XƏBƏR LENTİ

22 Avqust 2019
21 Avqust 2019

Digər Xəbərlər

17 Mart 2017 - 15:36

Lənkəran teatrının yeni tamaşası:“Ay lolo”-Rus qızı Qorbaçov devrilən gün niyə kənddən qaçdı? (FOTOLAR)

ay lolu

Lənkəran Dövlət Dram Teatrı fəaliyyət göstərdiyi dövrdə həmişə yerli müəlliflərin əsərlərinə müraciət edib. Yaradıcı kollektiv özünün keçmiş ənənəsinə sadiq qalaraq Lənkəranda yaşayıb-yaradan yazıçı-publisist Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” adlı komediyasını repertuar planından əlavə tamaşaya qoymağa qərar verib. Gərgin məşqlərdən sonra martın 16-da həmin səhnə əsərinin premyerası olub.

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, yerli icra strukturları və ictimaiyyət nümayəndələrinin də böyük maraqla izlədikləri tamaşada hadisələr keçmiş Sovetlər dövründə cərəyan edir.

Moskvada ordu sıralarında xidmət edən Güləli Vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qızı da gətirir. Anasının rus gəlinini qəbul etmədiyini gördükdə  isə, Güləli Nataşanı etnoqraf tələbə kimi qələmə verməyə nail olur. Bu halda hamı etnoqraf qonağa hörmət edərək, onun bir neçə ay qalıb xalqımızın etnoqrafiyasını içdən öyrənməsinə şərait yaradır. Bunun hiylə olduğunu başa düşən Güləlinin anası Gültamam arvad Nataşaya qəsdən elə bir həyat tərzi göstərir ki, o, buralardan baş götürüb geri qayıtsın. Nataşa  guya etnoqrafiyanı canlı şəkildə öyrənir deyə, çox məşəqqətlərə, çətinliklərə dözür, yerli adət-ənənələrə uyğun həyat tərzi keçirməyə çalışır. Gültamam arvad  hətta cindar Mircəfərin köməyindən də yararlanmaq istəyir. Bu zaman o, cindarın qarşısında bir vaxtlar Dərviş Məstəli şah Parisi dağıtdığı kimi, indi Moskvanın dağıdılması tapşırığını  qoyur.

Hadisələrin sonunda Gültamam və Gülağa rus qızı Nataşanı oğlanları Güləli üçün almağa və onu gəlin kimi qəbul etməyə razılaşsalar da, Nataşa artıq axşam qatarı ilə qaçıb Moskvaya qayıdır. Bu isə 1991-ci ildə Moskvada dövlət çevrilişi – “QKÇP” ilə eyni günə təsadüf edir. Gültamam və Gülağa  bu hadisələrin cindar Həsənağanın yazdığı duanın təsirindən baş verdiyini, Nataşanın da məhz buna görə baş götürüb qaçdığını düşünürlər.

Tamaşanın quruluşçu rejissoru, respublikanın əməkdar artisti Adil Zeynalov, rejissoru Əlibala Əsgərov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. 

Əsas rolları əməkdar artistlər Sucəddin  Mirzəyev və Adil Zeynalov, akttyorllardan Qızılgül Quliyeva, Sayad Əliyev, Şəbnəm Hüseynova, Allahverən Babayev, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.

Ağaddin Babayev

Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü

ay lolu03

ay lolu02