XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

10 Sentyabr 2019 - 20:23

TRAMPDAN GÖZLƏNİLMƏZ SƏRƏNCAM –Con Boltonun istefası və onun yerinə müvəqqəti təyinat - YENİLƏNİB

ABŞ prezidenti Donald Tramp bu gün gözlənilməz qərar verib.

Strateq.az TRT1-ə istinadla bildirir ki, o, milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu istefaya göndərdiyini açıqlayıb.

“Dünən axşam Con Boltonu xəbərdar etdim ki, bundan sonra Ağ Evdə onun xidmətinə ehtiyac duyulmur. Administrasiyadakı bir çoxları kimi, mən də onun bir çox təklifləri ilə qətiyyən razılaşmadım və buna görə Cona dedim ki, istefa versin və bu gün səhər o, bunu etdi. Xidmətinə görə Cona çox təşəkkür edirəm. Gələn həftə yeni milli təhlükəsizlik müşavirini təyin edəcəyəm”, –  deyə Tramp özünün “Twitter” səhifəsində yazıb.

“Mən dünən gecə istefa etməyi təklif etdim və prezident Tramp “Sabah bu barədə danışaq”, – dedi”.

Bunu da öz “Twitter” səhifəsində Con Bolton yazıb.

Milli təhlükəsizlik müşavirinin istefasına müxtəlif şərhlər verilib.

ABŞ dövlət katibi Mayk Pompeo bu gün maliyyə naziri Stiven Mnuçinlə birgə mətbuat konfransında Donald Trampın prezidentinin İran prezidenti ilə BMT-də heç bir ilkin şərt olmadan görüşə biləcəyini bildirib.

Mətbuat konfransında Pompeo, həmçinin Boltonun işdən çıxarılması ilə bağlı jurnalistlərin suallarını cavablayıb və bu istefa ilə ABŞ-ın xarici siyasətinin dəyişməyəcəyini vurğulayıb.

Yeri gəlmişkən, İsraildəki “Mavi və Ağ” seçki blokundan baş nazirliyə namizəd Yair Lapid ABŞ prezidenti Donald Trampı bu ayın sonunda Nyu-Yorkda İran prezidenti Həsən Ruhani ilə mümkün görüşü ləğv etməyə çağırıb.

“The Jerusalem Post” qəzetinə verdiyi müsahibədə Lapid, bu görüşə etiraz etməyəcəyini söyləyən baş nazir Benyamin Netanyahudan fərqli mövqe sərgiləyib.

BMT-nin son Baş Assambleyası zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə ABŞ-da gizlicə görüşmüş senator Rand Pol Con Boltonun əsas tənqidçisi qeyd edib: “Dünyada müharibə ehtimalları getdikcə azalır… o, sadəlövhcəsinə inanır ki, ölkələri zorla devirərək, birtəhər demokratiyanı qoruyaraq, dünyanı öz görünüşümüzə uyğun şəklə sala bilərik”.

Respublikaçı senator Mitt Romni Con Boltonun gedişini Tramp administrasiyası üçün “böyük itki” adlandırıb və istefa xəbərindən “çox məyus olduğunu” bildirib.

İran-İsrail münasibətləri üzrə analitik Henri Rom “Twitter” səhifəsində yazıb: “ABŞ-ın maliyyə naziri Stiven Mnuçin: Tamamilə işləyir… Maksimum təzyiq kampaniyasını davam etdiririk.

Pompeoya sual: Tramp + Ruhani görüşünü təxmin edə bilərsinizmi?

Pompeo: “Əlbəttə”.

 

Con Boltonun Ağ Evdəki xələfi Çarlz Kupperman (ortada)

İranda ABŞ milli təhlükəsizlik müşavirinin istefasına ilk münasibət bildirən Həsən Ruhaninin müşaviri və Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Hüsaməddin Aşna öz “Twitter” səhifəsində yazıb: “Boltonun istefaya göndərilməsi sıradan bir hadisə deyil, əslində, İslam Respublikasının konstruktiv müqaviməti qarşısında ABŞ-ın maksimum təzyiq strategiyasının uğursuzluğunun həlledici əlamətidir”.

O əlavə edib: “Birləşmiş Ştatlarının İrana qarşı davranışlarını idarə edə biləcəyimizə şübhə etməyin və heç vaxt geri çəkilməyəcəyik. İranı diz çökdürmə uğursuzluğa düçar olacaq”.

“Müharibə və iqtisadi terrorizmin ən böyük tərəfdarı olan şəxsin – Boltonun qovulmasından sonra Ağ Evin İran həqiqətlərini başa düşmək üçün anlamaqda daha az maneələri var”, – deyə İran hökumətinin sözçüsü Əli Rabii tvit atıb.

Rabii daha sonra qeyd edib: “Bir neçə ay əvvəl Con Bolton demişdi ki, İran 3 aydan çox tab gətirməyəcək. Biz duruş gətirdik, o isə getdi. Bütün İran üsyançıları kimi, hər biri hadisə yerini tərk etdi. Digər İran əleyhdarları kimi səhnəni tərk etdi”.

CNN-nin məlumatına görə, dünən, sentyabrın 9-da Tramp və Bolton arasında kəskin mübahisə olub. Teleşəbəkəyə 2 anonim mənbənin verdiyi məlumata görə, mübahisə “Taliban”la danışıqların dayandırılması ilə bağlı olub.

“Vaşinqton Post” qəzeti bir neçə gün əvvəl yazmışdı ki, “Taliban” liderləri ilə Kemp Deviddə planlaşdırılan görüşə dəvətlilər arasında Con Boltonun adı olmayıb.

Bu arada, Milli Təhlükəsizlik Şurasının rəsmiləri Con Boltonun istefasından sonra qurumun gələcəyindən narahatdırlar.

Bolton 2018-ci ilin martında Şuraya gələndə, əsas vəzifələri tutmaq üçün özüylə bir neçə məmur gətirib və bu məmurların taleyi hazırda aydın deyil.

CNN-nin xəbərinə görə, həmin vəzifəli şəxslər də istefa verərsə, MTŞ-nin kadrları əhəmiyyətli dərəcədə tükənəcək, buna görə də, onların hamısının Bolton kimi qovulacağı gözlənilmir. Ancaq bundan sonra nə olacağı ilə bağlı qeyri-müəyyənlik var.

Con Boltonun Ağ Evin milli təhlükəsizlik müşaviri vəzifəsindən uzaqlaşdırılmasından sonra Çarlz Kupperman müvəqqəti milli təhlükəsizlik müşaviri təyin olunub.

“VOA”-nın Ağ Ev müxbiri Stiv Herman öz “Twitter” hesabında yazıb: “Trump köməkçisi Hugen Gidlinin sözlərinə görə, Çarlz Kupperman indi Ağ Evin müvəqqəti milli təhlükəsizlik müşaviridir”.

 





Yuxarı Əvvələ Ana Səhifə