalnız pensiya islahatları səbəbindən azaldığını və vəziyyətin “idarə edilə bilən sabitlik” olduğunu söyləyirlər.

Navalnının antikorrupsiya təşkilatının hüquqşünası Lyubov Sobol deyir: «Yedinaya Rossiya» artıq əksər insanların maraqlarını təmsil etmir və Kreml bunu çox yaxşı bilir”.

Tez-tez hökumət və digər güc strukturlarındakı mənbələrə istinad edən “Project” veb saytı bu həftə hakimiyyətin daxili səsvermədən sonra müxalifət namizədlərinə mane olmağa qərar verdiyini, amma Kremlin tənqidçilərinə Dumada ən azı 9 yer verməyə hazır olduğunu açıqlayıb.

45 yerlik Şəhər Dumasının əhəmiyyətli səlahiyyətləri az olsa da, Kremlin strateqləri Bazar günü qələbənin müxalifət namizədlərinə 2021-ci ildə keçiriləcək parlament seçkiləri öncəsi siyasi platforma verəcəyindən narahatdırlar.

Heç bir müxalifət namizədinə Şəhər Dumasının yarışında iştirak etmək icazəsi verilməsə də, bu, Navalnı və tərəfdarlarını passivləşdirmir. Aleksey Navalnı onlayn videoda deyib: “Yedinaya Rossiya» və onun inhisarını zəiflədəcək namizədə səs verin”.

Bir çox hallarda, Navalnının fikrincə, bu, Kommunist Partiyası və ya millətçi namizədlər üçün uğurlu səsvermə olacaq.

Onun “Ağıllı Səsvermə” planına görə, «Yedinaya Rossiya»nın məğlubiyəti, 2011-ci ilin parlament seçkilərindən sonra olduğutək, kütləvi etirazlar potensialına malikdir.

Cümə axşamı günü maskalı polis əməkdaşları Navalnının antikorrupsiya qərargahına və məşhur “YouTube” videolarının çəkildiyi studiyaya basqın etdiblər. O deyib: “Ağıllı Səsvermə” açıq şəkildə hakimiyyətin gözünü qorxudub”.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə