XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

14 Avqust 2017 - 14:06

Bakının su problemini kim həll edib? –Hacı Zeynalabdin Tağıyev, yoxsa... - Tarixi faktlar

Görkəmli Azərbaycan sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin fəaliyyətinin bir qolunu Bakı şəhərinin su təchizatı probleminin həllində yaxından iştirak təşkil edirdi.

Qeyd etmək lazımdır ki, indiyədək bu fəaliyyətin əsasən bir istiqaməti – H.Z.Tağıyevin Şollar suyunun çəkilməsində rolu öyrənilib. Halbuki, Şollar-Bakı kəmərinin tikintisindən xeyli əvvəl o öz vəsaiti hesabına şəhərə kiçik su kəməri çəkdirmiş və şirinləşdirici su aparatının quraşdırılmasını maliyyələşdirmişdi.

Məlum olduğu kimi, H.Z.Tağıyevin böyük biznesə gəlişi XIX əsrin 70-ci illərinə təsadüf edir. O öz kapitalını həmin dövrün ən gəlirli sahəsinə – neft işinə yatırır. H.Z.Tağıyevin maraqları Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edirdi: o, gəmiçilik, gəmiqayırma, enerji sektoru, pambıq, toxuculuq, balıq, şərabçılıq sənayesinə, rabitəyə kapital qoymuş, böyük meşə massivlərinin sahibi, Bakı Tacir Bankının təsisçisi olmuş, torpaq sahələrinin alğı-satqısı üzrə əməliyyatlar aparmışdı. H.Z.Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. O, dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmişdi.

H.Z.Tağıyevin ictimai və sahibkarlıq faəliyyətində Bakının su problemi həmişə öndə duran məsələlərdən biri olub. Hələ 17 aprel 1874-cü ildə Rusiya imperatoru II Aleksandrın buyuruğu ilə H.Z.Tağıyev öz vəsaiti hesabına Bakıya su kəmərini çəkdirdiyinə görə üzərində “Səyinə görə” yazısı olan və Stanislav lentində boyundan asılan gümüş medalla təltif olunmuşdu. Həmin kəmər haqqında ətraflı məlumat olmasa da, bu faktın özü Hacının Bakı əhalisinin suya olan tələbatının təminində yaxından iştirak etdiyini, onun xeyriyyəçiliyinin bir qolunun bu sahədə də özünü göstərdiyini təsdiqləyir.

1878-ci ildə Bakıda “Şəhər Əsasnaməsi”nin tətbiqi ilə digər təsərrüfat məsələləri kimi, su təchizatı da ictimai idarəçiliyin sərəncamına keçdi. Ən kəskin problem kimi, su problemi Bakı dumasının iclaslarında daha çox müzakirə olunan mövzulardan idi. Və yeni təşkil olunan Bakı dumasının ilk iclaslarında şəhərin su təchizatı məsələsi ilə bağlı məhz H.Z.Tağıyev tərəfindən əməli təklif irəli sürüldü. 1879-сu il yanvarın 11-də dumanın iclasında çıxış edən H.Z.Tağıyev təklif etdi ki, şəhər idarəsinin sərəncamına 1000 rubl ayrılsın və həmin vəsait su mənbələrinin axtarışına, yeni su kəmərinin layihə işlərinin maliyyəşdirilməsinə sərf olunsun. H.Z.Tağıyevin təklifi dumanın qərarı ilə qəbul edilmiş və ona əsasən ən yaxşı layihə üçün elan edilən müsabiqə ilə əlaqədar Kür, Araz, Samur, Zuğulba, Altıağac və Göygöl mənbələrindən Bakıya su kəməri çəkmək üçün şəhər idarəsinə 40-dan çox təklif daxil olmuşdu. Lakin bu təkliflərin hamısı rədd edilmişdi, çünki onların reallaşdırılması üçün böyük xərc tələb olunurdu, şəhər özünüidarəsinin vəsaitləri isə çox kasad idi.

XX əsrin əvvəllərində Bakıya torpaqaltı və bulaq suyunun çəkilməsi ideyası ortaya çıxanadək dumaya şəhərə müxtəlif mənbələrdən suyun çəkilməsi layihələri daxil olurdu. Bu layihələrdə Kür, Samur çaylarından, Zuğulba mənbəyindən suyun gətirilməsi təklif edilirdi. Bütün bu layihələrin öyrənilməsi, qiymətləndirilməsi və yekun rəylərin verilməsi üçün yaradılan komissiyalarda H.Z.Tağıyev iştirak edirdi. Bunların arasında 1881-ci ildə Zuğulba mənbələrinə baxış üçün təşkil olunan komissiyanı qeyd etmək olar. Həmin komissiya Zuğulba suyuna mənfi rəy verəndən sonra yeni tərkibi seçildi və H.Z.Tağıyev növbəti dəfə komissiyanın üzvü oldu. H.Z.Tağıyev daimi su kəməri tikiləndək müvəqqəti təchizat mənbələri haqqında müzakirələrdə də iştirak və mümkün variant kimi Kür çayından gəmilər vasitəsilə suyun daşınmasını təklif etmişdi (sutkalıq təchizatın 90 min vedrə olmaq qarantiyası və bir vedrə suyun 0,7 qəpiyə satılması şərti ilə). Bu layihə qəbul olunmadı və qeyd etmək lazımdır ki, sonradan H.Z.Tağıyev Kür suyunun Bakıya gətirilməsinin ən ardıcıl əleyhdarlarından birinə çevrildi.

Şəhər dumasının əhalinin suya olan tələbatını həll etmək üçün gördüyü tədbirlərdən biri şirinləşdirici aparatın tikilməsi idi. Bu qurğu daimi kəmər çəkilənədək müəyyən dərəcədə su problemini həll etməli idi. Şirinləşdirici aparatın quraşdırılması kimi mühüm bir iş H.Z.Tağıyevin xeyirxah iştirakı ilə həyata keçirilib. XIX əsrin 90-cı illərinin sonunda Rusiyada və dünyada məşhur mühəndis-texnoloq, alman əsilli Nikolay Yaqn Bakıda şirinləşdirici aparatın quraşdırılması təklifi ilə şəhər rəhbərliyinə müraciət etmişdi. Rusiya dövlətinin sifarişi ilə o, Krasnovodskda (indiki Türkmənbaşı) çoxistifadəli şirinləşdirici aparat inşa etmiş və mütəxəssislərin rəyinə görə, aparat praktik, alınan yaxşı keyfiyyətli suyun ucuzluğu baxımından olduqca qənaətli idi. Ümumilikdə mühəndis 9 şirinləşdirici aparata patent almışdı və onun ixtirası böyük rəğbətlə qarşılanmıdşı. Bakı şəhər idarəsi nəzdində fəaliyyət göstərən su təchizatı üzrə komissiyanın 1 yanvar 1898-ci il tarixli iclasında N.F.Yaqn ilə müqavilənin layihəsi müzakirə olundu.

Müqavilənin şərtləri belə idi:

1. Şirinləşdirici aparat istehsal gücü sutkada 50 min vedrəyədək olmaqla tikilirdi.

2. Şəhər sutkalıq istehlakın 40–60 min vedrə civarında, illik isə 18250 min vedrə olacağına təminat verirdi.

3. Konsessiyanın müddəti 8 ildir.

4. Suyun qiyməti bir vedrə üçün 0,5 qəpik müəyyən edilirdi.

5. Tikinti müddəti müqavilənin imzalanması vaxtından başlayaraq 7 ay müəyyən edilirdi.

Müqavilənin şərtləri razılaşdırılsa da, layihənin həyata keçirilməsi yubanmışdı. Məsələ burasındadır ki, N.F.Yaqn şirinləşdirici aparatı H.Z.Tağıyevin ayırdığı vəsaitə quraşdırmalı idi. Lakin naməlum səbəblərdən onlar arasında saziş baş tutmamış və N.F.Yaqn H.Z.Tağıyevin təklif etdiyi şərtlər əsasında kapital tapa bilmədiyindən müqavilənin şərtlərində dəyişikliklər etmişdi. Dəyişikliklər suyun qiyməti və şirinləşdirici aparatın tikintisi müddətinə aid idi. Əvvəlki qiymət 0,6 qəpiyə, tikinti vaxtı isə daha 1 ay artırılırdı.

Çox keçmədi ki, N.F.Yaqnın şirinləşdirici aparatının tikintisi məsələsi müsbət həllini tapdı. 1898-ci il martın 17-də şəhər dumasının iclasında bildirildi ki, H.Z.Tağıyev aparatın qıraşdırılması üçün kapital ayırmağa razı olmuş, buna görə də suyun qiyməti əvvəl şərtlərə uyğun – 0,5 qəpiyə olacaq. Maraqlıdır ki, Yaqn aparatının inşası həlledici mərhələyə keçdiyi bir vaxtda dumanın iclasında yenə də müzakirələr başladı: şəhər üçün Zuğulba suyu, yoxsa şirinləşdirilmiş su daha yaxşıdır? Müzakirələr zamanı H.Z.Tağıyevin çıxışı olduqca diqqətəlayiqdir. Faktiki olaraq, bu çıxışda su probleminin dərhal həllinin vacibliyini, bu və ya digər layihənin uğuru və uğursuzluğu haqqında sonsuz və uzun-uzadı müzakirələrin şəhər əhalisi üçün ağır nəticələrini dərk edən bir nüfuzlu şəxsin və onun kimi düşünən ictimai xadimlərin mövqeyi əks olunmuşdu. H.Z.Tağıyev öz mövqeyini belə ifadə etmişdir: “…su təchizatı kimi olduqca mühüm bir iş daim ləngidilir. Bunun da səbəbi odur ki, şəhərin maraqlarından daha çox ayrı-ayrı şəxslərin maraqlarına üstünlük verilir, nəticədə isə şəhərə əhəmiyyətli dərəcədə maddi ziyan dəyir. Komissiyanın təklif etdiyi şirinləşdirilmiş su öz keyfiyyətinə görə Zuğulba suyundan qat-qat üstündür. Zuğulba suyu xalq arasında “qara su” adı ilə tanınır və daimi istifadə zamanı hətta heyvanlar üçün də zərərlidir”. Söylədiklərini əsaslandırmaq üçün H.Z.Tağıyev belə bir misal göstərdi ki, tikdirdiyi toxuculuq fabrikinə Zuğulba suyunu çəkdirmək onun üçün daha əlverişli olsa da, o, şirinləşdirici aparat quraşdırır, çünki istəmir ki, Zuğulba suyundan istifadə edən fəhlələri xəstəliklərə tutulsunlar.

Nəhayət, 1898-ci il noyabrın 28-də şəhər idarəsi ilə “Artur Koppel” səhmdar cəmiyyəti arasında Yaqn sistemli şirinləşdirici aparatın tikintisi haqqında müqavilə imzalandı və növbəti ilin avqust ayında aparat fəaliyyətə başladı. Beləliklə, H.Z.Tağıyevin maliyyə dəstəyi ilə tikilən şirinləşdirici aparat vasitəsilə şəhərin su təchizatında yaranan gərginlik müəyyən dərəcədə azaldıldı.

XIX əsrin son 20 ili ərzində Bakı şəhər özünüidarəsi su təchizatının yaxşılaşdırılmasına 32 min rubldan artıq vəsaiti xərcləmiş, lakin bununla belə, Bakının su problemi yenə də öz həllini tapmamışdı. Sonu görünməyən müzakirələr, lazımi vəsaitlərin çatışmazlığı, əlverişli təkliflərin verilməməsi, bəzən isə bürokratik əngəllər, şəhər idarəsinin və dumanın belə bir ciddi məsələyə canıyananılıqla yanaşmaması son nəticədə Bakı əhalisi üçün ağır problemlər yaradırdı. Nəhayət, su təchizatı üzrə komissiyanın 3 avqust 1899-cu il tarixli iclasında su kəməri layihəsinin tərtibi üçün məşhur ingilis mühəndisi Uilyam Lindleyin Bakıya dəvət olunması qərara alındı.

1899-cu ilin oktyabrında Bakıya gələn U.Lindley Quba qəzasında və Samur dairəsində oldu. İlkin tədqiqat nəticəsində o, belə qənaətə gəldi ki, həm torpaqaltı, həm də bulaq suyunun axtarışlarını aparmaq lazımdır.

Bakıya qayıdan U.Lindley 1899-cu il dekabrın 18-də su təchizatı üzrə komissiyanın iclasında məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, “…Bakı şəhəri üçün ən yaxşısı torpaqaltı və bulaq sularından təchizatdır, texniki, keyfiyyət və kəmiyyət baxımından yalnız torpaqaltı və bulaq suları Bakı üçün arzuolunandır”. U.Lindley inadla sübut edirdi ki, Qusarla Xəzrə arasındakı yüksək düzənliklər Şahdağın və Şahbuzdağın zirvələrindəki qarların əriməsindən və bu ərazidə çoxsaylı yağışların yağmasından yaranan torpaqaltı sularla çox zəngindir.

Bakı şəhər duması torpaqaltı suların axtarışı haqqında məsələni müsbət qarşılasa da, eyni zamanda bu layihəyə dəstək vermədi. Duma üzvlərinin əksəriyyəti Kür su kəmərinin tərəfdarları kimi çıxış etdi. Ona görə də şəhər özünüidarəsi U.Lindleyə Kür və Samur çaylarından kəmərin çəkilməsi üçün axtarışlar aparmağı və layihələr hazırlamağı tapşıraraq, komissiyanın torpaqaltı və bulaq suyunun axtarışları üçün 150 min rublun ayrılması haqqında təklifini rədd etdi. U.Lindleyin göstərdiyi yerlərdə torpaqaltı suların sınaq qazıması üçün 30 min rublun ayrılması haqqında komissiyanın vəsatəti də təmin olunmadı.

Buna baxmayaraq, dumada U.Lindleyin təklifinə dəstək verənlər də var idi. Dumanın üzvü H.Z.Tağıyev torpaqaltı və bulaq suyunun çəkilməsinin qatı tərəfdarı idi. Özünün bu məsələyə münasibətini o, şəhər idarəsinə yazdığı 22 iyun 1901-ci il tarixli ərizədə belə ifadə etmişdi: “Təsadüfən öyrəndim ki, Bakı şəhər duması özünün 19 iyun tarixli iclasında mühəndis Lindleyin gələcək Bakı su kəməri üçün torpaqaltı suyun axtarışı məqsədilə təcrübə buruqlarının sınaq qazımasına dair təklifini müzakirə edərək… tələb olunan məbləği ayırmaqdan imtina etmişdir. Mən, buranın köhnə sakini kimi, doğma şəhərin maraqlarını qəlbimə yaxın bilərək və torpaqaltı bulaq suyunun çay suyundan, xüsusən də Tiflisin imtina etdiyi daim çirkli Kür suyundan və ya yenə də çirkli Samur suyundan hər zaman daha üstün olduğuna əmin olaraq, şəhər idarəsindən xahiş edirəm ki, mühəndis Lindleyin təklif etdiyi torpaqaltı suyun axtarışları üzrə işləri mənim hesabıma aid edilsin. Bu məqsədlə mən… iyirmi beş min rubl ayırıram…” Şəhərə borc şəklində ayrılan bu vəsaitin şərtini H.Z.Tağıyev öz ərizəsində belə izah etmişdi: əgər işlər uğurla nəticələnərsə və U.Lindley Quba qəzasındakı Şahdağın ətəyində içməli su mənbələrini taparsa, onda şəhər idarəsi həmin 25 min rublu H.Z.Tağıyevə geri qaytarır. Əks halda o, bu vəsaitdən imtina edirdi. Məhz bu ərizədə H.Z.Tağıyev sonralar məşhur kəlama çevrilmiş sözlər işlətmişdir: “bu [Şollar – F.C.] suyun bol ehtiyatlara malik buzlaqlı Şahdağın mövcud olacağı əbədi zamanlara qədər şəhəri təmin edə biləcəyinə tam əminəm”.

Lakin H.Z.Tağıyevin təklifi şəhər özünüidarəsi tərəfindən rəğbətlə qarşılanmadı. 1901-ci il sentyabrın 20-də ərizəyə baxan su təchizatı üzrə komissiya hər hansı qərar çıxarmaqdan imtina etmiş və məsələni dumanın müzakirəsinə verməyi qətiləşdirmişdi. Komissiyanın bu addımı atmağa vadar edən səbəb isə dumanın ümumiyyətlə torpaqaltı su axtarışlarını qadağan etməsi idi.

Nəhayət, oktyabrın 9-da keçirilən iclasda Bakı şəhər duması H.Z.Tağıyevin 22 iyun tarixli ərizəsini müzakirə etdi. H.Z.Tağıyevin təklif etdiyi 25 min rublu minnətdarlıqla qəbul edən duma şəhərin torpaqaltı sudan istifadə etmək niyyətində olacağı təqdirdə pulu qaytarmağı öhdəsinə götürdü. Bu cür qeyri-dəqiq cavab isə H.Z.Tağıyevin narazılığına səbəb olmuşdu. Şəhər başçısı M.A.Belyavskiyə yazdığı məktubda o öz fikrini belə izah edirdi: “…Mənim təklifimi müzakirə edən duma gələcəkdə anlaşılmazlıqların olmaması üçün (!!) onu qəbul etməyi mümkün saymış, lakin bu şərtlə ki, əgər ictimai idarə Bakı şəhərinin təchizatı üçün bulaq (torpaqaltı) suyundan istifadə edərsə, o zaman təklif etdiyim 25000 rubl mənə geri qaytarılacaq. Belə çıxır ki, əgər şəhər əhalisini tam təmin edə biləcək qədər su aşkar olunarsa, lakin ictimai idarə hər hansı səbəbdən bu sudan istifadə etmək istəməzsə, verdiyim 25000 rubl mənə geri qaytarılmayacaq. Belə şərtlərlə mən razılaşa bilmərəm, çünki ianəyə bərabər bu addım… heç bir ianəyə ehtiyacı olmayan böyük şəhər üçün xəcalət deməkdir; əhalinin maraqları naminə şəhərin yaxşı, sağlam suyun tapılmasına onlarla min rubl sərf etməyə tam imkanı çatır…”

Qeyd etmək lazımdır ki, H.Z.Tağıyev sonadək torpaqaltı və bulaq suyunun çəkilməsi üçün Gildə və Şollarda axtarışların aparılmasının qatı tərəfdarı kimi çıxış edirdi. Şəhər idarəsində, dumada, mətbuatda U.Lindleyin axtarışları sərt tənqid olunanda, onların səmərəsizliyi, Kür və Samur suyunun daha əlverişliliyi haqqında mübahisələr gedəndə H.Z.Tağıyev ardıcıl olaraq bu fikirlərə qarşı etiraz etmişdi. Bu baxımdan onun şəhər dumasının 1904-cü il 18 may tarixli iclasında Şollarda və Gildə U.Lindleyin apardığı tədqiqatların müzakirəsi zamanı söylədikləri maraq doğurur. H.Z.Tağıyev deyirdi:

“Çox təəssüf ki, biz 15 il ərzində bu məsələni həll edə bilmirik. Nədənsə, biri belə istəyir, digəri başqa cür, hər kəs öz məqsədini güdür və onlara tamamilə tanış olmayan iş haqqında danışırlar. Əgər əmin olublarsa ki, orada [Gildə və Şollarda – F.C.] yaxşı su var, onda bizə Kür və Samur gərək deyil. Tiflisdə vərəm olanda, küçələri Kür suyu ilə sulamağa icazə vermirdilər. Heç bir məsələ qaldırmaq lazım deyil [iclasda U.Lindleyin axtarışlarının səmərəsizliyi haqqında məsələnin qaldırılması təklif olunmuşdu – F.C.] və mən dumadan işi ləngitməməyi xahiş edirəm. Gil torpaqaltı suyu haqqında necə qərarlaşdınızsa, onun üzərində də dayanın”.

H.Z.Tağıyevin U.Lindleyi müdafiə etməsini daha bir nümunədə görmək olar. Keçmiş Bakı şəhər başçısı A.İ.Novikov öz xatirələrində dumanın iclaslarının birində Şollarla bağlı debatları təsvir edərkən yazırdı: “…Qızğın mübahisələr gedir, əleyhdarlar mədəni insanlar olsalar da, onların dəlilləri zəifdir. Savadı az olan, qatı lindleyçi Tağıyevin əzəmətli siması seçilir. Uzun sürən mübahisələrdən sonra əleyhdarlar güzəştə getmirlər. Lindley dediyinin üstündə möhkəm dayanır.- Lindleyin yerində mən olsam, – deyir Tağıyev, – Bakını çoxdan atıb gedərdim. Özləri özlərinə xeyir istəmirlər. Onun özgə işində inadına heyranam”.

Həqiqətən də, H.Z.Tağıyev U.Lindleyin apardığı Gil və Şollar axtarışlarını ən düzgün və səmərəli hesab edirdi və tarix onun yanılmadığını təsdiqlədi. Şollar kəməri artıq istifadəyə veriləndən sonra keçmiş Bakı şəhər rəisi N.V.Rayevski H.Z.Tağıyevə yazacaqdı: “…məni Bakıya işləməyə çağırarkən dediyiniz sözləri xatırlayıram: “…su, su, Şollar – budur bizim əsas işimiz””.

Maraqlıdır ki, Şollar kəmərinin tarixindən bəhs edən bəzi müəlliflər bu layihənin həyata keçirilməsində H.Z.Tağıyevin rolunu həddən artıq şişirdərək, az qala layihənin uğurla nəticələnməsini sırf onun adı ilə bağlayırlar. Bəzən publisistik yazılarda, mətbuatda, elektron KİV-lərdə və hətta elmi ədəbiyyatda belə bir fikirlərə rast gəlmək mümkündür ki, Şollar-Bakı kəməri H.Z.Tağıyevin maliyyə vəsaiti hesabına tikilib, kəmərin baş mühəndisi Uilyam Lindleyi Bakıya Hacı dəvət edib və nəhayət, 1917-ci il yanvarın 22-də kəməri işə salmaq şərəfi H.Z.Tağıyevə nəsib olub. Sözsüz ki, Şollar-Bakı kəmərinin gerçəkləşməsində böyük xeyriyyəçinin rolu danılmazdır və yuxarıda bu haqda ətraflı bəhs edildi. O, həqiqətən də şəhər dumasında Şollar mənbəyində axtarışların aparılmasına, U.Lindleyin işlərinə daim dəstək nümayiş etdirmiş, müəyyən texniki işlərin görülməsinə maliyyə vəsaiti ayırmış, su kəmərlərinin çəkilməsi təcrübəsini öyrənmək üçün məxsusi olaraq Parisə səfər etmişdi. Onun yüksək nüfuzu ilə hesablaşaraq, Şollar-Bakı kəmərinin tikintisinə xüsusi nəzarət funksiyasını həyata keçirmək üçün yaradılan Nəzarət komissiyasının fəxri sədrlyini H.Z.Tağıyevə həvalə etmişdilər.

Lakin Şollar kəməri tək bir milyonçunun, o cümlədən H.Z.Tağıyevin maddi imkanları xaricində olan bir layihə idi. Qeyd edək ki, 1911-ci ilin məlumatına görə H.Z.Tağıyevin varidatı 16 mln. rubl təşkil edirdi, Şollar su kəmərinin tikintisi isə xəzinəyə ümumilikdə 31,3 mln. rubla başa gəlmişdi. Kəmərin inşası davam etdiyi 6 il ərzində şəhər tərəfindən 35 müqavilə imzalanmış və 170-dən artıq iri sifarişlər verilmişdi. Kəmərin inşası üçün buraxılan istiqrazların ümumi məbləği 32 mln. rubla yaxın idi. Beləliklə, Şollar-Bakı su kəməri bütövlükdə təsərrüfat üsulu ilə həyata keçirilən layihə olub.

O ki qaldı, H.Z.Tağıyevin Şollar-Bakı kəmərinin açılış mərasimində kranı açmaq şərəfinə layiq görülməsinə, o dövrün mətbuatı birmənalı olaraq bu faktı təsdiq etmir. Buna misal kimi, H.Z.Tağıyevin özünün sahibi olan “Kaspi” qəzetində açılış mərasimi haqqında verilən qeydi göstərmək olar. Qəzet yazırdı ki, 1917-ci il yanvarın 21-də Krasnovodsk (indiki S.Vurğun) küçəsində suyun ilk şırnağı axmağa başlamış, yanvarın 22-də, bazar günü isə, Şollar-Bakı su kəmərinin baş inşaatçısı U.Lindley Bakı şəhər başçısı L.L.Bıçın, duma, şəhər idarəsi üzvlərinin və çoxsaylı izdihamın iştirakı ilə “Şamaxinka” adlı ərazinin arxasındakı əsas təzyiq anbarına Şollar suyunu buraxdı. Su kəmərin mərzləşdirmə kamerasından yüksək təzyiqlə 4,5 mln. vedrəyədək tutumu olan bu nəhəng qurğunu doldurmağa başladı. Ehtimal etmək olar ki, H.Z.Tağıyev ümumiyyətlə Şollar suyunun Bakıya buraxılması mərasimində iştirak etməyib, çünki Hacı o zaman xəstə idi. Bu barədə mətbuatda da məlumat var. Belə ki, “Kaspi”nin 1917-ci il 17 fevral tarixli nömrəsində yazılıb ki, Nuxa müsəlman xeyriyyə cəmiyyətinin sədri Əmircanov H.Z.Tağıyevə sağalması münasibətilə təbrik teleqramını göndərib.

Beləliklə, H.Z.Tağıyevin Bakı şəhərinin su təchizatı probleminin həllində fəaliyyəti əsasən 3 istiqamətdə özünü daha qabarıq göstərirdi: 1) öz vəsaiti hesabına su kəmərini çəkdirməsi; 2) müvəqqəti su təchizatı qurğusu olan şirinləşdirici aparatın tikintisinin maliyyələşdirilməsi; 3) Şollarda hidroloji-texniki axtarışların aparılması və oradan kəmərin çəkilməsinin lobbiləşdirilməsi, bu layihəyə maliyyə yardımı.

Fərhad Cabbarov

tarix üzrə fəlsəfə doktoru

Eurasiya Diary.com