XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

05 Fevral 2019 - 16:43

“Bir cənub şəhərində”n “İstintaq”a…- Qulu Məhərrəmli Rüstəm İbrahimbəyovdan yazdı

Bu gün Azərbaycan mədəniyyəti və ədəbiyyatının, teatr və kino sənətimizin tanınmış simalarından olan Rüstəm İbrahimbəyovun 80 yaşı tamam olur. Professor Qulu Məhərrəmli bu münasibətlə özünün “Facebook” səhifəsində görkəmli sənətkarı təbrik edib. Strateq.az həmin yazını oxucularının diqqətinə çatdırır.

 

Zəmanəmizin görkəmli söz adamı, ssenarist, kinorejissor və dramaturq, Azərbaycanın kino və teatr sənətinin korifeyi, xalq yazıçısı, Oskar mükafatçısı Rüstəm İbrahimbəyovu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.

R.İbrahimbəyov ictimai-kulturoloji fenomen kimi çoxşaxəli yaradıcılığı və sənət fəaliyyəti ilə özünü və dünyanı dərk edən hər bir azərbaycanlı üçün, bütövlükdə müstəqil ölkəmiz üçün qürur mənbəyi, ölkə mədəniyyətinin simasıdır. Təkcə bizdə deyil, keçmiş sovet məkanında bütöv bir nəsil onun kitablarında, bədii filmlərində və pyeslərində qabarıq şəkildə təcəssümünü tapmış fərqli düşüncə, ictimai əxlaq, insan azadlığı və fərdi ləyaqətin vacibliyi haqqında ideyalarla böyüyüb. Bu ideyaları əsərlərindəki çox adi obrazların sadə həyat həqiqətlərində əks etdirən R.İbrahimbəyov milli, ideoloji hüdudları yararaq, dünya səviyyəsinə yüksələ bilib.

Müasir dövrümüzün ən böyük azərbaycanlılarından biri kimi R.İbrahimbəyovun parlaq yaradıcılıq uğurları, böyük ölkələrin ən nüfuzlu sənət mükafatlarına layiq görülməsi, populyar sənət festivallarının qalibi olması, adının dünyanın ən böyük kino xadimləri ilə yanaşı çəkilməsi, bu sahədə nüfuzlü söz sahibinə çevrilməsi hər birimizi qəlbən sevindirir. Bu gün Rusiya, ABŞ, Fransa, İtaliya, Almaniya, Polşa, Türkiyə, Gürcüstan, Qazaxıstan, Moldova kimi ölkələrdə R.İbrahimbəyovun sənətinə və şəxsiyyətinə göstərilən maraq onunla bağlıdır ki, Rüstəm müəllimin qələmindən çıxmış bədii əsərlər, ssenari müəllifi olduğu filmlər, pyeslər artıq bir xalqa deyil, dünya mədəniyyətinə məxsusdur. Bu mənada onun Fransanın ən yüksək Ədəbiyyat və Sənət Ordeninə layiq görülməsi, Türkiyənin “Altun portağal” ödülünü alması, Amerika Kino Akademiyasının üzvü olması, nüfuzlu beynəlxalq kino festivallarda münsiflər heyətində təmsil olunması, Rusiya və MDB kinematoqrafiya komitəsinə rəhbərlik etməsinin rəmzi mənası vardır.

R.İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi”, “Sibir bərbəri”, “Günəşdən usanmışlar”, “Köçərilər” və s. məşhur filmlər dünya ekranlarında dəfələrlə nümayiş etdirilərək, ən yüksək mükafatlara layiq görülüb. Onun Eldar Quliyev və Rasim Ocaqovla çəkdiyi və Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş “Bir cənub şəhərində”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı” “Park”, “Özgə ömür”, “Ölsəm bağışla…”, “Qətldən yeddi gün sonra”, “Həm ziyarət, həm ticarət” kimi ideologiyadan uzaq filmləri milli kino sənətimizin üz ağlığı sayılan, mədəniyyət tarixində daim qalacaq sənət əsərləridir. Dünyanın ən ustad və mahir dramaturqlarından biri olan Rüstəm İbrahimbəyovun qələmindən çıxmış pyeslər 100-dən çox ölkənin teatr səhnəsində tamaşaya qoyulub. Onun gözlənilməz dramatik konfliktlərlə yadda qalan “Qum üzərində ev”, “Bağlı qapı arxasında qadın”, “Kaliforniyada dəfn”, “Şirə bənzər” və s. pyesləri bu gün də tamaşaçıların qəlbini fəth etməkdədir.

Əlbəttə, Rüstəm müəllimin şöhrətin zirvəsinə gedən yolu heç də həmişə hamar olmayıb. Qeyri-standart düşüncə tərzi və ləyaqətli adamların başqalarından da ləyaqət umması kimi yanlışlıq ondan da yan keçməyib, zaman-zaman haqsızlıqların ağrısını yaşayıb. “Bir cənub şəhərində”n başlayaraq “İstintaq”a, “Ultimatum”a və “Qafqaz üçlüyü”nə qədər sərt, bəzən də əcaib tənqidlərə məruz qalıb. Son illərdə isə özünün vətəndaş mövqeyinə görə kütləvi böhtan kampaniyalarına məruz qalmasına baxmayaraq, böyük Rüstəm İbrahimbəyov öz mənəvi prinsiplərinə, öz həyat ideallarına və yaradıcılıq üslubuna daim sadiq qalıb.

Nə gözəldir ki, Rüstəm müəllim bu yaşında da gənclik enerjisi ilə çalışır, kino və teatr, bədii ədəbiyyat və publisitika sahəsində virtuoz uğurlar qazanmaqda davam edir. Mən bunu həm ona, həm də Rüstəm İbrahimbəyovu sevənlərə Allahın bir lütfü kimi qiymətləndiririr, yubilyarı bir daha təbrik edir, möhkəm cansağlığı və coşqun yaradıcılıq enerjisi ilə çalışmaqda davam etməsini arzulayıram!

 

Hörmətlə:

Professor Qulu Məhərrəmli