XƏBƏR LENTİ

15 Oktyabr 2019
14 Oktyabr 2019

Digər Xəbərlər

13 Aprel 2018 - 20:59

“Məşədi İbad” filmi ilk dəfə İranda çəkilib:1953-cü ildə Üzeyir bəyin əsərini kim ekranlaşdırıb?  Nadir VİDEO

 

 Korifey bəstəkarımız Üzeyir Hacıbəyovun yazdığı “O olmasın, bu olsun”  operettası əsasında 1956-cı ildə çəkilmiş bədii film Azərbaycan kinosunun incilərindən sayılır.

Böyük uğur qazanmış bu film dünyada, xüsusən Yaxın Şərq ölkələrində çox böyük populyarlıq qazanıb.  Maraqlıdır ki, bu əsər müxtəlif vaxtlarda digər ölkələrdə də ekranlaşdırılıb.

Strateq.az “O olmasın, bu olsun” filmi ilə bağlı maraqlı bir faktı təqdim edir.  İnternetdə Üzeyir bəyin əsəri əsasında İranda çəkilmiş film yerləşdirilib.  Maraqlı olan odur ki, bu film 1953-cü ildə çəkilib.  Azərbaycan isə yalnız 3 ildən sonra -1956-cı ildə əsərə ekran həyatı verib.

90 dəqiqə davam edən bu filmin rejissoru və ssenari müəllifi Səməd Sabahi,  prodüseri Əziz Kardvani və Hakimandır.

Filmdə rolları Əsgər İmprari, Fataneh, Məsumə Heyyar, Tağı Zuhuri, Əli Tabeş, Barat Loo, Rza Kərimi, Möhsun Fərid, Nəcəfi və Cavad Təqdasi ifa edir.

İran filminin Azərbaycanda çəkilmiş  eyni adlı ekran əsərindən çox zəif olduğu ilk baxışdan aydın olur. Filmdə Üzeyir bəyin musiqiləri bir qədər təhrif olunmuş halda ifa olunur. Gülnaz və Sərvərin oxuduğu əsas partiyalar yoxdur. Məşədi İbadın oxuduğu yerlər isə peşəkar xanəndə tərəfindən səsləndirilməyib.  Tarixi planda hadisələr təhrif edilib. Filmdəki əhvalatın Bakıda deyil, sanki İranda baş verdiyi təsiri bağışlayır. Sərvər tələbə deyil.  Məşhur hambal obrazı da fərqli təqdim olunub.  Məşədi İbadın toy səhnəsində qonaqlar hambalı rəqs etməyə məcbur edirlər.  Filmdə kasad pavilyon səhnələri və təsvirlər diqqəti cəlb edir. Rejissor bizim gözümüzün öyrəşdiyi epizadlardan tam fərqli format təqdim edib.

Ekran işinə iki Azərbaycan mahnısı daxil edilib.

Bu filmin mövcudluğundan o vaxt  Azərbaycanda xəbərləri olubmu? Bunu indi kinoşünaslardan dəqiqləşdirmək mümkündür.  Amma bir məsələ tam aydındır: Azərbaycanda çəkilmiş “O olmasın,bu olsun” tam peşəkar kino işi sayılır.

İran variantına baxsanız əmin ola bilərsiniz.

Xaqani SƏFƏROĞLU

Strateq.az