XƏBƏR LENTİ

17 Oktyabr 2019
16 Oktyabr 2019

Digər Xəbərlər

16 Sentyabr 2019 - 19:05

YAXIN ŞƏRQİ BÜRÜYƏN NEFT ALOVU:“Artıq açıq oyun gedir, heç kim heç nəyi gizlətmir” - Araşdırma  

Darya Rınoçnova

vzqlyad.ru, 15.09.2019

 

Husilərin pilotsuzlarının Səudiyyə Ərəbistanının ən önəmli enerji obyektlərinə hava zərbəsi və İranın ünvanına ABŞ-ın kəskin bəyanatı Yaxın Şərqdə tammiqyaslı yeni savaşa dönə bilər. Səudiyyə Ərəbistanı neft hasilatının yarısını itirdiyini artıq etiraf edib. Ekspertlər bir barrel neftin qiymətinin 100 dolları keçəcəyini və yeni kürəsəl iqtisadi böhran proqnozlaşdırırlar.

Səudiyyə Ərəbistanı “Saudi Aramco” neft şirkətinə dronların terror hücumu üzündən neft hasilatının yarısını itirdiyini etiraf edib. Dünyanın ən böyük neft emalı kompleksinə, habelə krallığın həcmcə ikinci ən böyük neft yatağının yerləşdiyi Hurəysə bölgəsində NEZ-ə hücum edilib. Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman məlumat verib ki, “Saudi Aramco”nun  neft hasilatı hücum nəticəsində 50% azalıb. Onun məlumatına görə, bundan savayı, “terakt gündəlik sıxılmış təbii qazın istehsalı üçün istifadə edilən 2 milyard kub. futa yaxın həcmdə qazın istehsalının dayanmasına səbəb olub ki, bu da etan və STQ ehtiyatlarını yarıbayarı azaldır”.

Eyni zamanda hələlik hasilatın tezliklə bərpasından söhbət getmir: “əl-Cəzirə” telekanalı öz qaynaqlarına istinadən xəbər verib ki, müddət günlərlə deyil, həftələrlə ölçülür.

Diqqətçəkəndir ki, “Ənsar Allah” hərəkatından qiyamçılar  (husilər) hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər. Amma ABŞ bu versiyaya inanmayıb və İranı hücumlara qatılmaqda ittiham edib. Vaşinqton artıq İranın da neft obyektlərinə zərbə endirməklə hədələməyə macal tapıb – bu, Tehranın “yaramaz davranışına” təsir etməlidir.

Bununla belə, İran ABŞ-ın hədələrindən qorxmayıb və xatırladıb ki, Amerikanın hərbi obyektləri sürəkli diqqət altındadır. Xüsusən də İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) hərbi-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə bildirib ki, söhbət ABŞ-ın iki bazası və bir gəmisindən gedir.

RİA “Novosti” onun sözlərini misal gətirir: “(Qətərdə yerləşən) əl-Udeyd bazası, (BƏƏ-də yerləşən) əz-Zəfra bazası və Amerikanın Oman körfəzində yerləşən bir gəmisi nişangahdadır, Amerika tərəfdən cavab halında onları vurarıq”.

Ekspertlər qeyd edirlər ki, dronların Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumu ABŞ-ın İranın ünvanına hədəsinin icrası halında tammiqyaslı münaqişəyə keçə biləsi müharibə aktı idi. Eyni zamanda neft hasilatının uzun müddət azalması qara qızılın qiymətinin artmasına gətirər və bu zaman qiymət hər barrelə 100 dollardan yuxarı ola bilər.

Xarici və Müdafiə Siyasəti üzrə Şuranın prezidenti Fyodor Lukyanov “Vzqlyad” qəzetinə bildirib ki, durum görünə bildiyindən çox-çox  ciddidir. O, qeyd edib ki, bütün bunlar tamamilə gerçək böhrana dönmək təhlükəsi altındadır.

Politoloq deyib: “Yəmən husilərinin on dron vasitəsilə Səudiyyənin iki NEZ-ə (neft enmalı zavodu-tərc.) hücumu dünyada enerji təhlükəsizliyini ciddi sarsıdır. Durum çox qorxuludur, çünki başqa hadisələrdən fərqli olaraq heç kim heç nəyi inkar etmir. Potensialca tam gerçək böhran yaranır. Husilər məsuliyyəti öz üzərlərinə götürüblər, yəni bu, beynəlxalq həyatın kürəsəl neft təchizatı kimi önəmli bir sahəsinə toxunan savaş aktıdır. Təbii ki, ABŞ və böyük ölkələr buna etinasız yanaşmayacaq. Potensialca çox təhlükəli durum – uydurulmuş deyil, tamamilə gerçək böhran meydana çıxır”.

O, eyni zamanda əlavə edib ki, ABŞ tərəfdən İrana ittiham və hədələr artıq heç kimi təəccübləndirmir. Lukyanov üstəlik deyib: “Belə hədələr mübadiləsi, ümumiyyətlə, ABŞ və İranın münasibətlərində köhnə şakərdən əl çəkməməkdir. Amma sözlər, adətən olduğu kimi, işdən həmişə daha güclü çıxacaq. Tramp zərbə vurmağı sevməyən adam kimi tanınıb. Xüsusən də gerçək nəticələrə gətirəni. Bu, hələlik ritorika  səviyyəsində qalacaq. Ancaq hamı anlayır ki, təhlükəli eskalasiya gələ bilər”.

Onun fikrincə, həm neft sahəsində, həm də Səudiyyə Ərəbistanı və İranın münasibətlərində eskalasiyaya yol verməmək qəsdilə indi diplomatik təşəbbüsə başlamaq faydalı olardı.

Ekspert hesab edir: “Bunu hətta Rusiyanın etməyi gərəkdir, çünki həm İranla, həm də Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxşıdır”.

Politoloqun sözlərinə görə, hamı sabit neft mühitində maraqlıdır: “ABŞ neft bazarında istənilən pozğunluğun yerini doldurmağa elə-belə söz verməyib. O öz resurs və ehtiyatlarının bir bölümünü bazara verə bilər. Biz son illərdə Səudiyyə Ərəbistanı ilə çox sıx işləyirik ki, neft bazarını yönəldilən və sabit edək. Belə hoqqalar isə heç kimə gərək deyil”.

Bu arada Kommunikasiya Menecmenti İnstitutundan politoloq Marat Başirov “Telegram-kanal”da qeyd edib ki, kiçik ölçülü pilotsuzların “beçəvari hücumu” infrastruktur obyektlərinə qarşı gələcəyin ən ağlabatan silahı ola bilər. Ekspert yazıb: “Belə eskadrilyaları məhv edən yerüstü HHM sistemləri hələ indi-indi inkişaf edir, effektli hava qırıcı dronlar haqda isə ancaq bəzi sərgilərdə eşidirik. Buna görə də bizim enerji obyektlərimiz də, neftlə işləyən mühərriklər də bir müddət təhlükədə olacaq. Onların hamısı bayırda yerləşib və təhlükəli texnoloji elementləri zirehlənməyib. Heç birinin HHM çətiri yoxdur, bütün müdafiə isə yerdən fiziki soxulmağa hesablanıb”.

Rusiya XT və DQ Akademiyası Sosial Analiz və Proqnozlaşdırma İnstitutu direktorunun müavini Vladimir Nazarov “Vzqlyad” qəzetinə bildirib ki, durumun inkişafı və itkilər Səudiyyə Ərəbistannın əvvəlki səviyyədə hasilata nə qədər tez qayıdacağından asılıdr.

Ekspert deyib: “Hasilat bir neçə gün boyunca əvvəlkindən xeyli aşağı olacaq, bunda qorxulu heç nə yoxdur. Çünki çox böyük ehtiyatlar var – o cümlədən ABŞ və Yaponiyada. Durum pisləşərsə, onda nəticələr ciddi olacaq”.

Nazarov qeyd edib ki, Vaşinqton İranın ünvanına hədələrlə neft bazarında durumu yalnız pisləşdirir. Hədələrin icrası İraqa qarşı savaş zamanı müşahidə olunan qiymət artımını təkrar edə bilər.

Politoloq deyib: “ABŞ-ın çağırışları durumu kəskinləşdirə bilər. ABŞ keçən dəfə İraqa qarşı savaş açarkən qiymətlər güclü sıçrayıb. ABŞ İrana qarşı tammiqyaslı savaşa başlarsa, bu təkrarlana bilər. Ehtimalı dəyərləndirmək mümkün deyil, gözlənilməz məsələdir.

Tramp administrasiyası KXDR-lə bağlı halda olduğu kimi hələlik öz hədələrini yerinə yetirməyib. Onun Çinə  görə də ritorikası kəskinləşir, sadəcə, danışıqlar prosesi üçün öz mövqeyini maksimal sərtləşdirmək istəyir. O, sonadək getmək istəmir, sadəcə, qorxutmaq istəyir. Ümid edək ki, İrana da münasibətdə istisna edilməycək, savaşa hazırlıq deyil, eynisi olacaq”.

ABŞ öz hədələrini yerinə yetirərsə, onda burada İranın reaksiyası da rol oynayar. Ekspert qeyd edib ki, neft obyektlərini bombalamağa başlasalar, bu, savaşın başlanğıcı olacaq.

Rusiya XT və DQ Akademiyası iqtisadi və sosial elmlər fakültəsinin dosenti Alisen Alisenov “Vzqlyad” qəzetinə bildirib ki, səudların neft sektoruna çox güclü zərbə vurulub. Amma vəziyyət Rusiya üçün əlverişli ola bilər.

O, izah edib ki, Səudiyyə Ərəbistanındakı hadisə ilə bağlı iqtisadi reaksiyalar müxtəlifdir. Bunu yatırımçıların qısa və orta müddətli dövrdəki reaksiyasına ayırmaq olar.

İqtisadçı deyib: “Dronların hücumundan sonra Səudiyyə Ərəbistanında neft hasilatı düşüb. Bu isə bazarı qiymət artımına qovacaq. Hasilatın nə qədər azaldığı neft bazarı üçün son dərəcə gözəçarpar olacaq. İranın neft obyektlərinə hücum təhdidi durumu yaxşılaşdırmır. Nəsə olsa, bazar neft qiymətlərinin önəmli artımına hazır olmayacaq. Çünki dünya iqtisadiyyatının artım tempi ləngiyir, tələbat düşüb, yüksəliş perspektivi də hələlik yoxdur”.  

O bu zaman vurğulayıb ki, Səudiyyə Ərəbistanında neft hasilatının azalması Rusiyanın xeyrinədir.

Alisenov izah edib: “Bu, qısamüddətli perspektivdə bizim üçün üstünlük olacaq, çünki neft qiymətlərinin artımı pul yığımını çoxaltmağa imkan verər, axı MB Maliyyə Nazirliyi üçün fəal surətdə valyuta alır. Bu alqılar belə bir dövrdə rekord ola bilər, bu, sürətlənmiş tempdə rezerv formalaşdırmaq imkanı verər. Bu isə Maliyyə Nazirliyinin kvazixəzinə yükü barədə qərarına şərait yarada bilər, amma burada çox şey alqı artımının nə qədər ağır çəkili olacağından asılıdır”.

Ekspert eyni zamanda əlavə edib ki, ABŞ neft qiymətinin artımında maraqlı deyil, buna görə də, çətin ki, İranın neft obyektlərinə zərbə endirsin. O habelə qeyd edib ki, dronların Səudiyyə Ərəbistanına zərbəsi təsadüf deyildi.

Ekspert yekun vurub: “O, İrana qarşı sərtləşdirilmiş sanksiyalar rejimini işə salmaq üçün planlana bilərdi, çünki ABŞ-ın buna dünya birliyi tərəfindən nail olmaqda əvvəlki cəhdləri xüsusi uğurla nəticələnməyib. Bu hadisə isə artıq İrana zərbə üçün bəhanə ola bilər və Qərbin reaksiyası artıq o qədər sərt olmayacaq. Çünki Qərb də neft qiymətləri və tariflərin artımında maraqlı deyil, axı dünya iqtisadiyyatının artım tempi ləngiyir – o cümlədən avrozonada.

Əgər İranın neft obyektlərinə hər halda zərbə vursalar, onda yanacağın qiyməti göylərə yüksələcək. Bu addım əzəmətli risklər daşıyır. Tehran bu halda cavab verər, qiymətlərin böyük artımını törədən böyükmiqyaslı münaqişə olar. Bu zaman söhbət bir barrel üçün 100 dollardan xeyli yuxarı qiymətdən gedəcək”.

Onun fikirlərini “Reuters”in analitik və treyderləri də bölüşür…

Tərcümə Strateq.az-ındır.