XƏBƏR LENTİ

23 Mart 2019
22 Mart 2019

Digər Xəbərlər

06 Yanvar 2019 - 12:34

Məşhur pianoçu Çingiz Sadıxovun xatirəsi anılıb –FOTO

Xalq artisti, məşhur pianoçu Çingiz Sadıxov (1929-2017) vəfatının ildönümündə məzarı başında anılıb.

Mərasimdə Prezident Katibliyinin rəisi – Prezidentin köməkçisi, professor Dilarə Seyidzadə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mərhum sənətkarın ailə üzvləri, dostları iştirak ediblər.

Tədbirdə çıxış edənlər sənətkarın həyat və yaradıcılığından bəhs ediblər. Görkəmli müğənnilər Rəşid Behbudov, Bülbül, Mirzə Babayev, Şövkət Ələkbərova və digər sənətkarları ən məşhur konsert salonlarında müşayiət edən Çingiz Sadıxovun Azərbaycan musiqisində xidmətlərindən söz açılıb.

Qeyd edək ki, istedadlı pianoçu Çingiz Sadıxov 2017-ci il dekabrın 30-da Amerika Birləşmiş Ştatlarında vəfat edib.

İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alan Çingiz Sadıxov daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olan Çingiz Sadıxov Bakıda 16 nömrəli Musiqi məktəbinin direktoru, “Azkonsert” Yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub. Musiqiçi 1994-cü ildən ABŞ-ın San-Fransisko, son illərdə isə San-Xose şəhərlərində yaşayıb.

Pianoçu respublikanın Əməkdar artisti və Xalq artisti fəxri adlarına layiq görülüb, 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.