XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

23 İyun 2016 - 01:36

Eldar Həsənovun “qəbuledilməz”, Putinin dostunun isə “tələ” saydığı plan gündəlikdə –Rusiya kimin əlinə oynayır?!

putin-33

Xəbər verdiyimiz kimi,  Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ məsələsinin sülh yoluyla həllində “mərhələli həll planı”nın razılaşdırıldığını açıqlayıb.

Novruz Məmmədov deyib ki, bu planda əvvəlcə Azərbaycanın 5, ondan sonra 2 rayonunun azad olunması və dəhlizin müəyyən edilməsi, daha sonra isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi durur. N.Məmmədov bu haqda artıq tərəflər arasında "prinsip etibarilə razılığın əldə edildiyini" də vurğulayıb.

Qeyd edək ki, hazırda əksər siyasətçilər və ekspertlər danışıqların bu plan əsasında reallaşmasının Azərbaycanın maraqlarına uyğunluğu fikrini qabartsalar da, hökumət içərisində və kənarda kifayət qədər ciddi və məlumatlı sayılan şəxslərdən “5+2 formulu”nun ölkəmiz üçün təhlükəli olduğunu sayanlar da var.

Hələlik, hər hansı şərh vermədən, qısaca olaraq bildirək ki, son vaxtlar danışıqlarda məhz bu bu planın gündəmdə olduğuna və üstəlik də “5+2 formulu”nun ölkəmiz üçün təhlükəliliyinə, qəbuledilməzliyinin gərəkliyinə diqqəti çəkən 2 əsas isim olub: Birincisi, hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı səfiri, sabiq baş prokuror Eldar Həsənov, ikincisi isə, onun, eləcə də Rusiya prezidenti Vladimir Putinin yaxın dostu sayılan İlham Rəhimov…

Strateq.az aşağıda hər iki şəxsin “Aprel əməliyyatları"ndan dərhal sonra öz təşəbbüsləriylə mediaya çıxaraq, “5+2 formulu”nun  ziyanları haqda söylədiklərini olduğu kimi təqdim edir.

Eldar-Hasanov-1

Səfir Eldar Həsənovun “5+2 formulu” barədə söylədikləri:

"2003-cü ildən bu günə kimi, Azərbaycan prezidenti Qarabağ məsələsində hər bir Azərbaycan vətəndaşının istəyi, arzusu nədirsə, onu etmək istiqamətində çalışıb. Azərbaycan prezidentinin apardığı siyasət, ordu quruculuğunun nəticəsi Qarabağ məsələsində status-kvonu dəyişib. Lakin burda bir şey nəzərə alınmalıdır. Belə söhbətlər səslənir ki, bəzi beynəlxalq vasitəçilər Qarabağ məsələsini 5+2 rayonun qaytarılması formulası ilə həll etmək istəyirlər. Nəzərə almaq lazımdır ki, bu formula qəti surətdə Azərbaycan üçün əlverişli formula deyil. Unutmaq olmaz ki, ən strateji yüksəkliklər məhz Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşir. 5+2 formulası isə, bəllidir ki, Kəlbəcərlə Laçının azad edilməsinin sonrakı mərhələyə saxlanmasını nəzərdə tutur. Kəlbəcər və Laçın – yəni çox ciddi əhəmiyyət kəsb eləyən yüksəkliklər Ermənistanın əlində qalırsa, azad edilən o beş rayona qayıdan yüz minlərlə azərbaycanlı əhalinin taleyi və təhlükəsizliyi hər an təhlükə altında olacaq. Müharibə tarixlərindən də bəllidir ki, yüksəkliklər kimdədirsə, üstünlük onda olur. Ermənistan məhz buna görə, bütün vasitələrlə çalışır ki, Kəlbəcər və Laçın digər rayonlardan ayrılsın və onların nəzarətində qalsın. 5+2 adlanan həll formulası o deməkdir ki, Murovdan başlamış Laçının Minkənd kəndinin başının üstünə qədər olan yüksəkliklər qalır ermənilərin əlində və beləliklə, azad edilən beş rayon təhlükə altında qalır. Ermənistan taleyi öz əlində olan ölkə olmadığı üçün tarix göstərir ki, imzaladığı razılaşma sənədlərinə belə əməl etmir və edə bilmir. 1992-ci ilin mayında İranda Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən parlament sədri ilə Ermənistan prezidenti Levon Ter-Petrosyan arasında atəşkəs sənədi imzalanmışdı. Həmin günün səhərisi Ermənistan Şuşanın işğalını həyata keçirməyə başladı. Bu təcrübə onu deməyə əsas verir ki, Ermənistan hətta 5 rayonu geri qaytardıqdan sonra imzasına məhəl qoymayaraq yüksəkliklərdən yenidən həmin rayonlara hücum edə bilər. Nə qədər ki, Ermənistan özü-öz taleyinin sahibi deyil, kənardan idarə olunur, onların hətta öz imzasına hər an xəyanət etmələrini görmək mümkündür. Odur ki, Azərbaycan aprelin əvvəlindəki hərbi əməliyyatlardan sonra əldə etdiyi üstünlüyün və ədalətli mövqeyinin diktəsi ilə hərəkət etməli və sülh prosesinin maraqlarımıza uyğun getməsinə nail olmalıdır və inanıram ki, nail olacaq”.

 

ilham-rehimov-1

Rusiya prezidenti Vladimir Putinin, həmçinin Eldar Həsənovun yaxın dostu sayılan İlham Rəhimovun “5+2 formulu” haqda rəyi:

 “…Bunun kimin ideyası olduğunu bilməsəm də, deyə bilərəm ki, bu, bizim üçün qurulmuş bir "tələ"dir. Bu, problemin ədalət prinsiplərindən irəli gələn həlli deyil, problemlə uzun illərdir məşğul olan beynəlxalq təşkilatların xülyasıdır və insanda belə bir fikir yaranır ki, onlar məsələnin necə həll olunmasına biganədirlər. Onların əsas məqsədi dünya ictimaiyyəti, həmçinin Azərbaycan və Ermənistan qarşısında problemin həllinə dair “hesabat”verməkdən ibarətdir, vəssalam.

Əsas etibarilə, söhbət problemin mərhələli həllindən gedir, yəni ilk növbədə beş, sonra daha iki rayonun işğaldan azad edilməsi, daha sonra, ucu-bucağı görünməyən bir vaxtda Dağlıq Qarabağda yaşayan əhalinin iradəsinə uyğun olaraq onun statusunun müəyyən olunması. Təsəvvür edək ki, biz beş rayonu azad etmişik və bu səbəbdən oradan didərgin düşmüş soydaşlarımız doğma yurdlarına qayıdıb ermənilərlə qonşuluqda yaşamalıdırlar. Belə olduğu halda, həmin rayonlarda sülhməramlı qüvvələr yerləşdirilməlidir. Burada həmin sülhməramlı qüvvələrin kimə mənsub olacaqları sualı meydana gəlir: Rusiya, Amerika Birləşmiş Ştatları, yoxsa BMT qüvvələri? İllk baxışdan sadə görünə bilən bu məsələ əslində olduqca prinsipial siyasi məsələdir.

Ortaya daha bir sual çıxır – yerdə qalan daha iki rayon – Laçın və Kəlbəcər nə vaxt azad olunacaq? Təsəvvür edin ki, bu məsələ də nə vaxtsa həllini tapacaq, lakin ən mühüm problem Dağlıq Qarabağın statusunun müəyyən olunmasının vaxtı və bu statusun Dağlıq Qarabağ əhalisinin iradəsinə uyğun, obyektiv həyata keçirilməsidir. Məhz buna görə, mən yuxarıda qeyd etdim ki, bu, bizim üçün qurulan "tələ"dir və buna görə beş rayonun azad edildikdən sonra ikinci mərhələyə keçid – qalan iki rayonun işğaldan qurtarmaq bizim üçün daha çətin, üçüncü mərhələnin – Dağlıq Qarabağın statusunun müəyyən edilməsinin həyata keçirilməsi, onun vaxtını hətta təxminən ehtimal etmək isə bu məsələni qeyri-mümkün edir.

Bunları nəzərə alaraq hesab edirəm ki, bizim üçün ən qəbul oluna bilən düstur "Dağlıq Qarabağın statusu + 5 + 2 variantı", yəni, ilkin olaraq Azrbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunun müəyyən olunması, sonra beş, daha sonra isə qalan iki rayonun işğaldan azad edilməsidir. Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, məhz bu düstur Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəyişməz mövqeyinə uyğundur. Əks halda, biz hazırda "5+2 formulu"na uyğun olaraq sazişə gedib status məsələsini qeyri-müəyyən vaxta saxlasaq, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar sakitləşib hesab edərlər ki, problem öz həllini tapıb və gələcəkdə bu məsələyə bir daha qayıtmazlar. Həmçinin ehtiyat edirəm ki, bu faktiki vəziyyətlə bizim bugünki gənc nəslimiz və gələcək nəsillərimiz də barışarlar.

Nəhayət, onu da qeyd etmək istəyirəm ki,  bu, bizim tarixi seçimimiz, tarixi qərarımız olmalıdır. Buna görə də, ölkəmizin belə mühüm dövründə həmin seçim, həmin qərar xalqımızın ümumi rəyi əsasında qəbul olunmalıdır".

Mövzu diqqətimizdədir və məsələyə digər siyasətçilərin və ekspertlərin rəylərini də təqdim edəcəyik.

Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə