XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

11 Sentyabr 2019 - 12:40

AĞ EVDƏ NÜFUZ SAVAŞININ SONU:Con Boltonun boşaltdığı müşavir kürsüsünü kim tutacaq?

Lora Rozen

“Əl-Monitor”, 11.09.2019

 

Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu çox ciddi siyasi fikir ayrılıqlarına görə işdən çıxardığını tvitlə bildirməsindən sonra ABŞ prezidentinin dövlət katibi və maliyyə naziri Trampın Həsən Ruhani ilə görüşmək üçün heç bir ilkin şərt qoymadığını təkrarlayıb, lakin ABŞ-ın maksimum təzyiq kampaniyasından imtina etmədiyini söyləyiblər.

Ağ Evdə Stiven Mnuçinlə birlikdə keçirdiyi mətbuat brifinqində dövlət katibi Mayk Pompeo deyib: “Prezident heç bir şərt olmadan görüşməyə hazır olduğunu açıq şəkildə bildirib”.

Trampın məhz bu ayın sonunda, BMT Baş Assambleyasında İran prezidenti Həsən Ruhani ilə görüşəcəyi barədə suala Pompeo: “Əlbəttə” cavabını verib.

“Prezident heç bir şərt irəli sürmədən görüşməkdən məmnun olduğunu bildirdi, lakin biz maksimum təzyiq kampaniyasını davam etdiririk”, – maliyyə naziri Mnuçin əlavə edib.

Ağ Evin mətbuat brifinqi Trampın Suriyadakı “əl-Qaidə” ilə əlaqəli qrup olan “Hurras əd-Din”ə qarşı yeni sanksiya tədbirlərinin elan etməsi ilə üst-üstə düşüb və terrorla mübarizə mövzusunda yeni bir icra sərəncamının imzalanması elan edilib.

Bundan əvvəl 20 qrupun, o cümlədən “Hizbullah”, “Həmas”, “Fələstin İslami Cihadı”, İŞİD-in Filippin və Qərbi Afrikadakı partiyaları, “Təhrik-e-Taliban Pakistan” və İnqilabı Keşikçiləri Korpusunun “Quds” Qüvvələri üzvləri “qara siyahı”ya salınıb.

Brifinqdə əvvəlcə Boltonun da Pompeo və Mnuçinlə birlikdə iştirak edəcəyi güman edilib. Ancaq günortadan əvvəl Tramp Boltonun istefası ilə bağlı tvit atıb.

“Dünən axşam Con Boltonu xəbərdar etdim ki, bundan sonra Ağ Evdə onun xidmətinə ehtiyac duyulmur. Administrasiyadakı bir çoxları kimi, mən də onun bir çox təklifləri ilə qətiyyən razılaşmadım və buna görə Cona dedim ki, istefa versin və bu gün səhər o, bunu etdi. Xidmətinə görə Cona çox təşəkkür edirəm. Gələn həftə yeni milli təhlükəsizlik müşavirini təyin edəcəyəm”, –  deyə Tramp özünün “Twitter” səhifəsində yazıb.

Bolton, öz növbəsində, Trampa istefasını təklif etdiyini və Trampın bu gün məsələni onunla müzakirə edəcəyini bildirib.

Pompeo və Mnuçindən Boltonun qovulmasından bixəbər olub-olmadıqları soruşulduqda, qəhqəhə çəkiblər. “Buna təəccüblənmirəm”, – deyə Pompeo gülüb. Sonradan o, Boltonla çoxsaylı məsələlərdə fikir ayrılığının olduğunu etiraf edib.

Pompeo deyib: “Dəfələrlə Boltonla razılaşmadıq, ancaq bu, mənim ünsiyyətdə olduğum insanlara xas cəhətdir”.

Mnuçinin sözlərinə görə: “Prezidentin İraq müharibəsi və səfir Boltona baxışı çox fərqli idi və prezident bunu açıq bildirdi”.

Ağ Evin mətbuat katibi Hoqan Gidli daha sonra Boltonun “prioritetləri və siyasəti yalnız prezidentlə uyğun gəlmir” açıqlaması verib.

Bolton müttəfiqi olan Milli Təhlükəsizlik Şurasının rəsmisi Çarlz Kupperman Trampın yeni təyinatına qədər milli təhlükəsizlik müşaviri vəzifəsini icra edəcək.

“Əl-Monitor” keçən həftə Trampın İran diplomatiyası və Fransanın İranla gərginliyi azaltmaq üçün etdiyi təkliflərdə Mnuçinin daha praqmatik bir rol oynadığını yazmışdı.

Beynəlxalq Böhran Qrupu İran Proqramının direktoru Əli Vaiz deyib: “Artıq bir nümunə var… Prezident çətin bir məsələdə konkret bir siyasət yürütməyə qərar verərsə, öz baxışı ilə tamamilə əlaqəsi olmayan insanları yanına buraxmamağa çalışır. Boltonun Əfqanıstan və Şimali Koreya məsələsində kənarda saxlanılması Mnuçin kimi daha praqmatik insanlara yol açır”.

Brukinqs İnstitutunun alimi Tomas Rayt Boltonun Monqolustana göndərilməsindən sonra Trampın Koreya yarımadasındakı demilitarizasiya zonasına səfəri və həmin ayın əvvəlində İrana zərbə vurmanı ləğv etməsindən sonra onun istefasının zəruri olduğunu bildirib. Hələ iyulun 5-də Rayt “Atlantik”də yazmışdı: “Boltonun vəzifədə qalacağını demək çətindir. Tramp çoxdan bilir ki, Bolton müharibə istəyir. Prezident onu Şimali Koreya və İran məsələlərindən kənarlaşdırdı. Öz növbəsində, Bolton Dövlət Departamenti bürokratiyasına “əsir düşən” kimi Trampın çox sevdiyi Pompeoya şifahi hücum etdi və Şimali Koreya siyasətinin uğursuz olacağını proqnozlaşdırdı”.

Boltonu kimin əvəzləyəcəyinə gəlincə, Rayt namizədlər arasında Trampın Şimali Koreyadakı elçisi Stiv Biqunu irəli çəkir. Həmçinin, istefada olan ordu polkovniki Duqlas MakQreqoru. Körfəz müharibəsi iştirakçısı “Fox News” tok-şousunun aparıcısı Taker Karlsonun tez-tez qonağı olur.

Rayt polkovnik MakQreqoru “Yaxın Şərqdən geri çəkilməyin tərəfdarı və avtoritar dövlətlərlə yaxşı münasibətləri xoşlayan adam” kimi səciyyələndirib.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə