XƏBƏR LENTİ

12 Dekabr 2018

Digər Xəbərlər

07 Yanvar 2017 - 12:27

Milyarder qadınlar:Məşhur teleulduz Opra Uinfri

nyste6ntohs1tol7vwuizrxs

“Özünüzə qarşı dürüst olun, çünki bu həyatda çox az adam sizə qarşı dürüst olur” – bu sözlərin müəllifi amerikalı milyarder qadındır. Elə bir qadın ki bütün tabularınızı dağıdıb, həyata başqa pəncərədən baxmağınıza səbəb olur. Bu, məşhur teleaparıcı Opra Uinfridir. “Forbes” jurnalının (Amerikanın) hesablamalarına görə, Opra 12 ayda 315 milyon dollar qazanıb. Onun bu uğurunda həyata keçirdiyi media layihələri önəmli rol oynayıb. Qadın haqlarından danışmağı çox sevən və bu istiqamətdə fəal bir xadim olan Opra Amerika Televiziya Akademiyası tərəfindən təsis edilmiş “Emmi” mükafatına layiq görülən ilk şəxsdir. 2007-ci ildə isə son 25 ildə dünyanın 25 nüfuzlu şəxsiyyəti siyahısına düşüb. Amerikalılar arasında keçirilən “Kim olmaq istərdiniz?” sorğusunda iştirakçıların 25%-i məhz onun adını çəkib. Onun həyatı uğurun hekayətidir. 30 ildən çox müddətdə ən çox izlənilən, 30 saniyəlik reklam üçün 1 milyon dollar ödənilən bir proqramın aparıcısı olub. Hal-hazırda Opra Uinfrinin sərvəti 2 milyard 700 milyon dollardır.

Bəs kimdir Opra Uinfri?.. Kasıb bir Amerika ailəsində dünyaya gələn bu qızcığaz bütün dünyanın sevimlisinə çevrilib. O möcüzədir, özü də sevimli bir möcüzə. Opra, haqqında oxuduğunuz zaman belə həyatınızı gözəlləşdirən, sizi motivasiya edən qadındır. Amerikada gənc qızların idealı, ümidsiz qadınların güc mənbəyi olub, hər kəsin həyatına təsir göstərib. Bu da az imiş kimi Barak Obamanın prezident seçilməsində önəmli rol oynayıb. Çünki amerikalılar onu təkcə sevmir, həmçinin ona sonsuz inamları var.

President Barack Obama awards Oprah Winfrey with the Presidential Medal of Freedom, Wednesday, Nov. 20, 2013, during a ceremony in the East Room of the White House in Washington. (AP Photo/ Evan Vucci)

Barak Obama Opra Uinfrini "Azadlıq medalı" ilə təltif edir

Opra Uinfri 1954-cü ildə protestant bir ailənin nigahdankənar övladı olaraq dünyaya gəlib. Ona bu adı İncildəki Orpaya görə qoyublar. Adının necə Opraya çevrildiyinə dair bir neçə fikirlər var. Doğuşdan sonra sənədləşməni həyata keçirən şəxsin sıhvən hərflərin yerini dəyişik yazması nəticəsində Orpanın Opraya çevrilməsini iddia edənlər var. Anası Vernita Li xidmətçi, atası Vnmon Uinfri isə mədən fəhləsi idi. Uinfrinin uşaqlığı Missisipi əyalətinin Kosciusko qəsəbəsində kasıb bir evdə keçib. Nənəsinin himayəsində yaşayan balaca Opra artıq üç yaşında olanda “İncil” oxuyub, kilsədə dini nəğmələr söyləyib. “İncil”dəki ayələri əzbərdən bildiyinə görə hələ kiçik yaşlarında “vaiz” ləqəbi ilə tanınıb. Məktəbin ən yaxşı şagirdi idi. Buna görə də 13 yaşında  şəhərin ağdərili şagirdlərinin təhsil aldığı nüfuzlu bir lisey tərəfindən oxumaq üçün təqaüd alıb. Buna baxmayaraq ailəsində yaşadığı faciəvi hadisələrə görə dəfələrlə evdən qaçıb. Nəhayət, 14 yaşı olanda anası onu Naşvillə, Tennessiyə atasının yanına göndərib. Başına gələn hadisələrə baxmayaraq o dərslərindən uzaqlaşmayıb, əksinə daha yaxşı oxumağa başladı. Oxuduğu liseydə natiqlik yarışmasını qazanıb və bununla da Tennessi Əyalət Universitetində oxumaq üçün təqaüd əldə edib. Opra 18 yaşında ikən “Miss Black Tennessee Beauty Pageant” (Qaradərili Tennessi gözəllik müsabiqəsi) müsabiqəsinin qalibi olub. Daha sonra Naşvilldəki yerli radio stansiyada pyes səsləndirib. İki ildən sonra Tennessi Dövlət Universitetinin ikinci kursunda oxuyarkən Naşvilldə ilk zənci aparıcı olaraq işə qəbul edilib. Opra universiteti bitirən kimi Baltimorda bir televiziya kanalında müxbir kimi işləməyə başlayaraq xəbər dalınca qaçıb. O, ilk günlərdə hər kəsdən fərqlənirdi. Opra o zamankı aparıcılardan fərqli olaraq soyuqqanlı ola bilmir, kədərli xəbərlərə ağlayır, gülməli hadisələri isə gülə-gülə təqdim edirdi. Opra özünü hər kəsə doğma və səmimi hiss etdirirdi. Artıq tale onun üzünə gülməyə başlamışdı. O, 1983-cü ildə İllinoys ştatının Çikaqo şəhərində qeyri-populyar yarımsaatlıq “AM Çikaqo” səhər tok-şousu olan aparmağa başladı. Proqram bir neçə ay içərisində Çikaqonun ən reytinqli verilişinə çevrildi. Və Opra beləliklə, şöhrətin zirvəsinə gedən yola başladı. Bütün ölkənin ən çox izlənən proqramında dünyaca məşhur şəxslər qonaq olurdu. Məsələn, Maykl Ceksonun qatıldığı veriliş hələ də yaddaşlardadır. Onların səmimi və dürüst söhbəti yaddaşlarda silinməz izlər buraxıb. O, sonralar qonaqların bir-birlərinə aid ən gizli və cəfəng sirləri açdığı, yumruqlaşmaların baş verdiyi proqramı tərk edib. KİV-lərə verdiyi müsahibələrdə insanların qürurunu alçaldan proqramda olmaq istəmədiyini açıqlayıb. Bununla da adını tarixə yazıb.

michael-jackson-oprah-winfrey-wallpaper

Maykl Cekson və Opra Uinfri

Opra vaxt itirmədən öz şəxsi telekanalını açıb. Kanal efirə çıxan həftə 18 milyondan çox insan tərəfindən izlənilib. Opranın telekanalı insanları ruhlandıran, motivasiya tərkibli, fərdi inkişaf və oxumalı kitablar haqqında məsləhətləri verən verilişlərdən ibarətdir. Kanal reytinq rəqabətinə girmədiynə baxmayaraq ilk sıradadır.  Buna görə də bütün sahələrdən onun qapısını döyüb, reklam olunmaq istəyini ifadə edirlər. Onun məsləhət gördüyü kitablar “ən çox satılanlar” siyahısına düşür, qonaq çağırdığı insanlar bir anda məşhurlaşırlar. Onun uğurunun sirayətedici olduğunu deyə bilərik.

Yuxarıda qeyd olunduğu kimi, o adını tarixə yazdırib, lakin bunu təkcə televiziya tarixi üçün nəzərdə tutmuruq. O həmçinin xeyriyyəçi, humanist və gözəl bir qadın obrazı kimi də yaddaşlarda qalacaq. Gördüyü işlər hər kəsə nümunə ola bilər. Çünki başladığı hər işdə qazandığı müvəffəqiyyətlər danılmazdır. O, Cənubi Afrikada 40 milyon dollara başa gələn “Opra Uinfri Qız Liderlik Akademiyası”nı açıb. Bu akademiya hələ də Afrika qitəsində ən yeni texnologiya ilə təmin edilmiş elm-təhsil mərkəzi kimi istedadlı qızlara ən yüksək səviyyəli təhsil almaq imkanı verir.

Opra Uinfri bir çox filmlərdə də rol alıb. 1985-ci ildə Stiven Spilberqin çəkdiyi “Bənövşəyi rəng” filmindəki Sofiya rolunu canlandırıb. Mükəmməl şəkildə ifa etdiyi Sofiya roluna görə hətta “Oskar”, habelə “Qızıl qlobus” mükafatlarına namizəd də göstərilib. “Qadınlar qanadsız olanda” (1997), “Burada uşaq yoxdur” (1993), “Bryusterin qadınları” (1989) filmlərində oynadığı rollarla onu sevənlərin rəğbətini qazanıb. Sizə bu filmləri izləməyi və özünün yazdığı “Artıq bilirəm” kitabını oxumağı məsləhət görürük. Əminik ki, izlədiyiniz filmlər və oxuduğunuz kitablarda çox fərqli mövzularla qarşılaşacaqsınız. Opranın başqalarından fərqini görəcəksiniz.

3624827452_ce4575ded6

Opra Uinfri "Bənövşəyi rəng" filmində

İşindəki bu uğurlara səbəbin səmimiyyət və comərdliyi olduğunu desək, yanılmarıq. Yanında işləyən insanları ona sevgi ilə bağlayır. O, iş yoldaşları və iş yoldaşlarının ailələri ilə birlikdə 1600 nəfərlik gəmi gəzintisi təşkil edib, İspaniya, Roma, Barselona və Türkiyəni gəzib. Uinfri baş redaktoru olduğu jurnalın 10-cu il dönümündə işçilərinə 10 min dollarlıq qəbz və iPad, 2004-cü ildə isə proqramında iştirak edən 276 nəfər izləyiciyə avtomobil hədiyyə edib.

Sonda yazını bu möhtəşəm qadının ilhamverici sözləriylə tamamlayırıq: “Hal-hazırda həyatınızda fırtınalar ola bilər. Lakin unutmayın ki, yağış əbədi olaraq yağmır. Ona görə də güclü olun!”

Qəmər Şahbaz